• cümə, 19 Aprel, 04:00
  • Baku Bakı 18°C

Seçim qarşısında qalan Qırğızıstan - ya dünyəvi dövlət, ya da...

03.10.17 10:00 1302
Seçim qarşısında qalan Qırğızıstan - ya dünyəvi dövlət, ya da...
Prezident seçkiləri ərəfəsində Qırğızıstanda maraqlı proseslər yaşanır. Ölkə ilə bağlı tədqiqat aparan nüfuzlu beyin mərkəzləri, mütəxəssislər ölkədə dini cərəyan və qurumların aktivləşdiyi təhlükəsindən bəhs etməyə başlayıblar. Hətta prezident Almazbek Atambayev də bu təhlükənin artmasından narahatçılığını ifadə edib. Postunu tərk etməyə hazırlaşan prezident, dövlətçilik və mədəniyyət ənənələrindən çıxış edərək, dini ekstremizm və terrorizm dalğasının qarşısının alınmasına çağırıb. Bişkekdə keçirilən beynəlxalq konfransda çıxış edən prezident məsələyə məhz bu cür yanaşmanın zəruriliyini bildirib. İslam Qırğızıstanda tək cəmiyyətdə deyil, artıq siyasət və iqtisadiyyatda da mühüm rol oynayır. Almazbek Atambayev da dəfələrlə insanları yad elementlərdən imtina etməyə çağırıb. Onu da qeyd edək ki, "İslam müasir dünyəvi dövlətdə” konfransında 19 ölkədən olan ekspertlər, ilahiyyatçılar iştirak edib. Dövlət başçısı bildirib ki, dini atributlardan yeri gəldi-gəlmədi istifadə olunur. "İslam heç kimdən dini atributlardan istifadə etməyi, ideya və inamını, eləcə də, digər dövlətlərin adət-ənənələrini qəbul etməyi tələb etmir. Belə cəhdlər cəmiyyətdə parçalanmağa, gərginlik və münaqişələrə gətirib çıxara bilər”, - deyə qırğız prezident vurğulayıb. O bildirib ki, islam ehkamlarının ən müxtəlif formada çatdırılması təhlükəlidir: "Bundan istifadə edən ekstremist qruplar terror aktı həyata keçirir, münaqişələrə səbəb olurlar. Dünyada heç bir ölkə belə bir destruktiv fəaliyyətdən sığortalanmayıb”.
Bir sıra hesablamalara görə, ölkə ərazisində 3 mindən artıq məscid fəaliyyət göstərir və onların heç də hamısı dövlət qeydiyyatından keçməyib. Özü də ən təhlükəlisi odur ki, dini obyektlərin sayı xarici ölkələrdən axıdılan maliyyə hesabına artır. Hətta qırğızlar arasında yarızarafat belə söhbət gəzir ki, ölkədə məscidlərin sayı məktəblərin sayından çoxdur. Bura əlavə olaraq 102 fəaliyyətdə olan mədrəsə, 7 islam institutu və 1 islam universitetini də daxil etmək olar. Dindarların da sayı durmadan artır. Qırğız şəhərlərində, xüsusən də regionlarda ənənəvi müsəlman geyimlərində olan qadınların sayı sürətlə artır. Kişilərə isə ağ rəngdə Pakistan şalvarları və uzun köynəklərdə - kamizlərdə rast gəlmək mümkündür. Belə bir paltar qırğızlarda heç bir vaxt dəb olmayıb. Yalnız Bişkek dünyəvi şəhər statusunu qoruyub saxlayır. Lakin burada da vəziyyət sürətlə dəyişir. Mütəxəssislər hesab edir ki, islamın Qırğızıstanda rolu zaman-zaman artacaq və bu prosesin geri dönməsi çətin olacaq. Hərbi və təhlükəsizlik məsələləri üzrə ekspert Toktokul Kakçekeyev hesab edir ki, Qırğızıstanda dini psixoz göz önündədir.
"Dini atmosfer şəraitində uşaqlar tərbiyə olunur. Onların beyninə müasir mədəniyyətin aşılandığı yeridilir. Küveyt, Qətər, Səudiyyə Ərəbistanı kimi dövlətlərin hesabına məscidlər tikilir. Sovet dövründə məscidlərin sayı 40-ı keçmirdi. Bu gün isə 3000 minə yaxındır. Dini məktəblərdə Misir, İordaniya, Səudiyyə Ərəbistanı və digər ölkələrdə ali dini təhsil alanlar çalışır”, - deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, respublikada dini ənənələr təbliğ edilir. Ən təhlükəlisi isə ölkədə islam dövlətinin yaradılması barədə müzakirələrin artmasıdır. "Hakimiyyət hələ ki, açıq ekstremist çıxışlara reaksiya verir. Lakin adekvat tədbirlər görülməsə, onda gələn il keçiriləcək parlament seçkilərində yerlərin yarısına dindar deputatlar yiyələnə bilər”, - deyə ekspert bildirib. Prudent Solutions Analitik Mərkəzinin direktoru Esen Usubaliyev isə hadisələrin belə inkişaf ssenarisini real saymır. Belə ki, yaxın illər üçün dini əsaslara söykənən siyasi partiyanın yaradılması mümkünsüz görünür. Qırğızıstanda isə sərt dini liderlik üfüqdə belə görünmür. Belə ki, mövcud müsəlman qrupları sırasında vahid mövqe yoxdur. Onlar müxtəlif təsir altında olub, siyasi platformaya belə malik deyillər. "İstisna etmirəm ki, islam partiyası ideyası olsun. Lakin siyasi fəaliyyəti lazımı səviyyədə təmsil edə bilmirlər”, - deyə ekspert Toktokul Kakçekeyev bildirib. Onun sözlərinə görə, hakimiyyət dəqiq mövqeyə malikdir - Qırğızıstan dünyəvi dövlətdir və belə də qalacaq.
Azər
banner

Oxşar Xəbərlər