• şənbə, 20 Aprel, 10:11
  • Baku Bakı 14°C

“Şəhər, yoxsa əyalət” sualına cavab axtaranlar üçün kitab - Kitab rəfi

16.05.20 12:00 2137
“Şəhər, yoxsa əyalət” sualına cavab axtaranlar üçün kitab - Kitab rəfi
Kitab, insanın özünü inkişaf etdirməsində əvəzsiz rola malikdir. Ancaq müasir dövrdə vaxt az olduğu üçün insanlar daha faydalılarını seçib oxumağa üstünlük verirlər. Ona görə, bu cəhətdən başqalarının məsləhətlərini diqqətə alırlar. Bu dəfə marketinq üzrə konsultant Musa Əfəndiyevin məsləhət gördüyü kitabları təqdim edirik.
M.Əfəndiyev bildirdi ki, məsləhət gördüyü kitablar hələ ki, Azərbaycan dilinə tərcümə edilməyib: "Əvvəlcə qərara gəlmişdim ki, artıq Azərbaycan dilində tərcüməsi olan kitablar arasından seçim edim, siyahımı ona görə formalaşdırım, amma sonradan bunun daha az adama xeyri dəyəcəyini başa düşdüm. Nəyə görəsə, mənə elə gəlir ki, kitab əlçatan olanda insanlar onu oxumağı ertələyirlər. Buna görə də, fikirləşdim ki, dilimizə çevrilməyən kitablar arasından seçim etmək, potensial oxucularla yanaşı, həm də yerli nəşriyyatlara da fayda verər. Mən daha əvvəl nəşriyyatlarla çalışmışam, yüz minlərlə kitab arasından doğru kitabları seçib tərcümə etməyin nə qədər çətin olduğunu görmüşəm. Bəlkə bu kitablar bu yolda onlara da, az da olsa, kömək edər. Kitabla məşğul olduğum dövrdə müşahidələrim də bunu deyir, azərbaycanlı oxucular ən azı bir xarici dil bilir deyə, adını çəkəcəyim kitabları rusca, türkcə və ya ingiliscə rahatlıqla tapıb oxuyacaqlar”.
Onun ilk seçimi Kol Nyuportun "Rəqəmsal minimalizm” kitabı oldu: "Mən müəllifi daha əvvəl yazdığı "Əsaslı İş” (Deep Work) kitabından tanıyırdım, onun bu haqda TED çıxışı da var. Hazırda içində olduğumuz rəqəmsal dünyanın yaratdığı problemlər, diqqət dağınıqlığına gətirib çıxaran müasir səbəblər o kitabda elə də çox əhatə olunmamışdı. Amma indi adi telefon səsi, "Facebook”dan gələn bir bildiriş bizim bütün işimizi saatlarla, hətta günlərlə ertələməyə səbəb ola bilir. Bu, özlüyündə, fərqinə varmasaq belə, böyük problemlərə gətirib çıxarır. Nəticədə hamımız böyük bir vaxtı boş-boş keçirməyə məcbur oluruq. Bu kitab da bu cür informasiya axını qarşısında necə izolyasiya ola biləcəyimizi, məhsuldarlığımızı necə artıracağımızı mərhələli şəkildə izah edir”.
Sezare Pavesenin "Sənin əyalətlərin” kitabı da onun bəyəndikləri sırasındadır: "Mənə elə gəlir ki, bədii ədəbiyyat bəzən (bəlkə də çox vaxt) qeyri-bədii kitablardan daha çox şey öyrədə bilir. Burada səhifə sayı çox da önəmli deyil, nazik roman qalaq-qalaq kitablardan daha çox hissi, fikri sizə ötürməyə qadirdir. Sezare Pavesenin "Sənin əyalətlərin” romanı uzun müddət bizim paytaxtda rast gəldiyimiz şəhər-əyalət polemikası haqqındadır. Bunu bir növ yuxarıda qeyd etdiyim kitabın davamı (və ya əvvəli) olaraq da görmək olar. Səs-küylü şəhər, ya zamanın yavaş axdığı əyalət yeri? Kitab bu suala cavab axtaranlar üçündür. Bu mövzu haqda çox yazılıb. Məncə, illərlə aktual qalacaq. Bu mövzuda bəyəndiyim digər kitab da İsi Məlikzadənin "Gümüşgöl əfsanəsi”dir.
Sönke Ahrensin "Necə ağıllı qeydlər götürmək olar?”kitabı onun üçüncü seçimi oldu: "Kitab 20-ci əsrdə yaşamış sosioloq Niklas Lumanın "Zettlekasten” metodu haqdadır. Luman, ixtira etdiyi bu qeydgötürmə üsulu ilə 70 kitab, 400-dən çox məqalə yazıb. Kitab tələbələr, akademik fəaliyyəti olanlar və qeyri-bədii kitab yazmaq istəyənlər üçün əla bələdçidir. Bu sadə metod onlara və həvəsi olan hamıya yazmaqda, düşünməkdə və öyrənməkdə kömək olacaq. Kitab oxuyanda nələrə fikir vermək lazımdır, qeydlər necə götürülməli, necə strukturlu şəkildə kateqoriyalaşdırılmalıdır, bu qeydlərdən sonradan necə istifadə olunmalıdır – kitab bu suallara əla cavablar verir”.
Aygün
banner

Oxşar Xəbərlər