• cümə axşamı, 28 mart, 13:08
  • Baku Bakı 16°C

“Sənətimin “karı” yox, peşəkarı olmaq istəyirəm” - Debüt

25.11.17 09:00 6663
“Sənətimin “karı” yox, peşəkarı olmaq istəyirəm” - Debüt
Teatr insanları öz dövrlərindən alıb, sehirli bir aləmə aparan canlı incəsənət növüdür. Müasir dövrdə, hər şeyin internet, komyuterdən asılı olduğu bir vaxtda canlı sənət növünü yaşatmaq, ayaqda tutmaq üçün çalışan insanları isə sənət fədailəri adlandırmalıyıq. Hər kəsə bəllidir ki, bu sənət nə onların ayaqları altına qırmızı xalı sərir, nə də möhtəşəm bir həyat vəd edir. Məhz bu səbəbdəndir ki, gənclər teatra laqeydləşirlər. Ancaq onların arasında teatr üçün özlərini fəda edənlər də var.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirb ucqar bölgəyə, qaçqın teatrlarına üz tutan gənclərimiz barmaqla sayılası qədərdir. Onlardan biri bizim "Debüt” rubrikamızın qonağı - Ağdam Dövlət Dram Teatrının gənc aktyoru Hikmət Kərimoğludur. O bu teatrda V.Siqayevin "Ağ ölüm” pyesinde Samir, N.B.Vəzirovun "Ağakərim xan Ərdəbilli” əsərində İsgəndər bəy, İntiqam Soltanın "Kələkbazlar” pyesində Vəzir, "Keçəlin toyu” tamaşasında Fransız həkimi və sair obrazları canlandırıb.

- İlk olaraq sizi daha yaxından tanımaq istərdik.
- 1985-ci ilin avqustunda Tərtər rayonunun Köçərli kəndində anadan olmuşam. Orta təhsilimi doğulduğum kənddə almışam. Daha sonra hərbi xidmət, sonra isə ali təhsil həyatı, tələbəlik illəri gəldi.

Necə şagird olmağıma gəlincə isə, deyim ki, bizim təhsil aldığımız illər müharibə və onun törətdiyi fəsadlar dövrünə təsadüf edib. Qarışıq illər idi. Əvvəl məktəbimizə məcburi köçkünlər yerləşdirildi, daha sonra isə hərbi hissə. Biz müharibənin övladlarıyıq, odun-alovun içində təhsil almışıq.
- İncəsənətə olan marağınız haradan qaynaqlanıb?
- Bu artıq məkan və genetik faktorlarla bağlıdır. Qarabağlısansa, ya yaxşı səsin olmalıdır, oxumalısan, ya da yaxşı qələmin olmalıdır, yazmağı bacarmalısan. Böyük alman şərqşünası Fridrix Bodenştedt deyirdi ki, Qarabağda uşaq ağlayanda muğam havası, muğam avazı üstündə ağlayır. Atamın dediyinə görə, babam da ədəbiyyata, saza, sözə bağlı bir kişi olub. Hətta atam deyirdi ki, bəzən kişi bədahətən şeirlər də deyirmiş. Elə atam da ədəbiyyata bağlı olub. Nizaminin, Füzulinin, ümumən klassik Azərbaycan ədəbiyyatının və Nazim Hikmət şeirlərinin vurğunu idi. Belə bir şəcərədən gəlib, incəsənətə bağlı olmağım da təbiidir. Yadımdadır, səkkizinci sinifdə oxuyanda sinif yoldaşımla balıq tutmağa gedirdik. İlk dəfə olaraq onda sinif yoldaşıma dedim ki, mən aktyor olacam. O vaxta qədər isə bu arzumu gizli olaraq içimdə saxlayırdım, heç kimə açıb demirdim.

- Niyə bu istəyinizi gizli saxlamağa üstünlük verirdiniz?
- Çünki rayon yerində yaşayırdıq. O mühiti təsəvvür etmək istəmirəm. Adətən belə mühitlər çox mühafizəkar olur. Qorxurdum ki, bu istəyimi normal qəbul etməzlər.

- Bəs, İncəsənət Universitetinə qəbul olmaq istəyinizi ailəniz necə qarşıladı?
- Bu istəyimi evdə açıqlayanda, ailəm bunu normal qəbul etdi. Ailəmiz demokratik bir ailədir. Valideynlərim mənə kifayət qədər azadlıq verib.
- Ailədə sizdən başqa incəsənətlə məşğul olan var idimi?
- Əmim Qaçay Köçərli XX əsr Azərbaycan ədəbiyyatında öz sözünü demiş şairlərdən biridir. Baxışlarına, düşüncələrinə, azad ruhuna görə də sovet hökumətinin repressiyasına məruz qalıb, yeddi il Sibirdə sürgün həyatı yaşayıb. Gözümü açandan bir tərəfdə müharibə, insan faciələri, digər tərəfdə isə söz, sənət görmüşəm. Onu da qeyd edim ki, bacım da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur.

- Mənə bir nüans maraqlıdır. Niyə məhz Ağdam Teatrını seçdiniz?
- Bu, bəlkə də taleyin müjdəsi və aktyor olmaq istəyimin məntiqi nəticəsidir. Desəm ki Ağdam Dövlət Dram Teatrına sütun olmaq üçün bura gəlmişəm, təbii ki, səmimi səslənməz. Səsi ötən əsrin əvvəllərindən gələn bir teatrın mənə ehtiyacı da yoxdur. Mənim bu teatra ehtiyacım var. Universitet illərində və universitetdən sonrakı illərdə bir müddət mətbuatda - qəzet və saytlarda jurnalist kimi fəaliyyət göstərmişəm. Sonra həyat elə gətirdi ki, mətbuatdan uzaqlaşıb teatra üz tutmaq qərarına gəldim. Ağdam Teatrına gəlişim də anamın burada, kənddə yaşaması ilə bağlıdır. Anam torpağa bağlı insandır. Mən onu burda tək qoyub heç yerə gedə bilmərəm. Axı məndən başqa burda onun heç kimi yoxdur...
- Bölgə teatrında kölgədə qalmaqdan qorxmadınızmı?
- Qorxunu dəf etmiş insanam (gülür). Düzdür, mərkəz teatrları bölgə teatrları ilə müqayisədə daha cəlbedicidir. O mənada ki, mərkəz teatrlarında çalışan aktyorların tanınmaq, alqışlar qazanmaq imkanları daha böyükdür. Ona görə də mərkəz teatrlarında çalışmaq istərdim. Amma mənə elə gəlir ki, istedad sərhəd tanımır. Heç nə ilə istedadın qarşısını almaq, onu məhv etmək də olmaz. Soljenitsini sovet hökuməti Sibir buzlaqlıqlarına yola salsa da, onun istedadının qarşısını ala bilmədi. Axı bu, ruhun məhsuludur. Hətta dini-fəlsəfi baxımdan yanaşanda da ruhun ölməzliyi fikrini qəbul edirik.

- Gələcəyə doğru hədəfləriniz nələrdir?
- Səhv etmirəmsə, Uilyam Şekspirin sözüdür, bir gün oğlunu yanına çağırıb deyir ki, kim olmaq istəyirsən? Oğlu cavabında deyir ki, Şekspir. Şekspir gülüb cavab verir: "Zavallı, mən Allah olmağı qarşıma məqsəd qoymuşdum, son nəticədə gəlib Şekspir oldum”. Ancaq mənim Allah olmaq kimi bir iddiam yoxdur. Səhnəmizin Kəbirliniskisi də olmaq istəmirəm. Təhsilimi davam etdirib, magistr təhsili almaq istəyirəm. Harada olmağımdan asılı olmayaraq, kamil insan, gərəkli vətəndaş, sənətimin "karı” yox, həqiqi peşəkarı olmaq istəyirəm. Mənə elə gəlir ki, peşəkarlığa gedən yol da məhz kamillikdən keçir.

- Bu, hədəf deyil. O zaman sualı belə verək, 20 ildən sonra özünüzü harda görürsünüz?
- Nəyi eşitmək istəyirsiniz? 20 ildən sonra Eyfel qülləsinə çıxıb "Yaşasın azadlıq” qışqırmaq istərdim (gülürük). Nəyin necə və nə zaman olduğunu Tanrı müəyyən edir. Biz indidən 20 il sonra haqqında heç nə deyə bilmərik. Bircə onu deyim ki, heç kim 150-200 manat maaşa yaşamaq və ya yaşamamaq istəmir.

- Yəqin ki, aktyorluq sənəti sizi o qədər də qane etmir ki, gələcəyə dair istəyiniz bir az sönükdür.
- Əksinə. Teatrın qəribə aurası var, qan xərçəngi kimidir, yoluxdunsa, yaxa qurtara bilmirsən. Əvvəl o xərçəng incidir səni, sonda isə Fuad Poladov kimi onu sevməyə başlayırsan.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər