“Şeirlə xanımların könlünü fəth etməyə çalışmamışam” - Fenomen

“Şeirlə xanımların könlünü fəth etməyə çalışmamışam” - Fenomen

Gənclik qəzeti
04 Oktyabr 2019, 14:45 13916
Səsləndirdiyi şeirləri ilə böyük sevgi qazanıb. Xüsusən də xanımların daha çox diqqətini özünə cəlb edə bilib. Bəlkə də ondandır ki, müraciət etdiyi şeirlərdə qəlbi yaralı, sevgisiz, xoş sözlərə möhtac olan xanımların eşitmək istədiklərini onlara çatdırır. Daha çox tanınmış şairlərin şeirlərinə müraciət edərək, onları özünəməxsus şəkildə ifa edir. "Necəsən, zalım?”, "Bir qadın var hardasa”, "Gəl sevgili olmayaq”, "Ay balaca xanımım” – deyərək könülləri fəth edib. Sosial şəbəkələrdə qısa zaman ərzində sürətlə yayılan bu şeirlər Xəzər Süyemanlını daha da məşhurlaşdırıb.

Beləliklə, "Fenomen” rubrikamızın qonağı səsi simasından daha çox məşhur olan Xəzər Süleymanlıdır.
 
- Şeir dinləmək, yoxsa şeir söyləmək daha zövqlüdür?
- Əlbəttə ki, söyləmək. Əgər zövq almasaydım, şeir səsləndirməzdim.
 
- Əvvəllər oğlanlar qızların könlünü fəth etmək üçün onlara şeirlər ithaf edir, qəlbinə toxunan şeirlər səsləndirirdilər. Sizdəmi o üsuldan istifadə etmisiniz?
- Açığı, bu heç vaxt ağlıma gəlməyib. Bəzən deyirlər ki, sizinlə birlikdə olacaq xanım dünyanın ən xoşbəxt qadınlarından sayılmalıdır. Siz ona hər gün şeirlər səsləndirəcəksiniz. Ancaq bu günə qədər hansısa xanıma şeir həsr etdiyimi xatırlamıram. Olub ki, müəyyən hisslərimi ifadə etmək istəmişəm, ancaq alınmayıb. Şeirlə xanımların könlünü fəth etməyə çalışmamışam. Qiraətçi kimi deyil, insan kimi sevəcəyim xanımın ürəyini fəth etmək istəyərəm.
 
- Sizin bu sahəyə gəlməyiniz elə bir dövrə təsadüf etdi ki, şeir dinləyəndən çox, şeir yazan vardı. Bu sahədə bir az boşluq yarandı və yeni səsə, yeni nəfəsə ehtiyac duyuldu.
- Fikrinizlə razıyam. Ancaq mən şeir səsləndirməyə başlayanda, həmin o boşluq həm var, həm də yox idi. Şeiri şeir kimi təqdim edənlər demək olar ki, az idi. Şeiri eyni tərzdə, tamada stilində ifa edirdilər. Toylarda sanki anaya, ataya ithaf olunan şeirlər kimi səsləndirirdilər. Belə ifalarla şeirsevərləri cəlb etmək mümkün deyil. Onda bəxtim gətirdi ki, bir balaca fərqli ifa tərzi ortaya qoydum.
 
 

 
- Səsləndirdiyiniz şeirlərdən ibarət albom hazırlamağı düşünürsünüzmü?
- Artıq albom öz qüvvəsini itirib. Bəlkə də 20 il bundan əvvəl olsaydı, ola bilərdi. İndiki dövrdə sosial şəbəkələrin yaratdığı imkanlar albomun aktuallığını sıradan çıxarıb. Bəlkə də gələcəkdə ən yaxşı səsləndirdiyim şeirlərdən ibarət yığma albom etdirə bilərəm, ya da hekayələr və romanlardan ibarət bir albom hazırlaya bilərəm. Bu, gələcəyin işidir.
 
- Niyə xarici dildə şeirlər səsləndirmirsiniz?
- İngilis, rus dilini bilmirəm, türk dilində isə cəhd etməyə çalışacam. Gözlənilməz olsa da, Türkiyədən, hətta Cənubi Azərbaycandan mənə yazan dinləyicilər var. Onlar da məndən türkcə şeirlər səsləndirməyimi istəyirlər. Açığı, bu barədə düşünürəm.
 
- Sizcə, nə üçün səsləndirdiyiniz şeirlər daha çox qadınların qəlbinə xitab edir?
- Əgər şerlərimin izləyici statistikasına nəzər yetirsəniz, qadınlarla bərabər kişi izləyicilərin də kifayət qədər olduğunun şahidi olarsınız. Ancaq qadınlar daha çox aktivdir. Hesab edirəm ki, qadınların hissləri daha çox təmiz və pak qalıb. Ona görə səsləndirdiyim şeirlər onların ruhuna daha tez təsir edir. Şeirlərimi dinləyərkən ən çox qadınlar kədərlənir.  
 
- Düşünürsünüz ki, kişilər duyğusal olmur?
- Mən elə hesab etmirəm. Kişilər o şeirlərdə incitdikləri qadınlara nə yaşatdıqlarını hiss edirlər və bunu büruzə vermək istəmirlər. Bəlkə də ona görə səsləndirdiyim şeirlərlə bağlı aktivlik göstərmək istəmirlər.

 
- Qismət Rüstəmovun yazdığı "Bir qadın var hardasa” şeirində "xoşbəxtlikdən sinifdə qalan”, "mətbəxə zəncirlənmiş”, "qara günlərin qırmızı diplomlusu”, "qadın bədbəxtəm deməz, çaşıb çox mətbəxtəm deyər” kimi ifadələr xanımların müsbət reaksiyasına səbəb oldu.  Sanki hər bir qadın burda özündən bir parça gördü.
 
- Elədir. Bu şeirdə səslənən fikirlər təkcə Azərbaycan qadınını deyil, ümumilikdə Şərq qadınını xarakterizə edib. Bəlkə də ona görədir ki, xanım dinləyicilərin 90 faizi orada özünü görüb. Hər bir ifadədə öz taleyindən bir parçanı eşitmiş oldu və bu sözlər onlara doğma gəldi. Sizin də dediyiniz kimi, hər bir xanım bu misralarda özündən bir parça gördü. 

 
 
- Sanki səsləndirdiyiniz hər şeirdə bir parça Xəzər Süleymanlı var.
- Səsləndirdiyim şeirlərdə hisslərim olmasa, heç kəs onların səmimiyyətinə inanmaz. Çalışıram ki, səsləndirdiyim şeirləri əvvəlcə özüm mənimsəyim, daha sonra təqdim edim. Bəzən olur ki, ən doğma insanlar belə məndən hər hansı bir şeiri səsləndirməyimi istəyirlər. Şeiri oxuyanda görürəm ki, onu olduğu kimi çatdıra bilməyəcəm. O şeiri özümünkü edə bilmirəmsə, səsləndirməməyə çalışıram. Həmin şeirin öz zamanının gəlməsini gözləyirəm. Şeiri səsləndirmək üçün gərək özümü ona hazır hiss edim.
 
- Qiraətçilər ruh adamı olurlar və hər an təbi gəlib şeir deyən tipajları olmur. Qarşılaşdığınız hər bir ortamda sizdən şeir səsləndirməyinizi tələb edirlərmi? Yoxsa siz bəxtəvər qiraətçilərdənsinizmi?
- Belə hallarla çox rastlaşmışam. El şənliklərində, məclislərdə məndən şeir səsləndirməyimi xahiş ediblər. Ən doğma məclislərdə belə, şeir səsləndirməkdən imtina etmişəm. Hər şeyin öz yeri var. Elə ortam var ki, orada şeir səsləndirməkdən zövq alırsan. Tutaq ki, orada daha çox şairlər, yazıçılar, şeirdən anlayan insanlar var. Ancaq elə yerlər olur ki, orda yalnız 3-5 nəfər şeirdən anlayır, digər insanlar isə şənliyə oynamaq və əylənmək üçün gəlir. Elə məclislərdə şeir səsləndirə bilmərəm. Çalışıram ki, o insanların qəlbini qırmadan imtina edim.
 
- Yenədəmi "İnstaqram”da sizə "qiraətçi” deyil, "qarətçi” yazırlar?
- (gülür) Bununla bağlı status yazdıqdan sonra qeyri-ciddi olaraq "siz doğrudan qarətçisiniz, bizim hisslərimizi, ürəyimizi oğurlayırsınız” – deyə şərhlər yazırlar.
 
- Sosial şəbəkələrdə, xüsusilə "Youtube”da artıq bir fenomenə çevrilmisiniz. Fenomen olmaq necə bir hissdir?
- Şeiri sevən kütləni nəzərə alsaq, gözəl bir hissdir. "Youtube” bütün sənət adamları üçün əlverişli bir şərait yaradır. Hazırda isə mənim "Youtube” kanalım oğurlanıb, parolu sındırılıb və bu günə qədər yüklədiyim videolar silinib.
 
- Bunu kim edə bilər? Ağlınıza kim gəlir?
- Ağlıma heç kim gəlmir. Niyə elə bir addım atsınlar ki? Heç bir problem yoxdur, yenisini açıb həmin izləyiciləri təzədən toplayacam. Əvvəlki səhifədə 20 mindən çox abunəçi var idi. Düşünürəm ki, bir il ərzində 20 mindən daha çox izləyici toplaya biləcəm.
 
- Bu günə qədər ən çox hansı şeiriniz izlənib?
- "Necəsən, zalım?” şeiri 200 min dəfədən çox izlənilib.
 
- "Youtube”da bu şeirin iki versiyası var idi. Həm sizin görüntülü şəkildə videonuz, həm də simanızın görünmədiyi bir video.
- Əslində "Tik tok” çıxana qədər hər şey yolunda idi. "Tik tok” istifadəçiləri müəyyən səslərin üzərində videolar çəkib manevrlər edirdilər. Hər gün mənə 10-a yaxın video göndərib, oradakı şəxslərin mən olub-olmadığımı soruşurdular. Artıq bu məni narahat etməyə başlamışdı. Məcbur oldum ki, səsləndirdiyim hər üç şeirin birində simamdan istifadə edim.  
 

 
- Səsləndirdiyiniz şeirlərdə simanızın görünməməyi bir az müəmmalı idi. Sizin haqqınızda "səsi simasından məşhur qiraətçi” də deyirdilər.
- Əslində səsləndirdiyim şeirlərdə simamın görünməməsi ilə bağlı çox iradlar eşitmişəm. Hətta peşəkar rejissorlar tərəfindən təmənnasız olaraq səsləndirdiyim şeirlərin video rolikini çəkmək təklifi də almışam. Açığını deyim ki, bu işdə bir az tənbələm. Bəlkə də məşhurlaşmaq istəmirəm. Çünki o xarakterə sahib insan deyiləm. Açığı, heç gözləmirdim ki, mənim səsləndirdiyim şeirlər bu qədər maraq doğurar.
 
- Səsləndirdiyiniz şeirlərin Mp3 variantı varmı?
- Mən bu şeirləri ev şəraitində səsləndirirəm. Onun üçün Mp3 variantında hazırlamaq imkanım yoxdur. Peşəkar studiyada isə o effekti ala bilməyəcəm. Misal üçün, 10 şeirlə studiyaya getsəm və orda ard-arda şeirləri səsləndirsəm, bu mənim istədiyim nəticəni verməyəcək. O hissi bu şeirlərdən ala bilməyəcəm. Eyni tonda, eyni tərzdə, eyni ab-havada o şeirlər heç kimə maraqlı olmayacaq. Ancaq evdə səsləndirdiyim şeirləri, maksimum çalışıram ki, fərqli intonasiyada, fərqli tonda ifa edim. Çünki monotonluq və eynilik olanda insanlar yorulur.
 
- Hər dəfə şeir səsləndirəndə, sanki bir nəfərə xitab edirsiniz. Şeiri səsləndirərkən gözlərinizin önündə kimi canlandırırsınız?
- Həqiqətən də elədir. Mən şeiri səsləndirəndə tək oluram, elə düşünürəm ki, yanımda kimsə var. Əgər siz onu hiss etmisinizsə, demək ki, mən bunu yaxşı çatdıra, o hissləri ötürə bilmişəm.
 
- Hər dəfə qəhrəmanlarınız eyni simalarmı olur?
- Mövzu fərqli olduğuna görə yəqin ki, yox. Əgər həyatımda birinin olub-olmadığına nişan edirsinizsə, həyatımda elə bir insan yoxdur. Hər dəfə fərqli ampluada şeirlər səsləndirdiyimə görə, qəhrəmanlarım şıltaq, ərköyün, ya da  əzilmiş, hüquqları tapdalanmış, həyatdan küsmüş obrazlar olur.
 
- Şeir dinləyicisindən şeir söyləyənə çevrilmək necə hissdir?
- Möhtəşəm. Bəlkə də dinləyicilər məndən daha artıq iş görürlər. Şeirin oxunmağa, dinlənməyə ehtiyacı var. Sevinirəm ki, onları işsiz qoymuram.
 
- Kompleksləriniz varmı?
- Təbii ki, komplekslərimə görə yuxarıda qeyd etdiyim çəkilişlərdən imtina etmişəm.
 
- Elə hesab edirsiniz ki, çəkilişlərdə həyatda olduğunuz kimi düşməzsiniz?
- Elə düşüncələrə qapılmıram.  
 
- Düşünürsünüz ki, kamera qarşısına keçən aparıcılar, aktyorların hamısı yaraşıqlıdır?
- Televiziya başqa, film tamam başqa bir sektordur. Ekrana çıxan insan xarici görünüşü ilə diqqəti cəlb etməlidir. Filmdə isə əsas obrazı yaratmaqdır. Orada qəhrəmanın yaraşıqlı olub-olmaması artıq ikinci və üçüncü planda yer alır. 
 
- Özünüzü yaraşıqlı hesab etmirsinz?
- Bu barədə heç düşünməmişəm də. Özümü yaraşıqlı hesab etmirəm.

 
 
- Sərbəst şeir rahat "həzm olunur” deyə, bu üslubdan daha çox istifadə edirsiniz?
- Elə deməzdim. Sadəcə olaraq, sərbəst şeir daha xoşagəlimli səslənir. Sanki biri ilə söhbət edirsən və ona hisslərini ifadə edirsən. İnsanlar da sərbəst şeiri dinlədikdə, rahatlıq tapırlar. Əruz vəzni elədir ki, ritmi var deyə, tez-tez səs oynatmalar, haldan-hala düşmələr olur.
 
- Sizcə, səsləndirdiyiniz şeirlərin bu qədər çox izlənməsi onların müəllifləri, yoxsa sizin səsinizlə bağlıdır?
- Çox maraqlı sualdır. Şeir səsləndirərkən çox seçim edirəm. Bir şeirin üzərində aylarla, hətta illərlə tərəddüd etdiyim anlar da olub. Mənə görə həm şeir, həm də səsləndirmə gözəl olmalıdır. Hər şairin öz oxucusu var, ola bilər ki, həmin dinləyicilər sevdikləri şairin şeirini mənim səsimdə dinləyirlər. Bir də mənim öz dinləyicilərim var ki, onlar mənim  ifamda aşıq şeiri eşitsələr də, qəbul edərlər.  Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənim də öz dinləyicilərim var. Səsləndirdiyim şeirlərin çox dinlənməsində həm şairin, həm də səsin gücü var.
 
- Son olaraq, buna iş, yoxsa hobbi kimi yanaşırsınız?
- Açığı, əvvəllər hobbi kimi yanaşırdım. İnsanların bu qədər marağına səbəb olduğunu gördükdə isə, düşünürəm ki, artıq zamandır, bu mənim işimə çevrilməlidir.
 
Xəyalə Rəis