AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Satqınların yanında tarix boyu kimsə olmayıb Müsahibə

Satqınların yanında tarix boyu kimsə olmayıb Müsahibə

Müsahibə
30 Aprel 2013, 14:40 1815
Ölkə daxilindəki ictimai-siyasi vəziyyət, müxalifət təmsilçilərinin birlik çağırışları, Milli Şuranın yaradılması, müxalifət düşərgəsinin prezident seçkilərinə hazırlığı və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev cavablandırır.

- Elşən müəllim, müxalifət liderləri uzun müddətdir Milli Şura adlı yeni təsisatın ortaya gəlməsinə çalışırlar. Ancaq bu günə kimi ortada hər hansı nəticə yoxdur. Buna səbəb nədir?

- Səbəb çox sadədir. Ortaya atılan ideya eynən elə öz müəlliflərinə bənzəyir. Natamam, uğursuz və yarıtmaz. Heç deyim ki, kimsə tərəfindən də bu kontekstdə başqa və xüsusi gözlənti yox idi. Hətta Milli Şura adlanacaq bu əndrəbadi qurumun taleyini həmin uğursuz ideya müəllifləri zaman-zaman elə bir səmtə yönəltdilər, elə bir kökə saldılar ki, heç bizə deyəcək söz də qalmadı. İlk addımdaca özləri bir-birini ifşa etdi, ittiham yağışına tutdu. Rafiq Əliyevin sensasion sayılacaq fikri, Eldar Namazovun kəllə-mayallaq açıqlamaları, ölkədən vergi cinayəti səbəbilə qaçaq düşmüş Rüstəmbəyovun pafosu bu ideyanı elə beşiyindəcə boğmağa xidmət eləmiş oldu. Əgər xatırlayırsınızsa, Rafiq müəllim bir müddət öncə Milli Şura ideyasının iflasa uğrayacağını dilə gətirərək bu məsələdə həmkarlarına olan qınağını açıq bir mətnlə dilə gətirdi. Həm də çəkinmədən. Hətta elə bir durum yarandı ki, Eldar Namazov kimi hiyləgər reneqat belə, bu açıqlamanı təəccüb və təəssüf hissi ilə qarşıladığını gizlədə bilmədi. Ardınca da digər proseslər və növbəti qarşıdurmalar. Bəs, bu gün nə baş verir? İndi də Milli Şura təmsilçiləri özlərindən türklər demiş, bir “tık” çıxmadığını görüb, başlayıblar siyasətçi ovuna. Lalə Şövkətdən belə hamıya minnətçi düşüblər. Amma nəticə yenə də yoxdur ki, yoxdur. Olmayacaq da. Bilirsinizmi niyə? Çünki başında Rüstəm İbrahimbəyov, Eldar Namazov kimi “sərkərdələr”in olduğu ordu yerindəcə məhvə məhkumdur. Döyüşsüz-filansız. Satqınların yanında tarix boyu kimsə olmayıb və ya bir dəfə satanın ikinci dəfə sata bilməyəcəyinə kimsə zəmanət vermir. Ətrafdakı sapmalar, proseslərdəki uğursuzluq, bir nəticəyə vara bilməmək də bütün bu söylədiyim səbəblərlə bağlıdır.

- Rüstəm İbrahimbəyov son müsahibəsində müxalifət daxilində hakimiyyətə işləyən adamların olduğunu bildirib. Sizcə, o, bununla nə demək istəyir? Müxalifət liderlərini niyə şantaj edir?

- O, bununla sadəcə, diqqəti öz üzərinə yönələn ittihamlardan yayındırmaq istəyir. Ya da belə deyək, qabaqdangəlmişlik edir ki, sabah özü haqqında bu kimi mülahizələr yürüdülsə, - hansı ki artlq yürüdülür, - bir şəkildə vəziyyəti sığortalasın. Desin ki, baxın, mən o cür fikirlər işlətmişdim deyə, indi söylədiklərimi məndən əvəz çıxmaq üçün özümə qaytarırlar. Halbuki mən kimsənin adamı və agenti deyiləm. Əlqərəz, bu adam yenə oyununu 3 “xod” qabağa hesablayıb. Ən yaxşı variantda özü üçün “pat” hesabının perspektivini qurur. Çünki bu cür provokator manevrlərin ustasıdır. Oynadığı bütün oyunlarda da sadəcə, öz maraqlarını güdür və o maraqlar bundan sonra ortalıqda olan daha kimləri qurban edəcək - sual doğuran ən ciddi məqamlardna biri də budur.

- Sizcə, artıq namizədliyini elan etmiş İsa Qəmbər Milli Şuranın müəyyənləşdirəcəyi vahid namizədi dəstəkləyəcəkmi?

- İsa Qəmbər elə bir adamdır ki, zamanında öz lideri Elçibəyə güzəşt etməyib. Öz böyüyünə qarşı çıxıb. İndi hansısa inkoqnito təşkilatın müəyyənləşdirəcəyi namizədimi dəstəkləyəcək? Əsla! Milli Şura nədir ki, bu adamın əlində. Qoy zaman yetişsin, vədə gəlsin, o zaman özünüz görəcəksiniz ki, İsa Qəmbər qarşısındakı Rüstəmləri, Eldarları necə yola verir. Vurğulamaq lazımdır ki, adamın üstündə Allah var, başqan da bu işin sənətkarıdır...

- Əgər dəstəkləməyəcəksə, onda Milli Şuranın yaradılması ilə bağlı danışıqlarda niyə iştirak edirlər? Açıq şəkildə seçkiyə təkbaşına getmək istədiklərini bəyan edə bilmirlər?

- Hanı iştirak? Necə iştirak edirlər? Və ya sualı bir az ritorik qoyaq, - bunlar ümumiyyətlə nədəsə iştirak edirlərmi? Bəlkə təşkil edib sonradan siyasi kamikadzelərini ortaya buraxdıqları mitinqlərdəmi iştirak edirlər? Bəlkə Azərbaycan maraqlarının, mənafeyinin adı keçən hansısa tədbirdə, yığıncaqda iştirak edirlər? Bəlkə siyasi palitraya yeni çalar gətirəcək hansısa təşkilatın yaranmasında, işindəmı iştirak edirlər? Nədə iştirak edirlər axı bunlar? Bunlar ancaq yoxluqlarda, qeyblərdə, olmazlarda, boğazdan yuxarı kəlmələrdə, pafoslarda və sair-də iştirak edirlər. Həqiqət olan yerdə pay və güc sahibi deyillər, bu zavallı siyasətşünaslar. Reallıq olan yerdə, buzun günəş istisində məhv olmasıtək məhv olur bunlar. Milli Şura adlı bir qurumum var olmadığını da unutmayın. Hətta var olması gerçəkləşəcəksə belə, “yox”a bənzər bir şeylə qarşılaşacağınıza indidən əmin olun. Eynən İsa Qəmbər, Əli Kərimli adlı siyası varlıqlar kimi, Müsavat və AXCP adlı təşkilatlar kimi.

- Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan budəfəki seçkilərdə müxalifətin favorit namizədləri kimi Lalə Şövkət, Rəsul Quliyev və Əli Kərimlinin adlarını çəkib. Sizcə, onun İsa Qəmbəri əsas namizəd kimi görməməsinin səbəbi nədir?

- Əvəzdir də, nə deyir desin, çox ciddiyə almaq lazım deyil onu. Yəqin yadından çıxıb (gülür). Gələn prezident seçkilərində də İsanın adını çəkər, o birilərini saxlayar. Nə problem var ki? Onsuz da müxalifətin bu favori siyahısını ha tərəfə fırlasan, “çevir tatı-vur tatı” effektindən o yana keçmir.

- Seçkiyə az vaxt qalıb. Müxalifət liderləri isə hələ də birlik müzakirələrini başa çatdıra bilmirlər. Onların bu seçkidə nəyəsə nail olacağını proqnozlaşdırmaq mümkündürmü?

- Nəinki proqnozlaşdırmaq, heç xəyal etmək belə mümkün deyil. Onların təkliyi nədirsə, birliyi də elə odur. Necə deyərlər, beşi birinə dəyməz, biri də heçə.

Rufik İSMAYILOV