• çərşənbə axşamı, 23 aprel, 12:41
  • Baku Bakı 24°C

“Sarkisyan Ermənistanın iqtisadi durğunluq dövrü yaşadığını etiraf edir”

23.07.13 15:40 1528
“Sarkisyan Ermənistanın iqtisadi durğunluq dövrü yaşadığını etiraf edir”
“Ermənistan prezidenti Serj Sarkisyan ölkədə sosial-iqtisadi durumun aşağı səviyyədə olduğunu etiraf edib. Bu fakt isə öz növbəsində Ermənistan vətəndaşlarının başqa ölkələrə miqrasiya etməsinin əsas səbəbidir”. Bu açıqlamanı APA-ya Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O qeyd edib ki, qonşu dövlətlərə qarşı təcavüzkar siyasətini, ərazi iddialarını davam etdirən Ermənistan özünü təcrid edir və bu, Ermənistan əhalisinə neqativ təsir göstərir.
“Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyini öz tamahkar məqsəd və ambisiyalarından əl çəkməyə və xalqı üçün şərait yaratmağa çağırıb. Ermənistan qonşu ölkələrin ərazisini işğal etməklə nümayiş etdirir ki, əsas məqsədi iqtisadi çiçəklənmə və regional əməkdaşlıq deyil, militarizmdir. Ermənistan bu cür siyasətlə öz xalqının gələcəyinə zərər yetirir. Bu ölkənin prezidenti illərdir ki, öz xalqına rifahla bağlı vədlər verir. Nəticə göz qabağındadır, Serj Sarkisyanın sözlərinə görə, Ermənistan iqtisadi durğunluq dövrü yaşayır”.
Elman Abdullayev bildirib ki, hər il Ermənistanı yüz minədək şəxs tərk edir və bu demoqrafik böhrana gətirib çıxarır: “Münaqişə həll olunmayıb, Ermənistan özünütəcrid siyasətini davam etdirir və bu demoqrafik böhrana gətirib çıxarır. Bu ha ölkə iqtisadiyyatına təsirini göstərir və sosial kataklizmlərlə müşayiət olunacaq. Buna görə də ölkə rəhbərliyi gələcək barədə yaxşı-yaxşı düşünməli, işğalçı siyasətdən və başqa ölkələrə ərazi iddiasından çəkinməli, qonşularla əməkdaşlığa başlamalıdır. Azərbaycan dəfələrlə militarist siyasətdən çəkinəcəyi, öz qoşunlarını işğal altında saxladığı ərazilərdən çıxaracağı təqdirdə Ermənistana öz iqtisadi potensialından istifadəni təklif edib. Ermənistan rəhbərliyi anlamalıdır ki, 21-ci əsrdə güc yolu ilə sərhədləri dəyişmək olmaz. Azərbaycan buna imkan verməyəcək, çünki beynəlxalq hüquq və beynəlxalq ictimai rəy bizim tərəfimizdədir”.
banner

Oxşar Xəbərlər