• cümə, 19 Aprel, 12:46
  • Baku Bakı 25°C

Sənət, yoxsa sənəd?

28.05.16 11:13 5635
Sənət, yoxsa sənəd?

İlk baxışdan hər iki söz bir-birinə çox yaxın görünür. Aralarındakı ciddi məna fərqini bəzilərimiz ya görmürük, ya da sadəcə olaraq görməzlikdən gəlirik. Orta məktəbin yuxarı siniflərində hər kəsi bir sual düşündürür: "Hansı peşənin ardınca getməli?” Bu, böyük məsuliyyət tələb edən seçimdir. Elə düzgün qərar verməlisən ki, həyatının sonuna qədər peşmançılıq hissi ilə yaşamayasan. Elə bir sənətin, elə bir peşənin ardınca getməlisən ki, həm özünün bu sahəyə sevgin və həvəsin olsun, həm cəmiyyətə yararlı biri olasan, həm də maddi cəhətdən özünü, gələcək ailəni təmin edə biləsən.
Bu gün ixtisas seçimi ən aktual mövzulardan biridir. Ali təhsil almaq hər kəsin istəyidir. Lakin təbii ki, hər bir istəyimizi həyata keçirmək üçün əziyyət cəkməyi bacarmalıyıq. Bu gün orta məktəbi zəif qiymətlərlə başa vuran şagirdlər də universitetdə təhsil almaq eşqinə düşürlər. Bu, çoxmu vacibdir?
Təkcə uşaqlar yox, onların valideynləri də bəzən bu cür düşünür: "Hara olur olsun, yetər ki universitetə daxil olsun”. "Filankəsin də uşağı universitetə qəbul oldu, sən niyə olmayasan ki?” "Sənin ondan nəyin əksikdir?” Onlar bu prinsipli cümlələrlə övladlarının seçimlərinə təsir göstərirlər. Cəmiyyətdə özünə layiqli, müvafiq yer tutmaq üçün hökmən ali məktəbi bitirmək lazımdırmı? Məncə, yox. Hər birimiz bu prinsiplər sayəsində universitetə daxil olub, dörd ili "yola verərək” diplomunu əlinə alıb evində "yatızdıran” nə qədər insan tanıyırıq. Həmin şəxslərə bir sualım var: "Nə əldə etdiniz?” Cavabı çox bəsitdir: "Təbii ki, heç nə”. Sadəcə, birisi: "Haranı bitirmisən?” - sualını verəndə: "Filan universiteti bitirmişəm” - deyə biləcəyiniz tək cümləlik cavab qazandınız bu 4 ildə...
Görəsən, bütün bunların yerinə hər kəs bacara biləcəyi, zəhmətlə, amma sevərək çalışacagı bir peşənin arxasınca getsə, daha uğurlu olmazmı? Əziyyət çəkib ailəni dolandıra biləcəyin heç bir peşə pis deyil. Nə də olsa, sənətin pisi yoxdur, sənətkarın pisi var...
Aytən Mahal,
Bakı Dövlət Universitetinin tələbəsi


banner

Oxşar Xəbərlər