• cümə axşamı, 28 mart, 20:44
  • Baku Bakı 13°C

“Savadlı müəllimə hər yerdə ehtiyac var”

05.05.16 18:20 8481
“Savadlı müəllimə hər yerdə ehtiyac var”

Şuşa şəhər 1 saylı tam orta məktəbin direktoru Elçin Dadaşov bir ildir ki, bu təhsil ocağında direktor kimi fəaliyyətə başlayıb. Bakıda məskunlaşan və qədim tarixi olan məktəbdə tədrisin keyfiyyətinin artırılması, şagirdlərin cəlb olunması və s. istiqamətlərdə aparılan işlər barədə E.Dadaşov "Bir məktəbin tarixi”nə danışıb.

Sırf peşəyönümlü dərnəklər

- Şuşa məktəbi Bakıda məskunlaşandan sonra təhsil ocağının fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra 1 saylı orta məktəb Bakıda fəaliyyətini davam etdirir. Əvvəlcə Yasamal rayonundakı 38 saylı tam orta məktəbdə fəaliyyətə başlayıb və ikinci növbədə tədris aparılıb. Məktəbin 180 illiyi qeyd olunandan sonra prezident İlham Əliyevin fərmanı ilə məktəb üçün yeni bina tikildi. 2015-ci ildə binanın tikilişi başa çatdı və bu tədris ilindən məktəb artıq öz binasında fəaliyyət göstərməyə başlayıb. Şübhə yoxdur ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik və məktəbimiz Şuşada fəaliyyət göstərəcək. Amma bu məktəb Zaqafqaziyanın ən qədim məktəbi olduğu üçün ölkə başçısı tədris ocağı üçün hələlik ayrıca bina tikilməsi ilə bağlı qərar verdi. Rayon İH başçısı Bayram Səfərovun binanın tikilişi ilə bağlı böyük zəhməti var.

- Köçkün həyatı yaşayandan sonra məktəbin Bakıda qazandığı hansı uğurlardan danışmaq olar?

- Köçkün həyatı yaşamasına baxmayaraq, məktəbin məzunları hər il ali məktəblərə daxil olurlar. Keçən tədris ilində 7 şagirdimiz ali məktəbə daxil oldu. Məktəbin iki müəllimi «Tərəqqi» medalına, bir nəfər «Əməkdar müəllim» fəxri adına layiq görülüb. Burada çalışan müəllimlərin bir neçəsi vaxtilə Şuşa şəhərində çalışan müəllimlərdir. Bu tədris ilindən məktəbin artıq hər cür şəraiti var. Əsas vəzifəmiz şagirdlərə fənləri daha yaxşı tədris etmək, şagirdlərin sayını artırmaq və tədrisin keyfiyyətini yüksəltmək, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Köçkünlük dövründən sonra bu məktəbdə rus bölməsi olmayıb. İndi artıq məktəbdə 1-ci sinifdən rus bölməsi fəaliyyətə başlayıb. Şagirdlərin çoxu bu məktəbə digər yerlərdən gəliblər. Biz onların istedadlarını tədricən üzə çıxarırıq. İstedadlı və qabiliyyətli şagirdlərimiz çoxdur. Hazırda 1200 şagird tutumu olan məktəbdə 302 şagird təhsil alır. İndi bu məktəbdə oxumaq üçün müraciət edənlər xeyli çoxalıb. Ərazidə yaşayanlar üçün ən yaxın məktəb bu təhsil ocağıdır. Təhsil Nazirliyinin razılığı ilə ərazidə yaşayan, ancaq köçkün olmayan uşaqlar da məktəbə qəbul edilirlər.

- Vətənpərvərlik ruhunda tərbiyə günün vacib mövzusudur. Şagirdlərin bu istiqamətdə böyüməsi üçün hansı addımları atırsınız?

- Bilirsiniz ki, aprelin 2-5-də Azərbaycan ordusu erməni işğalçılarına layiqli cavab verdi. Həmin vaxt məktəbimizin qarşısında böyük dəstək tədbiri keçirildi. Şagirdlər şüarlar səsləndirərərək öz vətənpərvərliklərini bir daha nümayiş etdirdilər. Həmin hadisələrdə məktəb şagirdlərindən birinin qardaşı da şəhid olub. Onun cəsədi bir neçə gündən sonra döyüş bölgəsindən gətiriləndə məktəbin bütün kollektivi orada iştirak etdi.

Çalışırıq ki, müəllimlər sinfə daxil olanda, heç olmasa 1-2 dəqiqə ərzində başımıza gətirilən faciələri şagirdlərə anlatsınlar və onlarda vətənpərvərlik ruhunun artması üçün söhbət aparsınlar. Bu hisslər şagirdlərə evdə də tərbiyə olunmalıdır. Biz bu istiqamətdə müxtəlif dərnəklərin fəaliyyətinə başlamışıq.

- Söhbət dərnəklərdən düşmüşkən, sovet dövründə orta məktəblərdə müxtəlif peşəyönümlü dərnəklər fəaliyyət göstərirdi. Şagirdlər əməyə məhəbbəti daha çox orada öyrənirdilər. Bu yaxınlarda ölkə başçısının sərəncamı ilə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi bu istiqamətdə hansı boşluğu dolduracaq?

- Xarici ölkələrin çoxunda, məsələn, Almaniyada orta məktəblərin əksəriyyəti peşəyönümlü təhsilə istiqamətləniblər. Hansı peşələrə ehtiyac varsa, onlara üstünlük verilir. Yəni o peşələr üzrə məktəbi qurtarandan sonra işsiz qalmırsan. Sovet dövründə peşə dərnəyi kurslarında bənnalıq, dülgərlik, dərzilik və s. peşələri öyrənirdilər. Həmçinin onlar da bilirdilər ki, məktəbi bitirəndən sonra işlə təmin olunacaqlar. İndi də müəyyən şirkətlərlə əlaqələr qurulmalıdır ki, hansı peşə üzrə işçiyə ehtiyacın olduğu öyrənilsin və müqavilələr imzalansın. Onda həmin peşə sahəsinə gedənlərin sayı daha çox olacaq. Elə sahələr var ki, orada işi gərək özün tapasan. Çoxu da "Tutaq ki, mən dərzi sənətinə yiyələndim, işi harada tapacağam?” - deyə düşünüb fikrindən vaz keçir. Həmçinin öz biznesini qurmaq üçün də ona vəsait lazımdır. Təbii ki, indi hamı ali məktəbə qəbul ola bilmir. Hamı o dərəcədə savadlı deyil ki, ali məktəbə qəbul olsun. Ona görə də peşə sahələrini şirkətlərlə qarşılıqlı anlaşma və müqavilə imzalamaqla inkişaf etdirmək olar. O mənada ki, şagirdlər də həmin şirkətlə təmasda olsunlar və təcrübəyə yiyələnsinlər. Həm də bilsinlər ki, məktəbi bitirəndən sonra həmin müəssisələrdə işlə təmin olunacaqlar.

- Siz bu istiqamətdə hansı dərnəklərin açılmasını planlaşdırırsınız?

- Bizdə rəsm dərnəyi, toxuma işləri ilə məşğul olan dərnək fəaliyyət göstərir. İdman sahəsi ilə bağlı da müəyyən dərnəklər var. Ancaq istərdim ki, şərait yaranandan sonra sırf peşəyönümlü dərnəklər yaradaq. Məsələn, dülgərliklə bağlı dərnək yaradacağıqsa, şagird həmin avadanlığı görməli və peşə ilə bağlı anlayışı olmalıdır.

Kişilərin pedaqoji sahəyə marağı

- Bir ara mətbuatda və sosial şəbəkələrdə müəllim-şagird münasibətlərində problemlərin olmasını əks etdirən xəbərlər yayıldı. Şagirdlərin müəllimlər tərəfindən fiziki təzyiqlərə məruz qalması faktları meydana çıxdı. Sizcə, günah kimdədir - müəllimdə, şagirddə, yoxsa valideyndə?

- Bəzi ailələrdə uşaqlar ərköyün böyüyürlər. Müəllim birinci sinifdən şagirdlərlə gündə heç olmasa 2-3 dəqiqə davranış mədəniyyəti haqqında söhbət etməli, onlarda özünə qarşı hörmət yaratmalıdır. İndiki şagirdlər əvvəlki dövrün uşaqları deyil. Çünki əvvəllər nə telefon, nə kompyuter vardı. Amma indiki uşaqlar bu texnologiyaları bizdən yaxşı mənimsəyirlər. Evdə artıq onlara bu şəraiti yaradıblar. Ancaq mən bunun əleyhinəyəm. Valideyn nə qədər diqqətli olsa da, bu artıq nəzarətdən çıxır. Elə valideynlər var ki, övladı 11-ci sinifdə oxusa da, ona nə mobil telefon alır, nə də internetə daxil olmasına icazə verir. Belə olanda, onlarda qarşılıqlı hörmət yaranacaq. Amma indiki uşaqlarda elə bil ki, aqressiya hiss olunur. Bəlkə də internetin, baxdıqları filmlərin təsirindəndir? Bəzən ekspertlər deyirlər ki, əgər şagirddə aqressiya varsa, demək günah müəllimdədir. Ancaq hər şeyi də müəllimin boynuna yıxmaq olmaz. Müəllim də axı poladdan deyil, o da insandır, onun da əsəbi var. Ancaq bəzi hallarda evdəki problemini məktəbə gətirən müəllimlər də var. O, əsəbini sinifdəki uşaqdan çıxmaq istəyir ki, bu da düzgün deyil. Evdəki problemlərin heç biri məktəbə daxil olmamalıdır. Şagird-müəllim münasibətləri həm də valideyn ilə məktəbin qarşılıqlı münasibəti ilə tənzimlənməlidir. Ancaq məktəb iclaslarını tanımayan valideynlər də var. Valideyn də məsuliyyətli olmalıdır ki, məktəbin nizam-intizamına və övladının tərbiyəsinə ciddi yanaşsın.

- Orta məktəblərdə kişi müəllimlərin sayının azlıq təşkil etməsi problemə çevrilib. Niyə kişilər pedaqoji sahədən uzaqlaşırlar?

- Bu, bizim yaralı yerimizdir. Fevral ayından məktəbimizə başqa bir məktəbdən hərbi müəllim dəvət olunub. Biologiya müəllimimiz də bu dərs ilindən imtahan verərək məktəbimizdə çalışmağa başlayıb. Cəmi 3 kişi müəllimimiz var. Əvvəllər bu problemi dolanışıqla əlaqələndirirdilər və müəyyən mənada haqlı idilər. İndi isə Bakı şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra əməkhaqqı yüksəlib. Son artımla müəllimlərin əmək haqqı demək olar ki, yaxşıdır. Hərdən deyirlər ki, təhsil ən gözəl biznesdir. Savadlı müəllimə hər yerdə ehtiyac var. Təbii ki, onun dərs saatı da yaxşı olacaq. Artıq müasir dövrdə müəyyən tendensiyalar yaranıb. Hesab edirəm ki, qiymətləndirmədən keçdikcə, əmək haqları da artacaq və bu, əvvəlki illərdəki kimi kişilərin pedaqoji sahəyə marağını artıracaq.

- Bəzi məktəblərdə Təhsil Nazirliyi pilot layihə kimi təmayül sinifləri yaradıb. Məqsəd həm də repetitorluğun qarşısını almaqdır. Sizcə, repetitorluğu tamamilə aradan qaldırmaq olacaqmı?

- Səhv etmirəmsə, respublika üzrə 53 məktəbdə təmayül sinifləri yaradılıb. Orta məktəblərdə şagirdlərin bəziləri 9-cu sinifdən əlavə hazırlığa gedirlər. Repetitorluğun qarşısını tədricən almaq üçün şagirdin özündə də artıq ona savadlı müəllimin lazım olması fikri formalaşmalıdır. Valideyn də bunu başa düşməlidir. Sinifdəki dərs şagirdi qane etsə, artıq o, başqa müəllimin yanına getməyəcək. Onun üçün nə fərqi var: əlavə hazırlıqda 10 nəfərlə bir sinifdə oxuyur, yoxsa onunla eyni sahə üzrə hazırlaşan 8-10 nəfərlə bir sinifdə həmin fənləri öyrənir? Burda yalnız müəllimin savadı lazımdır. Deməli, bu sinifdə kifayət dərəcədə təhsil olmalıdır ki, şagirdin və valideynin gözü kənarda qalmasın. Müəllimin tədrisi, izahı şagirdi tam şəkildə qane edəcəksə, o elə həmin sinifdə oturacaq. Həmçinin valideyn də əlavə xərc çəkib övladına kənarda müəllim axtarmayacaq. Bu, yaxşı üsuldur və mənə elə gəlir ki, tədricən baş tutacaq.

Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər