AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sən ölmə...

Sən ölmə...

Mədəniyyət
21 Noyabr 2012, 19:04 2329
Türk kinemotoqrafiyasını ardıcıl izləyəndə bir şey aydın hiss olunur. Rejissorlar sanki milli mentaliteti bəla kimi əks etdirirlər. İnsanlar keçmiş adətlərlə vuruşmalı, sinə-döş olmalıdırlar, amma onların mübarizəsi heç də həmişə könülxoşluğu ilə nəticələnmir. İstər sadə insanlar, istərsə də üst təbəqə sayılanlar narazılıq boyunduruğundan yan keçə bilmirlər. Bütün bu bəlalar insanların başında çatlasa da, insan hadisələrin fonunda görünür. Çünki insanlar hadisələrin gerçəkləşməsinə rəvac verən milli-mental dəyərlərdən asılıdırlar.
Adət-ənənələri yaradan insan, sonradan onu bütləşdirir, nəticədə o dişbatmaz, dəyişməz, sərt millilik onun bəlasına çevrilir. Sanki adət-ənənə sonsuz sayda insana çevrilib, bir insanın, bir ailənin üstünə tökülüb onu məhv edir. Dözülməsi mümkünsüz olan bu məsələlər qarşısında insan ya kimisə öldürüb qatil olmalıdır, zindanlarda çürüməlidir, ya da ölməlidir. Bu adətlərdən kənar qaçmaq olmaz sanki, guya etməsən, biqeyrət olacaqsan. Elə “Atəşin düşdüyü yer” filmi də bu cür məsələlərin bir ailəni neçə məhv etdiyini göstərir.

Hadisələr

Ayişə qəfildən yıxılır, atası Osman onu tez xəstəxanaya aparır. Həkimlər Ayişənin hamilə olduğunu gizlətmək istəyirlər. Atası bilsə, onu öldürə bilər. Çünki uşağın atası məlum deyil və Ayişə telli-duvaqlı, əksər qızlar kimi gəlin köçməyib. Atası bilmir ki, qızının bakirəliyi pozulub. Amma bilmədən tibb bacısı Ayişənin vəziyyətini atasına deyir. Atası qızının bu əməlinə görə arvadını döyür. Sonra Ayişənin anası gəlib ona deyir ki, xəstəxanadan çıxan kimi atan səni öldürməlidi, başqa yolu yoxdu.
Ayişənin sadəlövhlüyündən istifadə edib onun bakirəliyini pozan Dəniz Ankaraya qaçıb. Ayişədən nə qədər uşağın atasının kimliyi barədə soruşurlarsa, o, cavab vermir. Adətə görə atası onu öldürməlidir. Osman qızını aldadır ki, səni dayıngilə aparırıq ki, camaat hamilə olduğunu bilməsin. Ayişəni başqa bir vilayətə aparır atası. Maşının yük yerində silah, zəhər, balta var. Yolda atası nə vaxt yük yerini açmaq istəyirsə, əlini yaralayır. Su qabında isə zəhər var. Osman neçə dəfə təklif etsə də, Ayişə suya ehtiyac duymadığına görə içmir. Buna baxmayaraq, sonda Ayişə həmin zəhəri alıb içir. Bu yolla da Osman həbs olunmaqdan canını qurtarır.

Filmdə çox təsirli səhnələr var:

• Ayişə yolda atasından uşaq vaxtı onu nazlandıra-nazlandıra oxuduğu mahnını oxumasını xahiş edir. Osman da həmin mahnını ağlaya-ağlaya oxuyur. Bu, Ayişənin ölüm laylasıdır.
• Bir vaxtlar qızına şərbət içirən Osman indi zəhər içirir.
• Bir zamanlar qızını gəzintiyə aparan Osman indi onu öldürməyə aparır.
• Ayişə özünü dənizə atmaq istəyəndə atası qoymur, xilas edir ki, özü öldürsün.
• Ayişə əlini maşından çölə çıxardır, atası yandan gələn maşını görür və qızının əlini içəri salır. Hər vəchlə Ayişəni qorumağa çalışır ki, özü öldürsün.
• Osman əlini əzir, qızı qanamış barmaqlarını sarıyır.
• Ayişə zəhər qatılmış suyu başına çəkəndə, atası əlini qaldırıb “dayan” demək istəyir
• Osman həyətdə, düz evin qarşısında qızının qəbrini qazıb yola düşüb.
• Bütün bu isti və qayğıkeş münasibətlərin sonunda ölümün labüdlüyü isə insanı dəhşətə gətirir.
• Televizorda Dənizin ölüm xəbəri yayılır. Dənizin şəklinə baxan Ayişə onun sinəsində gizlətdiyi şəklinə baxa-baxa bu sözləri deyir: “Dəniz, indi mən neyləyəcəm?”.
• Ayişənin vəziyyəti pisləşəndə atası məscidə gedib Allaha dua edir ki, onu öldürmə, mənə qaytar.
• Ayişənin meyitini xəstəxanaya aparan peşman ata yalvarır: sən ölmə, mən utanmağa razıyam.

Deməli:

1. Bu mentalitetdə azad sevgiyə yer yoxdu, kişi və qadın ancaq ər-arvad ola bilər.
2. Bu mentalitet günahkarı ölüyə, digərlərini qatilə çevirir və nəticədə mentalitet qurbanlarının hamısı günahkara çevrilir.
3. Bu adətlərin reallığı budur: ata ən sevdiyi övladını da öldürə bilər.
4. Cəmiyyətin qanun kimi status qazandırdığı milli dəyərlər heç kəsi bağışlamağa gücü çatmayan gücsüz bir şeydir

P.S. “Atəşin düşdüyü yer” film 2012-ci ildə çəkilib. Filmdə Hakan Karahan, Yeşim Ceren Bozoğlu, Elifcan Ongurlar, Serhan Süsler, Abdullah Şekeroğlu, Ozan Göksu Sayın, Dean Baykan, Özlem Balcı, Katharina Weithaler, Oğuzhan Şekeroğlu, Utku Şahin, Muammer Şahin, Adenaz Yılmaz, Rumeysa Yılmaz kimi istedadlı aktyorlar rol alıblar. Saki Çimen filmə olduqca heyranedici bir musiqi bəstələyib. Filmin rejissoru və ssenari müəllifi isə İsmayıl Günəşdir. Film dünyanın müxtəlif ölkələrində göstərilib və “Əcnəbi dildə çəkilmiş ən yaxşı filim” mükafatına layiq görülüb. Bundan başqa, müxtəlif fesfivallarda - Montreal Dünya Film Festivalında qalib olub. Həmçinin, “Grand Prix des Ameriques” ödülünü qazanıb. 105 dəqiqəlik film ilk dəfə 4 may 2012-ci ildə göstərilib.