• cümə axşamı, 25 aprel, 22:08
  • Baku Bakı 21°C

Sarkisyan seçicilərin ələ alınmasına 100 mln dollar sərf edəcək

11.03.17 09:00 876
Sarkisyan seçicilərin ələ alınmasına 100 mln dollar sərf edəcək
"Hakimiyyət kuluarlarında Ermənistan rəhbərliyinin qarşıdan gələn parlament seçkilərinə 100 mln. dollara yaxın vəsait sərf edəcəyi barədə xəbərlər dolaşır. Bu vəsaitlərin böyük bir qismi təbii ki, gizli şəkildə xərclənəcək”. Bunu Ermənistanın nüfuzlu "Aykakan jamanak” qəzeti yazır. Qəzet yazır ki, söhbət vəd edilən 10-15 min dram rüşvətdən, eləcə də, reytinq seçki sistemində ilk yerdə qərarlaşan namizədlərin reklam roliklərinə, efir vaxtlarına, plakat və bukletlərinə sərf edilən vəsaitlərdən gedir. "Bəlli olan odur ki, seçki sistemindəki əsas favorit namizədlər astronomik vəsaitlər sərf etməyə hazırlaşırlar. Əvvəlki seçkilərdə Yeqine Bişaryan və Samvel Aleksanyan də bildirirdilər ki, ölkə oliqarxları pul kisələrinin ağzını açıblar”, - deyə qəzet yazır. Öz növbəsində Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan bildirir ki, əslində, seçki məntəqələrində saxtakarlıq imkanları yüksəkdir. Məntəqələrə quraşdırılmış videokameralar və imzalanmış seçici siyahılarının dərci də bunun qarşısını almağa kömək etməyəcək. Amma o, hakimiyyətin rüşvət vasitəsilə seçiciləri ələ almağa indi daha çox diqqət yetirdiyini bildirib. Zurabyan seçki rüşvətlərinin həcminin günü-gündən artmasını bununla əlaqələndirir. L.Zurabyan qeydə alınmış rekord məbləğin 100 dollar olduğunu da bildirib. Onun dəyərləndirməsinə görə, əhalinin 50-60 faizi illər boyu seçki zamanı səslərini satmağa öyrəşib. Belə adamlar, heç olmasa, bu seçkidə reabilitasiya keçməlidirlər.
Ermənistan Milli Konqresinin sədr müavini hesab edir ki, seçkilərdə rüşvət sayəsində əldə edilmiş səslər həlledici rol oynayacaq: "Seçki rüşvətlərinin paylanması praktikasının mövcud olduğu cəmiyyətlər mahiyyətcə gerilik, korrupsiya və yoxsulluq istiqamətində hərəkət edirlər. Yəni rüşvət almaqla almamaq arasında seçim edən adamlar anlamalıdırlar ki, bu addımla ölkənin gələcəyinin üstündən xətt çəkirlər”.
Yeri gəlmişkən, Ermənistanda ölkənin yarım-prezident idarəçilik sistemindən parlament idarəçilik sisteminə keçməsini nəzərdə tutan yeni konstitusiya üzrə ilk parlament seçkilərinin rəsmi təşviqat kampaniyası başlayıb. Təşviqat-təbliğat kampaniyası martın 31-nə kimi davam edəcək, səsvermə günü aprelin 2-si təyin edilib. Seçkilərdə 5 siyasi partiya və 4 blok iştirak edir: Prezident Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası, Daşnaksutyun Erməni İnqilabi Federasiyası, Erməni Dirçəlişi, Azad Demokratlar Kommunist partiyaları və Tsarukyan, Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası (EMK-EXP), Ohanyan-Raffi-Oskanyan (O-R-O) və "Çıxış” blokları. Seçki Məcəlləsinin tələbinə əsasən, səsvermə günündən 30 gün əvvəl dərc edilən rəsmi siyahılara görə, seçicilərin ümumi sayı 2 milyon 564 min 734 nəfər təşkil edir.
Məlumatlı Vətəndaşlar Birliyi ictimai təşkilatın rəhbəri Daniel İoannisyan hesab edir ki, siyahılar həmişəki kimi "ölkəni tərk etmiş vətəndaşların hesabına” şişirdilib. İnzibati və xüsusilə, maliyyə imkanlarına görə, seçkilərdə daha böyük qələbə şansına malik hakim Ermənistan Respublikaçılar Partiyası (ERP), O-R-O və Tsarukyan blokları hesab edilir. Ermənistan Respublikaçılar Partiyasının lideri, prezident Serj Sarkisyanın adı partiyanın seçki siyahısına daxil edilməyib. Siyahıda ilk üç yeri gənc respublikaçılar tutur. Bu, 2018-ci ildə son prezidentlik müddəti başa çatdıqdan sonra Sarkisyanın baş nazir vəzifəsini tutacağını ehtimal etməyə əsas verir. Ötən ilin sentyabrından hökumət başçısı təyin edilmiş və cəmi 4 aylıq partiya stajı olan baş nazir Karen Karapetyan isə son illər ölkədə yaşama stajının çatışmadığına görə seçkilərdə iştirak edə bilməyib. Lakin hakim partiya liderləri Karen Karapetyanın 2 aprel parlament seçkilərindən sonra öz vəzifəsində qalıb Nazirlər Kabinetinə başçılıq edəcəyinə işarə edirlər. Seçki siyahısına təxminən 4 ay əvvəl müdafiə naziri təyin olunmuş və bundan bir ay sonra hakim partiya üzvü olmuş Vigen Sarkisyan başçılıq edir. İkinci - Yerevan meri Taron Marqaryan, üçüncü - ədliyyə naziri Arpine Ovanisyandır. Partiyanın bütün təşviqat lövhələrində baş nazir Karen Karapetyanın iri portretləri əks etdirilib, təbliği videoklipində baş nazir zərb alətlər ifaçılığını nümayiş etdirir.
Ohanyan-Raffi-Oskanyan seçki blokuna hələ ötən ilin sentyabrında Ermənistan müdafiə naziri olan Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistan xarici işlər naziri olmuş Raffi Ovanisyan və 1998-2008-ci illərdə Ermənistan XİN rəhbəri olmuş Vardan Oskanyan başcılıq edirlər. Blokun lideri Seyran Ohanyan Ermənistanda hakimiyyət dəyişikliyi etmək niyyətində olduğunu bəyan edir. O, jurnalistlərlə görüş zamanı, O-R-O bloku seçkilərdə qalib gəlsə, Ermənistanın iqtisadi və siyasi sistemini dəyişməyə çalışacağını deyib. "Lakin 17 il Qarabağ və Ermənistan müdafiə nazirliyinə başçılıq edən Ohanyanın bir gündə dönüb müxalifətçiyə çevrilməsinə inanmaq çətindir”,- deyə lragir.am internet nəşrinin siyasi icmalçısı Hakob Badalyan bildirib. S.Ohanyanın adı ilk növbədə 2008-ci il 1 mart hadisələri, prezident seçkilərindən sonra 10 gün davam edən mitinqin dağıdılmasında ordunun iştirakı ilə bağlı xatırlanır. Həmin əməliyyat nəticəsində 10 nəfər ölüb, 200-ə yaxın insan xəsarət alıb.
Azər
banner

Oxşar Xəbərlər