AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şəmkirli şagird təhsil naziri olsaydı...

Şəmkirli şagird təhsil naziri olsaydı...

Müsahibə
27 Aprel 2013, 12:29 10541
Müsahibim Şəmkir şəhərində yaşayan 16 yaşlı Hüsniyyədir. İREX-in qızların informasiya-kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün Azərbaycanın 10 bölgəsində gerçəkləşdirdiyi layihədə iştirak edib. Vətən haqqında çəkdiyi multi-media reportajı isə ən yaxşı reportajlar içərisində yer alıb. Hüsniyyə Allahverdiyeva bir ildir ki, Şəmkirdə Cahangir Rüstəmov adına 1 nömrəli orta məktəbin 8-ci sinifində oxuyur. Şəmkirə gələnə kimi isə Moskvada təhsil alıb. Hüsniyyə ilə Azərbaycan və Rusiya təhili arasındakı fərqlər, təhsil aldığı məktəbdəki problemlər və s. barədə danışdıq.

- Hüsniyyə, Şəmkirdə aldığın təhsillə Moskvada aldığın təhsil arasında hansı fərqlər var?

- Azərbaycan Rusiyadan bir addım qabaqda gedir. Mənim orada səkkizinci sinifdə keçdiklərimi burada artıq yeddinci sinifdə keçmiş olurlar. Buna görə də məni burada 9-cu sinifə deyil, 8-ci sinifə götürdülər. Başqa bir fərq ondadır ki, burada müəllimlərin izah etdiyi dərsi daha yaxşı başa düşürəm. Amma Moskvada təhsil aldığım məktəbdə buradakından fərqli olaraq hər bir şeyə daha məsuliyyətli yanaşırdılar. Burada bəzən elə olur ki, müəllim deyir ki, “özümü pis hiss edirəm, dərs keçə bilməyəcəm, gedin evinizə”. Amma orada elə şey yoxdur. Nə olursa olsun, müəllim mütləq dərsini keçir. Dərslərdə də hamı sakit oturub müəllimi dinləyir. Amma indi təhsil aldığım məktəbdə elə dərslər var ki, səs-küylü olur.

- Şəmkirdəki məktəbinizin şəraiti necədir?

- Moskvadakı, Bakıdakı məktəblərlə müqayisə edəndə deyə bilərəm ki, o qədər də yaxşı deyil. Dəhlizlərdə divarların hər tərəfi yazılıdır, “kraska”sı tökülür, sinif otaqlarının qapıları örtülmür, partaların bəzisi sınıq-sökükdür.

- Bəs Moskvadakı sinif yoldaşlarınla buradakı sinif yoldaşların arasında hansısa fərq gördünmü?

- Moskvadakı sinif yoldaşlarım daha müasir olsalar da, bura mənim daha çox xoşuma gəlir. Çünki buradakılar daha tərbiyəlidirlər. Mən özümü azərbaycanlıların içərisində daha yaxşı hiss edirəm və hər zaman istəmişəm ki, buraya gəlim, burada oxuyum. Çünki onların arasında özümü qəribə hiss edirdim. Şəmkirdəki məktəbdə rus bölməsində təhsil alıram. Bizim bölmə Azərbaycan bölməsindən fərqlənir, daha çox inkişafa meyllidir, irəlidədir. Bunu təkcə mən yox, məktəbimizdə hər kəs deyir.

- Hüsniyyə, məktəbi bitirdikdən sonra kim olmaq istəyirsən?

- İstəklərim hər zaman dəyişib. Amma aktrisa olmaq istəyim heç zaman dəyişməyib. Mənə dedilər ki, aktyorluq sənəti Azərbaycanda o qədər də inkişaf etməyib, buna görə də başqa sənət seçməliyəm. İndi İREX-in layihəsindən sonra, orada bizə kamera ilə çəkiliş etməyi öyrədən Vüqar müəllimin sayəsində jurnalist, reportyor olmağa həvəsim artıb. Hələ ki, jurnalist olmaq istəyindəyəm.

- Jurnalist olmaq istəyirsənsə, demək, ətrafında baş verənlərə tənqidi yanaşmaq bacarığın var. Təhsil naziri olsaydın, ilk görmək istədiyin iş nə olardı?

- Öncə kənd məktəblərindən başlayardım. Bildiyimiz kimi, kəndlərdə məktəblər yaxşı vəziyyətdə deyil, uşaqlar kompyuterdən, texnologiyadan uzaq düşüblər. Buna görə də ilk növbədə rayon, kənd məktəblərində kompyuter, informasiya otaqları yaradar, uşaqları ekskursiyalara aparmağa göstəriş verərdim. Moskvada biz tez-tez ekskursiyalara gedərdik və bu zaman daha çox şeylər öyrənmək imkanımız olurdu. Bakıda və digər şəhərlərdə isə uşaqların dərslərdən yayınmaması üçün nələrsə təşkil etməyi göstəriş verərdim. Məsələn, rəsm, şahmat kursları yaratmaq, məktəblərarası, hətta siniflərarası yarışlar təşkil etmək olar. Mən Rusiyada yaşayanda futbol yarışlarına gedirdim. Bu yarışlarda ikinci, dördüncü yerlərə çıxmışam, mükafatlarım, medallarım var. Amma Şəmkirdə boş vaxtımı keçirmək üçün elə bir məşğuliyyət tapa bilmirəm.

- Orta məktəbi qurtarandan sonra xaricdə təhsil almaq istəyərsən?

- On ildən çox başqa ölkədə yaşamışam. Bu, mənim üçün çox sıxıcı idi. Buna görə də təhsil alamq üçün xaricdə yaşamaq istəməzdim.

- 40 yaşında özünü harada təsəvvür edirsən?

- Hansısa qəzetdə, yaxud televiziyada məşhur jurnalist kimi.

- Hüsniyyə, deyəsən, Bakıya ilk dəfədir gəlirsən?

- Bəli. Düşünürdüm ki, Bakını universitetə oxumağa gələndə görəcəm. Amma qismət bu günə imiş. Bakı çox gözəldir, televiziyada gördüyümdən də, xəyallarımda canlandırdığımdan da. Bakı məni çox təəccübləndirdi, nağıllar şəhərinə bənzəyir, ömürlük burada qalmaq istəyərdim.

Lalə Musaqızı