• çərşənbə axşamı, 19 mart, 06:18
  • Baku Bakı 8°C

“Səhnədə ağlamaq heç də sənət göstərmək demək deyil”

30.05.17 11:30 7457
“Səhnədə ağlamaq heç də sənət göstərmək demək deyil”
Teatr elə bir sənət növüdür ki, bu aləmə daxil olan oradan bir daha ayrılmaq istəmir. Tamaşaçı sevgisini, alqışların dadını bilən biri üçün teatr müqəddəs bir məkandır. Əbəs yerə deməyiblər ki, səhnənin tozunu udan bir daha ondan ayrılmaq istəmir. Sanki o tozların özünün ayrıca bir sehri var. Elə aktyor, aktrisalarımız var ki, onlara baxanda fikirləşirsən ki, bu insan həqiqətən də səhnə üçün doğulub. Gənc Tamaşaçılar Teatrının sevilən aktrisası Günel Məmmədova kimi. Səhnəyə çıxdığı gündən bir gün belə sakit oturmayan, daim üzərində çalışan aktrisa qəzetimizin suallarını cavablandırdı.

- Günel xanım, ötən həftə baş rola çəkildiyiniz "Günəşim ol” serialının çəkiliş prosesi başa çatdı. Eşitdiyimizə görə bu serialın çəkilişləri bitər bitməz sizə edilən təkliflər səngimir.
- (gülür) "Günəşim ol” serialının çəkilişləri hələ yeni bitib. Düzdür bir film, bir də serial təklifi almışam. Açığı film təklifi barəsində hələ də düşünürəm.

- Sizi bu qədər düşündürən nədir?
- Məni qane etməyən əsas məqam odur ki, nədənsə rejissorlarımız çox şablondan istifadə edirlər. Əgər bu gün
müsbət obraz canlandırıramsa rejissorlar ondan təsirlənib, mənə yenə bir müsbət obraz təklif edirlər. Yox əgər mənfi obraz canlandırıramsa, yenə mənə mənfi obraz təklif edirlər. İstəyərəm ki, mənə elə bir obraz həvalə etsinlər ki, həmin obraz bir aktrisa kimi tamaşaçıların tanımadığı bir istedadımı deyim, yoxsa cəhətimi deyim, açıb göstərsin. Tamaşaçı hər zaman məni ya müsbət, ya da mənfi rolların baş qəhrəmanı kimi görüb. Mən bundan əlavə digər obrazı da canlandıra bilərəm. Özümü bu yöndə görməyi çox istəyirəm. Komediyanı da, dramı da canlandırmağı bacarıram. Əfsuslar olsun ki, mənə təklif olunan obrazlar da əvvəl rollarımdandır. Onlar barəsində isə hələ ki, düşünürəm, dəqiqləşdirməmişəm. Artıq bir seriala razılıq vermişəm. İnşallah, yaşayarıq görərik.

- "Günəşim ol” serialı Lənkəranda çəkilirdi. Bu da imkan verirdi ki, Lənkəran Dövlət Dram Teatrının aktyorları tam olaraq bu serialda iştirak etsin. Bu da həmin regionun aktyorlarının simasının tanınmasında böyük bir rol oynadı.
- Lənkəran Teatrının yaradıcı heyətinin tanınan bir serialda əsas obrazlardan bir neçəsini canlandırması doğrudan da sevindirici haldır. Həmin aktyor və aktrisaların özləri üçün də bir tramplin oldu. Bu layihəni ilk dəfə olaraq Şahin Qəhrəman etdi. İstəyərdim ki, digər bölgələrimizdə də serial çəkilsin və həmin bölgələrin teatrlarının kollektivi çəkilən seriallarda rol alsın. Onların buna çox böyük ehtiyacı var. İnandırım sizi ki, bizim bölgələrimizdə o qədər istedadlı aktyor və aktrisalar var ki, onların da tanınmasına, paytaxt tamaşaçıları tərəfindənsevilməyinə çox ehtiyacı var. Mən özüm də bölgələrdə istedadlı kadrlarımızın həddən artıq olduğunu və hələ də yetişməkdə olduğunun şahidiyəm. Çox istəyərdim ki, bu layihənin ardı gəlsin.

- Bəs paytaxtda fəaliyyət göstərən, tanınmış bir aktrisa üçün bölgədə çəkilən serialda iştirak etmək çətin deyildimi?
- Çox çətin idi. Serialı məhz hansısa bölgələrimizin birində çəkmək, oranın problemlərini üzə çıxarmaq, özü də təqdirəlayiq haldır. Əslində, bu serialın çəkilişlərində çox çətinliklə üzləşdim. Sizinlə açıq danışacam, hər dəfə çəkilişlərə gedəndə özüm-özümə deyirdim ki, bütün günü Bakı-Lənkəran arasında yollarda qalmışam, belə də zülm olar? (gülür). Ancaq indi həmin komandamız üçün o qədər darıxıram ki… Hazırda hansısa bir bölgədə çəkilən seriallara dəvət etsələr, mən yenə də düşünmədən gedərəm. Etiraf edim ki, Lənkəran Teatrının kollektivi üçün çox darıxıram.

- Bir dəfə bizimlə söhbətinizdə Lənkəran teatrı tərəfindən mono tamaşa oynamaq təklifi aldığınızı da demişdiniz. O layihənin sonu necə oldu?
- Düzdür, belə bir təklifi almışdım. Ancaq bizim serialın rejissoru Şahin Qəhrəman buna icazə vermədi. O, Bakıdan gələn yaradıcı heyətin hər bir üzvü üzərində məsuliyyət daşıyırdı. Mənə bildirdi ki, layihə bitdikdən sonra istədiymi etməyə sərbəstəm. İşimiz o qədər gərgin olurdu ki, mən heç çəkiliş meydançasından kənara çıxabilmirdim. Ancaq orda başqa bir layihədə iştirak etdim. Belə ki, gənc rejissorun qısametrajlı sənədli filmində çəkildim. Sevinirəm ki, Lənkəran Teatrının kollektivini tanıdım. Bugünə qədər Naxçıvan, Gəncə teatr kollektivini tanıyırdım, ancaq Lənkəranın kollektivini tanımırdım.

- Günel xanım, sonuncu dəfə sizi "Yarmçıq qalmış” tamaşasının premyerasında gördük. Sözügedən tamaşa sözün əsil mənasında çox böyük səs-küy doğurdu.
- Bilirsiniz ki, bir aktrisa kimi Gənc Tamaşaçılar Teatrında bu günə qədər çox obrazlar canlandırmışam. Ancaq bu tamaşada canlandırdığım Ülviyyə obrazı kimi ürəyimə yatan başqa bir obrazım olmayıb. Həqiqətən də bu obrazımı çox sevirəm. Onu canlandırmaq o qədər çətindir ki, aktrisadan böyük psixoloji hazırlıq tələb edir. Bunun üçün ilk növbədə Vaqif müəllimə təşəkkürümü bildirirəm. O insan həm yaxşı pedaqoq, həm də peşəkar rejissordur. Hazırladığı tamaşalarla insanı bu aləmdən alıb, başqa bir aləmə aparır. Bir aktrisa kimi mən onun hazırladığı tamaşaları çox bəyənirəm. Hamımız öz obrazlarımızı o qədər çox mənimsəmişdik ki, özümüzü həqiqətən də o əsərin qəhrəmanları hiss edirdik. Düzdür, mən onun tərəfdarı deyiləm ki, aktrisa uzun müddət obrazın təsiri ilə yaşasın. Orda o qədər istedadlı aktyorlar rol alırdılar ki, biz həqiqətən çox sarsılmışdıq. Məqalələrin birində yazılmışdı ki, "bu tamaşa bir millətin içində olan ən səmimi müharibə tamaşası idi”. Çünki müharibədən,
torpaqlarımızın işğalından bəhs edən bir neçə tamaşa var ki, onlar boğazdan yuxarıdır. Bizim teatrımızda hər zaman müharibə mövzusuna müraciət edilib, hər dəfə də hazırlanan tamaşalar böyük maraqla qarşılanıb.

- Ülviyyə obrazını canlandırarkən nələr düşünürdünüz?
- "Yarlmçıq qalmış” tamaşası sabah, ayın 26-sı yenidən oynanılacaq. O qədər qorxuram ki… "Yarımçıq qalmış” tamaşası o qədər uğurlu alındı ki, bilmirəm ikinci dəfə də onun kimi oynaya biləcəm, yoxsa yox. Tamaşanın özü də çox məsuliyyətli idi. Bu tamaşa aprel döyüşlərinə həsr olunub. Orada elə məqamlar var ki, insanın doğrudan da ürəyi partlayır. Ülviyyə obrazı mənim sanki bir yarımdır, paramdır. Məsuliyyəti çox və psixoloji bir obrazdır. Mən onu oxuyanda belə sanki içim dağılırdı. Düzdür, ağlamaq mənim üçün etalon deyil, ən nifrət etdiyim bir şeydir. Vaqif müəllim həmişə deyirdi ki, göz yaşlarını içində saxla. Ancaq mən buna hakim ola bilmirdim. Bu obraz o qədər mənim ruhuma toxundu ki… Ancaq nəticəsi yaxşı oldu.

- Müşahidələrim nəticəsində deyə bilərəm ki, səhnədə yeri gələn məqamda rahatlıqla hönkür-hönkür ağlamağı bacarırsınız. Hətta tamaşa bitəndə göz yaşlarınız qurumur. Deyəsən səhnədə göz yaşları sözünüzə baxmır.
- İbrus teatrında çalışarkən Rüstəm İbrahimbəyov hər zaman mənə deyirdi ki, göz yaşları sənin daxilində olmalıdır, o görünməməlidir. Keçən dəfə Ülviyyə obrazınıcanlandırarkən Vaqif müəllim də mənə dedi ki, "səndə can qalmadı, ən yaxşısı sən texnikanı öyrən”. Mən bu texnikanı öyrənə bilmirəm, çox çətin olur. Bu tamaşada da Vaqif müəllim nə qədər dedi ki, içindən göz yaşlarını buraxma, amma alınmırdı. Mən həyatda çox emosional insanam, hər şey qəlbimə tez toxunur. Çox istəyərdim ki, bu texnikanı öyrənim. Vaqif müəllim deyir ki, belə getsə üçüncü tamaşadan sonra səni təcili yardım maşını aparmalı olacaq. Tamaşanın məşqlərində də mən göz yaşlarıma hakim ola bilmirdim. Elə tamaşa var ki, orada hiss etməmişəm. Mən bu hissədə ağlamalıyam deyə yalandan ağlamamışam. Bizdə elə aktyor və aktrisalar var ki, ağlamaq üçün özlərini çox məcbur edirlər. Ancaq sizə onu deyim ki, səhnədə ağlamaq heç də sənət göstərmək demək deyil. Əgər bu içdən gəlirsə, sən onu yaşayırsansa onda özünü doğrudan da ifa edə biləcəksən. Biz robot deyilik, insanıq. Ola bilər ki, hansısa tamaşada hislərim ölə, o zaman özümü məcbur edə bilmərəm. Bir tamaşaya bir neçə dəfə baxsanız görərsiniz ki, hər dəfə onu fərqli üsulda oynayıram. Çünki emosinal hal hər dəfə fərqli olur. Ssenarini və mövzunu qoruyub saxlamaq şərti ilə təbii ki, ağlamaya da bilərəm. Əgər içimdən gəlmirsə, öldür məni ağlamaram. Amma gözlərini yaşardıb səhnəyə gələn aktrisalar var, axı onun içi dolu deyil. Üzünün ifadəsi onu göstərir ki, içi boşdur.

- Hansı rejissorla işləmək sizə rahatdır?
- İstəyirsiniz ad çəkim? (gülür)

- Ad çəksəniz pis olmazdı.
- Yox, mən işlədiyim hər bir rejissordan çalışmışam ki, nəsə götürüm. Elə rejissorlar var, aktyorla elə işləyir ki, aktyor dayanmadan, yorulmadan çalışır, əlindən gələni edir, işlədikcə özünün tanımadığı, kəşf etmədiyi tərəflərini görür. Ancaq elə rejissorlar da var ki, ancaq göstəriş üçün işləyir. Bizim sənət yeganə sənət növüdür ki, daima öyrənirik, ölənə qədər də öyrənəcəyik. Mən yaradıcılıq baxımından o qədər ac idim ki, "Yarmıçıq qalmış” tamaşası ilə sanki ruhumu qidalandırdım. Elə rejissorlar var ki, tamaşanı tam alt qatına kimi üzə çıxarır. Elə rejissorlarla işləmək xəzinə tapmaq kimi bir şeydir. Heç kimin xətrinə dəyməsin, onlar tək-tükdülər. İstər kino sferasında, istərsə də teatr aləmində.

- Elə bir obrazınız olubmu ki, orada siz həm də Günel Məmmədovanı canlandırmısınız.
- Oynadığım hər bir obrazda Günelin hansısa hissəsi var. Ancaq onların heç biri Günel olmayıb. Həmin obrazı mən oynadığıma görə özümdən nəsə qoymuşam. Ancaq hər bir obrazımda özüm olaraq nələrsə var.

- Cüliyetta, "Sarı gəlin” yoxsa Ülviyyə?
-.... Həm "Sarı gəlin”, həm Cüliyetta, həm də Ülviyyə...

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər