Sən vermədin, mən də almadım
Bu günlərdə Baş prokurorun müavini, Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev
keçirdiyi mətbuat konfransında qeyd edib ki,
ölkədə rüşvət vermə cinayəti rüşvət almadan çoxdur: "2017-ci ilin
birinci yarım ili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsində vətəndaşların 3656 müraciətinə baxılıb. 125 cinayət xarakterli
material araşdırılıb. Həmin materialların 75-i üzrə cinayət işi başlanıb, 50
material üzrə təsir aktları tətbiq edilməklə, 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə
cəlb edilib. Həmçinin hesabat dövründə
korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə əməkdaşları tərəfindən bir sıra
qabaqlayıcı tədbirlər həyata keçirilib.
Həmişə rüşvət verilmə məsələsi gündəmə gəldikdə, bu işin günahkarı kimi məmurlar qələmə
verilir. Əslində isə bu işdə hər iki tərəf eyni dərəcədə günahkardır. Təəssüflər
olsun ki, son illər cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, rüşvət vermədən
özünə iş tapa bilmək, imtahan vermək, yaxud bir iş qurmaq mümkün deyil. Bəs görəsən bu yanaşma nədən
irəli gəlir? Niyə insanlar rüşvət vermədən
problemi həll etməyə cəhd etmirlər? Təkcə asan yol olduğu üçün, yoxsa
başqa səbəblər də var?
Sosioloq Əhməd
Qəşəmoğlu deyir ki, hər bir davranışa təsir edən mühüm
faktorlar var: "Bizim davranışlarımıza əsasən,
mühit, aldığımız informasiya və
insanların üstünlük verdiyi dəyərlər faktoru daha çox təsir edir. Rüşvət vermək
və rüşvət almağın özü də bir davranışdır. Əgər səbəbləri axtarırıqsa, bu üç
faktoru mütləq nəzərdən keçirməli və təhlil etməliyik. Cəmiyyətdə belə bir
yanlış fikir formalaşıb ki, bizim millət rüşvətə meyllidir. Hətta bunun bizim
qanımızda olduğu deyilsə də, tamamilə yanlış fikirdir. Dünyada gedən
müasir proseslər bütün xalqlara və o
cümlədən bizə də təsir edir. Ona görə də
hansısa neqativ davranışı təkcə özümüzə aid etmək düzgün deyil. Həmçinin, rüşvət
məsələsini hansısa bir ölkənin daxili məsələsi kimi qələmə vermək tamamilə
yanlışdır. Dünyanın bir çox ölkələrində bu problem aktualdır. Hətta bir sıra
inkişaf etmiş ölkələrdə də insanlar işlərinin
tez və asan başa gəlməsi üçün rüşvətə meyl edirlər. Düzgün əqidədə olmayan bir
çoxları bu yola üz tuturlar. Ona görə də rüşvət verənlər, rüşvət alanlardan
daha çoxdur. Hər kəs ətrafından nəyinsə rüşvət hesabına düzəldiyini eşidir,
yaxud rüşvət vermədən işə qəbul olmağın qeyri-mümkün olduğunu düşünürlər. Hər
gün bu haqda eşidən isə fikirləşir ki, rüşvət vermədən nəsə iş görmək mümkün
deyil. Əslində, insanlar mənəvi dəyərlərə üstünlük verdiyi zaman, rüşvətə meyl də azalacaq. Maddi dəyərlərə üstünlük verildikdə isə rüşvətvermə
halları da artır. Təəssüf ki, bu gün
maddi dəyərlər cəmiyyətdə daha vacib rol oynayır”.
Sosioloq
deyir ki, rüşvətlə mübarizə aparmağın ən effektiv üsulu nümunəvi davranış sərgiləməkdir:
"Yaşlı nəslin nümayəndələri gənclərə davranışları ilə düzgün örnək
olmalıdırlar. Əgər uşaq birinci sinfə gedəndə valideynindən eşidirsə ki, məktəbə
rüşvət hesabına düzəlib, orada müəllimlər rüşvət alır, o da gələcəkdə rüşvətə
meylli biri olacaq. Televiziyalarda rüşvətin mənəvi dəyərləri aşındırdığına dair maarifləndirici sosial
layihələr təqdim olunmalıdır ki, insanlar mənəvi dəyərlərə üstünlük versinlər.
Bunun üçün isə ilk növbədə ciddi elmi əsaslarla fəaliyyət proqramları
hazırlanmalıdır. Qanunvericilikdə dəyişikliklər edilməli, KİV-də və inzibati
qaydada hansı işlər görüləcəyi ilə bağlı elmi fəaliyyət proqramı olmalıdır”.
"Konstitusiya”
Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bizimlə söhbətində
bildirdi ki, sanksiyaların
ağırlaşdırılması ölkədə rüşvətvermə hallarını
xeyli azaldıb: "Bir çox hallarda
insanlar övladının işə götürülməsi,
yaxud öz işini sürətləndirmək naminə vəzifəli şəxslərə rüşvət təklif edirlər.
Son illərdə Azərbaycanda rüşvət verməklə bağlı qanunvericiliyə ciddi dəyişikliklər
edilib və sanksiyalar ağırlaşdırılıb. Aktiv rüşvətə görə cərimənin miqdarı iki
min manatdan dörd min manata qədərdir. Həmçinin, qanunvericilikdə bununla
bağlı 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur. Bununla yanaşı,
sadə rüşvət verməyə görə də sanksiyalar ağırlaşdırılıb. Əvvəllər bu
sanksiyalar çox aşağı olduğuna görə, neqativ
hallar xeyli artmışdı. Vətəndaşların əksəriyyəti rüşvət verməyə o qədər vərdiş ediblər ki, hətta bəzi hallarda vəzifəli şəxs qanuni
hərəkət etdikdə belə, rüşvət təklif edirlər. O, bundan imtina etdikdə isə birmənalı
yanaşmırlar. Bu baxımdan deyə bilərəm ki, bizdə qəribə bir münasibətlər sistemi
formalaşıb. Lakin son illərdə aparılan işlər nəticəsində sovetlər birliyi dönəmində formalaşan
"korrupsiya mədəniyyəti”nin sıradan çıxma prosesi gedir. Cəmiyyət də yavaş-yavaş bu kimi davranışlardan imtina edir
və əvvəlki illərə nisbətən rüşvətvermə halları xeyli azalıb. İstər rüşvət verməyə,
istərsə də almağa görə cinayət məsuliyyəti nəzərdə tutulduğundan, bir çox şəxslər
belə hərəkətə yol verməkdən çəkinirlər. İstənilən halda, bu sahədə görüləsi çox
işlər var. Dövlət qurumları öz işini
vaxtında yerinə yetirərsə, vətəndaş bu
yola əl atmaz. Məsələn, bu gün Asan Xidmətin timsalında qəti olaraq söyləmək
olar ki, korrupsiya hallarının qarşısı alınıb. Bu, həm də vətəndaşlarda yeni
bir mədəniyyətin formalaşmasına gətirib çıxarır. Demək istədiyim odur ki. idarəetmə
mədəniyyətindən çox şey asılıdır. Bu mədəniyyət yüksəldikcə və modern idarəetməyə
keçdikcə, korrupsiyanın səviyyəsi də azalır. Həmçinin elektron xidmətlərdən
istifadə, birbaşa təmasın aradan qaldırılması rüşvət cinayətinin məhdudlaşdırılmasına
gətirib çıxarır”.
Şəbnəm
Mehdizadə