• cümə axşamı, 28 mart, 15:00
  • Baku Bakı 16°C

Sarkisyanın cinayət işinin ibtidai istintaqı başa çatıb

10.01.20 16:10 1752
Sarkisyanın cinayət işinin ibtidai istintaqı başa çatıb
Cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək

"Ötən il hakimiyyət heç bir uğura imza ata bilməyib. Nikol Paşinyan hakimiyyətinin "iqtisadi uğurlar”la bağlı söylədikləri yumşaq desək, reallıqdan çox-çox uzaqdır. Əksər iqtisadçılar bunun əksini söyləyirlər”. Bu sözləri məşhur erməni siyasi xadimi David Şahnazaryan "new.am”a verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, hakimiyyət iddia edir ki, çox şeyi asfalt üzərinə döşəyib. "Bəli, asfalt qoyulub. Lakin siz diqqət yetirsəniz, görəcəksiniz ki, həmin asfalt hər bir tərəfdən bir metr itirib”, - deyə ekspert bildirib. Onun sözlərinə görə, bu gün Ermənistanda təhlükəsizlik prezumpsiyası fəaliyyət göstərmir – fəxr ediləsi bir iş yoxdur. Hər sahədə ciddi problemlər mövcuddur, hakimiyyət isə faktiki olaraq bir şəxsin əlində cəmlənib. D.Şahnazaryanın sözlərinə görə, "insanlar inqilab edəndə əmin idilər ki, ciddi bir iş görüblər. Lakin indi məlum olur ki, onlar böyük bir cinayətin iştirakçısı olublar. Bir hissə isə hələ də, bunu qəbul etmir. Hesab edirlər ki, bu, onların həyatında əhəmiyyətli hadisə olub. Hərdən oturub Ermənistanda və onun ətrafında baş verənlərə nəzər salırsan və təəccüblənməyə bilmirsən. Baş nazir bir gün özünü dəmir tullantıları yığan, o biri gün kassa çekləri yığmaq üzrə mübariz elan edir, gah da dietoloq kimi çıxış edir. Mən hesab edirəm ki, müstəqil dövlətçiliyimiz tariximizdə indiki kimi ciddi təhlükəli dövr olmayıb. Çünki hakimiyyət "Yeni Ermənistan” deyəndə bizə tamam başqa şeylər təqdim edir”. Şahnazaryanın qənaətincə, hakimiyyət əvvəlki 30 ildə əldə olunan nailiyyətləri məhv etməklə məşğuldur. "Bir nəfərin əlində cəm olan hakimiyyət məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Hətta hökumət başçısı da bu yaxınlarda etiraf etdi ki, dövlət orqanları işləmir”, - deyə o, bəyan edib. Şahnazaryan Soros Fondunun Ermənistandakı fəaliyyətinə toxunaraq onlara qarşı ciddi ittihamlar irəli sürdüyünü xatırladıb. Bildirir ki, hüquq-mühafizə orqanları bu fikirləri onların cinayəti kimi qəbul edə bilər. "Bu fond dövlət institutlarına qarşı mübarizə aparır. Məsələn, onlar Milli Təhlükəsizlik Xidmətinə qarşı çıxır. Eyni hal polisin özünə qarşı aparılır. Dövlət zəiflədilməlidir və bu hədəf də yerinə yetirilir. Baş nazir elan edir ki, hər sahə öz strategiyasını təqdim etməlidir. Siz başa düşürsünüz ki, bu tam şəkildə absurd bir məsələdir. Bu həm də bir daha hakimiyyətin savadsızlığını göstərir. Onların ümumi strategiyası yoxdur. Çünki hələ də bilmirlər ki, onlara necə dövlət lazımdır. Onlar konkret məsələlər həll edirlər – dövlət institutlarına zərbə endirmək. Bu plan illər uzunudur ki, həyata keçirilir. Əsas vəzifələri də Qarabağdır”, - deyə Şahnazaryan bəyan edib. Onun qənaətincə, hakimiyyətin siyasəti nəticəsində bu gün ciddi bir məsələ ortaya çıxıb - Qarabağın azərbaycanlı icması faktora çevrilir: "İkincisi odur ki, Ermənistan hər zaman beynəlxalq ictimaiyyətlə Qarabağ məsələsində barrikadanın bir tərəfində, Azərbaycan isə başqa tərəfində idi. İndi bütün bunlar itirilib və faktiki olaraq tək qalmışıq - ATƏT Minsk qrupu həmsədrlərinin bəyanatlarına qulaq asa-asa bunu görə bilərsiniz. Minimum iki dəfə bununla bağlı Rusiya xarici işlər naziri danışıb. Üçüncüsü, müharibə riski artıb”. Əlavə edib ki, rəsmi Bakı müharibəyə başlamaq üçün beynəlxalq ictimaiyyət qarşısında arqumentlərini artırıb. "Bizim üçün nizamlanma prosesinin Qarabağ, Ermənistan və Azərbaycanı qane edəcək həll variantının olması absurd və qəbuledilməzdir”, - deyə siyasətçi bildirib. Onu da deyib ki, Paşinyanın Qarabağla bağlı populist bəyanatları danışıqlar prosesinə ciddi təhlükə yaradır: "Siz nə vaxtsa hansısa bir hakimiyyətin silahları ilə öyündüyünün şahidi olubsunuzmu? Müharibə təhlükəsi məsələsi xeyli güclənib. Bunu hətta Azərbaycan XİN rəhbəri ATƏT-in Bratislava sammitində də bəyan edib. Təəssüf ki, bizim KİV-lər buna toxunmayıb. Orada o, Ermənistanı sürətli silahlanmada ittiham edib. Hətta Ermənistanı ATƏT tərkibində ən militarist dövlət adlandırıb. Bu artıq Azərbaycan təbliğatında yeni elementdir. Artıq Ermənistan Minsk qrupu formatında mərhələli həll variantını müzakirə edir. Bunu nəinki Azərbaycan, Rusiya məmurları da deyirlər. Lakin bizimkilər bunu mütəmadi olaraq təkzib edirlər. Mərhələli nə deməkdir? Demək addım-addım ərazilər heç bir status olmadan təhvil veriləcək? Bu, heç bir halda bizim üçün qəbul oluna bilməz. Rusiya, Fransa və ABŞ bu məsələ üzərində birgə işləyirlər. Ola bilsin təklifi Rusiya irəli sürəcək. Rusiya Ermənistanın strateji müttəfiqidir. Lakin Azərbaycanla bütün istiqamətlər üzrə sıx əməkdaşlıq edir”, - deyə D.Şahnazaryan bəyan edib. Onun qənaətincə, Rusiyanın siyasəti – həmişə Ermənistan və Azərbaycan arasında seçim etməməkdən ibarət olub. Lakin zaman-zaman bu siyasət gah Ermənistana, gah da son illər Azərbaycana doğru çevrilir. Hazırda bu siyasət Azərbaycana çevrilib və mən buna görə Ermənistanın nankor hakimiyyətini günahlandırıram. Onlar heç bir halda bunu başa düşmürlər”.
Yeri gəlmişkən, Şahnazaryan hesab edir ki, Ermənistanda heç bir lider indiki kimi böyük hakimiyyət əlində cəmləşdirməyib. Onun qənaətincə, bu il çox çətin olacaq - tək iqtisadi cəhətdən yox, sosial, eləcə də, siyasi mübarizə baxımından da problemlər gözlənilir. Eyni zamanda həlledici il olacaq. Cəmiyyətin qütbləşməsi, fikir ayrılıqları Qarabağa keçəcək. Artıq bu müəyyən mənada orduya keçib.
Müxalif siyasətçi 2008-ci ilin 1 mart hadisələrinin araşdırılmasına da toxunaraq ortada yeni heç nə olmadığını dilə gətirib. Yalnız bir şey əldə olunub ki, bəs polisə də atəş açılıb. Halbuki, baş nazir iddia edir ki, bu iş üzrə istintaq başa çatıb. Robert Koçaryanla onun arasında münasibətlərə gəldikdə, bildirib ki, ziddiyyətləri geniş ictimaiyyət də bilib. Eks-prezidentin məhkəmə prosesinə toxunaraq bunu bir tamaşa adlandırıb. Əlavə edir ki, ölkədə aktiv siyasi qüvvələr olsa da, aktiv siyasi gündəm yoxdur.
Son məlumatlara görə, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın cinayət işinin ibtidai istintaqı başa çatıb. Bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqanjanyan bildirib. Onun sözlərinə görə, cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.İttiham tərəfinə və onların vəkillərinə bu barədə məlumat verilib. İş üzrə daha 4 nəfər ittiham olunur.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər