• cümə, 29 Mart, 03:45
  • Baku Bakı 7°C

Sarkisyanın “sonuncu qalası” da süqut edir

28.10.19 17:19 1868
Sarkisyanın “sonuncu qalası” da süqut edir
Nikol Paşinyan hökuməti ilə Konstitusiya Məhkəməsi arasında qarşıdurma pik həddə çatıb. Bu qarşıdurma artıq Rusiya mediasının da diqqət mərkəzindədir. "Nezavisimaya qazeta” yazır ki, "artıq il yarımdan da çoxdur ki, Nikol Paşinyan Ermənistanda baş rəhbərdir. İcra strukturu ilə yanaşı, parlamentdə də baş nazirin tərəfdarları üstünlüyə malikdir. Qəzet yazır ki, parlament seçkilərindən sonra nəticələrə şübhə etmək heç kim ağlına belə gəlmirdi. Keçmiş iqtidar partiyası – Ermənistan Respublika Partiyası zəruri olan 5 faizlik baryeri keçə bilmədi və nəticədə böyük siyasi həyatın kəndarında qaldı. Həqiqətən də, hər şey ilk baxışda sakit və qalmaqalsız başa çatdı. Qarşıda isə məhkəmə islahatları mərhələsi, daha dəqiq desək, üçüncü hakimiyyətdə islahatların aparılması dururdu. Lakin bu sahədə islahatlar yerində tormozlandı”.
Müəllif yazır ki, prinsip etibarilə respublika əhalisinin böyük əksəriyyəti anlayırdı ki, icra və qanunverici hakimiyyətin ardınca məhkəmə sahəsində də radikal dəyişikliklər baş verməlidir. Bu sahə ən korrupsiyalaşmış sistem hesab edilir. Cəmiyyətdə praktiki olaraq hamı bu korrupsiyalaşmış sistemdə islahatların zəruri olduğunu bildirir: "Eyni zamanda "cərrahi müdaxilə”yə qarşı çıxanlar da az deyil. Hətta keçid dövrü ədalət məhkəməsinin "erməni variantı” barədə də danışılır. Konstitusiya çərçivəsində beynəlxalq standartlara uyğun islahatların aparılmasına bir çox Avropa və beynəlxalq təşkilatlar da dəstək verirdilər. Hakimiyyətdəkilər məhkəmə sahəsində problemləri bir çox hallarda müşahidə edirdi. Onlar görürdülər ki, əvvəlki korrupsiya-oliqarx sistem tərəfindən təyin edilən məhkəmə korpusunun əksər nümayəndələri rəhbərliyin tapşırıqlarını canla-başla yerinə yetirir – biabırçı qərarlar çıxarırdılar. Onlardan bir çoxu hələ də, Avropa İnsan Haqları Məhkəməsində müzakirə olunur. Ermənistan isə vergiödəyicilərindən yığılan pullar hesabına dəfələrlə cərimə ödəməli olub. Özü də bu vəsaitlər yoxsul Ermənistan üçün böyük məbləğlər idi”.
Lakin Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın səlahiyyətlərindən məhrum edilmə məsələsi ortaya çıxanda vəziyyət dəyişdi. Qalmaqal da sentyabrın ortalarında başladı. O zaman Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin müvafiq bəndinə istinad edərək, eks-prezident Robert Koçaryanın həbsinin qanunsuz olduğu barədə qərar çıxardı. Eks-prezidentin vəkillər qrupu da dərhal bəyan etdi ki, məhkəmə faktiki olaraq müdafiə etdikləri şəxsin konstitusiya hüquqlarının pozub. Baş prokurorluq isə öz növbəsində bu qərara qarşı çıxdı. O zaman məhkəmənin qarşısında bir neçə aksiya keçirildi – bir qisim Tovmosyanın qəbul etdiyi qərarın lehinə, digər qisim isə əleyhinə çıxış etdi. Bütün bunlara baxmayaraq, məhkəmə Koçaryanı həbsdən azad etmədi. Pis vəziyyətə düşən isə Konstitusiya Məhkəməsi oldu. Bu günlərdə isə parlament Qrayr Tovmosyanın səlahiyyətlərindən məhrum edilməsi barədə məsələni gündəliyə çıxarıb. Narazılığın birinci səbəbi odur ki, Konstitusiya Məhkəməsinin sədri uzun müddət keçmiş hakimiyyət partiyasının üzvü olub. 2010-cu ildən isə müxtəlif yüksək vəzifələr tutub. Parlamentarilərin qənaətincə, bu fakt, onun tərəfsiz olması barədə ciddi şübhələr yaradır. Bundan əlavə, deputatlar bildiriblər ki, Qrayr Tovmosyan Robert Koçaryanın vəkillərindən birinin xaç atasıdır. Bu zaman ondan tələb edilib ki, namizədliyini geri götürsün, o isə bundan imtina edib. Üçüncü məsələ odur ki, Tovmosyan vaxtilə 2008-ci ilin mart hadisələri ilə bağlı ziddiyyətli fikirlər səsləndirib. Həmin hadisələr zamanı Tovmosyan yüksək vəzifələrdə çalışıb. Deputatlar da bu faktı əsas götürərək onun tərəfsiz olmadığı qənaətinə gəlib. Parlamentin Tovmosyanın səlahiyyətlərindən məhrum edilməsi barədə qərar layihəsi Konstitusiya Məhkəməsinə göndərilsə də, məhkəmə oktyabrın 14-də onun baxılmasını rədd edib. Deputatlar bununla da sakitləşmədilər. Hakimiyyətə yaxın deputatlardan biri Arman Babacanyan baş prokurora etdiyi müraciətdə bildirib ki, Tovmosyan KM hakimləri tərəfindən qanunların pozulması ilə seçilib. Oktyabrın 17-də isə Xüsusi İstintaq Xidməti dövlət hakimiyyətinin zorla ələ keçirilməsi barədə cinayət işi qaldırıb. Buna qədər isə mətbuatda KM rəhbərinin əmlakı barədə məlumatları gizlətməsi, var-dövlətini yaxınları və qohumlarının adına keçirməsi ilə bağlı materiallar dərc olunub. Nəticədə onun yaxınları istintaqa ifadə vermək üçün dəvət olunublar. Hakimiyyətin əleyhdarları indi tək Koçaryan üzərində məhkəməni deyil, eləcə də, Qrayr Tovmosyana qarşı qaldırılan iddiaları da siyasi təqib hesab edirlər. Hakimiyyət, məhkəmə sisteminin özünə qarşı alyansa çevriləcəyindən ciddi şəkildə ehtiyatlanmağa başlayıb. Belə bir fikir var ki, məhkəmə, rəqiblərin siyasi revanş götürməsində həlledici ola bilər. Onlar hesab edirlər ki, əvvəlki rejimə simpatiya göstərməklə, hakimlər onların maraqlarını ifadə edirlər. "Konstitusiya Məhkəməsinə hər hansı bir təzyiq göstərməkdən söhbət gedə bilməz”, - deyə baş nazirin mətbuat katibi Vladimir Karapetyan bildirib. Bu günlərdə isə ədliyyə naziri Rustam Badasyan Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhrandan çıxış yolu üçün öz variantını təklif edib – hakimlər vaxtından əvvəl pensiyaya çıxsınlar. Artıq müvafiq qanun layihəsi də hazırlanıb. Layihə hökumətdə müzakirə olunub, parlamentin müzakirəsinə çıxarılacaq. Hələ ki, bu başağrısı məsələ qalıb və həll etmək də elə asan deyil. Q.Tovmosyan özü də bildirib ki, ona qarşı siyasi təqib aparılır və istefa vermək fikrində deyil. Əlavə edib ki, sona kimi səlahiyyətlərini icra edəcək. Xüsusi İstintaq Xidməti isə öz növbəsində bəyan edib ki, siyasi sifariş yerinə yetirmir, yalnız qanuna söykənir.
Beləliklə, Nikol Paşinyan hakimiyyəti müxalif qüvvələrin birliyini pozmaq üçün əlindən gələni edir. Və çoxları da əmindir ki, Paşinyan hələ uzun müddət bu siyasəti aparacaq. O vaxta kimi, bütün qüvvələr sıradan çıxsın. Dünən yayılan məlumatlara görə, Ermənistan Xüsusi İstintaq Xidməti parlamentin keçmiş spikeri Ara Babloyana qarşı da ittiham irəli sürəcək. Bu məlumatı "168 Jam” qəzeti yayıb. Məlumata görə, Babloyana qarşı ittiham irəli sürülsə də, onun həbsi baş verməyəcək. Qəzet bildirir ki, Babloyana qarşı sürülən ittiham sayəsində parlament aparatının keçmiş rəhbəri Arsen Babayanı həbsdə saxlamaq mümkün olacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər