• şənbə, 20 Aprel, 01:42
  • Baku Bakı 15°C

“Şəhid olsam, ağlamayın” - Gənclərə örnək

07.02.15 06:25 1519
“Şəhid olsam, ağlamayın” - Gənclərə örnək
Yaşasaydı, 27 yaşı olacaqdı. 1988-ci il fevralın 7-də doğulmuşdu. Bütün gənclər kimi onun da arzuları vardı. Amma digərlərindən fərqli olarq yuva qurmaq, övlad sahibi olmaq deyil, işğal altda olan torpaqlarımıza bayraq sancmaq idi onun ən böyük arzusu. Elə ən böyük amalı uğrunda da canından çox sevdiyi vətəninə fəda etdi özünü - Şəhidlik zirvəsinə ucaldı. “Gənclərə örnək” rubrikasının budəfəki qəhrəmanı böyükdən kiçiyə hamımızın tanıdığı, sevdiyi Mübariz İbrahimovdur. O Mübariz İbrahimovdur ki, tək canıyla onlarla erməni əsgər və zabitini öldürüb.
Özünə söz dedizdirməzdi
Üç uşağın sonbeşiyi olan Mübariz Biləsuvar rayonu Əliabad kəndində zəhmətkeş ailədə dünyaya göz açıb. Uşaq vaxtı valideynləri onu və digər qardaşlarını nənəsinin yanında qoyub tarlaya, sahəyə işləməyə gedərmişlər. Anası uşaqlara möhkəm-möhkəm tapşırarmış ki, sakit dursunlar, nənələrini incitməsinlər. Heç vaxt özünə söz dedizdirməyi xoşlamayan Mübariz özünü elə apararmış ki, kimsə onun üstünə nə qışqırsın, nə də “güldən ağır” söz desin. Bir də balacalıqdan kiminsə onunla hökmlə danışmasını qəbul etməzmiş. Amma xoşluqla deyilən sözü də iki etməzmiş. Məhz bu xasiyyətinə görə valideynləri onunla həmişə xoş davranardı. Bir az böyüyəndən sonra isə Mübariz də digər qardaşlarına qoşulub qoyun-quzu otarmağa gedər, həyət-baca işlərində valideynlərinə əl tutar, ot biçərdi.
Döyüş filmlərini xoşlayardı
Birinci sinfə elə öz kəndlərindəki şəhid M.Piriyev adına orta məktəbdə gedib. Altıncı sinfə qədər dərslərini yaxşı oxusa da, sonradan oxumağa marağı azalıb. Qız kimi utancaq olan Mübariz məktəbdə həm də öz tərbiyəsi, əxlaqı ilə seçilirmiş. Özünə qapalı, qaraqabaq olan qəhrəmanımız heç kimlə deyib-gülməzmiş. Əsas marağı dini kitablar oxumaq olub. Bundan başqa, döyüş filmlərini, Van Dammın, Silvester Stallonenin filmlərini xoşlayıb. Həm də sevdiyi filmlərin qəhrəmanlarına bənzəməyə çalışıb. Bir az böyüyəndən, həyatı dərk edəndən sonra telekanallarda Xocalı faciəsi, qız-gəlinlərimizin erməni əsirliyində olması ilə bağlı verilişlərə baxıb özünə yer tapmaz, yumuruğunu düyünləyərdi... Uşaqlıqdan idmanla məşğul olan qəhrəmanımızın dərslərində zəifləyəndən sonra idmana marağı daha da artıb.
Arzusunda olduğu xidmətə başlayır...
2005-ci ildə orta məktəbi bitirərərk hərbi xidmətə yollanır. Bakıdakı “N” saylı hərbi hissədə vətənə qulluq edir. Ermənilərlə sərhəd ərazilərə deyil, Bakıya düşməsi onu açmır. Buna görə atasına zəng edib, onu Bakıya hansısa yolla saldırdıqlarını öyrənsə, onları bağışlamayacağını bildirib. Xidmət etdiyi bir il altı ay ərzində çavuş rütbəsinə qədər yüksəlir.
Hərbi xidmətdəykən Mübariz iki dəfə məzuniyyətə gəlir. Biri qanuni məzuniyyəti olur, digər məzuniyyət isə xidmətdə fərqləndiyinə görə verilir. Hərbi xidmətini başa vurduqdan sonra evlərinə qayıdan qəhrəmanımız keçmiş komandirinin vasitəçiliyi ilə yenidən Bakıya dönür. Bu dəfə banklardan birində mühafizəçi işləmək üçün...
Bir ilə yaxın mühafizəçi kimi çalışan Mübariz sonra öz ərizəsi ilə işdən çıxaraq evə qayıdır. Ata-anasına gizir olmaq istədiyini bildirir. Valideynlərinin rizasını ala bilmədiyindən fikrindən dönür. Amma hələlik... Ərizə yazıb çıxdığı işinə yenidən qayıtmağı özünə ar bilən qəhrəmanımız bir müddət tikintidə fəhlə, idman zallarının birində məşqçi kimi çalışır. Sonra isə Bibiheybət məscidində qardaşıyla birlikdə bağban işləyir. Amma hərbiyə qayıtmaq arzusunu boğa bilmədiyindən yenidən valideynləri ilə danışmalı olur. Oğlunun fikrində israrlı olduğunu və gizir olmağı çox istədiyini görən anası atasını da yola gətirir. Beləliklə, valideynlərinin icazəsi ilə Mübariz şəhidliyə doğru bir addım atır. Altı ay gizirlik kursunda oxuyur.
Çox çalışsa da, əvvəl bir neçə ay düşmənlə sərhəd rayonlarda xidmət etmək ona qismət olmur. Nəhayət, 2010-cu ilin aprelində Tərtərdəki N saylı hərbi hissədə arzusunda olduğu xidmətə başlayır.
Son görüş
Qardaşının Mübarizin komandiriylə tanışlığının olduğunu bilən qəhrəmanımızın anası Şamama ondan oğlunu komandirə tapşırmağı xahiş edir. Sabahısı gün Mübariz əsəbi halda evə zəng edərək anasından kimin onu tapşırdığını soruşur. Anası hər şeyi olduğu kimi danışır. Mübariz “mən bu yolu seçməmişəm ki, kimsə məni qorusun. Allaha təvəkkül deyib, bu yola getmişəm. Bir də belə şeylər etməyin”, - söyləyir.
May ayında səkkiz günlük məzuniyyətə gələn Mübariz çox gümrah, sevincli görünür. Anasına istədiyi yerdə qulluq etdiyini bildirir. Ağzından da qaçırır ki, güllənin biri sağdan, o biri də soldan vıyıldayıb keçir. Bunu eşidəndə anasının dizləri əsir, taqəti kəsilir. Həmin gündən Şamama ananın yuxusu da ərşə çəkilir.
Mübariz məzuniyyətdə olduğu müddətdə valideynləri sağ-salamat olması üçün onun adına dedikləri yeddi qurbandan dördünü kəsirlər. Üç qurbanı da torpaqlarımızın ermənilərdən azad ediləcəyi günə saxlayırlar...
Mübariz məzuniyyətini bitirib yenidən hərbi hissəyə qayıdanda bibisinin yetim qalmış balalarını ata-anasına tapşırır. Hamıyla da sağollaşıb, bir daha geri dönməyəcəyini bilirmiş kimi bircə-bircə bağrına basır...
“Cənnətdə görüşərik”
Döyüş əməliyyatından bir gün əvvəl anasıyla telefonla danışır. Özlərindən muğayat olmalarını, bir də qardaşlarına toy etmələrini tapşırır. Anasından onu da xahiş edir ki, dualarını əskik etməsin. Ondan sonra isə valideynlərinə vida məktubu yazır:
“Salam, anam və atam. Məndən çox darıxmayın. İnşallah, cənnətdə görüşərik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliydim. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Məktubu tamamlayıb hərbçi yoldaşına verir ki, başına bir iş gəlsə, valideynlərinə çatdırsın...
“Mən oğlumu tanıyıram, sərhədə doğru gedin”
Sabahısı gün, 19 iyun 2010-cu ildə Mübariz döyüş yoldaşlarına xəbər vermədən yır-yığışını edir. Düşmənlə üzbəüz bir kilometrlik neytral ərazini keçərək gecə saat 22.30 radələrində Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücam edir. Düşmənin hərbi hissəsini ələ keçirərək, müxtəlif məlumatlara görə, təxminən 50 erməni əsgərini və zabitini elə ermənilərin silahıyla öldürür. Beş saat tək canıyla erməni ordusuna qarşı vuruşduqdan sonra silah-sursatı bitir və şəhidlik zirvəsinə ucalır.
İyunun 20-si səhər saatlarında Mübarizin olduğu batalyondan evlərinə zəng edib Mübarizin evdə olub-olmadığını soruşur, hərbi hissədən silahları götürərərk yoxa çıxdığını bildirirlər. Atası “mən oğlumu tanıyıram, sərhədə doğru gedin” deyir. Daha sonra hərbi hissədə qəhrəmanımızın məlum məktubunu tapırlar. İyunun 20-si axşamı ailəsi televiziyanın xəbərlər buraxılışında Mübarizin ölüm xəbərini eşidir...
Ermənilər Mübarizin cəsədindən də qorxurlar
Mübarizin qəhərəmanlığı, qorxmazlığı ermənilərin gözünün odunu elə alır ki, onlar Azərbaycanın igid oğlunun cəsədindən belə çəkinirlər. Şəhid olmuş qəhrəmanımızın əllərini bağlayırlar. Sözügedən hadisədən sonra Ermənistanda 3 günlük matəm elan olunur. Ermənistan Müdafiə Nazirliyi baş vermiş hadisəylə bağlı 2 general və 8 zabiti ordudan qovur.
Rembo həyatda da var
Onun cəsədinin alınması üçün şəxsən ölkə başçısı İlham Əliyev ciddi iş aparır. İki ay sonra Mübariz Azərbaycana təhvil verilir. Noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Ali Baş Komandan İlham Əliyev başda olmaqla, minlərlə insan qatılır. Şəhid qəhrəmanımız İkinci Fəxri Xiyabanda dəfn olunur.
Mübariz İbrahimovun qəhrəmanlığı Azərbaycanda, o cümlədən Türkiyə və digər ölkələrdə böyük əks-sədaya səbəb olur. Hətta Rusiya prezidenti Vladimir Putin çıxışlarında Mübarizin qəhrəmanlığına toxunur. Onu Rembo ilə müqayisə edir: “Əgər rəsmi məlumat olmasaydı, mən bu xəbərə inanmazdım. Çünki biz bu cür igidlikləri kinolarda görmüşük... Deməli, Rembo təkcə kinoda deyil, həyatda da var”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Mübariz Ağakərim oğlu İbrahimova Milli Qəhrəman adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilib. Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə, eyni zamanda Biləsuvar rayonunun mərkəzi küçələrindən birinə onun adı verilib.
“Çalışıram, kimsənin qarşısında ağlamayım”
Qəhrəmanımızın anasının ən böyük arzusu işğal altda olan torpaqlarımızın azad edilməsidir: “Çalışıram, kimsənin qarşısında ağlamayım. Dərdimi içimdə çəkim. Bəzən olur ki, yoldaşımın, uşaqların gözündən yayınıb ağlayıram. Sonra məkbubunu dönə-dönə oxuyub toxdayıram. Torpaqlarımız işğaldan azad olsa, bizim kimi analara böyük təsəlli olar. Çünki Mübariz torpaq uğurunda şəhid olub”.
Lalə MUSAQIZI
Yazı “Kaspi” qəzetinin hazırladığı “Mübariz yol” kitabına istinadən hazırlanıb.
banner

Oxşar Xəbərlər