• çərşənbə axşamı, 23 aprel, 13:13
  • Baku Bakı 24°C

Sənət adamlarının yeni rəhbərlikdən gözləntiləri var

30.07.20 09:00 1569
Sənət adamlarının yeni rəhbərlikdən gözləntiləri var
Rasim Balayev: "Buna bir əncam çəkilməlidir”
Faiq Sücəddinov: "Yeni nazir müavinin təyin edilməsi bizləri sevindirdi”
İyulun 20-də prezident İlham Əliyevin imzaladığı sərəncamıyla Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edildi. Dövlət başçısının digər sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də ona həvalə edildi. Bu təyinatdan sonra mədəniyyət adamları, incəsənət nümayəndələri bu sahədə dəyişikliklər və islahatlar gözləyir. Biz də tanınmış sənət adamlarının bu istiqamətdəki fikirlərini öyrəndik.
Xalq artisti Rasim Balayev bildirdi ki, yeni nəslin formalaşması və fərd olaraq yetişməsi üçün kitab, kino, musiqi, teatr və televiziya böyük rol oynayır. Bunun üçün də Mədəniyyət Nazirliyi müəyyən layihələr həyata keçirməlidir: "Əgər bu sadaladıqlarım diqqətdən, nəzarətdən kənar qalsa, yetişən nəsil fərqli əqidə ilə böyüyəcək. Mədəniyyət sahəsində bir çox qüsurlarımız var. Bir koordinasiya mərkəzi qurulmalı, ona lisenziya verməlidirlər ki, hər müğənni, hər mahnı, hər film birbaşa efirdə nümayiş olunmasın. Müəyyən sərhədlər qoyulsun ki, bu musiqini efirdə nümayiş etdirmək mümkündür, yoxsa yox. Bu gün efirdə nümayiş olunan mahnıları ifa edənlər kiminsə həyətində, toyda, uşaq məclislərində oxuya bilərlər, onlara bir söz deyən yoxdur. Amma bayağı mahnıları çıxıb efirdə səsləndirmək faciədir. Belə olmaz, buna bir əncam çəkilməlidir. Nəsə etmək lazımdır”.
Xalq artisti son illər yeni operalarımızın, simfonik musiqilərimizin yazılmamasından şikayətləndi: "Efirlərimiz ucuz, bayağı, keyfiyyətsiz musiqilərlə doludur. Uşaq məclisində edilən söhbətlər, bazar adamları hamısı efirdədir. Azərbaycan musiqisini bərbad hala salırlar. Özü də onlara efir boyu elə tərif vururlar ki, elə bilirsən Azərbaycan musiqisinin banisi bunlardır. Bu gün Azərbaycan tamaşaçısı Yusif Eyvazovu tanımır. Amma "Üç badam-bir qoz” mahnısı oxuyanlar hər gün efirdədirlər. Bu kanaldan çıxıb, o biri kanala gedirlər. Bilirəm, televiziyaların ixtiyarı Mədəniyyət Nazirliyində deyil, amma bunlara hansısa formada nəzarət olunmalıdır. Biz cəhənnəm, bizdən keçib artıq, amma yeni nəsil yazıqdır. Bu gün bizdə niyə keyfiyyətli filmlər çəkilmir? Necə olur, əvvəl çəkə bilirdilər, indi yox? Belə məsələləri araşdırmaq lazımdır. Bu işi bacaran da, bacarmayan da müxtəlif yollarla mədəniyyət sahəsində çalışır. Çoxu da sənətə tanışlıqla gəlir. Yaradıcılıqda tanışlıq məsələsi olmamalıdır. İnsan bir işi ya bacarır, ya da bacarmır. Küçədən keçənin əlinə kamera vermək olmaz. 50 ildir kino sənətində çalışıram. Bir neçə dəfə mənə rejissorluq təklif edilsə də, bacarmadığımı demişəm. Çəkə bilən də, bilməyən də ucuz mövzularla reytinq qazanır. Tamaşaçıların zövqünü korlayıblar. Mədəniyyət Nazirliyi bu işdə diqqətli olmalıdır. Deyirik ki, keyfiyyətli, dünyaya çıxarılacaq filmlər çəkilmir. Nazirlik film üçün büdcə ayırır, amma işi iş bilənə həvalə etmirlər”.
R.Balayev bugünkü tamaşaçısının ciddi verilişlərə, filmlərə baxmaq istəmədiyini də vurğuladı: "Bizim nəsildən keçdi, gənc nəsli korlayırsınız? Olmaz belə. Mən səviyyəli kinolar izləyib, kitablar oxumuşam, dəyərli musiqiləri dinləmişəm və bunlar bir fərd kimi yetişməyimdə müstəsna rol oynayıb. Bu gün gənclərin formalaşması üçün mədəni mühit yoxdur. Mənim yeni təyin olunacaq nazirə yazığım gəlir. Bu qədər problemi necə tənzimləyəcək, bilmirəm. Sanki hər şeyi pozub yenidən başlamaq lazımdır. Gələnə Allahdan səbir və uğur diləyirəm. Çətin bir vəziyyətdəyik. Mən bir sənət adamı yox, tamaşaçı kimi istəyirəm bu sadaladıqlarım sahmana salınsın. Efirdə sanballı, sözükeçərli, dünyagörmüş şəxsləri görmək, onların fikirlərini eşitmək istəyirəm”.
Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov musiqi sahəsində də islahatlara ehtiyac olduğunu vurğuladı: "Yeni nazir müavinin təyin edilməsi bizləri sevindirdi. Yeni nazir təyin edildikdə ondan bir neçə xahişim olacaq. Azərbaycan musiqinin qədim tarixi var. Bu musiqi nə dünən, nə də ondan əvvəlki gün meydana gəlməyib. Bunlara önəm verməli, festivallar, tanıtım xarakterli layihələr həyata keçirilməlidir. Yeni mövsümdə konsert fəaliyyətinə önəm verilsə, məqsədəuyğun olar. Bu gün bizim ifaçılarımızın konsert fəaliyyəti çox zəifdir. Dövlət konsertlərinin təşkil edilməsi və gənc ifaçıların tamaşaçılara təqdim edilməsi vacibdir. Bundan başqa, Azərbaycan musiqisi nəinki ölkə daxilində, eyni zamanda xaricdə təbliğ olunmalıdır. Bu gün bizim bədnam qonşularımız musiqimizi mənimsəyib, adlarına çıxarırlar. Xalq mahnılarının təbliği ilə bağlı ansamblların hazırlanması və onların beynəlxalq arenada tanıdılması da diqqətdə olmalıdır. Son zamanlar Musiqili Teatrda da yeni tamaşalar yoxdur, elə hər dəfə keçmiş tamaşalar oynanılır”.
F.Sücəddinov yeni operettalarımızın azlıq təşkil etdiyini də bildirdi: "Hazırda Opera və Balet Teatrında müasir əsər görə bilmirik. Yeni əsərlər, yeni operettalar görmək istəyirik. Bundan başqa, bizdə həmişə keyfiyyətli və maraqlı filmlər çəkilib. Bu gün isə o filmləri görə bilmirik. Yaxşı filmlərin çəkilməsi üçün yaxşı ssenari və yaxşı rejissorlara ehtiyac var. Yaxşı kadrları bir araya gətirib baxımlı və dünyaya çıxarılacaq filmlər çəkilməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə şəraitində yaşayan ölkəyə vətənpərvər gənclər lazımdır. Bunun üçün bu ruhda mahnılar yazılmalı, filmlər çəkilməlidir. Hərbi hissələrə gedib vətənin keşiyində dayanan əsgərlərimizi ruhlandırmaq üçün filmlər nümayiş etdirilməli, onlarda ruh yüksəkliyi yaradılmalıdır”.
Bəstəkar hesab edir ki, ciddi musiqiyə daha çox diqqət ayrılmalı, bununla xalqın musiqi zövqünün formalaşmasına yardım göstərilməlidir: "Mədəniyyət Nazirliyi uzun müddətdir ki, simfonik, bəstəkar musiqilərinə müraciət etmir. Bölgələrimizdə fəaliyyət göstərən musiqi məktəblərinin müəllimlərinin müasir simfonik musiqilərdən xəbərləri yoxdur. Onlara xaricdə təhsil almış, yeni musiqilərdən anlayışı olan peşəkarların ustad dərsləri keçirilsə, yaxşı olardı. Onların dünyagörüşünün artmasına, musiqi zövqünün daha da inkişafına ehtiyac var. Paytaxtda fəaliyyət göstərən musiqi məktəblərində tanınmış bəstəkarla həsr edilmiş musiqili həftələr keçirmək mümkündür. Bu konsertlər silsiləli şəkildə keçirilsə, yetişən nəsil bizim korifeyləri unutmaz. Ümumilikdə yeni nazirə və onun köməkçilərinə uğurlar arzu edirəm”.
Kinorejissor Tahir Tahiroviç də hesab edir ki, yeni Mədəniyyət nazir üçün çətin olacaq: "Çünki illərlə itirilən məqamlar var. Yəqin bu ili sakit yola verməklə mövsümü başa vurmaq olar. İndiki halda, kino sahəsində yeni nəsə gözləmək də düzgün olmazdı. Həm də o şöbədə islahat aparmaq asan olmayacaq. Kinomuz artıq islahatlardan bezib. Kinoda islahatın bir adı var, idarəçilikdə dəyişiklik etmək lazımdı. Bir də ən əsası maliyyədir. O da bu aralar müşkül olacaq. İşə yeni kadrları və sənətini sevənləri cəlb etsələr, yaxşı olacaq”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər