• cümə axşamı, 28 mart, 16:32
  • Baku Bakı 16°C

Sənətdən nə qazanmışamsa, sənətimə xərcləmişəm

11.05.16 11:58 2514
Sənətdən nə qazanmışamsa, sənətimə xərcləmişəm
Ötən həftə əməkdar artist Mətanət İsgəndərli "Nəğmə olub gecələr” adlı klipini mediaya təqdim etdi. Mətbuat nümayəndələrin suallarını cavablandırdıqdan sonra müğənni redaksiyamızın qonağı oldu.

- Mətanət xanım, "Nəğmə olub gecələr” adlı ekran işiniz bir il əvvəl hazırlansa da, klipin bu qədər yubanmasının səbəbləri hər kəsə maraqlıdır.

- Klipi 1 il bundan öncə yay mövsümündə lentə aldıq. Ekran işində nağıl dünyam çəkilib. Əvvəlcə onu qeyd edim ki, klipdəki hissləri adi həyatda yaşamamışam. Ekran işini 3 günə Qəbələdə lentə aldıq. Gecələr yatmadan çalışdıq. Klipin rejissoru Ceyhun bu işdə çox əziyyət çəkdi. O, işində olduqca məsuliyyətli bir insandır. Bu, Ceyhunla dördüncü iş birliyimdir. Ekran işində kadr arxası məqamlar çox idi. Klipdə təhlükəli anlar yaşadıq. Klip çəkilişimiz çox uğurlu oldu. O ki qaldı təqdimata, cəbhə xəttində baş verən hadisələrdən hamımız xəbərdarıq. Vətənin belə bir günündə klip təqdimatı edə bilməzdim. Bunun üçün uyğun zaman gözlədim. Əslində indi də təqdimat etməyi düşünmürdüm. Ancaq dostlarım belə bir işi işıqlandırmamağı günah hesab etdilər. Onların təkidi ilə klipi tamaşaçılara təqdim etdim. Təqdimat keçirsəm də, ürəyim yenə də cəbhə xəttində döyüşən oğullarımızla, şəhid verən analarımızladır.

- Mətanət İsgəndərli sanki əvvəlki Mətanət deyil. Gözlərinizdə bir qəm, kədər var...

- Bunu mənə hər zaman deyiblər. Bildirirlər ki, mənim gözlərim qəmli baxır. Bu, doğuşdan belədir. Hətta nəvəm Tuncayın gözləri də mənimki kimidir. Uşağın gözlərində o qədər qəm, kədər var ki... Bu Allahın işidir. Digər tərəfdən də həqiqətən çox yorğunam. Bunu işimlə əlaqələndirirəm. Sənət adamıyam, tək qadınam. Həyat bir mübarizədir. Ömrüm boyu həyatla tək çarpışmışam. Bu yolda həm ailə saxlamaq, həm sənətini davam etdirmək bir qadın üçün heç də asan deyil.

- Bir il əvvəl sizinlə görüşəndə sözləri Sona Vəliyevaya aid olan "Qərib payız” mahnısına klip çəkdirəcəyinizi demişdiniz.

- "Qərib payız” möhtəşəm bir əsərdir. Hər şeyin bir zamanı var. O, çox geniş bir layihə olacaq. "Qərib payıza”a mütləq klip lazımdır. Əslində mənim bir çox mahnılarım klipsiz məşhurlaşıb - "Bir gün”, "Taleyim”, "Xoşbəxt olaq”, "Sevdirə bilmədim” və eləcə də "Qərib payız”.

- Sizcə, məşhurlaşan mahnılara klip çəkdirmək lazımdırmı?

- Çox zaman mahnılarıma klip çəkdirmirəm. Mahnı tanındıqdan sonra düşünürəm ki, artıq bu mahnı məşhurdur, ona nə üçün klip çəkdirim? Ancaq klip mahnıya doğrudan da ayrı bir gözəllik, sanki mahnıya ikinci bir həyat verir. Düzdür, mənim mahnılarım klipsiz sevilib. İndi hər şeyin başında madiyyat dayanır. Zəmanə də o zəmanə deyil. Gün keçdikcə hər şey çətindir. İndiki zəmanədə pul qazanmaq çox çətindir. İndiyə qədər sənətdən nə qazanmışamsa, hamısını elə sənətimə də xərcləmişəm. Hərdən oğlum deyir ki, "bir günə sənin əlinə 100 min pul gəlsə, onun hamısını mahnılara, kliplərə xərcləyərsən. Son qəpiyinə qədər yaradıcılığına xərcləyirsən. Bizə də bir gün ağla”. O elə deyəndə mən çox pis oluram. Övladlarımın boğazından kəsib mahnı yazdırmışam. Heç bir mahnı pulsuz əmələ gəlmir. Sənətimi o qədər çox sevirəm ki. Sənətimin fanatıyam, mahnı oxumaqdan doymuram. Elə mahnılar var ki, aranjemanları köhnəlib, onları üzə çıxarmıram. Yenidən aranjeman etdirib ifa edəcəyəm.

- Mətanət xanımın nağıllar dünyasına nələr daxildir?

- Uşaqlıqdan hər zaman özümə nağıllar dünyası qurmuşam. Uşaq vaxtlarımda gözümü yumub gələcəyə səyahət edirdim. Bakıda doğulsam da, uşaqlığım Xızı dağlarında keçib. Nənəmin tüllərini başıma bağlayıb əlimdə daraq mahnı oxuyurdum. Uşaqlıqdan mənim öz nağıl dünyam var idi. Nağıl dünyam o qədər dərin olub ki, bitib tükənməyib. Həyat çox şirindir. İnsan yaşamaqdan doymur. 100 yaşında da insan da ölmək istəmir, deyir, nə yaşadım ki?

- Elza Seyidcahan sizdən şikayət edərək, ondan mahnı aldığınızı, ancaq o mahnıya biganə yanaşdığınızı deyirdi.

- Düzdür. Mən Elzanın xətrini çox istəyirəm. Bir gün o mənə dedi ki, gözəl bir mahnı yazıb, əsil mənim üslubuma uyğundur. Mən də hər zaman ona deyirdim ki, sənin mahnıların çox gözəldir, mənim üçün gözəl bir mahnı yaz. O da mənim üçün gözəl bir mahnı yazdı. Hətta mahnıya klip də çəkdirmək istəyirəm. Elza mahnını yenidən hazırlamağı boynuna götürsə, yaxşı olar. Səs rejissoru mahnını kompüterdən silib. Əgər Elza xanım addım atmasa, öz boynuma götürəcəyəm. Bütün xərcini ödəyib, yenidən yazdırıb, təqdim edəcəyəm. Mən mahnılarımı canım qədər istəyirəm. Mənim üçün hər şey yüz faizlik olmalıdır. İstəmirəm ki, mahnım sıradan formada ərsəyə gəlsin.

Mahnını ifa edir:

Gözlerin bana çok uzak
Gözlərin beni tanımıyor,
Gözlərin bana yabancı.
Bilsən bu nasıl bir acı.
Gözlərin ki, bir zamanlar
Uzaq məsafələrdən tanırdı beni.
Gözlərin ki, bir zamanlar
Anlardı hər halimi, anlardı her halimi.

- Bu mahnını 7-8 il bundan qabaq oxumuşam. Yazıq Elza düz deyir, gör neçə ildir, ifa etmirəm. Mən bu mahnını sevərək, içimdən gələrək oxumuşam. İstəmədiyim mahnını heç zaman oxumaram. O, mahnını mənə təqdim etdi, mən də qonorarını verdim. Mahnının montajında qüsurlar var idi. Bilirsiniz ki, Elza xanım çox tələskəndir. Mahnını yazan kimi, gedib ala yarımçıq aranjemançının əlindən alıb gətirib mənə verib. O, mahnını gətirəndə dedim ki, yaxşı montaj olunmayıb. Elza da dedi ki, yenidən aranjeman etdirərik. O yaxşı, bu yaxşı - mahnı qaldı. Ona görə mahnını ifa etmədim. Bu mənim mahnımdı, əziyyət çəkmişəm, oxumuşam. Mahnının müəyyən qüsurlarını düzəltmişik. Verilişlərin birində Elzaya həmin mahnının ifa etdim. Elza tıxsız balıqdır. O, qədər qəlbi təmizdir ki, insan ondan müsbət enerji alır. Mən ondan heç zaman inciməmişəm.
Mən özüm də uşaqlıqdan şeirlər yazırdım. Bir dəfə atama dedim ki, gəl sənə yazdığım şeirləri oxuyum. Atam məni dinləyərkən sözümü yarımçıq kəsib dedi ki, daha gerisini oxumayım. Ah çəkərək dedi ki, "Bala sən nələr çəkmisən, mənim bunlardan xəbərim olmayıb”. O ağlamağa başladı. O gündən etibarən çox az-az yazıram.

- Həmkarınız Almaz Ələsgərli artıq aktrisa kimi Musiqili Teatrda fəaliyyətə başlayıb. Bəs siz necə, teatrda çalışmağı düşünürsünüzmü?

- Mən illər öncə "Əlvida” filmində əsas obrazlardan birinə çəkilmişəm. Obraza elə girirəm ki, sonra çıxa bilmirəm (gülür). Həmin filmdə Qəməri canlandırırdım. Çəkiliş bitdikdən sonra elə bilirdim ki, mən yenə də Qəmərəm. O ki qaldı teatra, bizim sənət o qədər çətin bir sənətdir ki, inanıram, iki işi bir yerdə idarə edə bilim. Aktrisalıq da çox çətindir. Bir çox filmlərdən, seriallardan təkliflər gəlsə də, qəbul etməmişəm. Mənə təkliflər gələndə toyların gur vaxtı idi. Ona görə qəbul etmədim. Amma indi toylar çox azalıb. Teatra, seriala çəkilmək də çox məsuliyyətli işdir. Əgər vaxt edib tamaşaya, çəkiliş prosesinə gedə bilmədinsə, onda bütün komandanın sənə görə işi pozulur. Əslində bir filmə təklif almışam, ola bilsin ki, çəkilim.

- Mətanət xanım, cəbhə xəttində baş verən hadisələr bir vətəndaş olaraq sizə necə təsir edir?

- Hər gün sosial mediadan və mətbuatdan cəbhə xəttində baş verən hadisələri izləyirəm. Şəhidlərimizə görə çox pis oluram. Hər dəfə ölkəmiz şəhid verəndə, özümü o anaların yerinə qoyuram. Axı onlar da bizim balalarımızdır. İstəmirəm qan tökülsün.

- Hadisələrin qızğın vaxtı müğənnilərin cəbhə xəttində konsert verməyi birmənalı qarşılanmadı. Kimsə bunu müğənnilərin reklamı hesab etdi, kimisi də cəbhə xətindəki əsgərlərin şəhid verdiyi anda rəqs etdiyini qınadı.

- Əsgərlərin rəqs etməyinə heç də yaxşı baxmıram. Əsgər ölübsə, onun dostu, cəbhə yoldaşı rəqs etməməlidir. Hesab edirəm ki, nəinki indi, mütəmadi şəkildə cəbhə xəttinə gedib əsgərlərin qarşısında vətənpərvər mahnılar oxumaq lazımdır. Tarixə nəzər salsaq, görərik ki, Koroğlu, Dədə Qorqud döyüşə sazla gedərdi. İndi əsgərlərimizin ruh yüksəkliyinə ehtiyacı var. Hadisələrdən qabaq əsgərlər önündə saysız konsertlərim olub. Əsgərlər hazırda dövlət başçısından əmr gözləyirlər ki, torpaqlarımızı geri alsınlar. Əsgər bədbin olsa, necə gedib vuruşa bilər? Demirəm ki şəhid verək, sonra gedib vuruşaq. Onlar üçün vətənpərvər mahnılar oxumaq lazımdır. Mən gedib cəbhədə konsert verməyi lazım bilirəm. Bilsinlər ki, onlarlayıq. Əsgərlərimizin arxasında dayanmışıq. Qoy düşünməsinlər ki, biz burda əziyyət çəkirik, onlar orada kefdədirlər. İndi demək olmaz ki, müğənnilər özünü reklam edir. Musiqiçinin peşəsi oxumaqdır. Onlar da konsert verməklə öz borclarından çıxırlar. Hamımız vətənimizi çox sevirik. Bir şeyi yaxşı yerə də yoza bilərsən, pis yerə də. Əsas odur ki, insanın niyyəti gözəl olsun. Orada şəhid olanlar bizim balalarımızdır. Hamımızın ürəyi ağrıyır.



Xəyalə Rəis

banner

Oxşar Xəbərlər