• cümə, 29 Mart, 12:52
  • Baku Bakı 14°C

Sənət adamları yaradıcılığı evə keçirib

17.03.20 09:00 2336
Sənət adamları yaradıcılığı evə keçirib
"Boş oturmur, öz üzərimdə işləyir, məşqlər edirəm”
Son günlər dünyanı ağuşuna alan koronavirus insanları təşvişə salmaqda davam edir. Hər ötən gün bu virusdan ölənlərin sayı çoxalır. Azərbaycanda da kütləvi tədbirlər ləğv edilir, insanların bir araya toplaşdığı layihələr təxirə salınır. Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı açıqlamada deyilir ki, adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan, qarşıdakı həftələrdə toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.
Bəs görəsən ölkədəki belə vəziyyətdə sənət adamları virus təhlükəsindən necə qorunurlar? Digər tərəfdən, hazırda evdə qalmağa məcbur olan sənət adamlarının əsas gəlir mənbəyi olan toylar qadağan olunub. Bir aydan sonra isə orucluq və məhərrəmlik gəlir. Belə olan halda, sənət adamları həyat və fəaliyyətlərini necə planlaşdırırlar?
Xalq Artisti Tünzalə Ağayeva hər zaman gigiyenik qaydalara əməl etdiyini bildirdi: "Mən profilaktikaya əməl edən insanam. Tək epidemiyaya görə deyil, təbiətimdən asılı olaraq, həmişə gigiyenik qaydalara əməl edirəm. Vitamin "C” bol olan qidalara üstünlük verirəm. Çox sadə profilaktik üsullarla qorunuram. Limon, zəncəfil qarışığından istifadə edirəm. Sağlamlığıma diqqət edirəm. Əsas odur ki, ruhdan düşmürəm. Bacardığım qədər çantamda spirt gəzdirirəm. Əslində bu üsuldan istifadə etmək mənim üçün yenilik deyil. Bu qaydaları indi tətbiq etmirəm. Çalışıram ki, kütləvi yerlərdə az olum. Bir də dövlətimiz bizim qayğımıza qalır, bunun üçün kütləvi tədbirlər müvəqqəti olaraq dayandırılıb. Tədbirlər yoxdursa, evdə də boş oturmuram, yaradıcılıq işləri ilə məşğulam. Həyat tərzim bu günlərdə dəyişsə də, bu, bizi ruhdan salmır. Kütləvi tədbirlərin dayandırılması çox vacib idi. Panikaya düşməkdənsə, özünüzü qorumağı məsləhət görərdim. Qorunmaq hamımızın borcudur”.
Xalq artisti tədbirlərin, el şənliklərinin olmadığı dönəmlərdə belə öz üzərində çalışdığını bildirir: "Evimdə sakit otursam da, yenə də öz işlərimlə məşğulam. Tutalım ki, bir əsər üzərində işləyirəm, onu studiyada yazdırmalıyam. Evimdə özüm üçün hazırlaşıram, boş dayanmıram. Yaxud da dostlarımla görüşüb məşqimizi edirik. Həm özümüzü qoruyur, həm də evimdə öz işlərimi axsatmıram. Qorxmaq lazım deyil. Fəaliyyəti davam etdirmək, mübariz olmaq lazımdır. Bu, ömürlük olan bir şey deyil ki, müvəqqətidir. Ona görə də deyilənə əməl etməliyik”.
Xalq Artisti Mələkxanım Əyyubova deyir ki, heç bir virus təhlükəsi onun yaradıcılıq planlarına mane ola bilməz: "Bütün dünya hazırda koronavirusun təsiri altındadır. İnsanlar panika içərisindədir. Özümü və ailəmi nəinki bu virusdan, hər zaman mikroblardan qorumağa çalışmışam. Belə ki, gündəlik həyat rejimimdə təmizliyə riayət edirəm. Bu təhlükənin olmadığı günlərdə belə, yanımda spirt gəzdirmişəm, özümü mikroblardan qorumuşam. Mənə görə, təmizlik qorxudan formalaşmamalıdır. Bu, insanın içindən gəlməlidir. Təkcə özümə qarşı belə deyiləm. Bəzən görürəm ki, insanlar əllərində olan zibili küçəyə atırlar. Mən belə şeyləri anlamıram. Tez-tez dua edirəm ki, bu bəla başımızın üzərindən çəkilsin. Balamın xeyir işi var idi, toyu təxirə düşdü. Nə olursa, xeyirliyə olur. Bir ay gec olsun, ancaq insanlarımız sağlam olsun. Bu, dünyəvi problemdir. Allah-təala elə bir möcüzə yaratsın ki, bu virus ölsün, çətin günlər başımızın üzərindən getsin. Durğunluq yaşanır, insanların əli-qolu boşalıb. İdmana, xeyrə-şərə, toylara gedirdik. Ancaq bu virus hər kəsi çəkilib gözləməyə məcbur edir. İnsan dinamik yaşamalıdır. Bütün bunlar insanın psixologiyasına təsir edir. Hamı eyni deyil. Birinə təsir etmirsə, digərinin psixologiyasına təsir edir. Sosial şəbəkədən də bilirəm ki, insanlar mağazaları boşaldırlar. Onları da qınamalı deyil”.
Xalq artisti yaşanan durğunluqda təmkinli davranacaq: "Yaradıcılıqla məşğul olmaq üçün mən durğunluğu, ya məhərrəmlik ayını gözləmirəm. Məhərrəmlik olmayanda da mahnı yazdırıram. Bütün günü toylarda deyiləm. Mənim həyat tərzim tamamilə fərqlidir. Dövlət tədbirlərinə gedirəm, öz missiyamı yerinə yetirmək üçün məhərrəmliyi gözləmirəm. Mən çalışacağam ki, bu fasilədə imkan tapıb övladımın xeyir işini edim. Hər kəsin bir həyat tərzi var, mənim xanəndə kimi həyat tərzim ayrıdır”.
Xalq artisti Gülyaz Məmmədovadeyir ki, dövlət tərəfindən həyəcan təbili çalınırsa, bu, məsələnin ciddiyyətindən xəbər verir: "Bizə verilən bildirişlərə əməl etmək qalır. Hazırda evdəyik, növbəti aylarda orucluq və məhərrəmlik gəlsə də, bizim tək işimiz toylardan ibarət deyil. Fasilə vaxtı mənim ən böyük istirahətim işləməkdir. Evdə oturanda, ürəyim sıxılır. Əgər bir əsər üzərində işləyirəmsə, studiyada yazdırmalıyam. Boş dayanmıram, evdə məşq edirəm. Müəlliməm, teatrda çalışıram. İşlərimə davam edəcəyəm. Məhərrəmliyin, orucluğun buna dəxli yoxdur. Yeni mahnılar üzərində çalışıram. Tapşırıq var ki, heç nə edilməsin, insanlar ancaq özlərini qorusunlar. Biz də o tapşırığa əməl edirik. Mübariz olmaq, fəaliyyəti davam etdirmək lazımdır. Bu, müvəqqəti çətinlikdir. Deyilənlərə əməl etmək lazımdır. Qanun hər kəs üçün eynidir. Deyirlər ki, belə bir virus var, deməli, boşuna deyil. Yaşlıların immuniteti zəifdir, onlar daha tez yoluxa bilər. İndi yaşlıları daha çox qorumalıyıq. Həssas dönəmdir. Belə bir məqamda atamı xatırlayıram. Artıq axşam saat doqquzdan sonra tədbirlər yoxdur. Dəvət aldığımız tədbirlər 5-də başlayır, 9-a qədər davam edir. Biz bəzən bu xəstəliyi davaya çeviririk. Vaxtında sağlamlığımızın qayğısına qalaq. Həyata bir dəfə gəlirik. Dövlət də bizi xəbərdar edir ki, ehtiyatlı ol, özünü qoru. Allah təhlükənin pisindən qorusun”.
Xalq artisti Gülyanaq Məmmədova Novruz şənliyi ilə bağlı televiziyaların çəkilişlərinə qatıldıqlarını və dünənə qədər tədbirlərdə iştirak etdiklərini qeyd edir: "Biz tədbirlərə getsək də, uşaqlar evdədirlər, onları gəzintiyə aparmıram. Ancaq onlar da darıxırlar. Nə vaxta qədər evdə oturacaqlar - onu da bilmirəm. Mən bu virusun varlığına inanmaq istəmirəm. Hələ bilmirəm ki, məhərrəmlik və orucluq vaxtı hansı işlərlə məşğul olacağam. Plan qurmağı sevmirəm, yaşayarıq görərik. Sağlıq olsun. Adamı işsizlik yorur. Beyin tənbəlləşir, işsiz qaldıqda yorulur, aktivliyini itirir. Biz evdə uşağa nə öyrədək? Uşaq dərsə getməlidir ki, cəmiyyətə qoşulsun, yeni nələrsə öyrənsin. Çaşqın bir vəziyyət yaranıb. Təki, bu virus dünyanı tərk etsin. Hər kəs öz işinin-gücünün başına dönsün. İnsanı işləmək, çalışmaq, zəhmət deyil, boşluq yorur. Adam çox narahat olur. İstəyirsən ki, uşaqları rayona aparasan, düşünürsən ki, virus varsa, orda da var. Sosial şəbəkələrdə yayılan məlumatların bəzilərinə inanırıq, bəzilərinə inanmırıq. Dövlət televiziyasından nə xəbərdarlıq olunursa, onu da edirik. Tez-tez panikaya düşmək istəmirik. Ancaq od olmayan yerdən də tüstü çıxmır. Tez-tez spirtlənib ağzımıza maska vurmuruq. Sadəcə, evdən çölə çıxmırıq”.
Əməkdar artist Təyyar Bayramov elnən gələn dərdin toy-bayram olduğunu deyir: "Tədbirlərə, kütləvi məclislərə gedəndə, bacardığım qədər qoruyucu maskalardan istifadə edir, üzərimdə spirt gəzdirirəm. Ayın 15-də bir toyum var idi, orda çıxış etdim və artıq toylar ləğv olundu. Çalışıram ki, kütləvi yerlərdən ailəm də, özüm də uzaq olum. Bütün dünya koronavirusla mübarizə aparır. Belə panika olmaz”.
Əməkdar artist qarşıdan gələn aylarda pedaqoji fəaliyyətlə məşğul olacağını, yeni mahnılarının üzərində çalışacağını bildirir.
İfaçı Səbinə Ərəbli deyir ki, virusla ənənəvi şəkildə mübarizə aparırlar: "Deylənlərə əməl etməyə, evdə övladlarımla zaman keçirməyə çalışıram. Təcili işim olduqda, maska taxıb gedirəm. Hər nə qədər sosial şəbəkələrdə panika yaransa da, koronovirusa o qədər də çox inanmıram. Çalışıram ki, tam ciddiyə almayım. Hesab edirəm ki, nə qədər çox inansam, xəstəliyə tez yoluxaram. Bu fasilədə övladlarımla zaman keçirəcəyəm. Mənə işi əvvəlcədən planlaşdırmaq düşmür. Hələ ki gələcək ayları planlaşdırmamışam”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər