Sən Müşfiqin yanında qal...
Təxminən 10 il əvvəl məşhur xanəndə Cabbar Qaryağdının qızı Şəhla Qaryağdı
ilə görüşüb atası haqqında yazı hazırlayırdım. Şəhla xanım ata ocaqlarının iş
adamları tərəfindən amansızlıqla sökülməsindən, yaşadıqları ərazinin
biznesmenlərə satılmasından, söküntü zamanı evlərinin üzərinə vurulan xatirə
lövhəsinin, eləcə də qonşuları Əli Nəzminin evinin divarına vurulan lövhənin
ayaqlar altında qalmasından ağlayaraq danışmışdı. Yaddaşımda həmişə qalan o
söhbəti Mikayıl Müşfiqin heykəli söküləndə yenidən xatırladım. Söküntülərdə
məqsəd fərqli olsa da, əslində mahiyyət eynidir. Hər iki halda sökülüb-dağıdılan,
uçurulan dəyərdir. Milli-mənəvi dəyər. Hadisə həm də yadıma keçən il Moskvada
"Mosfilm” studiyasının qarşısındakı Yevgeni Leonovun heykəlinin miqrantlar
tərəfindən oğurlanıb satılmasını xatırlatdı. Özüm Moskvada həmin heykəllə
yanaşı şəkil çəkdirdiyimdən rusların o abidəyə sonsuz sevgisinin şahidi
olmuşam. O zaman ruslar bu oğurluğu terrorizmlə eyniləşdirdilər. Onlar aktyor
üçün yeni hazırlanacaq abidənin əvvəlki kimi alınmayacağından da narahat
idilər. Məşhur Georgi Danelyanın "Uğur centlmenləri” filminin obrazı əsasında
hazırlanan abidə oğurlanandan sonra rejissor da "Bu quldur abidəsi deyil”- deyə
az qala üsyan etdi.
Hazırda Mikayıl Müşfiqin abidəsini yol çəkilməsi ilə əlaqələndirib
sökənlər də eyni iradlarla qınanır. Həm də daha kəskin formada. Hadisəyə
"vəhşilik”, "vandallıq” kimi möhürlər vurulur. İctimai qınağın böyüyüb daha
geniş dairələri əhatə etməsinə səbəb həm də abidənin sökülməsi ilə bağlı
əlaqədar qurumlar tərəfindən doğru-düzgün informasiyanın vaxtında verilməməsi
oldu. Gah "ərazidə təmir işləri
aparılır, abidəni bərpa edib yerinə qoyacağıq” dedilər, gah "Sovetski”də
salınacaq yeni parkın mərkəzində Müşfiqin abidəsi ucaldılacaq” söylədilər. Sonda
da "Azəravtoyol”un üç əməkdaşının rəhbərlikdən xəbərsiz halda abidəni sökdüyü
və onların cəzalanması, birinin isə işdən çıxarılması” ilə bağlı xəbərlər çıxdı
meydana. Bir-birini təkzib edən, biri-biri ilə uzlaşmayan informasiyalar isə
böyük şairin abidəsinə olan anlamsız münasibəti ortaya qoydu. Abidənin
aidiyyəti dövlət orqanları ilə razılaşdırılmadan söküldüyü üzə çıxdı. Mədəniyyət
və Turizm Nazirliyi, Abidələrin Mühafizəsi İdarəsi öz növbəsində abidənin
sökülməsindən xəbərsiz olduqlarını açıqladılar. Ölkə başçısı da məsləyə laqeyd
qalmadı: "Hadisə arasdırılmalı, abidəni sökənlər layiqli cəzalandırılmalıdır”-
dedi.
Elə qeyri-maddi nəsnələr var ki, onlar maddi şeylərdən çox
dəyərlidir. Bu dəyərlər milli özünüdərki formalaşdırır. Bunu yalnız milli
mədəniyyətin nə qədər önəmli olduğunu anlayan təhsilli və mədəni insanlar başa
düşə bilər. Cahil adam bu dəyərin qiymətini anlamırsa, bunu ona söyləməyin heç
bir mənası yoxdur. Ancaq bu, heç də onlarla qanunların dili ilə danışmamaq
anlamına gəlmir. Çox təəssüf ki, bəzi çinli məmurlar mədəni abidələrin nə demək
olduğunu, onun itkisinin dövlət üçün nə qədər ağır başa gəldiyini dərk
eləmirlər. Dərk eləsəydilər, nə tarixi abidələrə, nə kitabxanalara, nə də digər
mədəni obyektlərə əl uzadardılar. Mənəvi dəyərlərin nə demək olduğunu bilənlər isə
onları məsələn, Leninqrad blokadası zamanı xilas etməyə çalışanlar - "Ermitaj”ın
eksponatlarını bombardmandan qorumaq üçün zirzəmiyə daşıyanlar, Tretyakov
qalereyasının portretlərini, Təsviri
İncəsənət Muzeyinin, Şərq Mədəniyyəti Muzeyinin, Yeni Qərb İncəsənəti Muzeyinin
eksponatlarının evakuasiyasını və demontajını həyata keçirib müharibənin
bombardmanından xilas etmək üçün
eşalonlarla Novosibirskə yola salanlardır. Bu cür faktlar minlərlədir. Mikayıl Müşfiqin
büstü söküləndən sonra gəldiyim qənaət həm də budur: şairin büstünə əl qaldıranlar
onun şeirinin bircə sətrini də oxumayanlardır. Şairin nakam, faciəli taleyindən
xəbərsiz olanlardır. Şeirin, sənətin nə demək olduğunu anlamayanlardır.
İctimai qınaqlardan və ölkə
prezidentinin məsələyə müdaxiləsindən sonra abidənin yerləşdirildiyi yerə baş
çəkən əlaqədar qurumların nümayəndələrinin uzun-uzadı müzakirəsi"Mikayıl Müşfiqin büstünün həmin
ərazidə, əvvəlki görkəminə heç bir xələl gəlmədən quraşdırılacağı” ilə bağlı
qərarı ortaya çıxardı. Xoşagələn məqam isə budur ki, "Sən Müşfiqin yanında qal...”-
deyə yazan şairə sevgi insanları onun başına cəm etdi. Bu, mədəni irsimizə,
tariximizə, milli-mənəvi dəyərlərə, poeziyaya sevgi idi.
Baş verən hadisə heç bir halda
"oldu, keçdi” deyə yaddan çıxmamalıdır. Abidənin sökülməsi ilə bağlı qınaqlar
və cəzalar görk olmalıdır ki, milli dəyərlərə uzanan əllər birdəfəlik
kəsilsin...
Təranə Məhərrəmova
Əməkdar jurnalist