• cümə axşamı, 25 aprel, 12:39
  • Baku Bakı 23°C

“Sazı görəndə “Yanıq Kərəm” yada düşür” – Şou-biznes

21.10.14 10:34 4212
“Sazı görəndə “Yanıq Kərəm” yada düşür” – Şou-biznes
Bu gün gənclər müasir çalğı alətlərinə maraq göstərib, onu təbliğ etməyə təşəbbüs göstərirlər. Elə “Gənclik qəzeti”nin bugünkü qonağı da məhz elə gənclərdən olan Aqşin Tariyeloğludur. Belə ki, müsahibimiz milli alətimiz olan sazı gənclərə sevdirmək niyyətindədir. O, saza müxtəlif ritmlər əlavə edərək onu rok-pop üslubunda ifa edir.
Uzun müddətdir ki, efirlərdə saz ifaçısı kimi tanınan, bir sıra festivallara qatılan Aqşin Tariyeloğlu bizimlə söhbətində bildirdi ki, gənc nəslə saz alətini sevdirmək üçün müxtəlif üsullardan istifadə edir.
“Hər şey təbliğatdan asılıdır”

- Aqşin, bu gün gənc nəslin saza olan münasibəti necədir? Ümumiyyətlə saz sənətinə maraq varmı?
- Əlbəttə. Bu sənət bizə ulu bablarımızdan ərməğan qalıb. Əksər gənclərimiz də saza böyük hörmətlə yanaşırlar. Ümumiyyətlə, gənclik nə görürsə, ona da meyl göstərir. Onlara bir şeyi yaxşı təbliğ edəndə, onlar da çalışır ki, o istiqamətdə getsinlər. Təəssüflər olsun ki, bu gün bəzi məkanlarda sazı ucuzlaşdırırlar. Gənclərimiz onlara baxanda elə bilirlər ki, saz sənəti məhz bundan ibarətdir. Saz ifaçısı olaraq bu mənə çox təsir edir. Mən hər zaman çalışmışam ki, gördüyüm işləri tamaşaçıya səviyyəli şəkildə təqdim edim. Başlıca məqsədim odur ki, gənclərə sazı sevdirim. Bir neçə ilə bundan öncə “Ruhani” havasını pop janrında ifa edəndə bir neçə gənc mənə yaxınlaşıb, sazda bu tip ifaların olduğuna təəccüblərini bildirdilər. Saz həm müasir, həm də qədim sənət növüdür. İndi deyirlər ki, qədim sənət növü olduğu üçün bu sənət unudulub. Əslində belə deyil. Ona qalsa, köhnə mili geyimləri geyinərdik. Geyimlərimizdə heç bir dəyişiklik etməzdik. Zaman keçdikcə insanların zövqü də dəyişir.
- Bugünkü gənclərimiz daha çox gitaraya meyl göstərirlər. Sizcə bu saza olan marağı azaldırmı?
- Hər şey təbliğatdan asılıdır. Əgər saz yaxşı şəkildə təbliğ olunarsa, o da öz nəticəsini göstərər. Sazı pul xatirənə çayxanalarda atıb-tutanda, onu stol başında çalanda əlbəttə ki, gənclik saza deyil, gitaraya meyl göstərəcək. Bu normal haldır.
- Maraqlıdır sizin saza marağınız necə yaranıb?
- Mən uşaq yaşlarımdan saza böyük maraq göstərmişəm. O zaman kiçik bir sazım vardı. Onunla həm çalıb, həm də ifa edirdim. Daha sonra tar məktəbinə, oradan da Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. Təhsilimi Musiqi Akademiyasında davam etdirdim. 20 il bundan qabaq türk sazına böyük həvəs göstərdim. O, saz mənim çox xoşuma gəldi və məndə böyük maraq oyatdı. Türkiyədən türk sazı gətirtdim və sevdiyim sənətin arxasınca getdim. O zamandan həm milli, həm də türk sazının ifaçısına çevrilmişəm. Bildiyiniz kimi türklərin də qədim sazı var. Onlar sazı çox müasirləşdiriblər. Belə ki, ona əlavə simlər artıraraq sazın elektron sistemini yaradıblar. Mən də türklərdən bəhrələnərək bizim milli sazın elektron formasını yaratmışam.
Təbii sazın yerini vermir

- Sizcə sazın elektron forması musiqinin təbiiliyini itirmirmi?
- Bu müasirlikdir. Biri var akustik versiyada səslənə, bir də var elektronlarmış variantını ifa edəsən. Bunlar arasında çox fərq var. O versiyada olan sazı studiyada və televiziyada çala bilərsən, ancaq toyda, konsert salonlarında çalmaq üçün istər-istəməz saz səs almaq üçün aparaturaya qoşulmalıdır. Saz elektronlaşanda bir az təbiiliyini itirir. O zaman elektron səslənmə yaranır. Elektron səslənmənin özü də saza bir məna qatır, şirin səslənmə əmələ gətirir. Düzdür, o da təbii sazın yerini vermir. Ancaq bu gün aşıqlar belə elektron sazdan istifadə edirlər.
- İfa etdiyiniz saz havalarının əksəriyyətini remix formasına çevirmisiniz. Bu, cəmiyyətimiz tərəfindən qınağa səbəb olmurmu?
- 7 il bundan öncə “Ruhani” havasını remix formasında ifa etmişdim. Daha sonra isə “Yanıq Kərəm”-də belə dəyişikliklər etdim. Adətən sazı ələ alanda “Yanıq Kərəm” havası yada düşür. Ümumiyyətlə, saz aləmində roka yaxınlıq var. Saz alətində bir az çılğınlıq da var. “Yanıq Kərəm” havasını ifa edərkən belə qərara gəldim ki, onu rok-pop üslubunda ifa edim. Həmin mahnıya klip çəkdirdim və o klipə də Aşıq Ədaləti dəvət etdik. Aşıq Ədalət havanı dinlədi, çox bəyəndi. “Yanıq Kərəm”-i havasından başqa bir sıra aşıq havalarını remix formada ifa etmişəm. Remix formada ifa etməyim havalar elə də qınağa səbəb olmadı. Müasirliyi qınaq edənlərin özləri köhnə fikirli insanlardır. Ancaq onlar düşünmürlər ki, sazı gənclərə təbliğ etmək üçün onu müasir formada ifa etmək lazımdır.
Ucuzluğa getmək mənə yaraşmaz

- Çalışdığın bu sənət gəlirli sahədirmi?
- Biz ifaçıların gəlir mənbəyi yalnız toylardır. Aldığım məvacib məni idarə edir. İndi saz elə bir vəziyyətdədir ki, iki mahnı öyrənib, toylarda iki-üç mahnı çalıb pul qazanırlar. Mən heç zaman gördüyüm işlərin kommersiya tərəfini düşünmürəm. Əgər mahnını ifa etməmişdən əvvəl düşünsəm ki, bununla hansısa bir toy tutacam, o zaman bir musiqi aləti götürüb, onun səsi ilə bir-iki saz havası ifa edib pul qazanaram. Ancaq mənim gördüyüm işlərim, aranjemanlarım böyük vəsait tələb edir. Mənim ifamda digər alətlər hamısı canlıdır. Bir mahnının hazırlamaq üçün ona 2-3 ay vaxt gedir. Bunun üçün də müəyyən vəsait tələb olunur. Heç zaman ucuzluğa getməmişəm. Çalışıram ki, ifa etdiyim bütün mahnılar adıma layiq olsun. Özüm Musiqi Akademiyasını bitirmişəm və bu sahə üzrə təhsil almışam. Ramiz Quliyev kimi dahi bir sənətkarın tələbəsiyəm. Ucuzluğa getmək mənə yaraşmaz. Heç zaman kommersiya arxasınca qaçmamışam ki, bir mahnını efirlərdə ifa edim, toylara dəvət alım. Mən daha çox musiqini anlayan insanların toylarına gedirəm.
- Siz qədim bir alətdə ifa edirsiniz. Sazı əlinizə aldığınızda onun məsuliyyətini hiss edirsinizmi?
- Əlbəttə, sazı əlimə aldıqda onun ağırlığını hiss edirəm. Ona görə də heç zaman mən sazı ucuzlaşdırmıram. Yəni, sazla kiminsə qarşısına qaçıb pul xatirənə ifa etmirəm.
Bu sənət mənim üçün çox müqəddəsdir.
- Hazırda hansı mahnılar üzərində işləyirsiniz?
- Yaxın zamanlarda “Ay dili-dili” xalq mahnısını saz formasını ifa edəcəm. Ancaq bunu remiks formada ifa etməyi düşünmürəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər