Şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır
Prezident İlham Əliyev: "Bütün
xoşagəlməz hallara son qoyulmalı, rüşvətxorluq, korrupsiya tamamilə
yığışdırılmalıdır”
Prezident İlham Əliyevin
ötən gün imzaladığı sərəncamlarla Anar Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin
başçısı, Elnur Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə
təyin olunub. Bu münasibətlə hər iki icra başçısını qəbul edən ölkə rəhbəri
onlara böyük etimad göstərildiyini, bu etimadı doğrultmağın vacibliyini
vurğulayıb. Bildirib ki, onların qarşında duran əsas vəzifələr rəhbərlik edəcəkləri
rayonların sosial-iqtisadi inkişafını təmin etməkdir: "Siz vətəndaşlarla daim
təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə
görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Siz çox model başçılar
kimi fəaliyyət göstərməlisiniz. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız,
onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ
rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz
çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən
Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək. Bütün
xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə
yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm
ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri
başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri
məni yaxşı eşitsinlər. Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız
mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan
planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas
məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda
şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”.
Dövlət başçısı tapşırıb ki,
rayonlarda daha yaxşı şərait yaradılsın, yeni iş yerləri açılsın, vətəndaşlar
elə öz rayonlarında yaşamağa maraqlı olsunlar. Bununla yanaşı, Prezident
rayonlarda ictimai nəzarətin güclü olmasının zəruriliyinə də toxunub. Bildirib
ki, buna nail olmaq üçün müvafiq təkliflər hazırlanmalı, ictimaiyyət ümumi işə
cəlb edilməlidir. Ölkə başçısı Azərbaycanda gəncləşmə siyasətinin aparılmasından
da söhbət açıb: "Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli
çəkilir. Ancaq bu, kampaniya xarakteri almamalıdır. Bəziləri bunu kampaniyaya
çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu
kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim
nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə
Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır.
Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik. Bir də ki, yaşlı
nəsil öz təcrübəsini bölüşməlidir”.
Millət
vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında
bildirib ki, Prezident İlham Əliyev tərəfindən aparılan kadr islahatları
çərçivəsində forma və məzmun əhəmiyyətli dərəcədə dəyişib. Onun sözlərinə görə,
bu islahatlar xalqın marağına səbəb olmaqla bərabər, dövlət idarəetmə
sistemində şəffaflığın, operativliyin təmin olunması baxımından ən yüksək
qiymətə layiqdir: "Artıq köhnəlmiş stereotiplərdən imtina olunur. Prezident yeni
kadrları qəbul edərkən onlara tapşırdı ki, öz gündəlik fəaliyyətlərində xalqın
içində olsunlar, vətəndaşların problemləri ilə yaşasınlar, hər hansı neqativ
hallardan uzaq dursunlar, rəhbərlik etdikləri rayonların sosial iqtisadi
inkişafını, vətəndaş məmnunluğunu təmin etsinlər. Ölkə başçısı bu tapşırıqları
ilə demək olar ki, yeni icra başçıları və digər məmurlar üçün strateji yol
xəritəsini çəkdi. Azərbaycan xalqı əyani şəkildə gördü ki, ölkə rəhbəri çox
dəqiqliklə bölgələrin problemləri, həll olunan və olunası məsələlərin nədən
ibarət olduğu barədə kifayət qədər məlumatlıdır. Dövlət başçısının gərgin iş
qrafikinin, xarici siyasətdən tutmuş, iqtisadiyyat, təhlükəsizlik, ordu
quruculuğu, sosial sfera və ümumiyyətlə cəmiyyətin bütün sahələrini əhatə edən məsələlərin
fonunda, hər bir bölgənin problemləri ilə belə yaxından məşğul olması ən yüksək
hörmətə layiqdir. Digər tərəfdən, Prezidentin yerlərdə, hələ də köhnə
təfəkkürlə işləyən məmurlara mesajları, ictimai nəzarətin gücləndirilməsi
barədə söylədikləri xalqın öz rəhbərindən eşitmək istədiyi fikirlərdir. Dövlət başçısı
strategiyanı müəyyənləşdirdi. Taktiki addımların atılması bizdən asılıdır. Müqəddəs
Vətənimiz, övladlarımızın gələcəyi naminə Prezidentin apardığı islahatları
dəstəkləməli, onun ətrafında daha da sıx birləşməliyik”.
Siyasi
şərhçi Aydın Quliyev isə bizimlə söhbətində bildirib ki, Prezident
İlham Əliyevin ötən gün Yevlax şəhərinə və Xaçmaz rayonuna yeni təyin olunmuş
icra hakimiyyəti başçıları ilə söhbətinin ictimailəşdirilməsi maraqlı yenilik
kimi diqqəti cəlb edir. Onun fikrincə, təyinat almış nazirlərlə eyni formatda
söhbətlərin ardınca icra başçıları ilə də oxşar davranış ölkə başçısının bütün
kadr dəyişikliklərinə tələbkar və prinsipial yanaşdığının ifadəsidir:
"Azərbaycan Prezidenti ötən gün təyin olunan yeni icra başçılarını qəbul
edərkən, sözün əsl mənasında onlara fəaliyyət planı verdi. Dövlət başçısı hər
bir rayonun sosial-iqtisadi coğrafiyasını yeni başçılara təqdim etməklə əslində
onlara yol xəritəsi göstərdi. Prezidentin sözügedən rayonlardakı yerli
vəziyyətə yaxşı bələd olması yeni başçıları maksimum məsuliyyətə səsləyən güclü
faktordur. Yeni başçılar vəzifələrinin konkret nələrdən ibarət olduğu barədə
aydın mesajlar aldılar. Ölkə başçısı onlara rüşvət və korrupsiya ilə mübarizə
aparmağı, xalq içində olmağı, prezidentə yalan məlumatlar verməməyi, media üçün
açıq işləməyi, kadr məsələlərində nəsillərin həmrəylik prinsipinə maksimum
sadiq olmağı, habelə mədəni, tələbkar və işgüzar olmağı tövsiyə və tələb etdi,
tapşırıq və tövsiyələrini on milyon xalqın gözü qarşısında etdi. Yeni icra
başçılarının necə işlədiklərini, Prezidentin tövsiyə və tələblərinə necə əməl
etdiklərini bütün xalq izləyəcək. Bu mənada təyin olunmuş başçıların çox ciddi
sınaq qarşısında olduqlarını qeyd etmək lazımdır. Bu başçılar Prezidentin və
xalqın qarşısında ikiqat məsuliyyət daşıyırlar. Yüksək etimad və ictimai
təqdimatın yeni kadrlar üçün həm də yüksək təşəbbüskarlıq motivi olacağını
düşünürəm”.
Rufik
İSMAYILOV