• şənbə, 20 Aprel, 14:27
  • Baku Bakı 23°C

Sarkisyan Paşinyana qarşı səlib yürüşünə start verdi

22.11.19 14:03 549
Sarkisyan Paşinyana qarşı səlib yürüşünə start verdi
Eks-prezident Avropa tribunasından hakimiyyəti populizmdə, daxili və xarici siyasətdə uğursuzluqda ittiham edib
Nikol Paşinyanın yaxın vaxtlar üçün növbəti hədəfi bəlli olur. Eks-prezident Robert Koçaryanı zərərsizləşdirən Nikol indi də başqa bir sabiq prezidenti - Serj Sarkisyanı hədəfə alıb. Hücumlara isə Sarkisyanın "kassiri”ndən başlayıb. Erməni nəşrləri yazır ki, baş nazir İtaliyada keçirdiyi görüşlərdə S.Sarkisyanı və onun yaxın qohumu, kürəkəni Mikael Minasyanı hədəfə alıb. Bir faktı da qeyd edək ki, Nikolla yanaşı, S.Sarkisyan da Avropadadır və o da indiki hakimiyyəti hədəfə alan sərt açıqlamalarla çıxış edib. Avropa tribunaları erməni siyasətçilərin qarşılıqlı ittihamlarına ev sahibliyi edib. Qalmaqal Paşinyan Milanda olarkən iştirakçılardan biri ona Ermənistanda nifrət zəminində çıxışların baş alıb getdiyini, eləcə də, indiki rəhbərliyin daxili və xarici siyasətinin dözülməz olduğunu bildirdikdən sonra başlayıb. Baş nazir bildirib ki, bütün korrupsionerlər İtaliyada gizlənib. Əlavə edib ki, qoy ümid etməsinlər ki, erməni ədalət məhkəməsinin əli onlara çatmayacaq. "Eurasianet” yazır ki, bu mesaj birbaşa Sarkisyanın kürəkəni Mikael Minasyana ünvanlanıb. 2013-2018-ci illərdə Vatikanda səfir vəzifəsində çalışmış bu şəxs hazırda İtaliyada yaşayır. "Mən bilmirəm, onlar Vatikanın zirzəmilərində gizlənirlər ya yox. Lakin onların boynundan tutub məhkəməyə gətirəcəyik. Onlar xalqdan oğurladıqları qəpiyi belə geri qaytarmalıdırlar”. Bir vaxtlar mediamaqnat olan bu şəxs bir çox Ermənistan KİV-nin sahibi olub. Paşinyan hakimiyyətə gələndən sonra isə onları tərəfdaşlarına satıb. Son aylar isə aktiv şəkildə yeni hakimiyyəti tənqid etməkdədir. Onun siyasi ambisiyalarının olduğu barədə şayiələr də yaymağa başlayıb. Kürəkən sosial şəbəkələr vasitəsilə bildirib ki, Paşinyan hakimiyyətə "xilasedici” kimi gəldiyi barədə bəyanatlar yayır. "Bir həqiqəti bilin ki, nə qədər emosional çıxışlar edib bildirsək ki, bizə "xilasedici” lazımdır, o qədər də problemlərimiz çox olacaq. Ermənistana səsləndirdiyi sözlərinin məsuliyyətini anlayıb, hərəkət edə bilən, qərarlar qəbul edən şəxs lazımdır.
Maraqlıdır ki, Avropa Xalq Partiyasının Zaqrebdə keçirilən konqresində çıxış edən S.Sarkisyan ilk dəfə açıq şəkildə indiki hakimiyyət sərt tənqid edən bəyanatlar səsləndirib. "Ölkədə demokratiyaya təhlükə olan hadisələr baş verir. Siyasi təqiblər həyata keçirilir. Müxalifətçi jurnalistlər və fəallara qarşı aqressiv hərəkətlərə yol verilir, dözümsüzlük və nifrət ritorikası ən narahatedici səviyyəyə çatıb”, - deyə sabiq prezident bəyan edib. Sarkisyan bildirib ki, Ermənistanda həmişə xalqın dəstəyinə malik olub. Hakimiyyətdən getmək qərarına gəldikdə isə daha yaxşı dövlət qurulması naminə bunu etdiyini açıqlayıb. "Lakin etiraf edim ki, bu gün məni hakimiyyəti populistlərə təhvil verməkdə ittiham edənlərin səsləri bir qədər haqlı səslənir”, - deyə eks-prezident bəyan edib. Bununla yanaşı, Sarkisyan Avropa ölkələrini Ermənistanla əlaqələrini genişləndirməyə, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanan sazişləri tez bir zamanda ratifikasiya etməyə çağırıb. Erməni nəşrləri yazır ki, xorvat paytaxtında Serjin Avropa siyasətçilərinin dəstəyini qazanmağa və indiki hakimiyyəti bundan məhrum etməyə çalışması hiss olunub.
Siyasi texnoloq Vigen Akopyan hesab edir ki, "Serj Sarkisyan aktiv siyasətə qayıtmağa çalışır. Təbii ki, o, heç yerə getməyib. Partiya lideri kimi siyasi proseslərin aktiv iştirakçısıdır”. "Sputnik Armeniya”ya açıqlamasında siyasi texnoloq bildirib ki, "Sarkisyanın çıxışı qısa olsa da, özlüyündə orada bir sıra əhəmiyyətli mesajlar olub. Hakimiyyəti verməsi prosesinin qansız başa çatmasını deməklə bildirir ki, bu, məhz onun xidmətidir. Heç bir halda aksiyaları zorla dağıtmaq fikrində olmayıb. Bununla bir növ Paşinyana opponentlik edir. Yəni, Paşinyan bildirəndə ki, "inqilabın dinc xarakterdə baş verməsi məhz onun xidmətidir”, yalan danışır. Başqa sözlə, keçmiş prezident ölkədə hakimiyyət dəyişikliyi çələngini öz adına çıxmaq istəyir”. Sarkisyan əmindir ki, inqilab məhz onun xeyir-duası olmadan baş verə bilməzdi.
Siyasi texnoloq hesab edir ki, keçmiş prezident indiki hakimiyyətlə Avropa İttifaqı arasında münasibətlərə bir sədd çəkməyə çalışırdı. Onun sözlərinə görə, hakimiyyət dəyişikliyindən sonra Ermənistanın xarici siyasətində heç bir dəyişiklik baş verməyib. Eləcə də, xarici siyasətin Avropa istiqamətində də keyfiyyət dəyişikliyi müşahidə olunmur. Ermənistan Respublika Partiyasının lideri sadəcə "avropalıların gözlərini” açmağa, daha realist olmağa, ölkədə baş verənlərə nəzərə salmağa çalışır.
Yeri gəlmişkən, erməni saytı "verelq” də yazır ki, "Sarkisyan istefa verəndən sonra ilk dəfə Paşinyana qarşı çıxış edib. Paşinyanın xarici və daxili siyasətdə uğursuzluqlara məruz qaldığını bəyan edir. Önəmli də odur ki, bunu Avropa tribunasından açıqlayır”. Müəllif yazır ki, bu, o anlama gəlir ki, Sarkisyan hakimiyyətdən ona görə gedib ki, yeni şahmat oyunu ərəfəsində mövqelərini yaxşılaşdırsın. "Sarkisyan görür ki, Paşinyanın reytinqi permanent şəkildə enir, eyforiya arxada qalıb və o da sükutu pozaraq indiki hakimiyyəti sərt tənqid edir. Bununla da, daxili siyasi səhnənin yeni və köhnə oyunçularına çoxsaylı mesajlar göndərir, onları Paşinyana qarşı birləşməyə çağırır”.
Xatırladaq ki, bir müddət əvvəl mediada belə bir xəbər yayılmışdı ki, S.Sarkisyan Paşinyanla ünsiyyət qurmağa çalışır. Lakin qarşı tərəf yaydığı məlumatda bunu təkzib edib və bəyan edib ki, heç vaxt və heç bir bəhanə ilə N.Paşinyanla ünsiyyət qurmaq fikrində olmayıb. Qeyd olunub ki, zaman-zaman bəzi KİV-lər S.Sarkisyan və N.Paşinyan arasında müəyyən dövrdə təmaslar barədə əsassız və yanlış məlumatlar yayılır: "Serj Sarkisyan istefa müddətində, istefa verdikdən sonra və ya başqa bir dövrdə yuxarıda adı çəkilən şəxslə birbaşa və ya dolayı əlaqə yaratmadığını rəsmi olaraq bəyan edir”. Bildirilib ki, yeganə istisna keçən ilin aprelin 22-də Sarkisyan və Paşinyan arasında bir neçə dəqiqə davam edən görüşdür. Həmin görüşdə Sarkisyanın devrilməsi ilə yadda qalan kütləvi etiraz aksiyaları müzakirə olunub. Serj Sarkisyan bu görüşdən bir gün sonra - aprelin 23-də istefa verib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər