• cümə, 19 Aprel, 19:21
  • Baku Bakı 24°C

Satqınlıq nümunəsi

03.09.15 11:13 5502
Satqınlıq nümunəsi
Satqınlıq tarixən əxlaqın və mənəvi prinsiplərin aşınmasının göstəricisi kimi dəyərləndirilib. Naturasında xəyanət olan kəslər üçün isə satqınlıq etmək adi bir şey olub. Məhz bunun nəticəsidir ki, ağlı başında, əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Satqınlara yalnız satqınlar dəstək veriblər ki, bu da “taylı tayını tapar” məsəlinin hər zaman özünü doğrultmasından irəli gəlir.
O da məlumdur ki, satqınlıq bütün dövrlərə xas xüsusiyyətdir. Elə Azərbaycanın müasir siyasi səhnəsində də buna dair kifayət qədər nümunə var. Satqınların ənənəvi müdafiəçilərinin sayı da istənilən qədərdir. Bu baxımdan “Azadlıq” qəzetinin Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Facebook səhifəsində paylaşdığı statusu sevincək tirajlaması heç də təsadüfi sayıla bilməz. AXCP sədri Əli Kərimlini müdafiə edən, Razi Nurullayevin isə satın alındığını sətiraltı iddia edən G.Hacıbəyli öz statusunda: “Heç bir ştapm, möhür, kreslo, vəzifə dəyərsiz insanı dəyərə mindirə bilməz! Mən Əli Kərimlinin yerinə olsam o ştampı da, möhürü də təntənəli şəkildə bağışlayardım Razi Nurullayevə. AXCP-nin ştampı da, möhürü də Əli Kərimlidir. Bacarırsınızsa, onu alın!” - yazmaqla əslində özü də bilmədən bir çox “quşlar” uçurub. Əvvəla, o, dolayısı yolla etiraf edib ki, AXCP elə təkcə Ə.Kərimlidən ibarətdir. İkincisi isə hansı xislətlilərin yanında olduğunu sərgiləyərək özünün də necə bir insan olduğunu yenidən ortaya qoyub.
Təbii ki, onun bu statusuna dərhal reaksiya verilib. AXCP sədrinin keçmiş müavini Razi Nurullayev G.Hacıbəylinin fikrinə münasibətini SİA-ya açıqlayıb: “Mən Gültəkin Hacıbəylinin bu fikirləri haqqında uzun-uzadı danışmaq istəmirəm. Buna ehtiyac görmürəm. Sadəcə, demək istəyirəm ki, özünə hörmət edən xanım öz fikrini, düşüncəsini bölüşməlidir. Daha başqalarının fikirləri ilə “fədakarlıq” etməməlidir”.
R.Nurullayev onu da qeyd edib ki, G.Hacıbəyli vaxtilə hakimiyyətə yaltaqlanan bir adam olub: “İndi də Əli Kərimlinin yanında bu funksiyasını icra edir, “canfəşanlıq” göstərir. O, öz fikrilərini yox, başqalarının fikirlərini deyir. Bizim Əli Kərimli adlı problemimiz yoxdur. Uğursuz fəaliyyət göstərdiyinə, partiyanı uçuruma apardığına görə onun istefa verməsini tələb edirik. Gültəkin Hacıbəylinin Əli Kərimliyə qarşı bu qədər sevgisi varsa, o zaman onu inandırsın ki, səhv yoldadır və AXCP-dən istefa verib getməlidir”.
Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafanın açıqlaması isə tarixi yaddaşı olmayanların yaddaşına işıq salıb: “Yaxşı olardı ki, Əli Kərimlinin “satılmaması” barədə danışanlar 1995-ci il və sonrakı tarixə bir də nəzər salsınlar. Onda yadlarına düşər ki, Əli Kərimli hakimiyyətlə hansı danışıqlara gedib”. BQP başqanı eyni zamanda bildirib ki, Ə.Kərimlinin Əbülfəz Elçibəyə qarşı apardığı mübarizənin arxasında hansı xəyanətlərin və satqınçılığın dayandığını, eləcə də Ə.Kərimlinin yanındakıların da kimlər olduğunu xatırlayanlar yaxşı bilirlər: “Ona görə də kimlərinsə tərəfindən tarixin bu dərəcədə təhrif olunması heç də ciddi qəbul edilmir. Azərbaycan Xalq Cəbhəsində satqınçılığın əsasını Əli Kərimli və bu gün onun yanında olan adamlar qoyub. Bu səbəbdən də Xalq Cəbhəsi dağılmağa məhkum oldu”.
F.Mustafa AXCP sədri barədə bu cür iddia ilə çıxış edən G.Hacıbəylinin qurum haqqında danışmağa mənəvi haqqının olmadığını da vurğulayıb və bildirib ki, əslində Azərbaycanda satqın dedikdə, birinci olaraq, Ə.Kərimli yada düşür: “Onu da qeyd edim ki, bu gün Əli Kərimlinin “satılmamasını” iddia edən tərəflərin bu cür danışmağa mənəvi haqları yoxdur. Çünki xəyanət, satqınçılıq dedikdə ilk olaraq təsəvvürlərdə məhz Əli Kərimlinin obrazı canlanır”.
“Əli Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub”. Bu sözləri isə SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev deyib. Onun sözlərinə görə, Ə.Kərimli bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq işinə baxıb: “Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz satılmağa köklənib. Əli Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır. Artıq seçki dövrünün start götürülməsinə baxmayaraq, bu adam hələ də çayxana söhbətləri edir. Bu səbəbdəndir ki, onun ətrafında Qəddafiyə oxşayan Gözəl Bayramovadan, Azərbaycan iqtidarına xəyanət edən Gültəkin Hacıbəylidən başqa heç kim qalmayıb”.
E.Musayev G.Hacıbəylinin yazısını oxuduğunu bildirib və yazılanları şərh edib: “Orada yazılıb ki, Əli Kərimlini satın almaq lazımdır. Bu insan “mübarizə aparmaq” ifadəsi yerinə “satın almaq” ifadəsini işlədir. Yəni bu insanlar ancaq bazar jarqonu ilə danışırlar. Gültəkin Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. Gültəkin Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdir. Mən özümə borc bilərək ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Əli Kərimli heç kimə lazım deyil. Xüsusilə də iqtidara lazım deyil. Bu gün heç o, beynəlxalq təşkilatlara belə lazım deyil. Çünki alqı-satqı obyekti olaraq çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duyurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar”.
Göründüyü kimi, əlavə şərhə ehtiyac yoxdur. Çünki tarix və onun canlı şahidləri heç nəyi və heç kimi unutmur. Necə deyərlər, hər şey elin gözü qabağındadır. Ən böyük tərəzi də məhz odur.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər