• cümə axşamı, 18 aprel, 10:43
  • Baku Bakı 12°C

Şeirimizin Azərbaycan nidası

18.12.19 12:40 1223
Şeirimizin Azərbaycan nidası
Ədəbiyyatın və əbədiyyətin sakini şair Tofiq Bayram hələ sağlığında onu yaşadacaq şeirlərinin gücünü gözəl duyurdu. Elə bu səbəbdən də Tofiq Bayram poeziyasının coğrafiyası böyük Azərbaycanın özü idi. Xalq şairi Məmməd Araza məxsus fikirdir: "Tofiq Bayram Vətən şairidir.” Bu iki unudulmaz şairin yaradıcılığında qəribə bir bağlılıq və əqidə birliyi var. Məsələn, Tofiq Bayramın misralarıdır:

Mən Vətənə Füzuli,
Abbas Səhhət deyirəm.
Mən Vətənə Sabiri
Doğan qeyrət deyirəm.


İşıq sütunları kimi sabaha ucalan bu misraların şerimizdəki sonrakı davamını isə Məmməd Araz elə möhtəşəm yazıb ki, əsil Vətən himnidir:

Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşında alov dilli ox ola bilər!
Azərbaycan deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.


Əgər Tofiq Bayram Vətənə Füzuli deyirsə, Məmməd Arazın bu çağırışının da öz təbii möhürü var. Tofiq Bayrama görə Azərbaycan nidası qayaları silkələr, sal daşların köksündə çiçək, gül bitirər. Məmməd Araz da etiraf edirdi ki:

Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.


Tofiq Bayram Xəzərin, Məmməd Araz da Arazın sahilindən böyük Azərbaycana boylandılar. Onları birləşdirən fəxrin, xiffətin, Vətən sevgisinin və istedadın sayəsində poetik nəfəsləri Xəzərin sularına, Arazın şırıltısına qarışaraq Cıdır düzündə, Şahdağda... duyuldu. Bi silqətli şairlərimiz təkcə ədəbiyyatımızda deyil, millətin yaddaşında, xalqın taleyində silsilə dağlara döndülər. Bəlkə də Tofiq Bayram əvvəldən bunu duyduğundan yazırdı:

Şerin düşmənidir ölümlər, qanlar,
Şair həyat deyir, səadət deyir,
Şeirlə yazılsın bütün qanunlar,
Ana südü kimi təmizdir şeir.


Bax elə bu saflığına, məziyyətinə görə də şairin Vətənlə bağlı şeirlərinin ahəngində duyulan məram olduqca müqəddəs və düşündürücüdür:

Ağrın bizim olub, dadın özgənin,
Axdın ciblərinə yadın, özgənin.
Özün Odlar Yurdu, odun özgənin,
Çıraqları hisli Azərbaycanım.


Sovet dövründə Azərbaycanla bağlı bu mətləbdə şeir yazmaq şairin cəsarət və əqidəsindən xəbər verirdi. Tofiq Bayram həm də qələminə və poetik çağırışına çox arxayın idi. Bu niyyətlə də məhz şeirlərini köməyə səsləyirdi:

Məlhəmim sizsiniz, ey şeirlərim,
Siz mənə ən doğma, ən əzizsiniz.
Sənət dünyasında boş qalmaz yerim
Özümdən sonrakı həyat sizsiniz.


Professor Camal Mustafayev onun barəsində yazırdı: "Tofiq Bayramı oxucuya sevdirən hansı cəhətiydi? Şair özü şeirin gözəlliyinə müqəddəs məbəd kimi tapınırdı. Poeziya onun üçün vicdan hissini oyadan, duruldan ülviyyətiydi. Təmiz duyğular, nəcib istəklər, canlı bədii fikir qaynağıydı. Eyni zamanda yalana, yaltaqlığa, rəzilliyə qarşı mübarizə vasitəsiydi”. Bəli, şeir onun həyatı və ürəyinin söz adlı tribunası idi. Bu möhtəşəm dayağa söykənərək nələr demirdi, Tofiq Bayram.
Məni əbəs yerə gəl tutma dilə,
İnamın oduyla yanan bir şamam.
Gərək elə yanam külümdən belə
Nəsillər tanısın Tofiq Bayramam.


Mən bir məsələyə də təəssüf edirəm ki, Tofiq Bayarmın yaradıcılığı kifayət dərəcədə araşdırılmayıb. Onun poeziyasına hansı yöndən baxsan silsilə dağlar görərsən. Ömrü boyu "Azərbaycan oğluyam” deyib, qadağalara, diktələrə boyun əyməyib. Şeirləri ürəyinin aynasına çevrilib. Bütöv Azərbaycan ən böyük arzusu, diləyi və şeirlərinin sarı simi olub. Hələ sovet dövründə türk müğənnisi Sevda Aydana həsr etdiyi şerindəki misralara fikir verək:
Canı mənim canımdandır,
Qanı qanımdan,
Lisanın ayırmıram
öz lisanımdan.


Bacısı Svetlana xanım mənə danışmışdı ki, bu şeirə görə hətta təzyiqlərə məruz qalıb. Ona cəza verilməsi məsələsi də qaldırılıb. Şairi bu təqiblərdən xilas edən məhz ulu öndər Heydər Əliyev olub. Yadımdadır ki, dövlət müstəqilliyimizin bərpasının ilk illəri idi. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Xalq artisti Sara Qədimovanın yubileyi keçirilirdi. Gecənin aparıcısı mən idim. Məktəbli Bəhruz Niftəliyev (indi Mədəniyyət kanalının direktor müavini- F.X.) Tofiq Bayramın "Ana dilim” şeirini söylədi:
Qalxıb Şahdağına söz istəyirəm,
Çatsın hay-harayım dinləyənlərə,
Mən nankor deyirəm, nacins deyirəm
Öz ana dilini bilməyənlərə!


Şeir tamamlanandan sonra səhnəyə çıxan bəzi çıxışçılar söylədilər ki, balamız bizə dərs verdi. Allah rəhmət eləsin Tofiq Bayrama, biz çıxışımızı öz dilimizdə edəcəyik. Niyə xatırladım bu hadisəni? Tofiq Bayramın sözüdür ki, Vətən məhəbbəti "Vətəni sev” deməklə baş tutmaz, ilk növbədə ailədə dili bilməklə, öyrənməklə, aşiqi olmaqla bu məqsədə yetmək mümkündür. Qeyd edim ki, Tofiq Bayram bu şeri o zaman qələmə almışdı ki, Bakımızda başqa dil hökmran idi. Həmin şerinin son bəndi belədir:

Bu gün azad dilli Azərbaycanam,
O taylı, bu taylı vahid bir canam,
Baxır ögey kimi ağbirçək anam
Öz ana dilini bilməyənlərə.


Tofiq Bayram 85 il öncə Bakının Əmircan kəndində anadan olub, cəmi 57 il ömür sürüb. 1991-ci ilin aprelində dünyasını dəyişib. Təbii ki, böyük şairimizin ermənilərin torpaq iddialarından xəbəri oldu, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın deportasiyasının, 20 yanvar faciəsinin ağrılarını yaşadı. Yenə də üsyankar şeirləri ilə bizi mübarizəyə səslədi və namərd qonşularımızı xəbərdar etdi: "Lazım gəlsə gözümün qarasını verərəm, Qarabağı vermərəm!” Zahirən sərt təsir bağışlayan Tofiq Bayram həssas və kövrək şəxsiyyət idi. Yurdumuzun və millətimizin başına gələnlər onu çox üzürdü. Bəzən də ötənlərə poetik səyahət edərək xalqımıza çatdırmaq istəyirdi ki, bizdən uzun illər gizlədilsə də, əslində düşmənimiz də bəllidir, dostumuz da.

Qədim Bakı az görməyib
Qatar-qatar orduları.
Bu torpağı çox taladı
Yad ellərin orduları.


Bu məqamda şairin unudulmaz fırça ustadımız Səttar Bəhlulzadəyə 1959-cu ildə yazdığı şeirdən bu misraları xatırladım:

Gah uçur xəyalın Cıdır düzünə
Görürəm Vaqifin baxışlarını.
Bir az qağayının düşüb izinə,
Gəzirəm füsunkar Neft daşlarını.


Bax böyük Azərbaycan məhəbbəti, onun ayrı-ayrı məkanlarını birləşdirmək məharəti budur!
Əlbəttə, Tofiq Bayramın Vətən sevgisinin bir ünvanı da ana ilə bağlıdır. Onun bu mövzuda bir-birində gözəl, mənalı, düşündürücü şeirləri çoxdur. Amma "Əsgər anası” adlı şerinin son bəndi düşünürəm ki, elə bizim hər birimizin arzusudur:

Ana ürəyində gəzir xoş dilək:
Hərb deyib, döşünə döyən olmasın.
Sonuncu əsgər də gəlsin balantək,
Əsgər anasıyam deyən olmasın.


Ümumiyyətlə, Tofiq Bayramın ən böyük arzusu bütün bəşəriyyətdə sülhün əbədi olması idi. Böyük inam və qətiyyətlə deyirdi ki, öz əzəməti, qüdrəti ilə seçilən və daimi ucalan Vətənin hələ qarşısında fəth edəcəyi neçə zirvəsi də var. Dünya tarixinin Azərbaycan səhifəsi dost ürəklərə bir işıq, bəd gözlərə ox tək batır. "Yer üzündə Azərbaycan təntənəsi var” – inamına söykənən Tofiq Bayram üçün Vətən səadətin, fərəhin, bəxtiyarlığın özüdür. İnsan da o zaman xoşbəxtdir ki, Vətənə layiq övlad ola bilir. Bu məziyyətə sahib olmaq üçün gərəkdir ki, Vətən naminə fədakarlığı, cəfakeşliyi bacarasan. "Vətən daşı candan əziz olmalıdır” deyirdi, Tofiq Bayram. Yenə də yazımın əvvəlində olduğu kimi Məmməd Arazı xatırladım: "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”. Bu paralelləri təsadüfi aparmadım. Bütün böyük şairlərin ilham və güc mənbəyi ilk növbədə doğulduğu torpaq və onun doğma insanlarıdır. Xəzərin sahilindən başlayıb Şuşa qalasına, Cıdır düzünə, Şahdağa... ünvanladığı şeirlərdə Tofiq Bayramın sanki Vətən haqqında yazdığı dastanın səhifələrini vərəqlədim və misralarının ahənginə qoşulub o yerlərə necə getmək istərdim! Bütün xalqlara dünya boyda məhəbbəti olan Tofiq Bayram hələ illər öncə demişdi ki, Sədi Şirazinini yaxşı oxuyun görün o, qonşularımız haqqında nə deyib: "Erməni yer üzünün əhrimənidir, yəni düşmənidir. Bax bunu unutmayın”. Bəlkə də unutduğumuz üçün Məmməd Araz demişkən "Bu millətin dərdi-səri min şaxəli” oldu.
Tofiq Bayram həmişə Azərbaycanın xoş gələcəyinə inanıb:

Azərbaycan torpağı-
Günəş nurlu bir ölkə,
Bircə damla olsa da
Dünya xəritəsində
Şöhrəti dünya gəzən
Əzəmətli diyardır!..



Bu əzəmətli diyarı Məmməd Araz da belə təqdim edirdi:

Azərbaycan-qayalarda bitən bir çiçək,
Azərbaycan-çiçəklərin içində qaya.


Maraqlıdır ki, Tofiq Bayram çiçəkləri şeir qədər, şeiri də çiçək kimi sevərmiş. Biri torpaqda, digəri də ürəkdə göyərir və Vətən adlı gülüstanın rayihəsinə qoşularaq dünyaya yayılır. Onları bir-birindən ayırmaq olmaz. Elə bu səbəbdən də "Azərbaycan gözəlliklər məkanıdır.” "Hər daşından alov dilli ox ola bilər”-deyirdilər. Bir-birlərinə də hörmət, ehtiram və məhəbbətlə yanaşırdılar. Tofiq Bayrama görə həmkarı ən vətənpərvər şair, Məmməd Arazın fikirincə də qələm dostu elə Vətənin özü demək idi. Çünki Tofiq Bayramın şeirlərı Xəzərin sahilındə doğularaq məmləkətimizə yayılırdı. Bizə görə isə hər iki şairimiz ədəbiyyatımızın silsilə dağlarının sırasında əzəmətlə dayananan qoşa zirvədir.
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər