• çərşənbə, 17 Aprel, 02:27
  • Baku Bakı 14°C

Səhv etmək şansımız yoxdur – Sadə peşə adamı

30.07.14 08:22 6917
Səhv etmək şansımız yoxdur – Sadə peşə adamı
“Bizim sənətdə səhv etmək şansımız yoxdur. Çünki, bədən kağız deyil ki, onu yazdınsa, pozmaq asan olsun. Döymə etdirmək istəyənlər yüz ölçüb, bir biçməlidirlər”.
Bu fikrin müəllifi 10 ildir, professional şəkildə döymə (tatu –A.Ə.) ilə məşğul olan həmsöhbətimiz Telman Eyzamoğludur.
Telman Azərbaycan Beynəlxalq Universitetinin rəssamlıq fakültəsini bitirib. O, tatu sənətinə gəlməzdən əvvəl rəsm sənətinin incəliklərinə yiyələnib. Hazırda rəsm əsərləri yaratmaqda davam edir. Hətta o, öz sərgisi ilə bədii incəsənət həvəskarlarını bir araya toplayaraq rəsm sənətinin gözəlliklərini nümayiş etdirəcək. Həmsöhbətimiz deyir ki, bu istedad ona ailədən gəlir: “Atam rəssam olduğundan mən də bu sənətə meyl edirdim. Universiteti bitirdikdən sonra müxtəlif janrlarda rəsmlər çəkməyə başladım. Yaratdığım əsərlərin üslubu tatu janrına daha yaxın olduğu üçün, 10 ildir, rəsmlə yanaşı, döymə ilə də məşğulam”.
Döymə necə vurulur?

Müsahibimizin sözlərinə görə, onların ailəsində tatu sənəti ilə heç kim məşğul olmayıb. O, bu sənətə sırf öz marağına arxalanaraq yiyələnib: “Tələbə olduğum illərdə tatu sənəti mənə xüsusi zövq verirdi. Hər zaman internetdə müxtəlif saytlardan, dərgilərdən, kitablardan aldığım məlumatlardan bu sənətin incəliklərini, dərinliklərini və sirrlərini öyrənməyə can atırdım. Daha sonra çəkdiyim rəsmləri süni dəri üzərində döyməyə başladım və sənətin incəliklərini Türkiyədə öyrəndikdən sonra icra etməyə başladım”
Bədənə döymə vurulma qaydası haqqında informasiya verən müsahibimizin sözlərinə görə, tatu vurmazdan əvvəl müştərini psixoloji olaraq tam hazırlamaq və onun bu addımı atmaq istəyinə əmin olmaq lazımdır: “Dəriyə döymə prosesində əsas məqam gigiyenik qaydalara riayət etməkdir. Bunun üçün birdəfəlik əlcək və iynələrdən istifadə edilməsi, onların steril olması, döymə aparatının bağlı qalması vacibdir. Bu səbəbdən tatu etmək arzusunda olanlar mütləq şəkildə peşəkarlara müraciət etməlidirlər. Tatu edərkən bədənin hər hansı bir hissəsinə iynə və ya xüsusi aparatla müdaxilə edilir. Bu zaman dəri altında yaranan boşluğa mürəkkəb, xına və ya müəyyən boya maddələri yeridilir”.
Təxəyyülü olan döyməçi

Sənətinin sirlərindən danışan döymə ustası deyir ki, tatuda rəssamlığı bacarmaq şərtdir. Lakin ölkəmizdə bir çox həvəskar döyməçilər müxtəlif şəkillərin surətini bədənə köçürməklə kifayətlənirlər: “Tatu sənətində rəssamlıq vacibdir. Hər rəssam tatu edə bilər, amma təxəyyülü güclü olan usta daha yaxşı döyməçidir. Məncə, tatu ustası ona müraciət edən insanın xarakterini, fikirlərini, həyat fəlsəfəsini, hisslərini duyaraq döyməni əlində yoğurub yaradır. Əsas odur ki, müştəri fikrində yaratdığı obrazı ,bədənində vizual olaraq görsün”.
Xarakterlərini bədənlərinə döydürənlər

Telman usta son zamanlar müştərilərin sadə şəkillərin əvəzinə öz psixologiyalarını, ruhlarını ifadə edən tatular döydürmək arzusunda olduqlarını deyir: “İnsanlar hansısa aktyorda, aktrisada gördüyü şəkillər əvəzinə öz xarakterlərini ifadə edən tatulara daha çox bağlı olur və bu onlar üçün doğmalaşır. Çünki bədənlərində daşıdıqları həmin şəkillər onların həyatlarını və xatirələrini əks etdirir və bu tatular onların ən yaxın dostuna çevrilir”.
“Kaprizli müştərilərə şəkil belə çəkmirəm”

Hər sənətdə olduğu kimi, tatu sənətində də kaprizli müştərilər var. Sənətinin çətinliklərindən danışan Telman usta deyir ki, belə müştərilərə nəinki tatu, heç qələmlə belə şəkil çəkmir: “Sənətin ən çətin tərəfi gigiyena qaydalarına riayət etməkdir. Bizim sənətdə səhv etmək şansımız yoxdur. Bu kağız deyil ki, onu yazdınsa, pozmaq şansın olsun. Bundan əlavə, tatu ustası həm də psixoloqluğu bacarmalıdır. İnsanın psixoloji durumunu müəyyən etməli, onu dinləməli və duymalıdır. Döyməyə gələn insanla ilk olaraq 10-15 dəqiqə söhbət edirəm. Onun psixoloji durumunu yoxlayıram. Əgər müştəri kaprizlidirsə, çox vaxt belə müştəriləri geri qaytarıram. Çünki bəzən müştəri özü nə istədiyini bilmir. Belə insana nəinki tatu, heç qələmlə də şəkil çəkmirəm”.
Əgər o azadlıq bizdə olsaydı...

Müsahibimiz söhbət əsnasında vurğuladı ki, peşəkarcasına edilməyən tatuda xəstəlik qorxusu var: “Ölkəmizdə bəzi insanlarda həm dini, həm də xəstəlik riski baxımından tatu etdirmək qorxusu var. Bu çox yaxşı haldır. Çünki belə olmasaydı, hər tərəf döymə edən insanlarla dolu olar, bununla da hər yanda “tatu ustaları” fəaliyyət göstərərdi. Bəzən düşünürəm ki, nə yaxşı ki, bizim ailələrdə “etmə” deyənlər var. O azadlıq bizdə olsaydı, pis xəstəliklər yaranardı. Çünki bizdə peşəkar usta çox azdır. Peşəkar olmadığına görə, pul qazanmaq xatirinə bu sənətə gələnlər müəyyən xəstəliklərin yaranmasına və yayılmasına səbəb ola bilərdi”.
“Əcnəbilər bizim simvolunu döydürür”

Usta ilə söhbətimiz zamanı məlum oldu ki, bəzi gənclər Atatürkün imzasını bədənlərinə döydürürlər: “Həm azərbaycanlılar, həm də türklər bu tip tatular döydürürlər. Mən istəyərdim ki, tatu etdirmək istəyənlər Azərbaycana məxsus simvollardan da istifadə etsinlər. Ölkəmizə məxsus hansısa önəmli insanların portretlərini, imzalarına məxsus yazıları döydürmək arzusunda olsalar, biz sevə-sevə bu işin öhdəsindən gələrik. Amma biz bu həvəsi öz vətəndaşlarımızda görmürük. Əksinə, xarici qonaqlar bizim ölkəyə məxsus simvolları döydürürlər”.
Döymə ağrılı prosesdir?
Tatu etdirmənin ağrılı proses olduğuna gəldikdə isə, döymə ustası bu fikirlərin doğru olmadığını söylədi: “Ümumiyyətlə, döymə ağrı yaşadan proses deyil. Professional və steril şəkildə edilən tatunun heç bir fəsadı olmur. Əsas odur ki, döymə etdirmək arzusunda olanlar sıradan deyil, məsləhətli ustaya müraciət etsinlər”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər