Şeir dayanacağı…

Şeir dayanacağı…

06 Oktyabr 2019, 09:30 153
…Vaqif Səmədoğlu 1969-cu ildə "Rekviyem” poemasını yazıb. Poemanın ideyası budur ki, biz öz iradəmizdən asılı olmayaraq bu cahana gəlirik, kimin uşağı, hansı vətənin övladı kimi doğulmaq, hansı dənizin sahilində bu dünyaya göz açmaq bizim ixtiyarımızda deyil. Bəs ölüb yenidən diriləndə, yaxud başqa bir varlıq kimi bu dünyaya qayıdanda, görəsən, bizə yaranışımızla bağlı seçim imkanı veriləcəkmi? Biz daş, küçə, kol, türbə, araba təkəri, qaya ətrafında dolanan kölgə, yaxud bir may səhəri kimimi dünyaya gələcəyik? Məsələn, şair düşünür ki, Dilcan dağlarının dolama yolları olmaq pis olmazdı, sonra isə fikirləşir ki, o yollardan qırx üçüncü ildə ağır hərb maşınları dağa gedən köçü basıb və oxşar hadisə onun gələcək həyatında da ola bilər... 
 
Serpuxovda dayanmayıb
Moskvaya çatan qatarın
Səsi olmaq pis olmazdı...
Damından payız yağışı axan
Yük vaqonlarında qatillərlə
Canilərlə bir yerə
Atılmış şairlər olmasaydı...
 
Şair birdən xəyal eləyir ki, yeni həyatında pələng olmaq olar, sonra yadına düşər ki, köhnə at əti yeyib Tokio heyvanxanasında saxlamaq təhlükəsi də var.  Poema boyunca insan nəyəsə ümid edir və dərhal da bel bağladığı məsələylə əlaqədar təlaşa düşür. Vaqif Səmədoğlu bu durumu "qorxuyla ümidin müttəfiqliyi” adlandırır. Həyatı "qorxuyla ümidin mühasirəsi”ndə təsvir edir. Bütün bu ümid və ümidsizlik sadalamaları sonda azadlıq düşüncəsi ilə yekunlaşır. Sonra min bir tərəddüdlə də olsa dilə gətir ki, "azadlıq olmaq pis olmazdı, sonradan azadlığı boğmaq gərək olmasaydı”. Və poema belə sonlanır: "Düşdün ümidlə qorxunun mühasirəsinə. Çıxdın. Allah rəhmət eləsin”. Deməli, ölüm, bizi qorxuyla ümidin əsarətindən qurtarır. Amma kimsəyə elə gəlməsin ki, o, başqa bir varlıq kimi dünyaya, bəşəriyyətə daha artıq xidmət edə bilər. İnsan öz ilahi missiyası ilə ucadır. Vaqif Səmədoğlu, əslində, bütün tərəddüdlərindən sonra insanın Tanrı tərəfindən müəyyənləşdirilən missiyasına inanır. Nizami Gəncəvi Allahın insana və təbiətə tapşırdığı missiya haqda belə yazır:
 
Kimə səxa verib bəxşiş paylasın,
Kimi xəsis edib daim pay alsın.
Nə pay alan bilir bu işləkləri,
Nə pay verən bilir bu hikmətləri.
Nə atəş bilir ki, yandırıcıdı,
Nə də su bilir ki, dirilik saçır.

 
Nizami Gəncəvi ilə Vaqif Səmədoğlu məhz bu müstəvidə (insan üçün əsas olan ilahi missiyanı yerinə yetirməkdir) birləşirlər, sadəcə Nizami həmin məqama inamla, imanla, Vaqif Səmədoğlu isə ruhi təbəddülatlarla, şübhələrlə gəlib çıxır. "Dayanacaq” isə eynidir...
 
 
İnam sığınacağı
 
V.Səmədoğlunun "Robin Qud” poemasını xatırlayaq: Poemanın qəhrəmanı dəli olub, ancaq heç kəs onun niyə dəli olduğunu dəqiq bilmir. Günlərin bir günü kəndə "Robin Qud” filmi "gəlir”. Filmin sonunda qəhrəman öz sevgilisinə qovuşur. Bu filmi dəli Topal da seyr edir və ondan sonra onu film göstərilən yerdən çıxarda bilmirlər. Çünki o, müharibədən sonra xoşbəxtliyinə qovuşmuş insanı məhz orada tapır. Amma bunu heç kəs anlamaq istəmir, onu zorla oradan çıxarırlar və dəlixanaya aparırlar.  Əsər belə tamamlanır:
 
Bilirdi ki,
Bu qaranlıq
Dünya boyda olsa da
Sadiq dostlar
Yetirəcəklər özlərini Robin Quda.

 
Poemada əsas olan inam məsələsidir. Yəni insan inandığı həqiqətin ardıyca gedir, ona dönə-dönə qayıdır. Çünki inam ruh ilə bağlı məsələdir, inanmaq ruhun saflığından irəli gəlir. Rafiq Tağının "Əsli və Kərəm” adlı hekayəsi var, əsərdə baş qəhrəmanların uşağı olmur. Onlar həyatlarındakı rəngsizliyi doldurmaq üçün daim komediyaya baxmağa gedirlər. Günlərin bir günü onların "teatr səfəri” faciəyə təsadüf edir. Faciədə isə baş qəhrəman uşaqdır. Daha o hadisədən sonra onların hər ikisi çalışırlar ki, faciəyə baxmağa getsinlər. Çünki faciədəki uşaq onların ümidsizliyinin bitəcəyi günə olan inamlarıdır və onlar hər dəfə faciəyə baxmağa getməklə həm də öz inamlarının ardınca gedirlər. Necə ki "Robin Qud” filmində qəhrəmanın sevgilisinə qovuşduğunu görən dəlinin qəlbinə inam hissi hakim kəsilir. Bu məqam da Vaqif Səmədoğlu ilə Rafiq Tağının gözlədiyi "dayanacaqdır...”
 
Fərid Hüseyn