• çərşənbə, 17 Aprel, 01:49
  • Baku Bakı 14°C

Selfie müalicəsi olmayan xəstəlikmiş... - Araşdırma

17.06.14 08:23 2082
Selfie müalicəsi olmayan xəstəlikmiş... - Araşdırma
Son zamanlar “selfie” – “özçəkim” kimi tanıdığımız fotolar istər sosial mediada, istərsə də gündəlük həyatda dəb halını alıb. Xüsusilə facebook, twitter, instagram kimi sosial şəbəkələrdə paylaşılan bu fotolar hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olub. Qısa müddət ərzində dünyada sürətlə yayılan bu çəkiliş qaydası tezliklə sıravi adamlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli tərəfindən də çəkilib sosial şəbəkələrdə yayılıb. Ən çox danışılan “selfie”lərdən biri isə ABŞ prezidenti Barak Obamanın Afrika lideri Nelson Mandelanın anım mərasimində Danimarka və İngiltərə baş nazirləri ilə birgə çəkdiyi şəkil olub.
“Selfie” vaxta qənaətdir”
Sosial şəbəkələrdə tez-tez özçəkimlərini paylaşan həmsöhbətimiz Nigar deyir ki, selfie çəkməkdə əsas məqsədi dostları ilə ünsiyyət qurmaqdır. Onun sözlərinə görə, dostları selfielər vasitəsilə Nigarın harda və nə işlə məşğul olduğunu görürlər: “Özçəkim etməklə gündəlik rejimimi dostlarımla paylaşıram. Gündəlik iş rejimim gərgin olduğu üçün dostlarıma zaman ayıra bilmirəm. Bu səbəbdən selfie edib günlük durumumu paylaşmağı sevirəm. Selfie bizə zövq verdiyi kimi, həm də vaxta qənaətdir”.
“Selfie”nin tarixi
“Selfie” rəqəmsal kamera və ya kameralı mobil telefonla çəkilən avto-portret fotoşəkili növüdür. Bu fotoşəkillər, ümumiyyətlə, gündəlik anlardan və bir kamera ilə yuxarıdan qol boyu məsafəsində ya da güzgü qarşısında çəkilir. 1839-cu ildə amerikalı fotoqraf Robert Kornelius ilk dəfə olaraq fotoqraflar üçün “daggeroytip” adlanan texnika yaratdı. “Daggeroytip” sözünün dəqiq nə demək olduğunu öyrənmək mümkün olmasa da, bunun köhnə fotoqraf texnikası olduğu öyrənildi. Robert Kornelusun yaratdığı bu texnikanın sayəsində ilk dəfə işıqlı şəkil çəkmək mümkün olub. 1900-cü ildə isə Kodak Brouniyə məxsus kamera qutusu isə geniş yayılmış texnikaya çevrilir. Bu üsulu həyata keçirmək üçün adətən güzgüdən istifadə edilirdi. Çünki güzgü vasitəsilə yaxın və uzaq obyektləri stabilizə etmək mümkün olurdu. Rusiyalı Grand Düşes Anastasia Nikolaevna ilk yeniyetmələrdən biri idi ki, 1914-cü ildə güzgüdən istifadə edərək öz şəkilini çəkib məktubla dostuna göndərir. O, məktubda, “mən güzgüdən görünən öz şəklimi çəkdim. Bu şəkli çəkmək mənim üçün çox çətin idi, hətta əllərim titrəyirdi”, - yazmışdı.
“Selfie” sözünün isə ən çox istifadə olunması, 2002-ci ilə təsadüf edir. 2002-ci ilin sentyabrında Avstraliyanın ABC Online adlı internet forumu yaradıldı. Bunun vasitəsilə 1990-cı illərdə çəkilmiş şəkillər də daxil olmaqla, təkcə kamera ilə kifayətlənməyən smartfonlardan çəkilmiş şəkillərin öz-özünə internetə yüklənilməsi mümkün oldu.
Selfie sözü termin kimi 2005-ci ildə fotoqraf Cim Krause tərəfindən müzakirə olunub. Selfie janrında olan şəkillərin tarixi lap əvvəllərə gedib çıxsa da, termin kimi 2005-ci ildə daha geniş müzakirəyə gətirib çıxardı. Bu, özünü daha çox 2000-ci illərin əvvəllərində facebook, MySpace adlı sosial şəbəkələrdə göstərdi. 2009-cu ildə isə şəkil və video paylaşmaq üçün yeni sosial şəbəkə - Flickr yaradıldı. 2010-cu ildən selfie şəkilləri daha geniş yayıldığı üçün yeni selfie saytlar yaradıldı. 2012-ci ilin sonlarda selfie şəkillər gənclər arasında daha çox məşhurlaşdı. 2013-cü ildə araşdırmaya görə, 18-35 yaş arası olan avstraliyalı qadınların üçdə ikisinin əsas məqsədi selfie şəkillər çəkmək olub.
İlin sözü - Selfie
Tezliklə dünyanın diqqətini özünə cəlb edən “selfie” sözü İngiltərənin məşhur universiteti Oxford tərəfindən 2013-cü ilin sözü olaraq dəyərləndirildi və ingilis lüğətinə əlavə edildi. Bu hadisədən sonra ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama və itləri “Bo”nun şəkillərini, ABŞ-ın xarici işlər naziri Hillari Klinton qızı Çelsi ilə şəkillərini paylaşaraq selfie sözünü işlədib.
Müalicəsi olmayan xəstəlikmiş...
Bu dəbin bütün dünyada geniş yayılması psixoloqları da bu barədə düşünməyə vadar edib. Son zamanlar ən çox müzakirə edilən mövzu isə amerikalı psixoloqların selfie şəkillərini paylaşan insanlarla bağlı açıqlaması olub. Belə ki, alimlərin araşdırmasına görə, “selfie” çəkdirmək və bu şəkilləri sosial şəbəkədə paylaşmaq ruhi pozğunluğun əlamətidir. Alimlər Çikaqoda keçirilən illik idarə heyətinin konfransında bu psixi pozğunluğu “selfitis” olaraq adlandırıb. Psixoloqlar şəkilini çəkib sosial şəbəkədə paylaşmağın şəxsin özünə inamsızlığını aradan qaldırmağın bir yolu olaraq göstərib. Araşdırmanı aparan alimlər selfie nəticəsində yaranan ruhi pozğunluğun 3 səviyyəsi olduğu bildirib:
1. “Borderline selfitis”: (Bu xəstəliyin sərhədində olmaq) - Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi, amma sosial şəbəkədə paylaşmamasıdır.
2. “Acute selfitis”: (Bu xəstəliyin irəliləməsi) - Şəxsin öz şəkilini gündə ən az üç dəfə çəkməsi və hər birini gündə 3 dəfə sosial şəbəkədə paylaşmasıdır.
3. “Chronic selfitis”: (Bu xəstəliyin xroniki hal alması) - Şəxsin öz şəkilini nəzarət edilə bilməyəcək dərəcədə gecə-gündüz ard-arda çəkməsi və gündə altı dəfədən çox sosial şəbəkədə paylaşması.
Psixoloqların bu xəstəliyin hələ müalicəsi olmadığını, lakin idrak davranış terapiyası ilə müvəqqəti müalicə edilə biləcəyini vurğulayıb.
“Yaşlı nəsil bizi qısqanır”
Gündə ən azı 3 şəkil çəkdirib qeydiyyatdan keçdiyi bütün sosial şəbəkələrdə paylaşan Fidan “selfie”nin zərərli tərəflərinin olmasını qəbul etmir. Onun sözlərinə görə, bu fikirlər ancaq yaşlı nəslin nümayəndələrinin fikirləri ola bilər: “Şəxsən selfie çəkmək mənə zövq verir. Əhvalım olmayan vaxtlarda əylənməyimə səbəb olur. Bu səbəbdən özçəkimin zərərli bir vərdiş olduğu fikirləri ilə razılaşmıram. Məncə, gənc nəsil mənim kimi düşünür. Xüsusilə, bizim ölkədə yaşlı nəsil selifeler çəkdirmədiyi üçün buna normal baxmırlar və gəncləri qısqanırlar”.
Ən çox “selfie” edən şəhərlər
Qeyd edək ki, mütəxəssislər tərəfindən selfie yarlığı ilə paylaşılan fotolara görə şəhərlərin reytinqini hazırlanıb. TİME jurnalı İnstagramda selfie yarlığı ilə paylaşılan 400 min fotonu araşdırıb. Araşdırma nəticəsində 459 şəhərin adı olan siyahı meydana çıxıb. Siyahıya birinci yerdə Flippinin maliyyə mərkəzi kimi tanınan Makati şəhəri başçılıq edib. New York (ABŞ), Miami, Florida (ABŞ), Anaheim və Santa Ana, Kaliforniya (ABŞ), Petaling Jaya (Malaziya), Tel Aviv (İsrail), Mançester (İngiltərə), Milan (İtaliya), Kebu City (Filippin), George Toun (Malaziya) şəhərləri də onluğa daxil olub.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər