AZE | RUS | ENG |


Səhiyyədə yaş senzi tətbiq olunmalıdırmı?

Səhiyyədə yaş senzi tətbiq olunmalıdırmı?
Mütəxəssislər bununla bağlı fərqli fikirlər səsləndirirlər

Əmək Məcəlləsinə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün yaş senzi 65 yaş həddində müəyyənləşdirilib. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.

65 yaşında çatmış dövlət qulluqçusunun fəaliyyət müddəti maksimum 5 il uzadılsa, 70 yaş edir. Amma bu günlərdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişən xəstəni əməliyyat edən həkimin 81 yaşlı cərrah olduğu bildirildi.

81 yaşında həkim 10 ildən də çox bir müddətdə təqaüddə olmalı olduğu halda, xəstəxanada çalışması ilə bağlı Səhiyyə Nazirliyi mətbuata açıqlama verib. Bildirilib ki, həmin həkimin çalışması mütəxəssis qıtlığından irəli gəlmir. Onun hələ də çalışması professional olması ilə bağlıdır.

Yaşın fərqi yoxdur?

Belə bir məşhur fikir var: "Cərrahın əlində skalpel titrəməməlidir”. Yaş senzi hətta aktyorlara belə şamil edildiyi halda, insan sağlamlığı üçün ciddi əhəmiyyət kəsb edən, böyük diqqət və güc tələb edən cərrahlara niyə aid edilmir? 81 yaşlı cərrahın əlində skalpel titrəmirmi? Ümumiyyətlə, səhiyyədə yaş senzi tətbiq olunmalıdırmı?

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən tibb elmləri doktoru, akademik, əməkdar elm xadimi Südeyf İmamverdiyev bildirdi ki, bu gün Rusiyanın aparıcı klinikalarında, institutlarında şöbələrə rəhbərlik edən həkimlərin çoxunun yaşı 80-dən yuxarıdır. Onlar indiyə qədər yüksək səviyyədə professional cərrah, aparıcı mütəxəssis və təşkilatçı kimi qalmaqdadırlar.

Müsahibimiz yaşın individual məqam olduğunu dedi. Amma onu da bildirdi ki, zaman keçdikcə, həkimlərin işə yanaşmasında bir adiləşmə baş verir. Neqativ məqamlar da bu cür yanaşma olan həkimlərdə yaşana bilir: "Sovet hökuməti dövründə məşhur tibb institutlarından birində 50-60 yaşlı Akademiyanın üzvü olan həkim böyrəkdə əməliyyat edəcəkmiş. Əməliyyata xəstəni hazırlayıblar və o gəlib əməliyyata başlayıb. Bıçağı vurub və ona əməliyyat etmək üçün göstərilən tərəfdən bel nahiyəsində kəsik aparıb. Böyrəkətrafı toxumaya çatanda işçilərə deyib ki, xəstəni düz uzatmısız? Hansı böyrəkdə əməliyyat olmalıdır? Şəkildə baxıblar ki, əks tərəfdəki böyrək əməliyyat edilməliymiş. Həmin həkimin yanındakılar isə böyük alimlər, professorlar olublar, amma bu səhvə fikir verməyiblər. O həmin professorlara deyib ki, mən bu məqama fikir verməməklə sizə göstərdim ki, o böyrəyə yanaşma hansı yolla olur. İndi isə düz tərəfə çevirin, xəstənin sağlam olmayan böyrəyini əməliyyat edək.

Yaşdan çox peşə adiləşməsi problemi

Bu yaxınlarda Berlində böyük klinikaların birində oldum. Əməliyyat otağında ciddi bir əməliyyatı izləyirdim. Əməliyyatı aparan cərrahdan soruşdum ki, xəstənin neçə yaşı var? O da anestezoloqdan, anestezoloq isə tibb bacısından soruşdu. Tibb bacısı xəstəlik tarixçəsini açdı, müəyyənləşdirdilər ki, xəstənin neçə yaşı var. Yəni iş gündə gedir, tədricən işə, proseslərə qarşı sönüklük əmələ gəlir. Tədricən həkimlərdə diqqətli olmaq məsələsində bir adiləşmə, sönüklük yaranır.
Mən həmiş tələbələrimə aşılayıram ki, son dərəcə ciddi, diqqətli olmaq lazımdır. Hər zaman da əməliyyata başlamamışdan əvvəl bir daha dəqiqləşmə aparıram, xəstəni düzgün yerləşdirib-yerləşdirmədiklərini özüm yoxlayıram. Baş verən səhvlər həkimin yanaşmasının adiləşməsindən, diqqətsizliyindən başqa bir şey deyil. Bunun yaşa dəxli yoxdur. Həkimlik elə sahədir ki, işə adi yanaşma qəbuledilməzdir. Bunu xəstələrlə bağlı da demək olar. Elə xəstə var ki, 40 yaşı var, amma hərəkəti, təfəkkürü, danışığı, fiziki möhkəmliyi yaşlı biri olduğunu göstərir. Amma 80-90 yaşında elə xəstələr olur ki, çox möhkəm, sağlam düşüncəli insandır. Diqqətsizliyə yol vermək olmaz”.

"Yaşlandıqca insanın diqqətində zəifləmə olur”

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, səhiyyədə yaş senzi əslində var. Səhiyyə Nazirliyinin təlimatı ilə 65 yaşdan yuxarı şəxsin əmək qabiliyyətli olması məsələsini yerli xəstəxanının rəhbərliyi həll edir: "Amma burada başqa bir məqam da var. İnsan var ki, 60-65-dən sonra əmək qabiliyyətini xeyli itirir. Amma eləsi də var ki, 70 yaşında ağlı, əmək qabiliyyəti yerində olur. Buna fərdi yanaşılmalıdır. Kimsə Akademiyanın üzvüdür, professordur, klinikanın rəhbəridir. Belə adamların məsləhətlərinə, araşdırmalarına ehtiyac var. Onların erkən yaşdan təqaüdə çıxarılması ümumi işin ziyanınadır. Amma praktik həkimlərin yaş senzi 65 qoyulub. Bu nisbidir və sonrakı durum xəstəxana rəhbərliyi tərəfindən dəyərləndirilir. Buna uyğun olaraq da ya təqaüdə göndərilir, ya da vəziyyətə görə əmək fəaliyyəti ilbəil təmin edilir. 5 il maksimumdur. Amma ümumilikdə hər il müqavilə bağlanmaqla həkim işləyə bilər”.
A.Qeybulla deyir ki, yaşlandıqca insanın reaksiyalarında, diqqətində xeyli zəifləmə olur: "Amma buna baxmayaraq, baş verən neqativ hadisələrdə həkimin səhvi olub-olmadığını yoxlamaq lazımdır. Çünki həkim yaşlı olsa belə, heç onun günahı olmaya, xəstəliyin ağırlaşmasından xəstə dünyasını dəyişə bilər. Yəni görülən bütün tədbirlər effektsiz olduğu halda, xəstəni xilas etmək olmaz. Bu məsələlər araşdırmalıdır”.

Ekspert bildirdi ki, Səhiyyə Nazirliyinin həkimlərin yaş senzi ilə bağlı təlimatı xəstəxanada pozulubsa, bunun səbəbləri öyrənilməlidir. Eyni zamanda, A.Qeybullanın fikrincə, həkimlər təqaüdə çıxarılan zaman ümumi vəziyyət nəzərə alınaraq, onlar sosial güzəştlərlə yola salınmalıdırlar: "Kommunal xidmətlərdən azad olunmaq və ya hansısa başqa güzəştlər onların sosial müdafiəsini xeyli yaxşılaşdırar. Sosial vəziyyəti normal təmin olunarsa, heç kim 80 yaşında işləməyi arzu etməz. Bu kimi məqamlarda sistemli iş görmək lazımdır”.  

"Yaş senzi səhiyyədə kadr çatışmazlığı yaradır”

Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli isə hesab edir ki, səhiyyə sistemində islahatların aparılmasına, texnoloji yeniliklərin tətbiq olunmasına ciddi ehtiyac var. Amma konkret yaş senzinin olmasına ehtiyac görmür: "65 yaşa çatan həkimlərin yaş senzi səbəbindən kütləvi olaraq işdən azad edilməyini doğru olmayan bir addım hesab edirəm. Ölkə qanunvericiliyində təqaüdlə bağlı konkret yaş 65 müəyyənləşdirilib. Hazırda ölkənin əsas universitetlərində 75 yaşına qədər çalışan professor, müəllim heyəti var. Eyni zamanda, dövlət idarəçilik aparatında, Milli Məclisdə kifayət qədər o yaşda çalışan insanlar var. Pensiya yaşının təyin edilməsi o demək deyil ki, yaş tamam olan günün səhəri illərdir fəaliyət göstərən təcrübəli həkimlərin hamısı işdən azad edilsin”.

İ.Hüseynli bildirdi ki, hazırda bölgələrimizdə həkim çatışmazlığı problemi yaşanır. Belə məqamda yaş senzinin tətbiqi isə kadr çatışmazlığı yaradır: "Səhiyyə Nazirliyinin saytında yerləşdirilən vakansiyalara baxanda görmək olur ki, 100-ə qədər həkim tələb olunan rayonlar var. Bu qədər həkimə tələbat olduğu halda, yaş senzi tətbiq edib, əmək qabiliyyətini itirməyən həkimlərin işdən azad edilməsi doğru deyil. Həkim peşəkardır. Əgər bu və ya digər hansısa xəstəlik səbəbindən iş qabiliyyətini itiribsə, bu başqa məsələ. Amma bu məsələdə bir qədər daha geniş düşünmək lazımdır. 

Ölkədə Tibb Universitetini bitirən tələbələrə rezidentura təhsili tətbiq olunduqdan sonra 6 il təhsil alan həkim bir il internatura keçməklə həkim kimi fəaliyyətə başlayırdısa, artıq bu məsələ rezidentura ilə bir qədər uzadılıb. Tibb Universitetini bitirən tələbələrin birbaşa həkim kimi fəaliyyətini rezidentura təhsili məhdudlaşdırır. Digər tərəfdən, fəaliyyət göstərən, 65 yaşı tamam olan həkimlərin hamısının işdən uzalqaşdırılması yaxşı deyil”.

Yaşlı həkimlərin əmək qabiliyyətinin yoxlanılması metodu

Ekspert deyir ki, həkimləri yaş senzinə görə işdən uzaqlaşdırmaqdansa, müəyyən yaşdan sonra əmək qabiliyyətli olub-olmamaqları ilə bağlı yoxlama aparmaq daha yaxşı olar: "Onların iş qabiliyyətini itirib-itirmədiklərini yoxlamaq üçün vaxtlı-vaxtında həkimləri tibbi komissiyadan keçirmək olar. Cərrahın əli əsirmi, yaddaşında problem yaranıbmı? Necə olur ki, Tibb Universitetində 70-80 yaşlı professorun tələbəyə doğru dərs verməsi ilə bağlı problem yoxdur, amma 65 yaşlı stomatoloqun iş qabiliyyətini itirməsi ilə bağlı şübhə yaranır. Əgər gözündə hər hansı zəiflik varsa, bunu aradan qaldırmaq olur”.
İ.Hüseynli onu da bildirdi ki, inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən məşhur həkimlərin əksəriyyəti 65-70 yaşında olanlardır. Həm tibbi xidmət göstərirlər, həm də tədrislə məşğul olurlar: "65 yaşı tamam olan həkimin əlinə xəstə vermək olmaz” yanaşması doğru deyil. 65 yaşdan sonra həmin həkimlər özəl klinikalara gedib, fəaliyyət göstərirlər. Amma özəl klinikalar olmayan yerlərdə 65-i keçən həkimlərin üzünə qapılar bağlanır. Necə olur ki, 65 tamam olan günə qədər işləyib, bir günə əmək qabiliyyətini itirir? Düzdür, istisnalar var ki, Səhiyyə Nazirliyinin təlimatına görə, daxili əmrlə 65 yaş tamam olsa da, həkim müqavilə əsasında çalışa bilər. Bu da 5 il olur. Elə həkimlər var ki, 65 yaşda işdən çıxarılıb, amma 40 yaşındakı həkimdən geri qalmır, əksinə, professionallıqda ondan yüksəkdirlər”.

Aygün Asimqızı 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7072
GBP 1 İngilis funt sterlinqi 2.2065
TRY 1 Türk lirəsi 0.4824
KWD 1 Küveyt dinarı 5.6202
SEK 1 İsveç kronu 0.2069
EUR 1 Avro 1.9783
CHF 1 İsveçrə frankı 1.7884
USD 1 ABŞ dolları 1.7012