• cümə axşamı, 28 mart, 17:38
  • Baku Bakı 16°C

Səhra müdriklərinin hekayətləri

24.05.20 12:30 2275
Səhra müdriklərinin hekayətləri
İki yol və eşşək
Təzəcə evlənmiş cütlük böyük bir şəhəri gəzmək eşqinə düşürlər. Heç zaman kəndlərindən kənara çıxmadıqlarına görə valideynlərindən şəhərə gedən yolu soruşurlar. Böyüklər söyləyir ki:
– Şərq istiqamətində dümdüz gedin.
Kişi və qadın özləri ilə bir az yemək-içmək götürüb eşşəyə yükləyirlər. Bir neçə kilometr qət edəndən sonra gəlib çıxırlar yol ayrıcına. Orda bir kəndlidən şəhərə gedən yolu soruşurlar. Kəndli deyir:
– Hər iki yol sizi getmək istədiyiniz yerə aparır. Soldakı yol kəsədir, amma nahamardır, sağdakı yol uzundur, amma rahatdı. Seçim sizindir.
Kişi və qadın qərarsız qalıb başlayırlar mübahisəyə. Kişi deyir soldan, qadın höcətləşir ki, sağdan gedək.
Eşşəksə "lal-dinməz" baxır. Beləcə mübahisə böyüyür. Artıq günəş batmaqda imiş. Nəhayət, qərara gəlirlər ki, seçim imkanını eşşəyin ixtiyarına buraxsınlar. Yekun fikrləri bu olur ki, eşşəyə bir qırmanc vuraq, hansı istiqamətə üz qoysa, hər ikisi o səmtə gedəcəklər. Dedikləri kimi edirlər və bir də baxırlar ki, eşşək üz qoyub kəndə sarı - evlərinə səmt. Ər-arvad da düşürlər eşşəyin arxasınca.


Saxtakar şeyx

Bütün ömrü boyu əlini ağdan qaraya vurmayan, zəhmət nədir bilməyən bir varlı ona yarınanlara öyüd-nəsihət verərmiş. Amma ağzından çıxan sözlərə özü qətiyyən əməl etməz, müdrik fikirlərini də özünə sərf tərzdə atalar sözləri ilə əsaslandırarmış.
Çox özündənrazı olduğuna görə "elmini", fikirlərini kitablaşdırmaq eşqinə düşübmüş. Ona görə də dediklərini yazıya köçürmək üçün katibinə tapşırıbmış: "Ağzımdan nə söz çıxsa, qələmə al".
Katib də ağlı başında adam imiş, onun əməli ilə dediklərinin üst-üstə düşmədiyini dərindən anlayırmış. Ona görə də dəftərin sağ tərəfinə varlı adamın dediklərini, sol tərəfinə ilə elədiklərini yazırmış.
Varlı adam "yaxşı at, az yeyən, yiyəsinin malına qənaət edən atdır" deyəndə katib qarşısına "Səfər ayının bugünkü – səkkizinci günündə dörd adamın payını basıb yedi", "Yaxşı adam bağışlamağı bacarandır" söyləyəndə "Yeməyin duzu az olduğuna görə aşpazı eşşək sudan gələnəcən döydü", "Ruhunu şəhvani istəklərdən arındır" deyəndə "Arvadını gözü yaşlı qoyub gecəni iki qadınla eyşi-işrətdə keçirdi" yazarmış.
Bir gün təsadüfən dəftər varlı adamın əlinə düşür və qeyzlənərək katibinə əlli kötək ilişdirib evdən qovur. Gecə otağına qalxıb yatağına uzananda bu sözlər yazılmış kağız tapır: "Daldada, gizli-gizli dostluq elədiyin şeytanı camaatın içində alçaltma".
Həmin gecə varlı adamın yuxusu ərşə çəkilir...

Pol Andre
Tərcümə edən: Fərid Hüseyn
banner

Oxşar Xəbərlər