SƏFALƏTİN ACISI
Bu ilki payız keçənlərə oxşamırdı. Aramsız yağan
yağışlar, soyuq küləklər kövrək ağacları sındırmış, əksər evləri, anbarları su
basmışdı. Damlardan otaqlara süzülən yağış damcılarını taslar, vedrələr qismən
də olsa bir araya yığmağa çalışırdı. Yorğan-döşək, xalça-palaz suyun içində
şişib ağırlaşmışdı. Allahın qəzəbinə tuş gəldiklərini güman edən qoca qarılar
elə hey zikr edir, dua oxuyurdular. Darısqal, əyri-yürü dalanlardan keçib
getmək müşkülə çevrilmişdi. Köhnə məhəllələr, daxmalar gölməçəyə dönmüşdü. Kif
qoxusu, suda üzən ölü siçovullar, itlərin aramsız zingiltisi ətrafda miskin bir
mənzərə yaradırdı. Borulardan axan köpüklü sulardan torpaqda çuxurlar əmələ
gəlirdi. Dünyanın dərd sərindən uzaq uşaqlar isə, heç nə olmamış kimi bu
sularda hoppanır, gülüşürdülər. Boz buludlardan düşən kölgə şəhərə hüznlü bir
görkəm verirdi. Əksər ailələrdə yoxsulluq, işsizlik yaşanırdı. Bir qarın
çörəkdən ötrü səhər-axşam vurnuxan adamları həyat küsdürmüş, müti etmişdi.
Kasıbın dərdi azmış kimi yağış da bir yandan hisi-pası ortalığa atmışdı.
Axşamdan hazırlıq görən analar məktəbə gedəcək övladının ayaqqabısını,
üst-başının yırtığını yamayır, dolanışıqdan gileylənir, elə hey deyinirdilər.
Yoxsulların acığına qapını döyən külək qazı, işığı zəiflədir, evləri, ürəkləri
belə soyudurdu. Bu səssizlikdə Tanrıya şikayət edən qadınların fəryadını, bir
də tənha qocanın hayqırtısını eşitmək olurdu…
Döngənin sonundakı alabəzək daxma-evdən çox toyuq
hininə oxşayırdı. Qapısı taxtadan, cəftəsi dəmirdən olan üfunətli otaqda divara
söykənmiş üç ayaqlı stul və dəyirmi stol vardı. Stolun üstündəki bulaşıq
boşqablar, qaşıqlar, qulpu sınıq fincan yuyunub, təmizlənməyin həsrətin
çəkirdilər. Məftildən sallanan tək yüzlük lampa otağın çirkini canına
hopdurmuşdu. Dəlmə-deşikdən süzülən hava axını lampanı tərpətdikcə divarda
oynayan dəli qız surəti gedib-gəlirdi. Üfunət, nəmişlik qoxusu bir-birinə
qarışıb boğucu bir hal yaratmışdı.
Daxmanın əks tərəfində başı diyircəkli pas atmış dəmir çarpayıda yaşı çox
olmayan bir kişi adyala bürünüb zarıyırdı. İliyə işləyən soyuq, yağış
xatirələrin ağuşunda onu alıb uzaqlara aparmışdı...
***
İri pəncəli, üst-başı nimdaş bir kişi çirkli
ayaqlarını sularda şapıldadaraq gedirdi. Ayaqyalın gəzən bu adamın enli qara
şalvarı ətəkdən süzülmüş, palçığa bulaşmışdı. Köhnəlmiş, bir az da dar olan
pencəyin biləyini tez-tez dartışdırır, qabağa çıxmış gözlərini ətrafa baxmaqla
oynadırdı. O, sağa-sola salam vermiş kimi başını tərpədir, özüylə danışırdı.
Görkəmindən ağlı yerində olmadığı bilinirdi. Üzbəsurət aramla onu müşahidə
edirdim. Gəlib yanımdan keçdi. Macəra axtarışında olan mən, səmtimi dəyişib,
kişinin arxasınca düşdüm. O, ayaqyalın olduğundan daha yüngül və sərbəst
yeriyirdi. Ona çatmağa çalışırdım. Bir xeyli yol getdik. Bilirdim ki, axır
yorulub dayanacaq. Yolun sağ tərəfindəki şirniyyat dükanından gələn qoxunu ac
canavar kimi içinə çəkib uladı. Duruxdu, ətrafa baxdı, onun bu əcaib
hayqırtısını eşidən oldumu? Nə edəcəyini kəsdirə bilmədi. Başını qaşıyıb,
havanı dişnədi. Qərarsız, bir az da əsəsbi dükana girdi, mən də dalınca
götürüldüm.
Qəfil dediyi sözdən diksinib dayandım. Ətrafa baxıb
"dalımca heç kim düşməsin, eşidirsiz heç kim”, deyərək dükanı bir an içində
fırlanıb çıxdı. Düzü yorulmuş, həm də qorxmuşdum. Nə qədər maraqlı gəlsə də,
düşündüm ki yəqin sözü mənə eşitdirir. Onu qarabaqara izləməkdən vaz keçib,
vitrindəki şirniyatlara baxmağa başladım. İki-üç dəqiqə keçməmiş geri qayıtdı.
Qoğallar olan tərəfə gedib ikisini götürdü, kassaya pul ödəmədən bayıra çıxdı.
Satıcı qız dayan deyə, hay–küy salmaq istədikdə qoymayıb, "narahat olma, pulunu
mən verəcəm”, onu tanıyıram deyə, ruhi xəstə olduğunu açıqladım. Qızla yenicə
söhbətə başlamışdım ki, bir də gördüm qaçaraq içəri girib ətrafa baxır. Sonra,
satıcı qıza yaxınlaşıb xırıltılı səslə dedi: "Bunların pulunu vermədim axı
qızım, bilirsən mən haram tikə yemirəm, yemərəm də!” deyib, başını bulamağa
başladı”. Söhbətə müdaxilə edib, "pulunu vermişəm əmi, narahat olmayın”, desəm
də o, məni eşitmirmiş kimi qəpikləri vitrinin qarşısındakı stola atıb dükandan uzaqlaşdı…
Dolanbanc, palçıqlı yollarla nimdaş geyimli, ayaqyalın
bir kişi gedirdi. Səfalətin acısında qoynunda gizlətdiyi bükülünün qoxusunu
bərəlmiş gözlərinin işığında isidirdi...
Təranə Fazilqızı