Sayı getdikcə çoxalan turistlər harda qalacaq?
Son illər ölkədə turizmin sürətli inkişafının şahidi oluruq. Azərbaycanın
turizm ölkəsi kimi tanınması bizi sevindirsə də, turist axınının qarşısında
onları yerləşdirə bilməmək qorxusu da bizi narahat edir. Çünki otel
infrastrukturu böyük sayda turistləri yerləşdirməyə imkan vermir. Təsadüfi
deyil ki, Novruz bayramı ərəfəsində təkcə Bakı şəhərində otellərdə boş yerlər
yox dərəcəsində idi.Bəs 2017-ci ilin yay aylarında ölkəyə proqnozlaşdırıldığı kimi, kütləvi
şəkildə turist axını olarsa, onları dünyaya səs salmış qonaqpərvərliyimizə
uyğun qarşılaya bilərikmi?
"Mehmanxana biznesinin inkişaf etdirilməsi ən vacib
istiqamətlərdəndir”
Mədəniyyət və
Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Vüqar Şıxməmmədov "Kaspi”yə
açıqlamasında bildirdi ki, hazırda ölkədə 550-yə yaxın mehmanxana və ona bərabər
tutulan yerləşdirmə obyektləri fəaliyyət göstərir: "Onlardan 170-i Bakı şəhərində,
digərləri isə regioanlarda yerləşir. Cari ilin yanvar, fevral aylarında ötən
ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə
gələn turistlərin sayı 12 faiz artıb. Bu ilin ilk 3 ayının rəqəmlərini nəzərə
alsaq, ölkəyə 544 min turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə
25 faiz çoxluq təşkil edir. 2017-ci ilin sonuna qədər turistlərin sayının daha
da çox olacağı gözlənilir”.
Nazirlik rəsmisinin sözlərinə görə, turist axınını
nəzərə aldıqda, yalnız ölkədə mehmanxanaların deyil, ümumilikdə turistlərə göstərilən
xidmət sahələrinin də həm sayının, həm də keyfiyyətinin artırılması vacib
istiqamətlərdəndir: "Məlumdur ki, Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə
təsdiq edilmiş ixtisaslaşmış turizm sənayesinin inkişafına dair yol xəritəsi ilə
bağlı sənəd tətbiq olunub. Bu sənədə əsasən növbəti illərdə qarşıya hədəf
olaraq turizmin müxtəlif istiqamətlər üzrə inkişafı qoyulub. Burada kadr
hazırlığından tutmuş, infrastrukturun yaxşılaşdırılması, turizmin müxtəlif növlərinin
yaradılması və s. kimi məsələlər öz əksini tapıb. Bu sənədin müvafiq bəndində də
mehmanxana biznesinin inkişaf etdirilməsi bu gün bizim üçün vacib istiqamətlərdəndir.
Burada yalnız yüksək kateqoriyalı mehmanxaların deyil, aşağı kateqoriyalı
mehmanxanaların da inkişaf etdirilməsi nəzərdə tutulur”.
"Əgər turistlər
evlərdə qalırsa, turizmdən gələn gəliri necə hesablaya bilərik?”
Turizm
Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, turizmlə bağlı bütün məsələlər
kompleks şəkildə həll edilməli və bir-biri ilə uzlaşmalıdır: "Əgər biz turizmin
inkişafı ilə bağlı çox böyük işlər görürüksə, fikirləşməliyik ki, gələn turistlərə
necə xidmət göstərək. Turizm bir neçə amildən ibarətdir: yaşayış, qida, nəqliyyat
və ekskursiya. Bizdə nəqliyyat, qida, ekskursiyada problem yoxdur. Yaşayış
amilində isə geridəyik. Bu məsələ şəxsən mənim tərəfimdən dəfələrlə qaldırılıb.
2005-ci ildən mən bunu proqnozlaşdırmışdım. Əgər turizmin inkişafı haqqında biz
müxtəlif işlər görürüksə, turist gələndə harada qalmalıdır, onu da düşünməliyik.
Elə bil ki, evinizə qonaq dəvət edirsiniz, deyirsiniz ki, bütün kənddə nə qədər
qohum-əqrəba var, mənim evimə qonaq gəlsin. Amma evinizin sahəsi buna imkan
vermirsə, siz qonaqları harada yerləşdirəcəyiniz haqda fikirləşməlisiniz. Kütləvi
turizmin inkişafı üçün 1-2 ulduzlu otellər tikilməli, hostellərin geniş şəbəkəsi
yaradılmalıdır. Əgər bunlar olmayacaqsa, turistlər evlərdə qalacaq. Bu həm
turistin təhlükəsizliyi, həm də dövlətə vergi ödənməsi baxımından mənfi
tendensiyaya çevriləcək. Çünki evlərdə qalan turistlər vergi ödəyicisi kimi
qeydiyyata alınmırlar. Ona görə də dövlətin büdcəsinə pul axmır. Əgər turistlər
evlərdə qalırsa, biz turizmdən gələn gəliri necə hesablaya bilərik? Bizim də əsas
məqsədimiz turistləri ölkəyə çox gətirməklə, həm də valyuta gətirməkdir. Bu,
yoxdursa, bütün əziyyətimiz, verdiyimiz qərarlar, gördüyümüz işlər boşa çıxır.
Bunları həyata keçirmək üçün sahibkaralara güzəştlər etmək lazımdır ki, onlarda
otel tikməyə maraq yaransın”.
"2020-ci ilə
qədər yataq yeri 100 minə çatmalıdır”
Azərbaycan
Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin
dekanı Rəhman Səfərov bizimlə söhbətində
bildirdi ki, Azərbaycanda hazırda otel sayı bu günkü reallıqda yetərli deyil.
Müsahibimizin sözlərinə görə, ölkəyə gələn turist sayının çoxluğu otel
qıtlığını ortaya çıxarıb: "Azərbaycanda turizmin inkişafı baxımından son on ildə
böyük irəliləyiş var. Bu müddət ərzində otel və mehmanxana sayı 5 dəfə artıb.
Amma bu, bu günkü reallıqda yetərli deyil. Turizm sektoru inkişaf tempinə
girirsə, gələn turistin qarşılanması, yerləşdirilməsi, qidalanması məsələsi də
ortaya çıxır. Azərbaycanda təxminən 40 minə yaxın yataq yeri var. Gələn turist
sayı son iki ildə ciddi şəkildə artıb. Keçən ilə nisbətən bu ilin 3 aylıq
rübündə turist sayı 20-25 faiz artıb. Bu artım otel qıtlığını ortaya çıxarıb.
2020-ci ilə qədər yataq yeri Azərbaycanda 100 minə çatmalıdır və bu yataq yerlərinin
də böyük əksəriyyəti 2-3 ulduzlu otellərə aid olmalıdır. Azərbaycanda 4-5
ulduzlu otellər çoxdur, amma ekonom klass otellərin də çoxluğuna
çalışılmalıdır”.
"Turistimiz
çöldə qalmayacaq”
"Luna Travel”
turizm agentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev deyir ki, turistləri yerləşdirməyə çətinlik çəkməyimiz
bizim qalibiyyətimizdir: "Əslində belə bir vəziyyətin yaranması bizim üçün
xoşdur. Lakin bundan iki gün əvvəl hüquq-mühafizə orqanlarının hostellərdə reyd
keçirməsi bizi xoşagəlməz vəziyyətlərlə qarşılaşdırdı. Hostellərin mentalitetə
uyğun olmadığı açıqlandı. Mən bu fikirlə razı deyiləm. Əgər biz Avropaya inteqrasiya
etmək üçün can atırıqsa, hostellərin də tikilməsinə şərait yaratmalıyıq. Gələn
turistlər daha çox hostellərdə qalmağa üstünlük verirlər. Ona görə biz hostelləri
sıxışdırmamalıyıq, əksinə, onların da inkişafına şərait yaratmalıyıq.
Sahibkarlara şərait yaradılmalıdır ki, ekonom büdcəli hostellər açsınlar.
Hostellər müvəqqəti qonaq evidir. Mən dünyanı gəzmişəm. Hostellərlə çox
rastlaşıram, nəinki otellərlə. Avropa ölkələrinin elə bir kəndi yoxdur ki, orada
qonaq evi olmasın. Bizim mentalitetimiz elə qonaq qarşılamaqdır. Bu səbəbdən
biz hostellərin tikilməsinə mane olmamalıyıq. İnsanlar var ki, öz evinin kənarında
imkanı var, hostel kimi tikir, vergisini verir və fəaliyyət göstərir. Belə
insanlara şərait yaradılmalıdır. Bu tədbirləri həyata keçirsək, turistimiz də
çöldə qalmayacaq”.
Aygün ƏZİZ