• cümə, 19 Aprel, 03:59
  • Baku Bakı 18°C

Səidə Haqverdiyeva: “Uşaqlara daha çox vətənpərvərlik ruhu aşılamağa çalışırıq”

01.02.15 06:32 3013
Səidə Haqverdiyeva: “Uşaqlara daha çox vətənpərvərlik ruhu aşılamağa çalışırıq”
Bu günlərdə daha bir kitabı ilə oxucuların görüşünə gələn istedadlı gənc yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səidə Haqverdiyevanın uşaqlar üçün qələmə aldığı “Toplan” pyesi Təbrizin tanınan “Mika” kukla-sənət qrupu teatrında səhnəyə qoyuldu. Premyeradan dönən Səidə Haqverdiyeva təəssüratlarını bizimlə bölüşdü.
Müsahibimizlə həm də Kukla Teatrının yeni layihələri ilə bağlı söhbət etdik.
- Bu, mənim Təbrizə beşinci səfərim idi. Orada teatr cəmiyyətindən bir neçə dostlarımız var, onlarla uzun müddətdir ki, dostluq edirik. Bildiyiniz ki, Təbrizdə “Mika” kukla-sənət qrupu fəaliyyət göstərir. Onlar mütəmadi olaraq Azərbaycan nağıllarına müraciət edirlər. Məqsədləri isə Azərbaycan dilini qoruyub saxlamaqdır. Yayda Təbrizə növbəti səfərim oldu. O zaman həmin yaradıcılıq mərkəzinin rəhbəri Əli Bernoun ilə görüşdüm və görüş əsnasında uşaq ikən itlə bağlı bir nağıl yazdığımı bildirdim. O məndən nağılın yazılı formasını istədi. “Toplan” adlı nağılın elektron versiyasını onlara göndərdim. Nağıl onlara çox maraqlı gəlmişdi. Ssenarini oxuyub, bəyəndiklərini və həmin nağılı səhnələşdirmək istədiklərini bildirdilər. Ağlıma belə gəlməzdi ki, onlar bu nağılı səhnələşdirərlər. Üzərindən iki ay keçdikdən sonra tamaşanın artıq hazır olduğunu mənə xəbər verdilər və onun videosunu göndərdilər. İzlədikdə gördüm ki, mənim qəhrəmanım olan Toplan arxa plana keçib, onun yerini cücələr alıb. Əslində belə olacağını bilirdim. Təbrizdə şəriət qanunlarına görə itə lənətlənmiş heyvan kimi baxırlar. Onlar nəyisə tamaşaçılara təqdim etməzdən əvvəl senzuradan keçirtməlidirlər. Toplanı ikinci dərəcəli qəhrəman kimi versələr də, onun sadiqliyi, qəhrəmanlığı tamaşada ön plana çəkilib.
- “Mika” kukla-sənət qrupu teatrı ilə yenidən işbirliyi gözlənilirmi?
- Onlar bizim dostlarımızdır. Xoşlarına gələn hər hansı bir pyesi görsələr, yəqin ki, səhnələşdirərlər. Əlbəttə istəyərdim ki, onlarla bu işbirliyimiz davam etsin. Əslində bu mənim də xoşuma gəlir. Pyesimin orada səhnələşdirilməsi mənim üçün gözlənilməz sürpriz olmuşdu. Bu kimi hallar təkrarlansa, əlbəttə yenə sevinərəm.
- Təbriz izləyiciləri tamaşanı necə qəbul etdi?
- Çox gözəl. Tamaşa Azərbaycan dilində nümayiş olunurdu. Onlar Azərbaycan türkcəsinə həsrətlə yanaşırlar. Yanvarın 21-dən fevralın 9-a qədər bu tamaşa tək Təbrizdə deyil, başqa şəhərlərdə də oynanılacaq. Tamaşanın rejissoru söyləyir ki, nümayişə dəhşətli dərəcədə axın var.
- Həmin tamaşanın burada göstərilməsi nəzərdə tutulubmu?
- Martda, Novruz bayramı ərəfəsində onlar Kukla Teatrına gələcək, və tamaşa buradakı izləyicilər üçün də nümayiş olunacaq.
- İstərdik bir qədər Kukla Teatrının da fəaliyyətindən bəhs edəsiniz. Teatrın tərkibində yaranan studiya öz fəaliyyətini davam etdirirmi?
- Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” studiyası çox dinamik şəkildə fəaliyyət göstərir. 3 il bundan öncə teatrımızın direktoru təklif etdi ki, azyaşlı uşaqları teatra cəlb edək. Kaspi təhsil Mərkəzində müsabiqə elan etdik. 600 nəfər uşağın içindən 40 nəfər seçdik. Bu uşaqlar Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində “Hər birimiz bir çiçək” adlı konsert proqramı ilə səhnəyə çıxdılar. Ondan sonra uşaqların istedadını izlədik və bəyəndik. Uşaqları studiyada saxladıq. Hazırda müxtəlif yaş qrupuna məxsus 15 nəfər uşağımız var. Həftədə iki dəfə – həftə sonları onlarla məşğul oluruq və eyni zamanda, onlar bizim tamaşalarda da rol alırlar. Studiyanın tamaşaları əsasən imkansız, kimsəsiz azyaşlılar üçün nəzərdə tutulur.
- Eşitdik ki, talassemiyadan əziyyət çəkən uşaqlar üçün də həmin studiyada yeni bir layihə həyata keçirəcəksiniz.
- Qan donorları Assosiasiyası, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Talassemiyasız həyat naminə” adlı kompaniya keçirməyi düşünürük. Məqsəd sağlam insanların qana ehtiyacı olan uşaqlara qan verməsidir. Valideynlər talassemiya sözü eşitdikdə uşaqlarını həmin insanlardan kənarlaşdırmağa çalışırlar. Düşünürlər ki, bu xəstəlik yoluxucudur. İstəyirik ki, insanlar talassemiya xəstələrinə belə baxmasınlar. Unutmayın ki, bir damla qan hansısa uşağı həyata qaytara bilər. O uşaqların da əyləncəyə ehtiyacı var. Həmin konsertə müğənnilərimizi də dəvət edəcəyik. Biz studiyamızı saxlamaq, onların fəaliyyətini genişləndirmək üçün daima çalışırıq. Bizim studiyamız hər ay yeni-yeni tamaşalar hazırlayır, xeyriyyə aksiyası çərçivəsində nümayiş etdirirlər. Uşaqlara daha çox vətənpərvərlik ruhu aşılamağa çalışırıq. Tamaşalarımızın əksəriyyəti vətənpərvərlik və mili dəyərləri qorumaq üçün nəzərdə tutulub.
- Səidə xanım, bir yazar kimi yəqin sizi də uşaq dramaturgiyamızın bu günkü vəziyyəti narahat edir. Kukla Teatrı bu çətinliklərə necə sinə gəlir?
- Bu yaxınlarda Yazıçılar Birliyi ilə birlikdə bir müsabiqə elan olunacaq. Gənc yazarlar orada iştirak edəcəklər. Müasir uşaq dramaturgiyamız həddindən artıq məhduddur. Uşaq nağılları çox az yazılır, yazanlar da teatra müraciət etmirlər. Uşaq yazarlarımız çox azdır. Müasir dövrün uşaqlarını da təəccübləndirmək çox çətindir. Biz çalışırıq ki, klassik nümunələrə yeni baxış göstərək. Bu, bizim son tamaşalarda özünü büruzə verir. Uşaqlar üçün əsər yazmaq nə qədər asandırsa, bir o qədər də çətindir. Əvvəllər hesab edirdim ki, nağıl yazmaq çox asandır. Ancaq teatra gəldikdən sonra gördüm ki, heç də belə deyil. Uşaqlar tamaşaya baxanda 15 dəqiqəyə reaksiya verirlər. Uşağı teatrda məcbur oturda bilmərik. Ancaq 45 dəqiqə uşaq gözünü qırpmadan səhnəyə baxırsa, bu, artıq yazıçının da, rejissorun da uğurudur. Uşaqların zövqü hər şeydən daha gözəldir.
- Bəzən teatr direktorları bildirir ki, teatra gələn valideynlər tamaşanı uşaqların deyil, öz zövqləri ilə ölçür və bəyənmirlər.
- Elədir, bəzən tamaşalar uşaqların çox xoşuna gəlir. Ancaq tamaşa valideynin xoşuna gəlmir və uşağı götürüb salonu tərk edir. Uşaq ağlayaraq etiraz etsə də, valideyn onu bəyənmədiyini bildirir. Müasir elementləri olan tamaşalara etiraz edirlər. Bütün bunlara baxmayaraq sevindirici haldır ki, bizim teatra son illər uşaqların gəlişi daha da çoxalıb.
- Bəlkə bu biletlərin qiyməti ilə bağlıdır. Çünki iki manat bir attraksionun qiymətidir. 5 dəqiqəlik əyləncədənsə valideynlər 45 dəqiqəlik tamaşaya üstünlük verirlər.
- Bu qiymətdən asılı olan bir şey deyil. Bir ailədə 3 və ya 4 uşaq varsa, onların hamısını teatra gətirirlərsə, bu kifayət qədər pul edir. Amma onlar övladlarını hər həftə teatra gətirirlər. Valideyn var deyir ki, aldığım məvacibin bir hissəsini kənara qoyuram ki, bu mənim övladımın bir aylıq teatr puludur. Nəticədə isə uşağım yüksək intellekt və mədəniyyət sahibi olur. Bizim yaradıcı heyətimiz çox mehribandır. Həm yaradıcı qrup, həm də texniki heyət bir-birimizi çox gözəl başa düşürük. Sizin vasitənizlə buradan bütün mətbuat işçilərinə minnətdarlığımı bildirirəm. Onlar qismən mənim həmkarlarım sayılır. Teatrda baş verən hadisələri mütəmadi və qərəzsiz şəkildə işıqlandırırlar. Teatr rəhbərliyinin adından da mətbuat nümayəndələrinə minnətdarlığımızı bildiririk. Ən vacibi isə onlar qərəzli deyillər. Yazı yazarkən öz mənafelərini güdmürlər.
- Bir yazıçı kimi sizi teatrda saxlayan nə oldu?
- Teatr doğrudan da sehirli bir aləmdir. İnsanı ovsunlayır. Teatra gələndə hesab edirdim ki, müəyyən bir müddətdən sonra buranı tərk edəcəm. Artıq 4 ildir ki, teatrdayam. Bura çox maraqlıdır. Burada başqa bir həyat var. Bizim yaşadığımız həyatdan tamamilə fərqlənir. Mütəmadi olaraq müxtəlif teatrlara gedərək tamaşaları izləyirəm. Yazıçı hər şeyi izləməlidir. Tamaşanı izləyəndə hiss edirsən ki, ruhən aktyorların içindəsən. Burda gözümün qarşısında o qədər hadisələr baş verir ki… Əslində, 45 dəqiqənin içərisində çox şeylər görürəm...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər