Səhnə fədakarlığı, əməl salehliyi

Səhnə fədakarlığı, əməl salehliyi

Mədəniyyət
15 Oktyabr 2019, 12:15 571
Ötən əsrin əvvəllərində Azərbaycan səhnəsinin elə müqtədir, mükəmməl aktyorları olub ki, biz onları ancaq haqqında yazılanları oxumaqla tanıyırıq. Həqiqətən də səhnə ömrü yaşayanların taleləri qəribədir. Yaratdıqları obrazlar lentə alınmayıbsa, təsəvvür çətinləşir. Göz yaddaşı əvəzsizdir. Yaxşı ki, ömrün hansısa anını əbədiləşdirən şəkillər var. Bəzən bu dilsiz fotolar belə bəzi mətləblərin açılmasına yardımçı ola bilir.  Çalışdığım İctimai televiziyada həmkarım Saleh Bağırov bizi babasının arxivi ilə tanış edəndə həm heyrətləndim, həm də çox mütəəssir oldum. Mən həm qüdrətli bir aktyorun həyat yolunu, yaradıcılığını öyrəndim, həm də belə bir sənətkarın unudulduğuna görə pərişan ovqat yaşadım.
 
Sadıq Xəlil oğlu Bağırov 1907-ci ilin yazında Bakıda sənətkar ailəsində anadan olub. Valideynlərini erkən itirdiyindən əmisi Məşədi Salmanın himayəsində böyüyüb. Saleh təxəllüsünü ona görkəmli sənətkarımız Rza Təhmasib verib. Bu ad özündə bir çox məziyyətləri ehtiva edir: səhnədəki fədakarlığı, həyatdakı mərhəmətliliyi - bir sözlə, əməli saleh adam olduğunu. Bakıda müxtəlif məktəblərdə təhsil alıb. Uşaqlıqdan teatra olan sonsuz marağı onu dram dərnəklərinə aparıb, həvəskar aktyorluq edib. 1929-1932-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində aktyorluq təhsili alıb. Cəfər Cabbarlının əsərlərini çox sevirmiş. O, hələ erkən gənclik illərində İ.Əbilov adına, həmçinin Qaraşəhər, Metalist, Həkimlər klublarının dram dərnəklərində çalışdığı zaman Cəfər Cabbarlının "Aydın” əsərində Aydın, "Oqtay Eloğlu” dramında Oqtay obrazlarını ustalıqla yaradıb. Özünün yazdığı xatirədən oxudum ki, bu xəbəri böyük ədibə çatdırıblar, Cəfər Cabbarlı da Sadığın məharətini gözləri ilə izləyib, bəyənib və onun gələcəkdə qüdrətli aktyor olacağını da bildirib. Özünün istedadı, Cəfər Cabbarlının dəstəyi sayəsində Sadığı tələbə ikən Azərbaycan Dram Teatrının truppasına qəbul ediblər. A. A. Tuqanov, H. Cavid, A.M. Mudrov, M. Kirmanşahlı və başqa görkəmli müəllimlərin dərsləri, məşğələləri peşəkar aktyor ustalığına yiyələnməkdə ona kömək edir. Ömrünün 50 ilini bağladığı bu səhnədə 100-dən artıq rol yaradıb. Haqqında yazılanlardan bu qənaətə gəlmək olur ki, o, can verdiyi obrazları mükəmməl yarada bilirdi, hətta onun epizodik rolu da baş qəhrəmandan güclü çıxardı. Nəvəsi Saleh danışır ki, babamın ən böyük arzularından biri də Cəfər Cabbarlının "Od gəlini”ndə Qorxmazı yaratmaq olub. Bu surəti də dövrünün çox məşhur aktyoru İsmayıl Dağıstanlı oynayarmış. Xəbər İ.Dağıstanlıya çatıb. O da məmnuniyyətlə başını tərpədərək deyib ki, mütləq oynayar. Bu böyük ürəkli sənətkar bir neçə gündən sonra evdən teatra zəng edərək söyləyib ki, anam xəstədir, yanına getməliyəm. Gələ bilməyəcəyəm, Qorxmazı tapşırın Sadığa.  A.A.Tuqanov gənc aktyoru yanına çağıraraq "get hazırlaş, səhnəyə çıxmalısan, Qorxmaz rolunda.” Bu gözlənilməz təklifdən heyrətlənən Sadıq: "Mən axı heç məşq də eləməmişəm” deyib. "Əgər İsmayıl Dağıstanlı səni məsləhət görürsə, başqa söz ola bilməz” - deyə gənci tələsdiriblər. Sonradan məlum olub ki, İ. Dağıstanlının anası xəstələnməyib. Gəncə yol açmaq üçün bu, böyük sənətkarın bəhanəsi imiş. O dövrün aktyorlarının əksəriyyətində sənətə, istedadlıya bu cür həssas münasibət və qayğı var idi. İndi bəzən eşitdiklərindən az qala lərzəyə gəlirsən. "Bu rolu həmişə mən yaratmışam, ona niyə verdilər” kimi etirazı eşidəndə” adamın nitqi tutulur.
 
Eyni tamaşada bir-birinə zidd olan fərqli obrazları da yaratmaqda Sadıq Saleh çox ustad imiş. Yazılanlardan məlum olur ki, Səməd Vurğunuin "Vaqif” dramında yaratdığı Əlibəy və təlxək rolları həm sənət adamlarını, həm də tamaşaçıları heyrətə gətirib. Başqalaşmağı, can verdiyi obrazın daxili aləmini onun zahiri görünüşü ilə bağlamağı elə bacarırmış ki, səhnədəkinin aktyor olduğu unudulurmuş. Maraqlısı da odur ki, Sadıq Salehin nəinki müxtəlif, eyni rolları da fərqli alınırmış. Bu səbəbdən də onun oynadığı tamaşalara insanlar həvəslə gəlir və öz aralarında müzakirələr aparardılar. Səsiylə, baxışları, duruşu, hətta sükutu ilə obrazının portretini mükəmməl yarada bildiyindən rejissorlar onunla rahat işləyə bilir və arxayın olurdular ki, tamaşa uğurlu alınacaq. Həm yerli, həm də xarici ölkə yazıçılarının səhnəyə qoyulmuş əsərlərində yaratdığı obrazlar ona dərin məhəbbət və şöhrət gətirmişdi. Qastrol səfərlərində də ən çox alqışlanan aktyorlardan biri də məhz Sadıq Saleh olardı. 1959-cu ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti on günlüyü keçirilib. Məlumdur ki, həmin tədbirdə ölkəmizin çox tanınmış, məşhur və müxtəlif sənət sahibləri öz qabiliyyətlərini, əsas da istedadlarını nümayiş etdiriblər. Mərasim başa çatdıqdan sonra diqqət çəkən, fərqlənən iştirakçılara müxtəlif mükafatlar, fəxri adlar, orden və medallar verilib. Sadıq Saleh də məhz həmin tədbirdən sonra Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Əlbəttə, Sadıq Salehin bir aktyor kimi fəaliyyəti teatrla məhdudlaşmırdı. Radio və televiziya tamaşalarında da fəal iştirak edirdi. Onu böyük ehtiramla tez-tez "Azərbaycanfilm”ə də çağırırdılar. Bir çox sənədli filmlərin səsləndirilməsində,  dublyaj edilən ekran əsərlərində iştirak edir, hətta filmlərə də çəkilirdi. Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” musiqili komediyası əsasında çəkilmiş eyni adlı filmdə Sadıq Salehin yaratdığı Mirzə Ələkbər Sabirin obrazı olduqca mükəmməl və dolğundur. Bir tamaşaçı kimi bu mənim şəxsi fikrimdir, rol təbii, inandırıcı və təsirli alınıb. Adama elə gəlir ki, bu hansısa bir aktyorun yaratdığı obraz yox, elə dahi Sabirin özüdür. Uğur, müvəffəqiyyət və yaddaşlarda iz salmaq, əbədiləşmək budur!

Bir insan kimi də Sadıq Salehin zəngin daxili aləmi olub. İnsanlara yardım etməyi, kiməsə kömək əlini uzatmağı çox sevərmiş. Əslində heç elə də imkanlı olmayıb. Amma daxili dünyası həmişə onu fərqləndirə bilib. Sənətşünas Məryəm Əlizadə danışır ki, aktyor Elxan Ağahüseynoğlu söyləyirdi ki, teatrda təzə işə başlamışdım. Maddi vəziyyətimdə elə yaxşı deyildi. Bir gün məşqə gələn də Sadıq Saleh nimdaş ayaqqabılarıma işarə edib dedi: "Oğul, bu nədir, sən aktyorsan, geyiminə fikir ver”. Əlacsız gülümsədim. O, məni kənara çəkib, cibimə pul qoydu, "get, özünə ayaqqabı al” dedi. Amma gənc aktyorun evdə başqa qayğıları olduğundan bu tapşırığı yerinə yetirə bilməyib. Bir neçə gündən sonra Sadıq Saleh görüb ki, Elxan yenə köhnə başmağındadır. "Ay oğul, bəs mən sənə nə demişdim?” Aktyor başını aşağı salaraq etiraf edib ki, pulu ailəsinin başqa ehtiyacına xərcləyib. Sadıq Saleh yenidən gənc həmkarına maddi kömək edib. İllərdən sonra yazıya gələn bu hadisə əslində bir nümunədir. Bir-birimizə diqqətli və mərhəmətli olaq. Sadıq Saleh kimi əməli saleh olmaq həm də Allahın nəzərində ucalmaqdı.

Saleh Bağırov mənə babasının  yadigarlarından məhəbbətlə danışdı. Böyük oğlu Ramiz Bağırov (Salehin atası-F.X.) uzun illər ana televiziyamızda səs rejissoru işləyib. Pərviz Bağırov Əməkdar artistdir. Həm teatr tamaşalarında, həm də filmlərimizdə gözəl rollar yaradıb. Xəlil Bağırov isə riyaziyyatçıdır. Həqiqətən də sənətkar ömrü heç zaman itmir, bitmir, davam edir. Bu mənada unudulmaz sənətkarımız Sadıq Salehin səhnə fədakarlığı, ən başlıcası, əməli salehliyi onun əbədiliyini şərtləndirən əsas amillərdir. Seçilən sənətkar olmaq bir xoşbəxtlikdirsə, dəyərli övladlar isə bu bəxtəvərliyin zirvəsidir. Ruhu şad olsun, Sadıq Salehin!
 
Flora  XƏLİLZADƏ,
Əməkdar jurnalist