AZE | RUS | ENG |


Selcanın səhnəsi... - Fotolar

Selcanın səhnəsi... - Fotolar
“İnsan sevdiyi işlə məşğul olanda, heç nə ona çətin görünmür”

Aprelin 5-də Azərbaycan Dövlət Kukla Teatrında (ADKT) Dünya Autizm Məlumatlandırma Günü münasibətilə tədbir keçirilmişdi. Həmin gün tədbirin iştirakçılarından biri də biz idik. Dövlət Kukla Teatrı və Müasir Psixologiya Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşan tədbir "Əlimdən tut” adlı sözsüz tamaşanın nümayişi ilə başladı. Tamaşada ADKT-nin nəzdində "Oyuq” teatr studiyasının balaca aktyorları və autizm sindromlu uşaqlar da iştirak edirdilər. Müəyyən inkişaf məşğələləri keçən bu autizm sindromlu uşaqlar ilk dəfə səhnəyə çıxaraq öz yaşantılarını hərəkətlərin dili ilə tamaşaçılara çatdırmağa çalışırdılar. 
 
İdeyası ssenarist-rejissor Səidə Haqverdiyevaya məxsus səhnə işinin quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev idi. Bu tamaşa zalda əyləşən hər bir izləyicinin qəlbini sızlatdı. Qeyd edim ki, sözügedən tədbirin təşkilində məqsəd autizm sindromlu uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara daha da yaxınlaşdırılması idi. 
 
 

Bu yazı isə sözügedən tədbirdə diqqətimizi çəkən, tamaşanın əsas obrazlarından birini canlandıran Selcan Müseyibova haqqındadır. O, bu tamaşada autizm  xəstəliyinə düçar olmuş uşaq rolunu canlandırırdı. Heydər Əliyev adına liseyin 3-cü sinif şagirdi, 9 yaşlı Selcan Müseyibova səhnədə sözün əsil mənasında öz yaşına görə peşəkar bir performans sərgilədi. Onun yaratdığı obraz bizi özünə valeh etdi. Əslində Selcanın səhnə performansını görəndə düşündüm ki, bu balaca qızcığaz gələcəyin peşəkar aktrisası olacaq. Bəlkə də artıq olubdur. Biz də balaca aktrisamızı redaksiyamıza dəvət edib, onunla söhbət etdik. Onunla danışanda bu obrazın Selcanın peşəkar səhnədə ilk obrazının olmadığından da xəbərdar idik. Belə ki, müsahibimin 9 yaşı olmasına baxmayaraq, bu günə qədər teatrın səhnəsində və kiçik səhnədə bir-birindən maraqlı obrazlar yaradıb. 
 
Balaca Selcan "Oyuq” teatr studiyasının tərkibində hazırlanan tamaşalarda Maşa, Qala, Şahzadə Ella, Göyçək Fatimə kimi obrazların müəllifidir. Onu da qeyd edim ki, Selcan 5 yaşından beynəlxalq səhnələrdə ifaçı kimi çıxışlar edib. Özünü bir də aktrisalıq sahəsində sınamaq istəyib və bu onda gözəl alınıb. Bu işdə anası Aynurə xanım da qızına böyük dəstək olub. Aynurə xanım övladının sənətə olan sevgisini görüb, bir çox valideynlər kimi övladının arzularının üzərindən xətt çəkməyib. Əksinə, qızı Selcanın arzularının ardınca addım-addım gedib və bu gün də getməkdə davam edir. 
 
 

Biz də Selcanımızla səmimi söhbət etdik. Yaşının az olmasına baxmayaraq, suallarımızı təmkinlə və dolğun cavablandırdı. 

- İlk olaraq, səni bu obrazına görə təbrik edirəm. İstərdik tamaşa barədə təəssüratlarını bizimlə bölüşəsən. 
- Təşəkkür edirəm. Çox sağ olun. Ancaq bu tək mənim uğurum deyil. Bu tamaşada əziyyəti keçən insanlar var ki, mən buradan onlara təşəkkürümü bildirmək istəyirəm. Uşaq "Oyuq” teatr studiyasının rəhbəri Səidə xanıma təşəkkürümü bildirirəm ki, bizə belə bir tamaşa hazırlamaq və autizm xəstəliyinə düçar olan uşaqlarla görüşmək üçün şərait yaratdı. "Əlimdən tut” tamaşasını 3 günə hazırladıq. Bu 3 gündə əlimdən gələni etməyə çalışdım.   
 
- Xəstə uşağı canlandırmaq çətin deyildimi? 
- Teatrı o qədər çox sevirəm ki, istənilən obrazı sevə-sevə oynayaram. Yetər ki, səhnədə olum. Mən səhnəni çox sevirəm. Buna görə də bütün obrazların öhdəsindən gəlməyə hazıram. 
 
 
 
- Sən uşaq vaxtından beynəlxalq festivallarda ölkəmizi təmsil edirsən. Xatırlayırsanmı, o festivalları? 
- Əlbəttə. İştirak etdiyim beynəlxalq festivallar mənim həyatıma xüsusi bir rəng qatıb və qatmaqda da davam edir. İndiyə qədər bir sıra festivallarda iştirak etmişəm. İlk dəfə 5 yaşımda Bolqarıstanda keçirilən "Golden Sparkles” festivalında iştirak etdim və orada iki nominasiyada qalib oldum. Daha sonra Azərbaycanı ilk dəfə Makedoniyanın Struqa şəhərində keçirilən "Lake Pearls” (Ezerskie Biseri) musiqi festivalında təmsil  etdim. Bu festivalda  "Ən yaxşı səs” nominasiyasında birinciliyə layiq görüldüm. "Oyuq” teatr studiyasına gəldikdən sonra isə demək olar ki, mənim üçün bambaşqa bir pəncərə açıldı.
 
- Maraqlıdır, bu necə bir pəncərədir?
- Burada istedadlı uşaqlarla birlikdə olduq. Maraqlı tamaşalar hazırladıq.  Hazırladığımız tamaşalarla beynəlxalq festivallarda iştirak etdik. Bu işdə uşaq "Oyuq” teatr studiyasının rəhbəri, ssenarist Səidə Haqverdiyevanın bizə çox böyük dəstəyi oldu. Onun sayəsində beynəlxalq festivallarda iştirak edirik. Biz burda bir ailə olduq. Uşaqlarla birlikdə əylənirik. Tədbirlərdə iştirak edirik. Tamaşalar hazırlayırıq. Səhnədə davranış qaydalarını öyrənirik. Bu işdə bizə Cəmilə xanım böyük kömək edir. O bizə səhnədə özümüzü necə idarə etməliyik kimi məsləhətlər verir. Bu studiyada toplaşan dostlarımın hamısı istedadlı uşaqlardır. Onlar incəsənətin müxtəlif sahələri üzrə öz biliklərini artırırlar. Misal üçün, studiyada bir qızımız gözəl rəqs edir, biri skripkada yaxşı ifa edir, biri gözəl şeir deyir. 
 
 
 
- Bəs qrupda ən çox kimi istəyirsən?
- Bütün dostlarım mənə əzizdir. Onları bir-birindən ayırmıram. Ancaq birinin adını çəksəm, o biri dostlarım məndən inciyər. Onların hamısı mənə əzizdir. 
 
- "Oyuq” teatr studiyasında hazırlanan tamaşalarla səni beynəlxalq festivallarda tez-tez görürdük. Hətta bir dəfə ölkəmizə 3 mükafatla geri dönmşüdünüz. 
- Bəli. Bu studiyanın yaradıcı heyəti ilə indiyə kimi Makedoniya, Bolqarıstan, Türkiyə, Rusiya, İran və bir çox başqa ölkələrdə olmuşuq. Əksəriyyətində də qalibiyyət əldə etmişik. Sonuncu dəfə dostum Aylin Nəcəfli ilə Sankt-Peterburqda uşaq və yeniyetmələrin "Caz karuseli” adlı musiqi və caz festivalına qatılmışdıq. Səidə müəlliməm həmişə deyirdi ki,  Rusiyanın çox güclü teatr ənənəsi və teatr məktəbi var. Bu festivalda mükafat qazanmaq heç də asan məsələ deyil. Ancaq biz o festivaldan 3 mükafatla geri döndük.
 
 
 
- Selcan, 5 yaşından mahnı oxuyursan, indi necə?
- İndi də hərdən oxuyuram. Ötən il oktyabrın 19-da teatr studiyamızdakı uşaqlarla bərabər hərbi-vətənpərvərlik mövzusunda "Ordumuzun igidləri” adlı mahnı oxuduq. Hətta bu mahnıya klip də çəkildi. Mahnının sözləri Cəmilə Allahverdiyevaya, musiqisi Gövhər Həsənzadəyə aid idi. Çox gözəl mahnı idi. 
 
- Bu arada, sənin filmlərdəki və seriallardakı obrazların da diqqətimizdən yayınmır. Filmdə çəkilməyi çoxmu sevirsən?
- Həm də necə... Mənim üçün filmin ayrı, teatrın isə ayrı yeri var. 
 
 
 
- Ən çox hansını sevirsən?
- Teatrı daha çox sevirəm. Çünki teatr mənim üçün bir ailə deməkdir. 
 
- İndiyə qədər hansı filmlərə çəkilmisən?
- İndiyə qədər bir neçə filmdə rol almışam. Onlardan "Bir ovuc sonsuzluq”, "Ər quyusu”nu misal gətirə bilərəm. Daha sonra "28 İyun” serialında da rol almışam. 
 
- "Ər quyusu” filmində əsas obrazların birini canlandırırdın. Çəkiliş prosesləri maraqlı idimi?
- "Ər quyusu” filmini çox sevirəm. Çünki biz bu filmi çəkmək üçün müəlliməmlə müxtəlif bölgələrə getdik. Biz orda heç bir çətinlik çəkmədik. Gündəlik həyatda dostlarımla necə oynayıb, vaxt keçirirdiksə, filmdə də elə. Bir də onu qeyd eləmək istəyirdim ki, bu filmdə sevdiyim insanlarla bir yerdə idik. O insanlar mənə doğma idi. Ona görə mənə onlarla işləmək çox xoş oldu.
 
 
 
- Elə filmin qala gecəsində də çox gözəl görünürdün.
- Çox sağ olun, təşəkkür edirəm. İlk dəfə idi bir qala gecəsinə iştirakçı kimi gedirdim. Qala gecəsini çox sevdim. Yenə də olmasını istəyirəm. Biz Bakıda qala gecəsindən sonra Mingəçevirə və Gəncəyə getdik. Orda da bizi çox gözəl qarşıladılar. 
 
- Bəs, dərslərini necə oxuyursan?
- Dərslərimi əla qiymətlərlə oxuyuram. "Oyuq” teatr studiyasında qalmaq və burada tamaşalarda iştirak etmək üçün ilk növbədə dərslərimizdən əla qiymətlər almalıyıq. Kim dərslərini yaxşı oxumasa, Səidə müəllimə onu studiyadan çıxarır. Deyir ki, get, dərslərini oxu. Əla qiymətlər alana qədər o uşaqları qrupa buraxmır.   
 
- Selcan, gələcəkdə kim olmaq istəyirsən? Aktrisalıq sənətini davam etdirmək  istəyirsən, yoxsa bu sənətə hobbi olaraq davam etmək niyyətindəsən?
- Aktrisalıq sənətini çox sevirəm. Bu sənəti heç vaxt atmayacağam. Aktrisalıq hər zaman mənim ikinci sənətim olacaq. Dərslərimi yaxşı oxuyuram. Amma kim olacağımı hələ ki dəqiqləşdirməmişəm.
 
 
 
- Səhnədə olarkən nə düşünürsən?
- Hər dəfə səhnəyə çıxanda həyəcan keçirirəm. Ancaq səhnədə olmaq gözəl hissdir. Öz yaşıdlarımla ünsiyyətdə olmaq, onlara oynadığın tamaşalarla nəyisə ötürə bilmək isə bambaşqa...
 
- Səhnədə asanlıqla ağlaya və gülə bilirsən. Çətin deyil ki?
- Heç də. Mən bu işi sevirəm. İnsan sevdiyi işlə məşğul olanda, heç nə ona çətin görünmür. 
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6866
GBP 1 İngilis funt sterlinqi 2.2982
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6436
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0421
CHF 1 İsveçrə frankı 1.7693
USD 1 ABŞ dolları 1.7007