Sarkisyan daşnaklarla koalision hökumət qurur
Serj Sarkisyan rejimi Ermənistanda aprel seçkilərində yaşanan
rəzalətdən sonra koalision hökumətin qurulması istiqamətində ilk addımını atıb.
Gözlənildiyi kimi, hər zaman hakimiyyətin "əl buyruqçusu” rolunu oynayan
daşnaklar yeni hökumətdə yer alacaq. Ermənistan prezidentinin iqamətgahında
hakim Ermənistan Respublika Partiyası (ERP) və Daşnaksütyun Erməni İnqilab Federasiyası
(DEİF) arasında koalisiyanın formalaşması ilə bağlı memorandumun imzalanması
mərasimi keçirilib.
"Novosti Armeniya” yazır ki, ERP tərəfindən memorandumu partiyanın
sədr müavini Armen Aşotyan, DEİF tərəfindən isə qurumun ali orqanının
nümayəndəsi Aqvan Vardanyan imzalayıblar. Məlumat üçün bildirək ki, hakim
respublikaçılar aprelin 2-də keçirilmiş parlament seçkisində 105 mandatdan
58-ni qazanıb. Bu, 50 faizdən çox olsa da, Respublika Partiyasının hökumət
təşkil etməsi üçün başqa bir partiya ilə koalisiyaya girməsi zəruri idi.
Daşnaksütyun Partiyasının malik olduğu 7 mandat hökumətin mandat sayını 63-ə
çatdıraraq beşdə üç çoxluğu təmin etmiş olur. Ehtimal olunur ki, DEİF artıq
əldə etdiyi 3 nazir portfelini özündə saxlayacaq və güman ki, həmin şəxslər öz
vəzifələrinə yenidən təyin ediləcəklər. Hazırkı Ermənistan hökumətində Regional
İdarəetmə, Təhsil və Ətraf mühitin qorunması nazirlikləri Daşnaksütyun
partiyasının ixtiyarına verilib. Lakin aprelin 2-də cəmi 7 faiz səs toplayan
Daşnaksütyun daha bir nazir portfelini özünə götürməyə çalışır.Daşnaklar
Sarkisyandan kifayət qədər geniş maliyyə xərclərinə malik olan əmək və sosial
işlər və ya səhiyyə nazirliklərindən birini istəyir. Bundan başqa, ölkənin iki
vilayətinin, Araqatsont və Şirak vilayətlərini qubernatorları da daşnakdır.
Beləliklə, tənəzzülü getdikcə daha sürətli xarakter alan Ermənistan koalision
hökumət yaradılmasına daha çox maraq göstərir və artıq bu istiqamətdə ilkin
addımlarını atıb. Lakin erməni mediası yazır ki, yeni koalisiya Ermənistan
iqtisadiyyatını fəlakətli durumdan xilas etməyə qabil olmayacaq. Hazırda
daşnaklar üçün əsas niyyət hökumətdə mümkün olduğu qədər daha çox vəzifə əldə
etməkdir. Hətta iddialar səslənir ki, bu partiya müdafiə naziri vəzifəsini də
ələ keçirə bilər. Amma daşnakların da ölkəni tənəzzüldən xilas etməsi mümkün
sayılmır.
Hazırda bu tənəzzül getdikcə dərinləşir. Ermənistanda iri şirkətlər
bu fonda kütləvi ixtisarlara başlayıb. Belə şirkətlər ağır iqtisadi situasiya
qarşısında kütləvi ixtisarlara gedərək xərcləri azaltmağa çalışırlar. Son
aylarda nə qədər adamın işdən çıxarıldığına dair dəqiq statistika açıqlanmasa
da, Maliyyə Nazirliyinin apardığı monitorinq ölkədə qeydiyyatdan keçmiş 520
şirkətin əməkdaşlarının son bir ildə 3600 nəfər azaldığını təsdiq edib. Buna
paralel olaraq ölkəni tərk edənlər də artır. Ermənistan Mərkəzi Bankının sabiq
sədri Baqrat Asatryan da etiraf edir ki, ölkədə mühacirət artıq bütün
miqyasları keçərək ümummilli fəlakətə çevrilib və imkanı olan qaçır. Onun
sözlərinə görə, kütləvi mühacirət və vətəndaşların ölkəni tərk etməsi
nəticəsində yaxın 5-7 ildə Ermənistanın əhalisi yarıbayarı azala bilər.
Yeri gəlmişkən, yayılan xəbərlərə görə, müdafiə naziri Viqen
Sarkisyanın baş nazir vəzifəsinə gətirilməsi üçün ictimai rəy formalaşdırılır. "Jamanak”
qəzeti xəbər verir ki, Serj Sarkisyan üçün 2017-ci ilin aprel ayından 2018-ci
ilin aprel ayının 9-dək bu vəzifəyə ən yaxşı və mümkün namizəd ölkənin müdafiə
naziri Viqen Sarkisyandır: "Bu məqsədlə ictimaiyyətin belə böyük dəyişikliklərə
hazır olması üçün böyük səylər göstərilir. Məhz bu səbəbdən Viqen Sarkisyan
respublikaçıların siyahısında əvvəldə gələcək”. Nəşrin yazdığına görə,
prezident səlahiyyətlərinin müddətinin bitməsinə, yəni 2018-ci ilin aprel ayına
qədər partiyanın müxtəlif yürüşlər və ictimai tədbirlər keçirmək planları da
var: "Həmin tədbirlər zamanı iştirakçılar Serj Sarkisyana hökumətə rəhbərlik
etməsi, yəni ölkənin baş naziri olması üçün "yalvaracaqlar”. V.Sarkisyan
2018-ci il aprel ayının 9-dək öz vəzifəsindən imtina edəcək və prezident
səlahiyyətlərinin müddəti başa çatdıqdan sonra baş nazir vəzifəsinə keçəcək. Bu
halda, Karen Karapetyan özü üçün müvafiq vəzifə tapa bilməsə, bu proqramı
pozmaq üçün əlindən gələni etməli və ya böyük məvacibli "qazanc” üçün Rusiyaya
qayıtmalıdır”.
Lakin məsələ ondadır ki, baş nazir Karen Karapetyan öz postunu tərk
etmək niyyətində deyil. Erməni mətbuatı xəbər verir ki, bu yaxınlarda
Ermənistana gələn Avstriya "İctimai” radiosunun müxbiri Eliza Vas səfər çərçivəsində
baş nazir Karen Karapetyanla görüşüb. "2018-ci ildə baş nazir kimi qalmağa və
respublikanın rəhbəri olmağa hazırsınızmı” sualına Karapetyan düşünmədən "bəli,
hazıram” deyə cavab verib.Ekspertlər hesab edirlər ki, Sarkisyanla
Karapetyan arasında başlayan vəzifə davası Ermənistan hakimiyyətinin
parçalanmasına gətirib çıxaracaq. "Haykakan jamanax” qəzeti yazır ki, onların
arasında nəinki rəsmi, hətta işğüzar görüş belə keçirilmir.
Azər NURİYEV