Sədəqəyə günəbaxan olmuşam
ŞAHAM, A QARDAŞ
Bilmirəm dünyada nə günahım var? -
Bir gün sevincim var, bir gün ahım var.
Yaxşı ki, neçə dost, neçə yaxın var,
Bu üzdən diriyəm, sağam, a qardaş!
Allahı başımın üstdə bilənəm,
Batsam da, özümü üzdə bilənəm.
Lap elə qanıma yüz də bələnəm,
Dözüb dururamsa, dağam, a qardaş!
Tufanlar qəddimi teyləyə bilməz,
Məni yarı yolda əyləyə bilməz,
Sel gələ, heç bir şey eyləyə bilməz,
Qalmaz su altında çuxam, a qardaş!
Yaxına qoymadım mən çuğulluğu,
Yaşatdı könlümü sevgi bolluğu.
Ən ali rütbəmdi xalqa qulluğum,
Elə bu rütbədə şaham, a qardaş!
MƏRMİSİ TÜKƏNƏN TOP
Soyumuş təndirə bənzəyir ürək,
Bir-bir kütə gedir söz kündələrim.
Fikirlər dağınıq, duyğular ürkək,
Şeirə çevrilmir düşüncələrim.
Yarıya bilmirəm ilhamdan, təbdən,
Qovrullam bir təşbeh tapana kimi.
Düşürəm taqətdən, çıxıram təbdən
Bir beyti yoğurub yapana kimi.
Nə qədər kağızı cırıb atmışam,
Meşələr bu suçu bağışlayarmı?
Qələmi qırağa fırıldatmışam,
Əcaba, qələmin taxsırı varmı?
Hələ çox mövzu var, gözləyir növbə,
Sonraya qaldıqca kəsərdən düşür.
Lal-kara dönürəm, elə ki söhbət
Bir təzə yaranan əsərdən düşür.
Misranı-misraya tikə bilmirəm,
Qırılıb tökülən sapam bu günlər.
Hayqırıb nərələr çəkə bilmirəm,
Mərmisi tükənən topam bu günlər.
Bir qız bir həftədi şeir gözləyir,
Mənsə günü-günə satıram elə.
Həzin baxışların, ala gözlərin
Nahaq günahına batıram elə.
Sözlər düymə-düymə, qönçə-qönçədi,
Açılmaq istəyir çoxusu, qalıb...
Kim bilir yarımçıq şeirim neçədi,
Bitirə bilməmək qorxusu qalıb.
Yad ilmə boylanır baxışlarından,
Özünə oxşamır bu xalça könlüm.
İlhamın şıdırğı yağışlarında
Bir də oxuyarmı navalça könlüm?
Ay Allah, sən yenə fürsət ver mənə,
Sözümü gəl yerə salma, sən Allah!
Bir az da, bir az da rüsxət ver mənə,
Lütfünü urvatda tutaram, vallah!
ƏLİMİ
KƏS
Mən əlimi yumruq edə bilmədim,
Dərdlərimə qulluq edə bilmədim,
Beş barmaqla yola gedə bilmədim,
Əlimi kəs, əlimi.
Hər
gün Tanrı dərgahına ucaldı,
Havalandl, qaxac oldu, qıc oldu.
Əlimin ki ümidləri puç oldu,
Əlimi kəs, əlimi.
Tutmamışam
vətənimi, elimi,
Düşmənimə uzatmışam əlimi.
Öz əlimlə qısaltmışam dilimi,
Əlimi kəs, əlimi.
Əl
açmışam, ələbaxan olmuşam,
Ələbaxan - falabaxan olmuşam,
Sədəqəyə günəbaxan olmuşam.
Əlimi kəs, əlimi.
Qarışdırıb
halal ilə haramı,
Qəhr elədi əvvəlimi, sonramı.
İndi yaraq tutmağa da yaramır,
Əlimi kəs, əlimi.
Ürəyimin
ağrıları dərində,
Nə olursa, mənə olur yerində.
Pöhrələyər bəlkə günün birində,
Əlimi kəs, əlimi.
ÜZÜMƏ BAĞLANAN QAPI
Bu sizin barınız, bu darvazanız –
Mənim cürətimin dirənən yeri!
Hər dəfə buracan ürəklə gəlib,
Sonra da ürəksiz dönmüşəm geri.
Paxıllıq etmişəm o havaya ki,
Dolaşır sən olan evdə, eşikdə.
Sanmışam, dünyanın bəxtəvəridi
Sizin həyətdəki it də, pişik də.
Ürəyim atlanıb səsin gəlincə,
Adın çəkilincə oda yanmışam.
Sənin saqqızını oğurlamayan
Anama, bacıma acıqlanmışam.
Üzümə bağlanıb dəmir qapınız,
Qan udub qəmlərə qəltan olmuşam.
Məni qul yerinə qoymasan da sən,
Gedib dərd mülkünə sultan olmuşam.
Bir gün toyun olub, gəlin köçmüsən,
"Vağzalı” səsinə can verib eşqim.
Şəkil çəkdirməyə tələsib hamı,
Nələr çəkdiyimi bilməyib heç kim.
...Buraxmır yaxamı o həsrət, o qəm,
Görüm yarımasın yazı yazanı.
Hələ də gözünü ağardır mənə
Bu dəmir qapınız, bu darvazanız...
BİR GÜN GƏLƏCƏK...
Bu qədər özünü aldatma, bəsdi,
En bir az aşağı o mərtəbədən.
Sənə həmişəlik verilməyib ki,
O şəlalə tellər, o büllur bədən.
İşvəndən, nazından bayılıb şəhər,
Göyçək ağızlarda adın hallanır.
Baş rolda başını itirmə hədər,
Oyuncaq olanlar bir gün tullanır.
İpəkdə, qumaşda cilvələnirsən,
Qamaşan gözlərdi hədəfin hələ.
Səni soyuqluğu üşütməyibdi
Mərcanın, incinin, sədəfin hələ.
Güzgülər önündə tumarlan, bəzən,
Tərif yağdıranın, söz deyənin var.
Evdə həsrətini yoxsa da çəkən,
Tinlərin başında gözləyənin var.
Çox da hər gününü, hər saatını
Güldürür kef-damaq səfası hələ,
Sənin gəncliyinlə qocalığının
Öndədi amansız davası hələ.
İlbəil dəyərin, əyarın düşür,
Bulanıq sularda titrəyir əksin.
Axır aqibəti indidən düşün,
Kimsən olacaqmı dərdini çəksin?
Söndümü qəlbinin atəşi, odu,
Özgə şam gəzəcək pərvanələrin.
Çevrən boşalacaq, gözün dolacaq,
İt-bata düşəcək divanələrin.
Kaş ki, sərgiləyib gözəlliyini,
Boyundan yuxarı boylanmayaydın.
Sən bütöv olanda əlçatmaz idin,
Gərək dilimlənib paylanmayaydın...
QAYIT
"Qayıt, sahmana sal bu kainatı...”
Əli Kərim
Sənin yoxluğunla doludu şəhər,
Dönmüşəm bir eşqin qəm heykəlinə.
Sirrimiz sirr idi dünənə qədər,
İndi hamı bilir sənin dəlinəm.
Atəşdə donanam, şaxtada yanan,
O küçə-bu küçə gəzirəm sənsiz.
Bir Allah bəndəsi varmı dərd qanan?-
Sailəm, yetiməm, yesirəm sənsiz.
Doğmalar içində qəribəm, yadam,
Bu boyda şəhərdə həyanım yoxdu.
Dünyası viranə, yurdu bərbadam,
Ta bunun o yanı-bu yanı yoxdu.
Qoşa izlərimiz qalmayıb deyə,
Tanış yollarda da azıram indi.
Evimin içində qəm yeyə-yeyə
Qürbət nəğmələri yazıram indi.
Zildəmi oxuyum, pəsdənmi deyim?
Buludlar bu dərdi ağlayaydı kaş!
Vitrinlər, aynalar gözünü döyür –
Bir-iki əksini saxlayaydı kaş!..
Üzümə yad baxır dalanlar, tinlər,
Bu duman aradan çətin çəkilə.
Yoxluğa xəbərsiz səyahətinlə
Evimi yıxmısan, evi tikilən.
Altı-alt, üstü-üst qoyub getmisən,
Qayıt, öz taxtına, tacına qayıt!
Bəlkə də sən məndən doyub getmisən,
Mən sənin əbədi acınam, qayıt!
MƏHƏBBƏT
Bir anın fürsəti - bir ömrə naxış,
Qəfildən ruhumda yaz mehi əsib.
Məni məndən edib həlim bir baxış,
Gecikmiş sevincə könlüm tələsib.
Tellərin məst edib barmaqlarımı -
Sayaq ki, xətadı, əlimdən çıxıb.
Adın ballandırıb dodaqlarımı -
Bilməyib demişəm, dilimdən çıxıb.
Hey asıb-kəsirsən, yamanlayırsan,
Yetməzmi? Qəlbimi qırırsan, axı.
Nifrəti adıma ünvanlayırsan,
Nahaqdan qəsdimə durursan, axı.
Sən mənim ömrümün təzə baharı,
Sevmişəm göz ilə qaş arasında.
Əriyib könlümün sırsıraları,
Gül açıb payızla qış arasında.
Canımı sıxsa da namərd qocalıq - ,
Bulana-bulana durula billəm.
Mənim təbim rəvan, ruhum cavandı,
Səksən yaşımda da vurula billəm.