Şeh kimi qısa ömür
O, 1931-ci ilin aprelində xalq yazıçısı
Süleyman Rəhimovun ailəsində anadan olmuşdu. Ömrü çox qısa olub - cəmi 34 il!
Arzuları içində vulkan kimi püskürsə də, ömrü şeh kimi qısa oldu. Orta məktəbdə
oxuduğu illərdə şeirə maraq göstərər, ara-sıra
ürəyindən keçənləri misraların dili ilə qələmə alardı. Amma atası
sevimli oğlunun ədəbiyyat sahəsinə gəlməsini istəmirdi. Süleyman Rəhimov
Şamonun fizika-riyaziyyat kimi dəqiq elmlərdə böyük qabiliyyəti olduğunu hiss
etdiyindən, təbliğatını həmişə bu istiqamətə yönəldirdi. Şamo atasını eşitdi,
amma ilhamına da biganə qalmadı. Hələ məktəbli
vaxtlarından şeirlər yazan Şamo Rəhimov gəncliyində də bu sevimli
vərdişini davam etdirib. Təqribən 2.000 misradan çox şeir yazmışdı. Bəzən də
şeirlərini Kəskin təxəllüsü ilə qələmə alırmış. İndi ondan yadigar qalan şeir
dəftərçələrini və vəfatından bir neçə il sonra çap edilmiş "Ayrılıq” adlı kitabını vərəqlədikcə, məni ən çox
heyrətləndirən məktəbli gəncin ölüm barəsindəki düşüncələridir: "Ayrılıq nə
vaxtdandır oxuyur nəğməsini”.
"...Zamanın əsən küləyi ömür çəmənimi tapdayıb biçir” söyləyən xiffətli
Şamonun 24 yaşında yazdığı şeirdən bir
parçaya diqqət edək:
İstərəm
qəlbimə səs verə-verə,
Dilim öz
halını desin bəşərə.
Halım elə
səda salsın hər yerə,
Nəhrlər,
dalğalar, sellər ağlasın,
Tufanlar,
ormanlar, göllər ağlasın!!.
Həyat eşqli, yaşamaq arzulu bir gəncin
şeirlərindəki ölüm hökmünün addımları nədən belə tez görünüb, məni xeyli
düşündürdü. Bu dərəcədə hər şeyi əvvəlcədən duymaq hansı hissin təsiridir?
Şamonun şeirlərində həm də sevən bir
gəncin duyğuları da dil açır, amma bütün sonluqlarda əbədi ayrılığın rüzgarı
əsməkdədir:
Yer
fırlanır, günəş batır, dayanmadan külək əsir,
Kainatı
dərk etməyə insan oğlu hey tələsir.
Karvan
gəlir, karvan gedir, təbiət şən, zaman yorğun,
Əlvidalıq
yeli əsir, insan isə ömrə vurğun.
Onun erkən yaşlarında yazdığı şeirlərdə
zamanın, quruluşun gerçək sifəti də görünür. Çox güman ki, bu da ailə
mühitindən, atasının söhbətlərindən, ətrafda olan müzakirələrdən yaranırmış. Cəmi
14 yaşında yazdığı misralara fikir verin:
Xalqın mərd
oğulları zindanlarda çürüyür,
Ölüm vəhşi
qurd kimi insanlığa yüyürür.
Məşhur alimlərin səhv etdiklərini aşkarladı
Şamo Rəhimov orta məktəbi qızıl medalla
bitirdikdən sonra Moskvada M.V. Lomonosov adına Dövlət Universitetinin fizika
fakültəsində təhsil alıb. Sonra SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun
seysmologiya üzrə aspiranturasına daxil olub. 1958-ci ildə dissertasiya müdafiə
edərək fizika-riyaziyyat elmləri namizədi
alimlik dərəcəsi alıb Onun haqqında çox mükəmməl bir məqalənin müəllifi
olan Qulu Xəlilov yazırdı: "Hələ ali
məktəbdə ikən öz parlaq istedadı və cəsarətli mühakimələri ilə fərqlənən Şamonu
akademik Otto Yulyeviç Şmidt və professor Yevgeni Fyodoroviç Savaranski kimi
görkəmli alimlər yüksək qiymətləndirmiş və xəbərdarlıq etmişlər ki, Qafqaz
oğlu, böyük bir döyüşə atılırsan”.
Yer
quruluşunun və qabığının öyrənilməsi sahəsində tədqiqatlar aparmaq üçün böyük
ingilis fiziki Reley tərəfindən kəşf edilmiş metod uzun illər (80 ildən çox)
əsas götürülürdü. Şamo Rəhimovun seysmologiya sahəsinə gətirdiyi yeniliklər
nəticəsində isə bir çox məşhur alimlərin səhv etdikləri də aşkarlandı. Gənc
seysmoloqun şöhrəti təkcə Qafqaza, Rusiyaya deyil, bütün dünyaya yayıldı. Şamo Rəhimov seysmologiyaya yeni
anlayış- "qlobal dalğalar anlayışı” gətirmişdi. Bu qlobal dalğalar bu gün də
bütün dünyanaın seysmik stansiyalarında qeyd edilir. Azərbaycan aliminin elmi
kəşfi dünya alimlərinin diqqətini çəkirdi. Hətta onu Amerikaya da dəvət
etmişdilər. Sovet hakimiyyətinin qadağaları nəticəsində Şamo Rəhimov okeanın o
tayında keçirilən konfransa buraxılmadı... Doğrudur, Şamo Rəhimovun əsərləri
xarici ölkələrdə çap olunurdu, məşhur alimlər tərəfindən yüksək
qiymətləndirilirdi. Amerikalı professor Elvari Filin Şamoya yazırdı: " Çox
təəsüf ki, Sizin dili bilmirəm, Lakin mütləq öyrənəcəyəm. İstəyirəm Sizə doğma
dilinizdə təşəkkür edəm. Tədqiqatlarınız gözəl nəticə vermişdir. Bundan sonra
Yer qabığının quruluşunu daha asanlıqla öyrənmək olar.”
"Azərbaycanın seysmik ulduzu”
Azərbaycan
seysmoloji elminin banilərindən sayılan Şamo Rəhimovun bu istiqamətdəki
axtarışları, tapıntıları barəsində dünya mətbuatında maraqlı məqalələr də dərc
edilirdi. Hind mətbuatında Şamo Rəhimovu "Azərbaycanın seysmik ulduzu”
adlandırırdılar. Onun 40-dan artıq elmi əsərinin şöhrəti sərhədləri çoxdan aşıb
və müxtəlif dillərə tərcümə edilərək bu gün də qiymətli kəşf kimi istifadə
olunur. Onun seysmologiya elmindəki kəşfləri ildırım sürətilə bütün dünyanı
dolaşdı . Azərbaycanlı alimin kəşfindən sonra bir sıra xarici ölkə alimləri də
istifadə etdikləri metodlara tənqidi yanaşmağa başladılar. Uzun illər bütün
dünya tərəfindən qəbul olunmuş, ötən əsrin ortalarına qədər də tətbiq edilmiş və Amerika alimi M. Yunq tərəfindən
irəli sürülmüş faza sürətlərinin təyinetmə metodundakı yanlışlıqları elmi
dəlillərlə əsaslandıran Şamo Rəhimova ABŞ prezidentinin elmi katibi , professor
Fyodr Press tərəfindən dəvətlər, məktublar gələrdi. Hətta öz kitablarını da
Şamoya hədiyyə göndərərdi. Bundan başqa, seysmologiya ilə bağlı çap etdikləri
bülletenləri də Azərbaycana - Şamo Rəhimova göndərərdi. Şamonun ölümündən sonra
da bu ənənənə 11 il davam etmişdir. Amerikada elmi problemləri öyrənən
cəmiyyətin orqanı "Nauka” jurnalının naşiri Filip Eybelsonun məktubundan: "
Əziz həmkar! Bizim jurnalımız... elmin
və texnikanın, həmçinin elmi cəmiyyətlərin qarşılıqlı əlaqə və problemlərinin
müzakirəsi üçün Beynəlxalq forum rolu
oynayır. Sizi bu cəmiyyətin üzvü olmağa və bizim elmi səylərimizə kömək etməyə
ürəkdən dəvət edirik. Əgər siz bizim jurnalın səhifələrində dünyanın bir sıra,
eləcə də Amerika alimlərilə elmi əlaqə saxlasaydınız, çox şad olardıq.”
Arxivində dünyanın bir çox ölkələrindən gəlmiş belə məktublar çoxdur.
"Şamo
Rəhimov respublikanın geniş seysmostatistika məlumatına əsaslanaraq, Yer
qabığını öyrənmək üçün yeni metod hazırlayıb tətbiq etmişdir. Yeni metod
zəlzələnin əhatə etdiyi sahədə zəlzələ gücünün dəyişilməsi qanunauyğunluqlarını
öyrənmək əsasında Yer qabığındakı
yarıqları və eyni tipli sahələri ayırmağa imkan verir. Müəllif geologiyanın bir
çox məsələlərini də tədqiq etmiş, yeni söz demişdir. O, qeyri-adi güclü
zəlzələlərin nəticələrinə görə, ərazilərin seysmik mikrorayonlaşdırılması
metodunu irəli sürmüşdür. Bu seysmik mikrorayonlaşdırma metodu seysmologiyada
indi mövcud olan bütün metodlardan daha səmərəli və daha sərfəlidir. " (
"Kommunist” qəzeti,21 iyul 1966).
Ermənilərin xisləti heç xoşuma gəlmədi
Yer
qatının xüsusiyyətlərini öyrənmək üçün
Şamo Rəhimov Qafqazın bütün yaşayış sahələrində tədqiqatlar aparardı . Belə elmi
araşdırmaların növbəti ünvanı İrəvan şəhəri olub. Oradan qayıtdıqdan sonra
hansı elmi nəticəyə gəlib? Bu barədə elmi bülletenlərdə rəylər var. Diqqətimi
çəkən Şamonun dəftərçəsinə yazdığı qeydləri oldu: "Ermənilərin xisləti heç
xoşuma gəlmədi. Onlar əhalidən pul toplamaqla məşğuldurlar. Silahlanırlar.
Ürəklərindən Dağlıq Qarabağ keçir. "Bizimdir” deyirlər...” Şamo Rəhimov
tərəfindən bu xəbərdarlıq diqqət edin,
görün nə vaxt -1960-cı ildə qələmə alınıb. Təəssüf ki, amansız əcəlin
qara caynaqları Şamonun başının üstünü çox tez aldı. Neçə-neçə arzusu yarımçıq
qaldı. Şamo ailə də qurmamışdı. Cəmi 34 il yaşadı. Bütün ömrünü elmə həsr edən
bu istedadlı alim neçə kəşfini, yaradacaqlarını
özü ilə apardı. Şamodan sonra
nələr baş verdi?. Qardaşı adının
əvvəlinə onun ismini yazaraq doğmasını bu şəkildə yaşatmağa çalışdı: Şamo Arif.
Cild-cild romanların müəllifi Şamo Arif. Atası Süleyman Rəhimov ömrünün sonuna
kimi "Şamo” epopeyasının üzərində işlədi. Yoxluğu onu tanıyanları yandırıb-yaxdı.
Toy üstündə olan oğlunu itirən Aşıq Şəmşir görün Dədə Süleymana nə yazırdı:
Yanmalıdır yaralıya
yaralı
Ürəyim alışdı ürəyin
kimi.
Uzaq olsun
qalanların canından,
Dirəyim çəkildi
dirəyin kimi.
"Biləyim sınıbdır biləyin kimi” deyən Şəmşirin
şərikləri çox olub. Məmməd Rahim, Ramiz Heydər, Feyruz Məmmədov kimi şairlər
məhz öz sarsıntılarını şeirlə dilə
gətiriblər.
Şamo Rəhimov
Azərbaycanın seysmorayonlaşdırılmasının xəritəsini yaradan əsas
müəlliflərdəndir. Şamo Rəhimov seysmologiyaya yeni anlayış "qlobal dalğalar”
gətirməklə, bunun əsasında Yer quruluşunun bütünlüklə öyrənilməsinin son
dərəcədə səmərəli üsulunu kəşf etmişdir. Mütəxəssislər dəfələrlə qeyd və etiraf
edirlər ki, gənc Azərbaycan aliminin bu elmi kəşfi daha dəqiq və sabit elmi
nəticələr çıxarmağa imkan yaratmış, Yer kürəsinin quruluşunu daha dərindən
öyrənilməsi işinə təkan vermişdir. Onun gördüyü məhsuldar və faydalı işlər
müasir seysmologiya elminin inkişafına səbəb olmuşdur.
2 aprel Şamo Rəhimovun doğum günüdür.
Heykəltəraş Ömər Eldarovun böyük
ustalıqla yaratdığı qəbirüstü abidə elə canlı və mükəmməldir ki...Bir qədər
diqqətlə baxdıqda, sanki Şamonun öz səsini eşidirsən:
Qəlblərdə sönməyən xatirə qoydum
İndi xumar-xumar
rahat uyuyum.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist