• cümə axşamı, 25 aprel, 03:09
  • Baku Bakı 19°C

Şaxta baba və Qar qızlarımızın yeni il sərgüzəştləri

10.01.15 15:43 5964
Şaxta baba və Qar qızlarımızın yeni il sərgüzəştləri
Artıq bir neçə gündür ki, 2015-ci ilə qədəm qoymuşuq. Lakin hələ də bayram ab-havası ilə yaşayırıq. Yeni il ərəfəsində teatrlarımızda da bayram əhval-ruhiyyəsi yaşandı. Belə ki, bayram tətilində teatrlarda keçirilən “Yeni il şənliyi” tədbirlərində həm balacalar, həm də böyüklər üçün bir-birindən maraqlı tamaşalar nümayiş olundu. Azərbaycanın sayılıb-seçilən sənətkarları isə həmin şənliklərdə Şaxta baba, Qar qız libası geyərək uşaqlara sevinc bəxş etdi.
2015-ci ildəki ilk yazımızı da məhz balacaların sevimlisinə çevrilən, yeni ilin simvolları sayılan Şaxta baba və Qar qızlara həsr etmək qərarına gəldik.
“Yeni ildə gözəl xanımları görürük”
Ana teatrımız olan Akademik Milli Dram Teatrının bu il iki Şaxta babası olub – Əməkdar artistlər Elxan Quliyev və Əli Nur. Əvvəlcə, Elxan müəllimlə əlaqə saxladıq. Ona sualımızı ünvanladıq. Bildirdi ki, uşaqları çox sevir. Onlarla əylənməkdən zövq alır. Bu arada Əli Nur dəstəyi əlinə alıb öz başına gələn maraqlı hadisədən danışdı: “Bizim teatrda Yeni il şənlikləri çox maraqlı keçir. Ətrafımda gözəl uşaqlar, gözəl xanımlar olur. Müxtəlif tip uşaqlarla rastlaşırıq. Bizə verilən hədiyyələri uşaqlara payladıqda onların simasında xüsusi bir təbəssüm oyanır. İndi Şaxta babaların sayı getdikcə çoxalıb. Onların çoxu da saxta Şaxta babalardır. Təkcə geyimlə Şaxta baba olmaq olmur. Gərək uşaqların psixologiyasını biləsən. Şaxta baba çox hündür olmalıdır. Dünyanın bütün gözəl aktyorları Şaxta baba obrazını yaradıblar, o cümlədən də biz”.
Sonra dəstəyin o biri tərəfindən Elxan Quliyevin səsi gəlir. Sən demə o, telefonunu axtarırmış. Telefonu isə Əli Nurdadır, bizimlə söhbət edir... Onlar mübahisələrində davam etsinlər biz də keçid alaq digər teatrlara...
“Mənə evlilik təklif etdilər”
Gənc Tamaşaçılar Teatrının sevilən aktrisası Günel Məmmədova hər il olduğu kimi, bu il də teatra təşrif buyuran uşaqların qarşısına Qar qızı libasında çıxmışdı: “Hər il Qar qız obrazı ildə çıxış edirəm, bu obrazı çox sevirəm. Uşaqlarla işləməkdən böyük zövq alıram. Bayram şənliklərində adətən uşaqlar çox olurlar. Çalışıram ki, hər bir uşağa diqqət ayırım və onlarla ünsiyyət qurum. Uşaqlarla birlikdə mən özüm də uşaqlaşıram. Qar qız obrazını sevə-sevə canlandırıram. Ən çox da Qar qızı buna görə sevirəm. Belə şənliklərdə uşaqlar mənə yaxınlaşıb Qar qızı çoxdan gözlədiklərini və ondan hədiyyə istədiklərini bildirirlər. Mən düz bir il Yeni ilin gəlməsini gözləyirəm ki, uşaqlarla üzbəüz təmasda olum, bu, mənim qəlbimdən gəlir. Neçə illərdir ki, Qar qızı oynayıram. Uşaqlarda özümə qarşı kobudluq görməmişəm. Əksinə, onlar hər dəfə mənə yaxınlaşıb öz məhəbbətlərini bildirirlər, məni öpmək istəyirlər”.
Aktrisa bu bayram başına gələn maraqlı hadisədən də danışdı. Belə ki, «Madaqaskar» tamaşasından öncə foyedə Qar qız kimi çıxış edən Günel uşaqlarla şənlənib, əylənərkən bir uşağın onu müntəzəm izlədiyinin şahidi olur. Şənlik zamanı Qar qıza yaxınlaşıb ona sözü olduğunu deyən uşaq, onu kənara çəkib ürək sözlərini bildirir: “Mən böyüyəndə səni almağa gələcəm, məni gözlə”. Aktrisa gözləmədiyi sualı eşitdikdə onu gülmək tutub. Cavabında bildirib ki, “sən böyüyənə kimi səni gözləyəcəm, heç kimlə evlənməyəcəm”. Bütün şənlik boyu həmin uşaq daima Qar qızı digər uşaqlardan qoruyub, ona mühafizəçilik edib.
Köhnə paltarlı Şaxta baba
Gənc Tamaşaçılar Teatrının aktyoru, rejissor, əməkdar artist Nicat Kazımov da bu il Yeni ilini Şaxta baba qismində uşaqlarla birlikdə qeyd edib. O da rastlaşdığı maraqlı məqamları bizimlə paylaşdı: “Uşaqlardan biri mənə yanaşıb dedi ki, elə keçən ilki paltarını geyinmisən, təzə paltarın yoxdur? Uşağı inandırmağa çalışdım ki, Şaxta babanın elə bir paltarı olur. Uşağın biri də ağlaya-ağlaya mənə yaxınlaşıb dedi ki, ötən il sənə məktub yazmışdım ki, mənə təyyarə gətirəsən, niyə gətirməmisən? Mən də çıxılmaz vəziyyətdə qaldım, uşağa söylədim ki, təyyarəni alıb yolkanın altına qoymuşdum. Yəqin atan götürüb. Uşaq əsəbi halda geri qayıtdı” (gülür).
M.Kazımov Şaxta baba obrazının da öz çətinliklərinin olduğunu bildirdi. Çünki Şaxta babanın geyimi çox ağırdır. Dediyinə görə, həmin paltarın 25 kiloqrama yaxın ağırlığı var: “Şaxta baba geyimi çox gözəldir. Ancaq ağırdır. Bir də mənim saqqala, bığa allergiyam var. Çalışdığım qədər tamaşalarımda saqqaldan, bığdan az istifadə edirəm. Səhnədə canlı ünsiyyətlə uşaqlarla əl-ələ olmaq tamam başqadır. Uşaqları inandırmaq çox çətindir. Ancaq şükürlər olsun ki, biz bunun öhdəsindən layiqincə gəlirik. Hələ ki, Yeni ilin ab-havası başımızdan çıxmayıb”.
16 ildir ki, Qar qızdır
Musiqili Teatrın aktrisası Gülnarə Əziziova bizimlə söhbətində artıq 10 ildir ki, sevə-sevə Musiqili Teatrda çalışdığını və işlədiyi müddət ərzində də Qar qız obrazını canlandırdığını qeyd etdi. Aktrisa Musiqili Teatrdan öncə 6 il İlham Miniatür Teatrında fəaliyyət göstərib və elə bu illər ərzində də həmin teatrın Qar qızı olub. Demək ki, bu obraz onun alın yazısıdır: “Bəlkə də sarışın biri olduğum üçün qar qız obrazını mənə layiq görüblər. Əslində bu obrazı yaratmaq heç də asan deyil. Uşaqlarla ünsiyyətdə olmaq, onların dilini tutmaq, onlarla bərabər əylənmək çox maraqlıdır. Uşaqlar çox saf və səmimidirlər. İnsan gərək saf olsun ki, uşaqlarla ünsiyyətə girə bilsin. Onlarla ünsiyyətə girəndə insan özü də uşaqlaşır. Bu səbəbdən Qar qız obrazını sevərək canlandırıram. Təbii ki, bu obraz digər canlandırdığım obrazlardan seçilir və çox fərqlidir. Məndən olsaydı hər il deyil hər gün Qar qız rolunu oynayardım”.
Gülnarə Əzizova Qar qız obrazını yaradarkən başına gələn maraqlı hadisələrdən də danışdı. Deməli, bir dəfə onun Qar qız olduğu şənliyin biletlərində və afişalarında Qar qız libasında aktrisanın şəklini dizayn ediblər. Aktrisa öz rəsmini harada görürmüşsə onu xoş gülümsəmə tuturmuş. Elə bu şəkillər vasitəsilə aktrisa bir ildən sonra məhz Türkiyədə istirahət edərkən bir olayla rastlaşıb: “İstirahət zamanı yayda Antaliyada günəşlənərkən gözləmədiyim halda bir nəfər yaxınlaşıb məni tanıdığını söylədi. Bildirdi ki, mən Musiqili Teatrın qar qızıyam. Hətta istirahət edərkən belə məni qar qız obrazımdan tanıdılar”.
Aktrisa uşaqların hələ də Qar qızına inandıqlarını bildirdi: “Uşaqlarla işləmək mənə çox rahatdır. Onlara nə desən inanırlar. Bəzi uşaqlar Şaxta babadan qorxsalar da, ancaq indiyə kimi mənə qarşı kobud davranan, paltarımı dartana rast gəlməmişəm. Mənim partnoyorlarım olan Şaxta babalar isə hörmət etdiyim aktyorlarımız olub. Belə ki, həmişə fəxr etmişəm ki, peşəkar aktyorlarla çalışmışam. Onların yanında təcrübə yığmaq mənim üçün böyük fəxrdir”.
“Türkmənistandakı ailəmi görmək üçün şərait yaranmışdı”
Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist Novruz Qartal da bu il teatrın Şaxta babası qismində çıxış edib. Onun yaratdığı bu obraz hətta başına bəla da açıb: “Mən bu il teatrda və eyni zamanda “Səni axtarıram” verilişində də Şaxta baba qismində çıxış etdim. Orada bir sıra süjetlərim oldu. Türkmənistandan bir qız atasını axtarırdı, vəziyyət elə bir hala gəlib çıxdı, hər kəs elə bildi ki, o mənim qızımdır. Hətta yoldaşım belə inanmışdı ki, mənim Türkmənistanda ailəm olub və qızım məni axtarır. Sonra məlum oldu ki, o, mənim qızım deyil. Musiqili Teatrda isə uşaqları əyləndirmək və yeni il ab-havası bəxş etmək üçün yeni bir proqram hazırladıq. Uşaqlarla bərabər bolluca əyləndik. Uşaqlar doğrudan da Şaxta babanın mövcudluğuna inanırlar. Onlar mənə yaxınlaşıb keçən il yazdıqları məktublardan danışırdılar.
N.Qartal hesab edir ki, Şaxta baba obrazını yaratmaq heç də asan deyil: “Uşaqlarla dil tapmaq çox çətindir. Böyüklərə nəyi isə izah etmək ondan qat-qat asandır. Uşaqlar Şaxta babaya ard-arda suallar verirlər və onun verdiyi hər bir cavaba inanırlar. Elə bir situasiya yaratmalısan ki, inandırıcı olsun. Qrim də burada böyük rol oynayır. Yalandan saqqal taxmaqla Şaxta baba olmaq olmur. Uşaqlar ona yalançı Şaxta baba deyirlər”.
“Duxun çatır yayda gəl”
Abdulla Şaiq adına Kukla Teatrının aktyoru Cavid Telman bu il də maraqlı səhnəciklə uşaqları sevindirdiklərini bildirdi. O, bizimlə söhbətində Şaxta baba libasında başına gələn maraqlı hadisələrdən danışdı: “Uzun müddətdir ki, uşaqlarla işləyirəm. Uşaqların iştirak etdiyi bütün tədbirlər maraqlıdır. Bu ilki şənlikdə bir neçə uşaq Şaxta babaya məktub yazmışdı. Tamaşa bitdikdən sonra məktubları oxudum. Xeyli güldüm. Uşaqlar yazır ki, bu il özümüzü çox ağıllı aparmışıq və ona görə də sizdən maşın istəyirik. Digər uşaqlar isə Şaxta baba, Qar qızın və istədiyi hədiyyələrin şəkillərini çəkib mənə göndərmişdi. Bəzən uşaqlar şeir deyərkən bizi çox güldürürlər. Belə ki, ötən həftə bir uşaq özündən şeir quraşdırıb deyir ki,
Şaxta baba, şaxta can,
Hardasan bu vaxtacan.
Duxun çatır yayda gəl,
Duxun çatmırsa elə qışda gəl.

Aktyor qeyd edir ki, səhnədə uşaqlarla ünsiyyətdə olmaq tamam başqa bir aləmdir: “Uşaqlar il boyu oturub Şaxta babanın gəlişini səbirsizliklə gözləyir. Səbirsiz, əsəbi, hövsələsiz bir insan uşaqlarla işləyə bilməz. Müxtəlif xarakterli uşaqlar var. Lazımdır ki, uşağın nazı ilə oynayasan. Uşaqla uşaq olmaq gərəkdir. Uşaqlar elə hesab edirlər ki, doğrudan da Şaxta baba onları görmək üçün uzaqdan gəlir. Ancaq bəzi diribaş uşaqlar Şaxta babanın mövcudluğuna inanmırlar. Bəziləri də deyir ki, bu hədiyyəni sənə anam verib ki, mənə verəsən. Uşaq gəlib Şaxta babadan o qədər səhv tutur ki, adam ona nə cavab verəcəyini bilmir”.
Xəyalə Rəis
Teatrşünas
banner

Oxşar Xəbərlər