• cümə, 29 Mart, 19:41
  • Baku Bakı 14°C

Seçilən olmaq istəməyən adam – Uğur hekayəsi

17.03.17 10:30 3669
Seçilən olmaq istəməyən adam – Uğur hekayəsi

Öz inkişafı üçün pulundan keçməyi xoşlayır. Onun fikrincə, dünyadakı sistemə əsasən, öz inkişafın, təhsilin üçün nə qədər pul xərcləsən, o qədər çox qazanacaqsan. Müsahibimiz Türkiyədə və Səudiyyə Ərəbistanında 50-dən çox universitetdə 100-ə yaxın seminar, konfrans və sərgi iştirakçısı, Türkiyənin ən böyük e-ticarət danışmanlığı edən Baltaş Group-da e-ticarət sahəsi üzrə professional e-ticarət mütəxəssisi olaraq məzun olan yeganə azərbaycanlı Əyyub Hüseynzadədir. Qafqaz Universiteti Biznesin İdarə və təşkili ixtisasını bitirib. 2014-15-ci illərdə Qafqaz Universiteti Texnoparkının layihə rəhbəri kimi çalışıb. Hazırda Business Talk (businesstalk.az), Tələbə Dünyası (telebedunyasi.az), Edex şirkətlərinin təsisçi və rəhbəri, kitabdunyasi.com saytının həmtəsisçisi və rəhbəridir.

- Kiçik yaşlarınızdan futbolçu olmaq istəmisiniz. Necə oldu ki, futbolçu olmaqdan vaz keçdiniz?
- Yaşadığım Mehdiabad qəsəbəsində futbol klubumuz var idi. Beşinci sinifdən burada məşq etməyə başladım. Öncə kəndlərarası, sonra regionlararası yarışlara qatıldıq. Həmişə ilk üç yerdən birini tuturduq. Futbol mənə çox şey öyrətdi: son ana qədər mübarizə aparmağı, stress altında oynamağı, komanda üzvləri ilə birgə addımlamağı. Bunları iş həyatına köçürəndə sənə çox şey verir. Yaşa dolduqca digər klublara keçdim. Sonra valideynlərimin istəyi ilə universitetə girdim. Bizdə standart budur: nə olursa olsun universitetə girməlisən. 11-ci sinifdə oxuyanda həm hazırlığa getmək, həm də hər gün məşq etmək bir arada tutmur. Real həyat budur ki, bir işi etmək üçün digərindən vaz keçməlisən. Bir gün cəbr müəllimim dedi ki, ya futbola get, ya da hazırlığa gəl. O zaman işin ciddiyyətini anladım. Mənim üçün çətin olsa da, valideynlərimin yönləndirməsi ilə məcburən universiteti seçməli oldum. Bununla da futbol sevdama son qoydum.

- Futbolçu olmadığınıza görə peşmansınız?
- İnsanın içində daim "kaşkilər” qalır. Ürəyimdəki futbol nisgilini azaltmaq üçün yayda məhəlləmizdə futbola marağı olan uşaqlara futbol dərsi keçirdim. Düşünürəm ki, psixoloji olaraq futbol sevdası məndə yara kimi qalıb.

- Deyəsən, universitetə qəbul olandan bir il sonra ixtisasınızı da dəyişmisiniz?
- Valideynlərimin təklifi ilə bank işini seçdim. Mən də xaraktercə sosial insanam. Universitetdə oxuyandan sonra dünyagörüşüm yarandı və düşündüm ki, səhər saat 9-dan axşam 6-ya kimi bir yerdə oturub işləyə bilmərəm. Sonra ərizə yazıb bank işini biznesin idarə edilməsi ixtisasına dəyişdim. Bu zaman da anladım ki, biznesin mühasibatlıq, statistika, maliyyə tərəflərini deyil, idarəetmə, marketinq yönlərini sevirəm. Sonra təhsilimi dondurdum və Türkiyədə rəhbərlik, psixoloji danışmanlıq ixtisası üzrə oxumaq qərarına gəldim. Bu ixtisasın xarakterimə uyğun olduğunu düşündüm. Amma maddi sıxıntılar ucbatından ora da gedə bilmədim. Məcburən ixtisasımı davam etdirdim. Bu gün gördüyüm işlərdən biri də tədbirlərin təşkilidir. Geriyə dönüb baxanda görürəm ki, məktəb dövründə təşkilatçılıq işlərini öz üzərimə götürürdüm. Yəni bu bacarıq məndə məktəb dövründən irəli gəlir. Əgər məktəbi bitirərkən mənə düzgün yönləndirmə verən olsa idi, tədbirlərin təşkil edilməsi, yaxud buna yaxın ixtisas seçərdim. Tələbəlik dövründə oxumaqla, seminarlara, treninqlərə qatılmaqla özümü bir növ kəşf etdim və başa düşdüm ki, bu, sevdiyim işdir.

- Adətən gənclər gözləyirlər ki, universiteti bitirsinlər, sonra işə başlasınlar. Siz necə, universiteti bitirəndən sonra iş həyatına atıldınız?
- Xeyr, mən elə tələbəykən işə başladım. Universitet dövründə sosial olduğuma görə iş dünyasının içərisində idim. Tədbirlərə qatılırdım. Görürdüm ki, oxuduğumuz dərs kitabları ilə real iş həyatı tam fərqlidir. Tələbə olanda adam fikirləşir ki, institutu bitirəndən sonra gedib hər hansı şirkətdə nə qədər maaşa ehtiyacı olduğunu deyəcəksən və işəgötürən də sənə o maaşı verəcək. Amma iş həyatına atılandan sonra görürsən ki, sən seçən tərəf deyil, seçilən tərəfsən. Mən heç bir zaman seçilən tərəf olmaq istəmədim. Düzdür, hansısa şirkətə gedib "mən 2000-3000 manata işləyəcəyəm” sözünü deyə bilərsən, amma bunun arxasında biliyin, təcrübən, bacarıqların, təhsilin olmalıdır. Yalnız bunların qarşılığında bu sözləri deyə bilərsən və qarşındakı səninlə razılaşar. Öz işimi qurmağa maraqlı olduğuma görə universitet dönəmindən buna yönəldim.

- Tələbələrin əksəriyyəti gözləyir ki, universiteti bitirib sonra işə başlasınlar. Bu cür düşünən tələbələrə tövsiyəniz…

- Tələbələrə tövsiyə edərdim ki, 1-2-ci kursdan işləsinlər. Bu zaman universiteti bitirəndən sonra rahat şəkildə normal iş tapa biləcəklər. 4 il ancaq universitetə gedib-gələn məzunun iş qurmaq və hansısa şirkətdə rahatlıqla iş tapmaq imkanı sıfıra bərabərdir. Bir tələbəni yetişdirmək şirkət üçün xeyli müddət və maliyyə tələb etdiyindən buna getməyi sevmirlər. Nəzərə alaq ki, məsələn, biz icarəyə yer götürmüşük və aylıq icarə haqqı ödəyirik. İcarədar üçün sizin işləyib-işləməməyinizin, işə təcrübəsiz adamları götürməyinizin təfavütü yoxdur, hər ayın sonu icarə haqqını verməlisiniz. Bu baxımdan kiçik və orta şirkətlər üçün bir tələbəni yetişdirmək maraqlı deyil. Bu, böyük holdinqlər üçün maraqlı ola bilər. Çünki onların arxasında böyük vəsaitlər dayanır. Ümumiyyətlə, şirkətlərə iş üçün müraciət edəndə onlara nə oxuyub, nə öyrəndiyin maraqlı deyil. Dünyanın hər yerində şirkətlər eyni sualı verir: nə bacarırsan, nə edə bilərsən? Heç nə bacarmadığın təqdirdə, ən yaxşı halda şirkət səni 2-3 aylıq təcrübəyə götürür. Bəzən sosial şəbəkələrdə yazırlar ki, şirkətlər tələbələri qul kimi işlədirlər. Bu düşüncə tamamilə yanlışdır. 2-3 ay qul kimi işləyib işi öyrəndikdən sonra həmin şirkətdən çıxıb başqa yerdə minimum maaşla işə başlaya bilərsən. Bir də görürsən, magistr dərəcəsi olan adam iş üçün müraciət edir, amma primitiv word (vörd), exsell proqramlarını bilmir. Bu adamı işə təcrübəçi kimi götürməyib, nə edəcəklər? Təəssüflər olsun ki, bizdə tələbələr universitet vaxtı rahata öyrəşirlər. Valideynləri də onları işləməyə qoymur. Universiteti qurtarandan sonra da təşvişə düşürlər ki, iş tapmırıq. İşsizlik dünyanın bütün ölkələrində var. Amma təcrübəsi olanlar heç bir zaman işsiz qalmır. Çoxları Azərbaycanda "dayday”ın keçərli olduğunu deyirlər. Bu, dünyanın başqa ölkələrində də var. Əgər əmim oğlu mənim şirkətimdə işləmək üçün müraciət edirsə, onu işə götürürəm, amma işi bacarmasa, bir aydan sonra onu çıxarmaq məcburiyyətindəyəm. Çünki iş elə bir şeydir ki, getməlidir, ayın sonunda icarə haqqını verməlisən.

- 2009-cu ildə oxuduğunuz universitetdə ən çox kitab oxuyan tələbə adını almısınız…
- Mən universitetə sıradan bir məktəbdən gəlmişdim. Qrup yoldaşlarım isə lisey məzunları idilər. Onlarla mənim dünyaya, həyata baxış tərzim arasında ən azı iki il fərq var idi, yəni onlar məndən iki il qabaqda idilər. Universitetə daxil olarkən kəşf etdim ki, dünyada, öz həyatında dəyişiklik etmək istəyirsənsə, onun kökü təhsildir. Başqa bir yerdə nəsə axtarmaq lazım deyil. O zaman düşündüm ki, valideynlərim imkanlı deyil, güclü qohum-əqrəbam da yoxdur ki, mənə karyera pilləsində irəliləməyimə yardım etsin. Dünyada 4 cür insan var. Birincisi, ailəsi imkanlıdır, şirkətlər atadan oğula keçir və oğul şirkətləri idarə edir. İkincisi, ailəsinin dəstəyi ilə yaxşı yerdə işə düzəlir. Üçüncüsü, özü öz gücünə, əziyyət çəkərək hansısa səviyyəyə qalxır. Dördüncüsü, iş həyatında inqilab edən insanlar var. Məsələn, Stiv Cobs, Bill Qeyts. Mən üçüncü növ insan olduğuma görə düşündüm ki, hər kəsdən daha çox oxuyub, daha çox çalışıb bir yerə çata bilərəm. Buna görə də davamlı olaraq oxumağa başladım. Universitetin kitabxanasında kitab götürən tələbələr qeydiyyata düşür. Hesablama aparanda 2009-cu ildə ən çox kitab oxuyan tələbə olduğum aşkarlandı.

- Bəs necə oldu ki, kitabdunyası.com yarandı?

- Tələbə vaxtı ailəmizin maddi imkanı o qədər də güclü deyildi. Universitetə girərkən ilk ilimin təhsil haqqının böyük bir qismini atamın müdiri, ikinci il qohum-əqrəbam verdi. Onun sayəsində təhsilimi davam etdirə bildim. O zaman ayda maksimum bir kitab ala bilirdim. Dostlarımdan birinin yanında kitab ala bilmədiyimdən şikayətlənəndə o, Türkiyədən kitab gətirməyin yollarını öyrətdi. İkinci kursda oxuyanda ilk dəfə özümə 5 kitab sifariş verdim və düşündüm ki, bu işi edə bilirəmsə, niyə də bu sahədə iş qurub qalan pulla özümə kitab almayım. Feysbukda səhifə açdım və işə başladım. Saytı 4 nəfər qurduq və facebook üzərində satışlar etməyə başladıq. Sonra Qafqaz Universitetinin Texnoparkına müraciət etdim və mənim startapıma maliyyə dəstəyi verildi, işi daha da böyütdüm.

- Türkiyədə 10-dan çox universitetdə ən müxtəlif və günün tələblərinə uyğun mövzularda seminar və treninqlərdə iştirak etmisiniz. Bu seminarlara canlımı qatılmısınız?
- Əksəriyyətinə getmişəm. Ümumiyyətlə, onlayn seminarlara qatılmağı sevmirəm. Türkiyədəki həmkarlarımızla müəyyən proqramlar gerçəkləşdiririk. Hər il yayda "Türkiyədə universitet səyahətləri” proqramı təşkil edirik. 5-6 universitetlə danışırıq. Onlar gündəmə uyğun mövzular qoyurlar və Azərbaycandan 30-50 nəfər ödəniş edərək bu seminarda iştirak etmək istəyir. Onları apararkən həm pul qazanmış oluram, həm də bu tədbirlərdə iştirak etmək imkanı əldə edirəm. Amma elə tədbirlər olur ki, 600-700 manatımdan keçib gedirəm. Həmin pulu verib tədbirlərdə iştirak etdiyimə görə bu gün hansısa işləri görə bilirəm. Türkiyəli iş adamı Acun İlaclı ilə şəklimi sosial şəbəkələrdə paylaşmışdım. Dostluğumda olanlar rəy yazdılar ki, "bizi də apar”. Amma o insanla görüşmək üçün 700 manatım çıxdı. O cür insanla görüşmək, söhbətləşmək, nəsə öyrənmək üçün sizin də o pulu xərcləməyiniz lazımdır. Biz Türkiyədən 7-8 iş adamı gətirdik. Dost-tanış deyir ki, sənin ətrafın geniş olduğuna görə bu işi görə bilirsən. Doğrudur, genişdir. O genişliyi pul xərcləyərək qazanmışam. Amma bunu əziyyət çəkmədən qazanmaq istəyənlər var. Buna görə də onlarda alınmır. Mənim heç kimdən böyük bir fərqim yoxdur.

- Belə başa düşdüm ki, inkişafınız üçün pulunuzdan keçməyi xoşlayırsınız?
- Elədir. Bu gün böyük şirkətlərin idarəçilərinə baxsaq, görərik ki, Harvard, Oksford universitetlərinin məzunlarıdırlar. Harvard Universitetinin təhsil haqqı 45 min dollardır. Bu gün mənim imkanım olsa, o pulu verib orada oxuyaram. Harvard Universiteti sorğu keçirib ki, bu universitetin məzunları təhsil haqqına xərclədikləri pulu nə qədər vaxta çıxarırlar. Məlum olub ki, həmin pulu 9 ay müddətinə qazanırlar.

- Bir sözlə, təhsilə qoyulan pul itmir…
- Bəli. Dünyadakı sistem budur ki, öz inkişafın, təhsilin üçün nə qədər pul xərcləsən, o qədər çox pul qazanacaqsan. Düstur budur, başqa bir sirr yoxdur.

- Bir çoxları uğuru yaxşı karyera qurmaqda görürlər. Sizcə, necə adam uğurlu adamdır? Yaxşı karyera quran, eyni zamanda uğurlu ailəsi olan, yoxsa yalnız uğurlu karyera kifayətdir?
- Azərbaycanda həm uğurlu karyerası, həm də uğurlu ailəsi olan iş adamı modeli həddindən artıq azdır. Türkiyədə çox böyük insanlar var. Adamlar böyük markaların qurucularıdır, məhsullarını 50-60 ölkəyə ixrac edirlər, hər birinin minimum 4 uşağı var. Ailə var, karyera var, uşaq var, idarə etdikləri holdinqlərin universitetləri var, universitet yoxdursa, ən azı 5 tələbəyə təqaüd verirlər. Bununla yanaşı, adamın sosial fəaliyyəti var, futbolla, üzgüçülüklə, qaçışla və s. məşğuldur. Eyni zamanda, müxtəlif dərnəklərdə, tutaq ki, ekologiya dərnəyində fəaliyyət göstərir, cəmiyyətə öz faydasını verir. Hətta bəzi iş adamları var ki, məqalə, köşə, kitab yazır, axşamlar işdən sonra universitetdə dərs deyirlər. Düşünün ki, bunların hamısını bir insan edir. Mənə görə uğurlu insan budur. Biz televiziyalarda bahalı geyimlərdə, bahalı maşınlarda, bahalı restoranlarda gəzən müğənnilər, iş adamları görürük. Bəzən bunlar bizə xoş gəlir, onlara qibtə ilə baxırıq. Amma onların çoxunun ailəsi, sosial fəaliyyəti yoxdur. Üstəlik, cəmiyyətlə bağlı faydalı heç bir iş görmürlər. Ancaq özləri üçün yararlıdırlar. Təəssüflər olsun ki, bizdə kitab oxumaq dövrü, sosial fəaliyyət universiteti bitirdikdə bitir. Amma dünyada bu fəaliyyətlər 50-60 yaşa kimi davam edir. Öz həyatımda tətbiq etməyə çalışdığım model məhz budur. Ola bilər ki, ayda 100 min manat qazanmaram. Amma ailəm, sosial fəaliyyətim olar, universitetdə dərs deyərəm, kitab yazaram, cəmiyyət üçün faydalı iş görərəm. Mənim üçün uğurlu model budur.
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər