• cümə, 29 Mart, 03:09
  • Baku Bakı 7°C

Seçicinin seçmək, dəyərləndirmək imkanı var

28.01.20 19:26 12396
Seçicinin seçmək, dəyərləndirmək imkanı var
Siyasi partiya sədrləri seçki prosesinin indiyə qədərki dövrünü müsbət qiymətləndirirlər

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinə cəmiyyətdə böyük maraq var. Buna misal olaraq, seçkidə iştirak etmək üçün namizədliyi qeydə alınan şəxslərin sayını göstərmək olar. 125 seçki dairəsinin hər birində millət vəkili seçilmək uğrunda ən azı 10 namizəd mübarizə aparır. Maraqlı məqam həm də burasıdır ki, müstəqil namizədlərlə yanaşı, siyasi partiya üzvü olan namizədlər də budəfəki parlament seçkisində çoxluq təşkil edir. Mərkəzi Seçki Komissiyasında (MSK) Vətəndaş və İnkişaf, Yeni Azərbaycan, Ümid, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Milli İstiqlal, Demokrat, Ana Vətən, Təkamül, Müsavat, Sosial Rifah, Vəhdət, Demokratik İslahatlar, Liberal Demokrat, Demokratik Maarifçilik, Müasir Müsavat və sair partiyalarının səlahiyyətli nümayəndələri xeyli vaxt bundan əvvəl qeydə alınıb. Sözügedən partiya rəhbərlərinin bir qismi arasında sorğu keçirərək, seçki prosesinin indiyə qədərki dövrü ilə bağlı fikirlərini öyrəndik.


Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, indiyə qədər heç bir seçkidə indi olduğu qədər kütləvilik, vətəndaşların sərbəst şəkildə namizədliklərini irəli sürməsi müşahidə olunmayıb. Partiya sədrinin sözlərinə görə, namizədliyin irəli sürülməsi, qeydiyyata alınması və yanvarın 17-dən başlanan təşviqat mərhələsində hələlik hər hansı ciddi qanun pozuntusuna rast gəlinməyib: "Ayrı-ayrı siyasi partiyaların qeydiyyatı, yaxud imza toplaması mərhələsində bəlkə də xırda maneələrə rast gəlinib. Ümumən ölkədə bunu izləyə bilməmişəm. Ancaq ümumən vətəndaşlar indiyə qədər olan prosesdən razıdır. Namizədliyimin qeydə alındığı dairədə, rayonda digər dairə seçki komissiyalarında olduğu kimi ideal şərait yaranıb. Bizim dairə seçki komissiyasında 14 namizəd qeydə alınıb, onlardan biri də mənəm. Onların hamısı vaxtlı-vaxtında müraciət edib, imza vərəqi götürüb, təhvil veriblər. Hazırda da hər hansı maneə olmadan təbliğatlarını aparmaqdadırlar. Hər bir namizəd azad və sərbəst şəkildə kəndləri gəzir, seçicilərlə görüşürlər. O baxımdan, təəssüratım son dərəcə yaxşıdır. Bizim partiyadan ümumilikdə 14 nəfər namizəd kimi mübarizəsini davam etdirir. Hər gün seçicilərlə görüşürəm. Vətəndaşlar da sevinirlər ki, proses bu cür şəffaf, demokratik şəkildə cərəyan edir. Sosial medianın imkanlarından geniş istifadə edilir. Hər kəs keçirdiyi görüşlər barədə təəssüratını bölüşür, sözünü açıq şəkildə deyir. Alternativ fikirlər, rəy müxtəlifliyi var. Seçicinin seçmək, dəyərləndirmək imkanı və şansı var”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib ki, seçki prosesinə start veriləndən indiyə qədər ciddi qanun pozuntusuna, hər hansı maneəyə rast gəlinməyib. Onun fikrincə, hər bir namizəd əvvəlcədən ayrılmış yerdə rahat şəkildə təbliğat-təşviqat kampaniyasını aparır: "Seçicilərlə görüşümüzə hər hansı əngəl yaratma deyilən bir hal qeydə alınmayıb. Mənim namizəd olduğum dairədə də belə hala rast gəlməmişəm. Hər kəs sərbəst şəkildə öz funksiyasını həyata keçirir, rahatlıqla seçicilərlə təmas qurur. Şübhə etmirəm ki, beləcə də davam edəcək. Hər hansı xoş olmayan sürpriz gözləmirəm. İnanıram ki, seçki demokratik, şəffaf məcrada davam etdiriləcək. Bizim partiyadan 65 nəfərin namizədliyi irəli sürülmüşdü. Onlardan müəyyən bir qismi qeydiyyatdan keçə bilmədi. Bəzisi isə şansının az olduğunu hiss edərək namizədliyini geri götürdü. Faktiki olaraq partiyamızın 6 üzvü qeydiyyatdan keçib və onlar mübarizəni davam etdirirlər. Onlar tərəfdən partiyaya proseslə bağlı hər hansı narazılıq, şikayət daxil olmayıb”.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev seçki prosesinin normal getdiyini vurğulayıb: "Bizim partiya olaraq öz təkliflərimiz, təşəbbüslərimiz var idi. İstəyirdik ki, ölkədə proporsional seçki sistemi tətbiq olunsun. Belə olardısa, bəzi xarici ölkələrin əlində oyuncağa, alətə çevrilənlər özlərini təbliğ etmək imkanından məhrum olacaqdılar. Onlar seçkiyə qoşulacaqdılar və hər kəsin, ümumilikdə cəmiyyətin özlərinə qarşı münasibətini görəcəkdilər. Lakin bu, olmadı. Hazırkı seçkinin gedişinə gəlincə, prosesə start verildiyi andan indiyə qədər bütün mərhələlər normal keçib. Bizim partiya 31 namizədlə seçkiyə qatılıb. Hər hansı narahatlıq yoxdur. ATƏT-in nümayəndələri ilə danışıqlarda onlara yeganə irad kimi bildirdim ki, Azərbaycan dövlətinin və seçicisinin iradəsindən asılı olmayaraq, bir çox dairələrdən namizədlərimizi geri çəkdik. Onlar bunun səbəbini soruşdular və izah etdim ki, məcburi köçkün və qaçqın vətəndaşlarımızın rayonlarından namizədlər irəli sürmüşük. Lakin qaçqın və məcburi köçkünlər Azərbaycanın 60 rayonuna səpələndiyi üçün namizədliyi qeydə alınan şəxsin həmin seçicilərlə görüşmək, onların üzləşdiyi problemləri ümumiləşdirmək imkanı yoxdur. Xahiş etdim ki, ATƏT nümayəndələri öz məruzələrində bunu xüsusi olaraq qeyd etsinlər: Ermənistanın işğalçılıq siyasəti Azərbaycanda seçilən və seçən vətəndaşların hüquqlarını da pozur. Məhz bu baxımdan, bir çox namizədlərimizi geri çəkməli olmuşuq. Yerdə qalan digər dairələrdən namizədliyi qeydə alınan partiya üzvləri təşviqat prosesini uğurla davam etdirirlər. Ümid edirik ki, fevralın 9-da demokratik seçki keçiriləcək, Azərbaycan xalqı öz iradəsini ifadə edəcək”.

"AĞ” Partiya (Vahid Azərbaycan Partiyası) sədri Tural Abbaslı da qəzetimizə açıqlamasında deyib ki, indiyə qədər olan proses tam normal keçib. O bildirib ki, partiya xətti ilə 13 nəfərin namizədliyi irəli sürülüb, 12 nəfərin namizədliyi qeydə alınıb: "Namizədliyin irəli sürülməsi, imzatoplama kampaniyası dövründə hər hansı problem ortaya çıxmayıb. Sadəcə, bəzi dairə sədrlərinin məlumatsızlığı, özfəaliyyəti, bir sıra hallarda yerli icra qurumlarının yersiz müdaxilə cəhdləri səbəbindən xırda-para problemlərimiz olub. Nisbətən də dairə seçki komissiyaları ilə banklar arasında olan əlaqəsizlik problem yaradıb. Ümumən götürdükdə ciddi qanun pozuntusu sayılacaq problem yaşanmayıb. Proses indiyə qədər normal keçib, bundan sonra olacaqları əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Hazırda təbliğat-təşviqat mərhələsidir. Namizədlərimiz Ağcabədi, Kürdəmir, Göyçay, Naxçıvan, Bakı və sair bölgələrdə təbliğatlarını aparırlar. Hələlik hər şey qaydasında gedir, vəziyyəti müsbət qiymətləndirirəm. Güman edirəm ki, seçki günü də proses bu cür olacaq”.

Növbədənkənar parlament seçkilərində kütləviliyə gəlincə, partiya sədri hesab edir ki, bu qədər namizədin prosesə qatılması Prezident İlham Əliyevin çıxışı ilə bağlıdır: "Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, yeniliklər olacaq, islahatlar gedəcək, gəncləşmə prosesi baş verəcək. Vətəndaşların bir qismi məhz bu fikirlərdən ruhlanaraq namizədliyini irəli sürüb. 19 siyasi partiyadan cəmi 460 namizəd var. Yerdə qalan digər namizədlərin hamısı öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 2005-ci ildən indiyə qədər keçirilən parlament seçkilərində ən çox namizəd məhz budəfəki seçkidə qeydə alınıb. Ona görə də hətta seçkini boykot etmək anlayışından da söhbət gedə bilməz. Seçkidə kütləvi iştirak, xalqın prosesdə iştirakı boykot anlayışını ikinci plana atıb. Heç bu barədə danışılmır. Tam demokratik seçki keçirilərsə, bu mənzərəni demokratiyanın göstəricisi saymaq olar”.

Ərturan İSMAYIL
banner

Oxşar Xəbərlər