• cümə, 29 Mart, 11:55
  • Baku Bakı 5°C

Sarkisyan çıxış yolunu mülki əhalini hədəfə almaqda görür

03.05.16 12:28 922
Sarkisyan çıxış yolunu mülki əhalini hədəfə almaqda görür
"Ermənilər mülki əhalini hədəfə almaqla müharibə qaydalarını ən pis formada pozurlar. Belə davranış faşizmin davam etdirilməsidir. Necə ki, alman faşistləri Böyük Vətən Müharibəsi illərində dinc əhalini öldürür, kəndləri yerlə-yeksan edirdilər, ermənilər də o cür hərəkət edirlər. Mülki əhalinin yaşadığı kəndlərə mərmiləri elə ancaq ermənilər ata bilər. Bu, onlar üçün adi bir şeydir. Ermənilər Xocalı kimi dəhşətli bir soyqırımı törədəndən sonra cinayətkarlar nəinki beynəlxalq hüquq müstəvisində cəzalandırılmadı, heç tənqid də olunmadılar. Belə faktlar onlara daha çox əl-qol atmağa rəvac verdi”. Bu sözləri "Kaspi”yə açıqlamasında millət vəkili Çingiz Qənizadə ermənilərin yenidən mülki vətəndaşları, kəndləri atəşə tutmasından danışarkən dedi. Bildirdi ki, beynəlxalq hüquq normaları belə halları qadağan edir. Müharibə aparan tərəflər dinc əhaliyə qarşı zor tətbiq etməməlidirlər: "Amma ermənilər evlərimizi, məktəblərimizi, bağçalarımızı bombalayırlar. Təbii ki, bunu ancaq erməni edə bilər. Onların bu cür provokasion, dinc əhaliyə qarşı yönələn hərəkətləri cavabsız qalmır və qalmayacaq. Ancaq yenə də baxın ki, Azərbaycan ali baş komandanının, müdafiə nazirinin əmr və göstərişlərində ermənilərin hərbi obyektlərinin vurulmasından danışılır. İki dövlətin yanaşmalarındakı fərq ortadadır. Ermənilər nə qədər qəddar, amansız və insanlığa yaraşmayan hərəkətlər etsələr də, Azərbaycan tərəfi həm müharibə, həm də dünyada qəbul olunmuş qaydalara uyğun şəkildə davranır”.
Ç.Qənizadə hesab edir ki, mülki əhalimizin güllə-borana məruz qalmasının təqsirkarı ATƏT-in Minsk qrupu, həmsədr ölkələrdir: "Onlar ermənilərin lazımi cavablarını vermirlər, işğalçıları cəzalandırmırlar. Rusiyanın xarici işlər naziri münaqişənin həlli ilə bağlı Ermənistana səfər edərkən öyrədilmiş insanlar aksiya keçirirlər, onu təhqir edən söyüşlər səsləndirir, plakatlar qaldırılırsa, bu, artıq həm də ATƏT-in Minsk qrupu ölkələrinə meydan oxumaqdır. Nəyə görə ciddi addımlar atılmır, sanksiyalar tətbiq olunmur? Bax bu, bizi çox narahat edir. Düşünürəm ki, bu istiqamətdə gücümüzü, səyimizi artırmalıyıq. Təzyiqimizi davam etdirməliyik ki, işğalçılar qəbul olunmuş qaydalara uyğun şəkildə cəzalandırılsınlar. Nə qədər ki, layiqli cəzalarını almayıblar, belə həyasız hərəkətlərini davam etdirəcəklər”.
Politoloq Elxan Şahinoğlu xatırlatdı ki, ermənilər 90-cı illərdə də mülki əhalini hədəfə almışdılar, Kəlbəcərdə də eyni situasiya idi. O zaman nizami ordumuz olmadığına görə, insanlar narahat olmuş, qaçaqaça düşmüşdülər. Həmçinin müxtəlif şayiələr yayılırdı. Ərazilərin boşaldığını görən ordumuzda isə ruh düşkünlüyü yaranmışdı: "Müharibənin öz qanunları var. Ordu adamların qaçdığını görürsə, döyüşmək üçün həvəsdən düşür. Əgər arxanda əhali yoxdursa, əraziləri boş qoyub qaçıblarsa, əhvalın mənfi tərəfə yönəlməməsi mümkünsüzdür. Ermənilər düşünürlər ki, burada yenə eyni vəziyyəti yarada bilərlər. 90-cı illərin abı-havası beyinlərində qalıb. Elə bilirlər ki, Tərtər, Ağdam istiqamətində mülki məntəqələri vurub dağıtsalar kəndlər boşalacaq və Azərbaycan ordusunun savaş əhval-ruhiyyəsi aşağı düşəcək. Anlamırlar ki, 20 ildən artıq müddət keçib. Bu illərdə Azərbaycan kifayət qədər nizami ordu qurub. Biz müharibəyə hazırıq. Fakt odur ki, itkilərimiz də azdır, itirən Ermənistandır. Bu məqam bizə psixoloji üstünlük qazandırır. Hamı görür ki, Azərbaycanda torpaqları güc yolu ilə qaytarmağa həvəs var, vətəndaşlar özləri bunu istəyir, döyüş əzmi yüksəkdir. Bu, çox vacib məqamdır. Düşünürəm ki, ermənilər belə amilləri sonradan başa düşdülər. Gördülər ki, insanlar evlərindən çıxmır. Ordu da öz mövqelərindədir”.
Politoloq düşünür ki, belə məqamda ermənilər bizdən qorxmalıdırlar. Çünki mülki əhalini atəşə tutduqlarına görə Azərbaycan ordusu növbəti dəfə əks-hücum həyata keçirə bilər. Bununla həm onların itkiləri daha da çoxalar, həm də ordumuz yeni əraziləri geri qaytara bilər: "Düşünürəm ki, onlar elə bundan qorxurlar. Artıq Ermənistan cəmiyyəti parçalanıb. Fakt odur ki, Azərbaycan cəmiyyəti vahiddir, torpaqları geri qaytarmaq üçün müharibə variantına razıdır. Əhali sonadək getməyi və torpaqları azad etməyi sosial sifariş kimi irəli sürür. Orada isə belə deyil. Adamlar deyir ki, 7 rayon bizim nəyimizə lazımdır. Bir qrup bildirir ki, ümumiyyətlə, Dağlıq Qarabağ uğrunda döyüş ermənilərin nəyinə lazımdır, o torpaqlar bizim deyil. Bəziləri isə düşünür ki, savaş başlasa, bu, Ermənistanı bitirə bilər. Fikirlər haçalanıb. Sarkisyan vəziyyətdən çıxış yolunu Azərbaycanın mülki əhalisini hədəfə almaqda görür. Amma bu qədər bombardmandan istifadə edirsə, bir azdan ehtiyatı tükənəcək. Rusiya onlara 200 milyon dollarlıq silah-sursat versə də, bu ehtiyat da qurtaracaq. Çünki bu qədər silahı böyük rəqəm hesab etmirəm. Müharibə müddətində 200 milyon 4-5 günlük savaşın puludur. Azərbaycanın isə imkanları genişdir. Büdcəsi daha çox silah-sursat almağa çatır. Ona görə də istənilən qədər savaş apara bilər. Müharibə pul deməkdir. Kimin maliyyəsi daha çox silah-sursat almağa çatacaqsa, döyüşmək əhval-ruhiyyəsi yüksək olacaqsa, o da qələbə çalacaq. Bütün bu müsbət cəhətlər Azərbaycan tərəfində olduğundan, Ermənistan tərəfi çıxış yolu axtarır. Bu isə onu daha çox təlatümə sürükləyir. Onlar bütün beynəlxalq konvensiyaları pozurlar. Bu məsələ ilə Xarici İşlər Nazirliyi məşğul olur. Düşünürəm ki, məsələ bütün beynəlxalq təşkilatlarda qaldırılmalıdır. Yaxşı haldır ki, bölgələrə xarici jurnalistlər aparılır, faktlar onlara təqdim olunur. Onlar dağıdılan kəndləri, vurulan məktəb, bağça, ev və s. vəhşilikləri öz gözləri ilə görürlər. Azərbaycan ordusu mülki əhalini hədəfə almır, yalnız hərbi məntəqələri vurur. Ermənistan isə əksinə, ordumuza gücü çatmır deyə, mülki əhalini hədəfə götürür. Beynəlxalq təşkilatlar bu məsələni ciddi araşdırmalı, ona hüquqi qiymət verilməlidirlər”.
Politoloq Şahin Cəfərli də işğalçıların təmas xətti boyunca mülki yaşayış məntəqələrini atəşə tutmasının Azərbaycanda yeni köçkün dalğası yaratmaq niyyətilə bağlı olduğunu düşünür: "Məlumdur ki, təmas xəttində yerləşən kənd və şəhərlərimizdə çoxlu sayda əhali yaşayır. Bir anlıq onların ölkənin digər yerlərinə, Gəncəyə, Bakıya köç etdiyini düşünün. Bu, Azərbaycanda qarışıqlıq və xaos təhlükəsi yarada bilər. Ermənilərin mülki əhalini atəşə tutması əsasən, buna hesablanıb. Başqa bir məqsəd isə təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasına və etimad artırıcı tədbirlərin həyata keçirilməsinə ölkəmizi razı salmaqdan ibarətdir. Bu, ilk baxışdan sülhməramlı və məsum təklif kimi görünür, lakin arxa planına nəzər saldıqda, heç də Azərbaycanın mənafeyinə cavab verməyən ideya olduğu anlaşılır. Çünki indiki mərhələdə insidentlərin araşdırılması mexanizminin yaradılması Azərbaycan Silahlı Qüvvələrinin əlini-qolunu bağlaya bilər. Məlumdur ki, Azərbaycan ordusu son aylar yeni taktika seçib və təmas xəttində yeri gəldikcə, işğalçıya lokal zərbələr endirir. Bu taktika işğalçını daim gərginlikdə saxlayan, onu ciddi narahat edən, enerjisini tükədən bir taktikadır”.
Politoloqun qənaətinə görə, sözügedən mexanizmin qurulması Azərbaycan ordusunu bu imkandan məhrum edə bilər. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi belə bir mexanizmin qurulmasını şərt kimi irəli sürüb. Etimad artırıcı tədbirlər deyəndə isə əsasən snayperlərin ön xətdən geri çəkilməsindən söhbət gedir: "Münaqişənin əsas səbəbi olan işğal faktının aradan qaldırılması istiqamətində ciddi addımlar atılmadan Azərbaycan bu təkliflərə razılıq verməməlidir. Mülki əhalinin atəşə tutulması əlbəttə ki, beynəlxalq hüquqa açıq-aşkar zidd, cinayət xarakterli əməldir. Konkret olaraq, 1949-cu il 12 avqust tarixli "Müharibə zamanı mülki əhalinin qorunmasına dair Cenevrə Konvensiyası”nı və bu Konvensiyaya əlavə kimi qəbul olunmuş, 8 iyun 1977-ci il tarixli 1 saylı Protokolu göstərmək olar. Erməni tərəfinin əməlləri həmin sənədlərin, ümumən beynəlxalq hüququn növbəti dəfə açıq və kobud şəkildə pozulmasıdır. Azərbaycan bu məsələni beynəlxalq təşkilatlarda qaldırmalıdır. Hesab edirəm ki, BMT Baş Assambleyasına bununla bağlı qətnamə layihəsi hazırlayıb təqdim etmək lazımdır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər