Sarkisyandan daha bir saxta seçki
Ermənistan daha bir seçki saxtakarlığına imza atdı. Aprelin 2-də
reallaşan saxta parlament seçkilərindən sonra növbəti Ağsaqqallar Şurasına
keçirilən seçkilər də çoxsaylı qanun pozuntuları və zorakılıqlarla baş tutub.
Şəhər merinin seçilməsi uğrunda keçirilən seçkinin ilkin nəticələrinə görə,
hakim Respublika Partiyası 71 faiz səslə tam qələbə çalıb. Seçkidə hakim
partiyanın namizədlər siyahısına hazırkı mer Taron Markaryan başçılıq edib.
"Çıxış” blokunun (21 faiz) siyahısının rəhbəri deputat Nikol
Paşinyan, "Yerkir Sirani” partiyasının (7,81 faiz) siyahısının rəhbəri isə bu
partiyanın lideri, keçmiş deputat Zaruhi Postancyan olub. Qeyd edək ki, Yerevan
Ağsaqqallar Şurasına seçkilər proporsional qaydada keçirilib. Qanunvericiliyə
görə, hansı partiyanın namizədləri şurada 50 faizdən çox yer alırsa, mer də
həmin partiyanın seçki siyahısına rəhbərlik edən namizəd olur. Əgər heç bir
partiya 50 faiz yer almırsa, o zaman mer şura üzvlərinin gizli səsverməsi yolu
ilə seçilir. Lakin görünür, Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika
Partiyası məsələni çətinləşdirmədən əksər səsləri mənimsəmək qərarına gəlib.
Nəticələrə görə, Yerevanın meri Sarkisyanın namizədi olan Taron Markaryandır.
"Avropa hüquqlarının birləşməsi” klubunun üzvü Kristina Qevorkyan
bildirib ki, seçkilər total saxtakarlıqla keçib: "Müşahidələrimiz göstərdi ki,
parlament seçkilərində olduğu kimi, Yerevanın mer seçkilərində də saxtakarlıq
pik həddə olub. Bülletenləri nümayişkəranə sürətdə zərfdən çıxarır və hakim
partiyanın namizədi T.Markaryanın adının qarşını işarələyərək, qutuya
atırdılar. Bununla yanaşı, "karusel əməliyyatı” edilirdi, həmçinin seçki
kampaniyasında da ədalət prinsipi pozulmuşdu”.
Onu da qeyd edək ki, "Azadlıq” radiosunun erməni xidmətinin əməkdaşı
Sisak Qabrielyan hakim Respublika Partiyasının yerli qərargahlarının birində
hücuma məruz qalıb. Jurnalist danışır ki, qərargahdan çıxan bir şəxs çantadan
pulları çıxararaq, vətəndaşlara paylayırdı. "Mən onların birindən soruşdum:
"Siz hakim partiyanın namizədini seçdiniz?”. Yaşlı qadın "bəli, seçdilər,
yuxarıda Allah var” deyə cavab verdi”, - jurnalist bildirib. Qərargaha daxil
olan jurnalist baş verənləri aydınlaşdırmaq istəyərkən, onu təhqir edərək,
döyüblər. Saxtakarlığı qeydə almaq istəyən "Yerkir Sirani” partiyasının lideri
Zaruhi Postancyan da hücuma məruz qalıb. Onun partiyasının qərargahına hücum
edilib və özü ilə yanaşı, qızı döyülüb. Partiya liderinin qızı beyin
silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Müxalif lider Zaruhi
Postancyan üzləşdiyi polis zorakılığından sonra dünən təcili mətbuat konfransı
keçirib. Baş verən ədalətsizlikləri, qanun pozuntularını qeyd edən Postancyan
mətbuat konfransı zamanı fəaliyyətdə olan hökuməti devirmək üçün "Milli
Müqavimət Hərəkatı”nın başlanmasının lazım olduğunu bəyan edib.
O, xalqa ünvanlandığı müraciətində siyasi böhranın aradan
qaldırılması üçün sosial təbəqələrin fəal iştirakını tələb edib. Postancyan
Ermənistanda qanunsuz rejimin devrilməsinə çağırışlar edərək yaradılacaq
hərəkatın qətnamələrini oxuyub.
Postancyana görə, "Milli Müqavimət Hərəkatı” 2015-ci ildə keçirilən
referendumun nəticələrini, Serj Sarkisyan və Respublika Partiyasının qanunsuz
hakimiyyətini tanımır və onlara qarşı istintaq prosesinin başlanmasını tələb
edir.
Öz siyasi platformasının digər detallarını vurğulayan müxalif fəal
respublikaçı namizəd Taron Markaryanın bir gün sakit yaşamayacağını, ümumən
hakimiyyətin həyatının cəhənnəmə çevriləcəyini bildirib. Partiya lideri
hakimiyyəti "həyatınız cəhənnəmə çevriləcək” deyə hədələyib: "Bizim böyük
komandamız var və bütün saxtakarlıqları ortaya çıxaracağıq”. Postancyan Yerevanda
mitinqlərin və iğtişaşların başlanacağının da anonsunu verib.
"Yelk” bloku qərargahının sədri Edmon Marukyan isə hakimiyyəti Postancyana
qarşı addımlarına görə ittiham edib. O qeyd edib ki, seçkilərdə saxtakarlığa
görə hər hansı etiraz aksiyası keçiriləcəksə, blok buna dəstək verəcək.
"Ermənistanda rüşvət verilməsi ilə bağlı geniş yayılmış problem var”.
Bunu isə "Yelk” blokundan Yerevan merliyinə namizəd olan Nikol Paşinyan yerli
jurnalistlərə bildirib. "Seçicilərə rüşvət vermədən Respublika Partiyasının
nəinki bu seçkilərdə, ümumiyyətlə, bütün seçkilərdə heç bir şansı yoxdur”, - o
deyib. Onun sözlərinə görə, blokun rüşvət verilməsinə dair xeyli sayda dəlili,
faktları, materialları və şahidləri var: "Bizdə yalnız seçicilərin səsinin
satınalınmasına dair sübutlar yox, həm də rüşvət verilməsi prosesində başda
polis rəisi Vladimir Qasparyan olmaqla polisin də iştirak etdiyinə dair
sübutlar var. Özü də o, birbaşa Ermənistan prezidentinin göstərişi ilə bu işə
cəlb olunub”.
Yeri gəlmişkən, mer seçkiləri saxtakarlıqlarla yanaşı, maraqlı
hadisələrlə də yadda qalıb. Xüsusilə Ermənistan prezidenti Serj Sarkisyan
parlament seçkilərində üzləşdiyi vəziyyətlə yenə qarşılaşıb. "Novosti
Armenia”nın məlumatına görə, Serj Sarkisyan arvadı ilə birlikdə səs vermək üçün
məntəqəyə gəlib. Lakin seçicilərin adlarını barmaq izləri ilə təsdiq edən
aparat Sarkisyanı "tanımayıb”.
Azər