• cümə, 19 Aprel, 17:12
  • Baku Bakı 25°C

“Sarkisyan zəif olduqlarını etiraf edir”

24.01.17 11:30 1320
“Sarkisyan zəif olduqlarını etiraf edir”
"Azərbaycan hücuma hazırlaşır, biz isə müdafiəyə” – bu fikirləri Ermənistan prezidenti Serj Sarkisyan səsləndirib və ölkəsinin Azərbaycanla silahlanma yarışına girməməli olduğunu deyib: "Bizdə hücum hərəkətlərinin hədəfləri yoxdur və əgər onlar təyyarələr əldə edirlərsə, biz hava hücumundan müdafiə vasitələri, əgər tanklar əldə edirlərsə, onda biz tank əleyhinə vasitələr əldə etməliyik. Amma bu o demək deyil ki, biz təyyarələr və ya tanklar əldə etməməliyik. Bütün ön xətt video-müşahidə vasitələri və gecə görmə cihazları ilə təchiz edilib”.

İşğalçı ölkə başçısının bu cür sözlər işlətməsi diqqət çəkməyə bilməz. Onun əslində nə demək istədiyini politoloqlarla müzakirə etdik. Deyilənlər nəyə hesablanıb - özünü gücsüz göstərmək istəyi, yenə mələk donuna girmə cəhdi, yoxsa Rusiyadan növbəti dəstəyi qoparma çabası?

Politoloq Elxan Şahinoğlu "Kaspi”yə açıqlamasında dedi ki, Sarkisyan yanvarın 20-də aprel ayında 4 günlük savaşda iştirak edən və tərxis olunan hərbçilərlə çay süfrəsi arxasında danışarkən Rusiyanın adını çəkməyib: "Elə bir təsəvvür yaranır ki, sanki Ermənistan özü hardansa silah alıb. Etiraf edib ki, Azərbaycanla ayaqlaşa bilmir. Azərbaycanın maliyyə imkanı böyükdür, silah almaq üçün hər il milyardlarla dollar xərcləyir. Onların belə imkanı yoxdur, silahı Rusiyadan dilənirlər. Amma Sarkisyan Rusiyanın adını çəkmir, onlara silah krediti verdiyini və s. demir. Sarkisyan demək istəyir ki, Azərbaycanın aldığı bahalı silahların qarşısında öz ucuz silahları ilə müdafiə oluna biləcək. Amma erməni saytlarının yaydığı bu xəbərin ardından bir maraqlı abzas da oxudum. Aprel döyüşlərində erməni tərəfinin qaranlıqda görmək üçün xüsusi cihazları yox imiş. Adi konserv bankalarını aya tərəf tuturmuşlar ki, qarşı tərəfdə nə baş verdiyini görə bilsinlər. Sarkisyan özü də çıxışlarından birində deyib ki, əllərində olan 80-ci illərin silahlarıdır. Göründüyü kimi, bir tərəfdən hərbçiləri sakitləşdirməyə çalışır ki, əllərində müdafiə silahları var, amma faktiki özü də etiraf etmişdi ki, silahlar köhnədir. Erməni saytları da yazır ki, modern silahları yoxdur. Düşünürəm ki, yanvarın 20-də baş tutan görüşdə verdiyi açıqlama erməni cəmiyyətini sakitləşdirmək məqsədi daşıyır. Çünki erməni cəmiyyəti görür ki, vəziyyət getdikcə ağırlaşır, cəbhə bölgəsində gərginlikdir, Azərbaycan yeni növ silahlar alır. Biz bu silahları anbarda saxlamaq üçün almırıq ki. İki dövlətdən 10 milyard dollarlıq silah almışıq. 5 milyardlıq İsraildən, 5 milyardlıq Rusiyadan. Pakistandan, Cənubi Afrika Respublikasından, Çindən, Belarusdan, Ukraynadan aldığımız silahlar da var. Ona görə almışıq ki, işğalçı masa arxasında birinci mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa razı olmasa, ona qarşı təzyiq üsullarından istifadə edək”.

E.Şahinoğlu Sarkisyanın seçkiyə hazırlaşdığını da qeyd etdi. Xatırlatdı ki, apreldə parlament seçkiləridir və konstitusiya dəyişib, prezidentin səlahiyyətləri azalıb. Əsas səlahiyyət parlamentə keçir. Ona görə də Sarkisyan çalışacaq ki, seçkidə partiyası qələbə çalsın, prezident kreslosundan baş nazir kreslosuna keçsin: "İndidən təbliğat aparıb deyir ki, camaat, narahat olmayın, bizim də müdafiə silahlarımız var. Halbuki erməni cəmiyyəti gərginlikdədir, iqtisadi və sosial vəziyyətin ağırlaşması ilə yanaşı, cəbhə bölgəsində böyük itkilər verirlər. Özləri bir statistika yaymışdılar, guya 2016-cı ildə 166 hərbçi itiriblər. Yalandır! Tək aprel ayında bundan üç dəfə çox itki veriblər. Lap elə tutaq ki, rəqəm realdır. Milyonyarımlıq, özü də kasıblaşan, sosial fəlakətə yuvarlanan, həmçinin gəncləri ölkəni tərk edən bir ölkə üçün bir il ərzində 200-ə yaxın hərbçisini itirmək faciədir. Bizim sayımız onlardan dəfələrlə çoxdur. Həmçinin biz nəyin uğrunda savaşdığımızı bilirik, torpaqlarımızı geri qaytarmaq üçün hazırıq. Ermənistan cəmiyyəti buna hazır deyil. Erməni ailəsi övladının Dağlıq Qarabağda ölməsinə pis baxır. Ona görə də cəmiyyətdə narazılıq getdikcə artır. Üstəgəl, müxalifət birləşib. Keçmiş nazirlər də birləşir. İstefaya göndərdiyi müdafiə naziri Seyran Ohanyan keçmiş xarici işlər naziri Vardan Oskanyanla görüşüb blok yaradır. Başqa müxalif bloklar da güclənir. Belə bir vəziyyətdə Sarkisyanın görüşü və verdiyi açıqlamaların məqsədi sadəcə, cəmiyyəti sakitləşdirməkdir”.

Politoloq Arzu Nağıyev dedi ki, Sarkisyan son vaxtlar Rusiyanın mövqeyinin Ermənistana qarşı dəyişməsini nəzərə alaraq, yeni silahların əldə edilməsini ön plana çəkmək istəyir: "Həmçinin göstərmək istəyir ki, biz hər an Azərbaycan tərəfindən hücuma məruz qala bilərik və bununla bağlı qorxumuz var. Təbii ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. İşğal olunmuş torpaqları geri qaytarmaq ölkəmizin haqqıdır. Sarkisyan demək istəyir ki, mən müdafiə olunmalıyam. Bundan əlavə, o, belə açıqlamalarla gələcək seçkilərdə öz hakimiyyətini qorumaq məqsədi güdür”.

Politoloq Mübariz Əhmədoğlu isə dedi ki, Sarkisyanın bəyanatlarını ciddiyə almaq lazım deyil: "O, nə danışdığını bilmir. Onun açıqlamalarında ziddiyyətli məqamlar çoxdur və hər zaman olub. Özü-özünə hörmət qoymur, amma heç olmasa, ətrafına hörmət qoymalıdır. Deyir ki, Azərbaycan hücum silahları alıb və biz onların yolu ilə getməməliyik. Əslində, özü də etiraf edir ki, Azərbaycanla yarışa bilməz. Aprel döyüşlərindən sonra Sarkisyanın maraqlarına uyğun gəlməyən fikirlər səsləndirən müxalifətçilər basqılara məruz qalmışdılar. Gördüyünüz kimi, o, yenə də camaatı aldatmaqla məşğuldur”.

Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər