• cümə, 19 Aprel, 19:49
  • Baku Bakı 24°C

Sarışın mələk

28.06.16 11:36 3144
Sarışın mələk

Kimsə dedi ki, dənizdə adam batıb. Bir az əvvəl çimərlikdə özlərini arxayın-arxayın günə verən sanatoriya sakinləri indi həyəcan və təşviş içindəydilər, sahildə aləm dəymişdi bir-birinə. Kişilər əl-ələ verib ürəksiz-ürəksiz suya girməyə hazırlaşırdılar. Yaşlı ər-arvad matorlu qayığı işə salmağa tələsməyən dalğıclara nəsə izah etməyə çalışır, bir qədər aralıda qumun üstündə atılıb qalmış qadın paltarlarını və əşyalarını göstərib əlləri ilə ağ köpüklü ləpələrin çırpıldığı yaxındakı qayalıqları göstərirdilər.

Uşaqlar analarının həyəcanlı təkidiylə sudan çıxaraq həndəvərdə üşüyə-üşüyə boyunlarını büküb nə baş verdiyini fərli-başlı anlamasalar da, hələ də dil-dil ötən, arabir fikrini dəyişib qaş-gözünü turş alça yemiş adam kimi əyən dolu bədənli yaşlı qadının sözlərinə qorxa-qorxa qulaq asırdılar.

- Öz gözlərimlə gördüm, - yaşlı qadın əlindəki bükülü gün çətirini həyəcandan tez-tez qalxıb-enən sinəsi tuşuna qaldırıb qayalıqlara tərəf tutdu. - Bax, o tərəfə getdi, abrıma and olsun, burda soyundu... sonra qaça-qaça o qayalıqların arasına girdi... Ağbəniz bir qadın idi... yox... deyəsən, sarımtıl idi... hə, sarışın.... Elə görən kimi nəsə gözüm su içmədi ondan... ordan üzə-üzə getdi... şimal tərəfə... Hələ də yoxdu...

- Burda dincəlir? - ucaboy cavan dalğıc soruşdu.

- Yox, yox, - yaşlı qadının əri tələsik cavab verdi. - Mən onu birinci dəfəydi görürdüm... Çox gözəl idi.

- Bəlkə də xariciydi! - arvad bu dəfə laqeyd-laqeyd dodaqlarını büzdü. - Allah bilir, kimdi... Qırılmışlar... dəniz görüblər bəyəm? Gəlirlər, görməmiş kimi... bizə də problem yaradırlar... (Bunu da elə tonda dedi ki, guya dalğıclara ürəyi yanırdı).

- Yox, yox, qətiyyən xariciyə oxşamırdı! - bayaqdan qıraqda duran orta yaşlı bir kişi etiraz elədi. - Xarici qadınlar gözəl olmur. Mən onu bura gələndə gördüm. Soyunanda da gördüm... Bizimkilərə daha çox bənzəyirdi.

- Tək gəlmişdi? - yaşca nisbətən daha böyük görünən dalğıc soruşdu.

- Vallah, deyə bilmərəm... - orta yaşlı kişi çiyinlərini çəkdi. Onun yanındakı nisbətən cavan qadın (görünür, arvadıydı!) ədalı-ədalı dilləndi:

- Yiyəsi yoxdu da! Olsaydı, o cür gözəl qadını tək buraxardı bəyəm?!

- Xalxın qızı haqqında ağzıva gələni danışma! - deyə kişi qadına çəmkirdi.

- Heç qıza oxşamırdı!- bayaqkı dolu bədənli yaşlı qadın ağzını yenə büzdü, sonra ərinin əlindən tutub hikkəylə dala çəkdi, əlavə elədi. - Mən oxumuşam, bilirəm, belələri mələk cildinə girirlər, kişilərimizi suyun altına dartıb aparırlar ki, bizdən intiqam alsınlar... Bəlkə də o, sualtı dünyanın məkrli kaftarıdı... Gəlib ki, kimisə özüylə aparsın... Hə, hə, görmürsüz, hava da tutulur... Onlar həmişə cildə girəndə hava qaşqabaq tökür...Burulğan yaradırlar da... Sarışın köpəyin qızı!

Qadın ərinin əlindən bərk-bərk tutmuşdu, elə bil yüz ildi itirmişdi, indicə tapmışdı, qorxurdu ki, yenə kimsə gəlib aparar. Arvadın əli bumbuz olmuşdu. Kişi gördü ki, arvadı əsir, ikiəlli yapışdı arvadının əlindən, möhkəmcə sıxdı:

- Sakit ol, əzizim, - dedi. - Mən burdayam, heç hara getmirəm...

- Nəsə, heç xoşum gəlmir bu işdən, - yaşlı qadın az qala ağlamsındı. - Pis əlamətdi... Mən o sarışın mələkdən qorxuram...

Cavan oğlanlardan biri başını bulayıb gülə-gülə dalğıclara tərəf yeridi:

- Qardaş, mən də onu gördüm, - dedi. - Mələk-zad deyil... Cavan qız uşağıydı... Sarışın saçları vardı. Elə mən yaşda olardı. Bəlkə də məndən balacaydı... Məktəbliyə də oxşayırdı, amma əndamlıydı. Deyəsən, üzə də bilirdi... Çox uzağa getdi və gözdən itdi...

Fərziyyələr, təsvirlər, həqiqətlər... yavaş-yavaş ayrı yön alırdı. Axırda hər şey (hadisənin özündən başqa!) haçalandı - kişilər naməlum sarışın qadına heyran olduqlarını açıq-aşkar etiraf edirdilər, qadınlar isə rəhmli və ədalətli olduqlarını nümayiş etdirməyə çalışsalar da, amansız qısqanclıq hisslərini boğa bilmirdilər.

Hava günəşli, dəniz sakit idi. Ləpədöyəndə o tərəf bu tərəfə qaçan cavan kişilər gah əllərini uzaqda görünən qaraltılara uzadır, gah da dalğıcların yanına yüyürüb onlara öz köməklərini təklif edirdilər. Dalğıclar matorlu qayığı işə salıb naməlum istiqamətə üzəndən az sonra polis gəldi, sahibi bilinməyən pal-paltara baxa-baxa batan qadının yaşını təyin eləmək istədi.

- Qırmızı xalat geyinibsə, çavan qadındı... - polis mızıldadı.

- Yox, cavan deyil, nə cavan? Görmürsən çətirini? Belə çətiri adətən yaşlı qadınlar götürür! - qadınlardan biri düzəliş verməyə çalışdı.

- Bu şap-şaplar... sanatoriyanındı? - polis onunla birgə "hadisə yerinə" gələn sanatoriya inzibatçısından soruşdu.

- Bizdə belə şap-şaplar olmur... - inzibatçı dedi. -Yəqin özüylə gətirib...

- Qəribədi...- polis başını qaşıdı.

- Çox qəribədi, - bayaqkı dolu bədənli yaşlı qadın da təsdiqlədi. - Məgər belə ölçüdə olan şap-şapları cavan qadın geyə bilər? Görmürsüz, nə boydadı? Mən deyəndi, o - məkirli su mələyidi... cildə girib!

- Hımmm... - polis şübhəli-şübhəli başını tərpətdi və sonra o biri şeyləri araladı. - Ağ məxmər dəsmal, qara çanta...

Birdən təəccüblə:

- Bu da onunkudu? - deyə bayaqdan qadınların nəzərindən qaçan dəsmalın arasındakı qırmızı dəniz geyimini götürüb qaldırdı və kinayə ilə gülümsədi.

Qadınlar özləri çimərlik paltarında olsalar da, ayıb şey görmüş kimi ağızlarını tutub heyrətləndilər, kişilər maraq dolu baxışlarını gizlədə bilmədilər, çox güman ki, naməlum qadını göz önünə gətirirdilər. Dolu bədənli yaşlı qadın polisin damarı altına girməyə çalışdı, dili gicişə-gicişə dedi:

- Paltarsız girib suya! Düzü, bayaq dilim gəlmədi deməyə... And olsun abrıma deyirəm...

- İndikilər lap ağ eləyib! Görürsən, sən allah?! - orta yaşlı o biri qadın dilləndi. - Heç su mələyi bu qələti eləmir! (bunu elə ədayla dedi ki, guya o, su mələklərini həftə səkkiz mən doqquz görən adamdı!).

Qadın yenə başladı abır-həyadan danışmağa.

- Elə belələridi də ailələrimizi dağıdan! Onu görüm heç sağ-salamat çıxmasın!

- Qarğış eləmə, bacı! -qıraqda duran eynəkli kişi dilləndi. - Bəlkə heç onun paltarı deyil?!

Polis sanki qolun çirməyib işin qulpunu tapan adam kimi hökm elədi:

- Camaat, mane olmayın!.. Qoyun işimizi görək...

Sahildəki cavan kişilərin demək olar ki, hamısı suya girmişdi. Uşaqlar qorxa-qorxa, qadınlar isə bir qədər maraqla, bir qədər də qısqanclıq hissiylə axtarış aparanlara tamaşa edirdilər.

Naməlum qadını çox axtardılar. Tapmadılar. Gün sarısında sahildən əl-ayaq kəsildi. Kişilər heyfislənə-heyfislənə, qadınlar nigaran-nigaran, uşaqlar isə heç nə baş verməmiş kimi oynaya-oynaya sanatoriyaya qayıtdılar.

Polis "baş vermiş, lakin üstü açılmamış qəribə hadisə" barədə öz rəisinə məlumat verdi, sonra dəlil-sübut olaraq naməlum qadının şey-şüylərini torbaya yığdı və günəş batanda sahil boyunca qayalıqlara tərəf getdi.

Üç tərəfdən hasara alınmış, bir yanı da qayalıqlarla əhatə olunmuş sanatoriya kənddən çox da uzaqda deyildi; nisbətən alçaq qayaların quru ətəyi kənd yoluna dirənirdi, ordan kəndə iki dəqiqəyə çatmaq olardı. Hündür qayalıqlar adam boyuna kimi suyun içindəydi, uzaqdan-yaxından apaydın görünürdü. Ləpələr qayalıqların üstünə çırpılırdı, hərdən dalğanın gücündən su lap qayaların başına sıçrayırdı. Burda çox nadir hallarda adam olardı, sanatoriyada dincələnlər üçün də, yaxındakı kənd camaatı üçün də əlverişli çimərlik yeri deyildi. Heç kimin ağlına gələn yer olmasa da, bəzən yay aylarında, görürdün, kənd uşaqları qayalıqların başına dırmaşır, ordan ya suya tullanır, ya da qarmaqla balıq tuturdular.

Çimərlikdə hay-küy qopmamışdan bir az qabaq iki əsmər uşaq evdən çıxıb qayalığa tərəf getdi. Bura onların sevimli yeriydi, düz şişuclu qayanın başına dırmaşıb ordakı yastı yerdən suya tullanmaq istəyirdilər. On-on iki yaşları olardı.

- Alə, diyan da, qabağa nöş qaçırsan? Gözlə məni... - deyə oğlan yuxarı dırmaşan yoldaşına səsləndi.

- Tez eləginən, istidən bişirəm... - qabaqda gedən oğlan dedi.

Qayanın başına dırmaşdılar, ordan yerə baxanda adamın başı gicəllənirdi, amma uşaqlar öyrəşmişdilər. Birdən oğlanlardan biri gözlərini bərəldib "alə, alə, ora bax, ora bax!.. Aaaaaa.....bu ki bizim ingilis dili məllimidi, Mələkxanım!!!" pıçıldadı. Hər ikisi üzüqoylu sərələnib yerindəcə dondu; sonra ehmalca yerlərini rahatladılar, daşların arasıyla qayanın ortasındakı yastı yerdə uzanıb özünü günə verən sarışın saçlı heyrətamiz məxluqa baxmağa başladılar.

Onlar hələ heç vaxt belə mələk görməmişdilər. Görünür, elə sarışın mələk də ilk dəfəydi yeniyetmə baxışların qurbanı olmuşdu (görəsən, o mələk uşaqların baxışlarını duymuşdu, ya duymamışdı?) - gözlərini yumaraq gah günəşə, gah da dənizə sarı çevrilirdi. Necə oldusa, sarışın mələk gözlərini açdı, yanpörtü uzananda ona zillənən dörd cüt gözü gördü, gülə-gülə, nazlana-nazlana yerindən qalxıb qayanın başından özünü suya atdı. Oğlanlar bir göz qırpımında qayanın başına cumdular və tərəddüd etmədən qızın dalınca suya tullandılar...

Ertəsi gün qəzetlər yazmışdılar ki, Bakıda çimərliklərin birində iki məktəbli oğlan uşağı müəmmalı şəkildə boğulub. Bu, o çimərlik idi ki, orda heç vaxt burulğan olmurdu, orda suyun səviyyəsi də dizdən yuxarı deyildi. O çimərlik idi ki, hər tərəfi qapalıydı, hündür hasarlarla əhatələnmişdi, orda yalnız sanatoriya sakinləri çimirdilər. Qəribəydi ki, polis həmin çimərlikdə hələ də o naməlum qadın paltarlarının sahibini axtarırdı.

Kamran NƏZİRLİ
banner

Oxşar Xəbərlər