Şanxay Əməkdaşlıq Təşkilatı Mərkəzi Asiyanı mühasirəyə alır
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) ötən həftə Astanada baş tutan
sammiti və ən əsası orada qəbul edilən qərarlar dünya mediasının, siyasi
dairələrinin ən çox müzakirə etdiyi və diqqət yetirdiyi məsələlər sırasındadır.
Ən əsası, bir-biri ilə silahlı münaqişə vəziyyətində olan Hindistan və
Pakistanın quruma üzv qəbul edilməsi, beynəlxalq aləmdə ciddi rezonans doğurub.
Xüsusilə vurğulanır ki, Rusiya və Çinin kəşfiyyat məlumatlarının mübadiləsi
funksiyasını yerinə yetirmək məqsədilə yaradılan ŞƏT hazırda dünya əhalisinin
40 faizinin cəm olduğu, ən əsası, özündə dörd nüvə dövlətini birləşdirən bir
təşkilata çevrilib. Bir vaxt Türkiyənin də can atdığı təşkilatla bağlı bu
ölkənin nüfuzlu "Dünya” nəşri maraqlı bir versiya irəli sürür. Müəllifin əsas
narahatçılığı odur ki, ŞƏT hazırda Mərkəzi Asiyanı mühasirəyə alan bir layihəyə
çevrilir. Qəzet bu və digər məsələlərlə bağlı özbək siyasətçisi Namoz Normumin
Məhəmmədin fikirlərini öyrənib. ŞƏT-i beynəlxalq praktikada nadir hallarda rast
gəlinən bir qurum kimi xarakterizə edən ekspert əlavə edir ki, təşkilata üzv
dövlətlər yaranışlarının ilk illərində prioritet olaraq öz ərazilərində radikal
islam qruplaşmalarına qarşı mübarizəni seçdilər. Eyni zamanda, sıx iqtisadi
əməkdaşlıq əlaqələri də qurmağa müvəffəq oldular: "Bura hərbi əməkdaşlığı da
daxil etmək gərəkdir. Əgər ŞƏT-i Avropa İttifaqı və yaxud NATO ilə müqayisə
etsək, onda görərik ki, qarşımızda bir-biri ilə rəqabət aparan, hətta
düşmənçilik edən dövlətlərin ideoloji cəhətdən formalaşmayan bir qurumu var.
Məsələn, Kəşmir problemi üzündən Hindistan və Pakistan müharibə
vəziyyətindədir. Onlar arasında mütəmadi olaraq siyasi böhran, hətta hərbi
münaqişə yaşanır”.
"ŞƏT ilə ABŞ və Aİ arasında rəqabət ola bilərmi” sualına
politoloq belə bir rəqabətin mövcudluğunu bildirib: "Xüsusən də Rusiyanın
nöqteyi-nəzərindən. Söhbət tək rəqabətdən deyil, Qərb və Rusiya arasında
yaşanan strateji müharibədən gedir. Bu, əvvəlki soyuq müharibə deyil, qarışıq
müharibədir. Qərb Ukraynanı öz təsir dairəsinə salmaqla, Rusiyaya ağır zərbə
vurmuş oldu. Bu ölkədə yaşanan müharibə nəticəsində 10 minə yaxın insan
həyatını itirib. Rusiya da Qərbə qarşı müqavimət göstərmək üçün yeni tərəfdaş
axtarışındadır. Məhz bu amil ŞƏT-in genişləndirilməsinin başlıca səbəbidir.
Digər tərəfdən, söhbət Çin və Birləşmiş Ştatlar arasındakı geosiyasi və
iqtisadi rəqabətin miqyasından gedir. Maraqlısı odur ki, bu ölkələr həm də
bir-biriləri ilə əməkdaşlıq etmək istəyirlər. Məsələn, Çinin yeni İpək yolu
layihəsi Avropa İttifaqı il əməkdaşlığı nəzərdə tutur”. Özbək politoloq prosesi
belə izah edir ki, hazırda bu postmodern dünyanın yeni durumunu əks etdirir.
Eyni zamanda öz maraqları naminə bir-biri ilə əməkdaşlıqdan da imtina edə
bilmirlər. Onun qənaətinə görə, ŞƏT-ə üzv dövlətlərin aralarındakı problemləri
həll edəcəyi mürəkkəb bir məsələdir: "Yuxarıda qeyd etdiyim kimi, ŞƏT hər hansı
bir ideologiyaya malik olmayan dövlətlərin birliyidir. Bu, yalnız postmodern
dünyada maraqların qorunması deməkdir. Hazırda Çin və Hindistan bir-biri ilə
ciddi şəkildə rəqabət aparırlar. Hindistan və Pakistanla da bağlı vəziyyət
bəllidir. Burada hər bir dövlət öz maraqlarını rəhbər tutaraq hərəkət edəcək.
Məsələn, Rusiyanın ŞƏT-dən böyük iqtisadi və hərbi ehtiyacları, o cümlədən
silah satışı ilə bağlı gözləntiləri var”.
ŞƏT-in regionda sabitliyə öz töhfəsini verə biləcəyinə gəldikdə,
ekspert bunun mürəkkəb bir məsələ olduğunu düşünür. Onun qənaətinə görə, əsas
problem Əfqanıstandır. Hazırda ŞƏT öz nüfuz dairəsi baxımından onu mühasirəyə
alıb. Lakin bu ölkə həm də Qərbin regionda bazası hesab edilir. NATO-nun son
samitində bu təşkilatın üzvləri Əfqanıstanda hərbi kontingentin artırılması
barədə qərar qəbul ediblər. Yəni Qərb Əfqanıstandan imtina etmək niyyətində
deyil. Beləliklə də belə bir nəticəyə gəlmək olar ki, ölkədə iri dövlətlərin
maraqları toqquşur və münaqişənin güclənəcəyi qaçılmazdır.
Özbək ekspert Mərkəzi Asiyanın dörd ölkəsinin (Özbəkistan, Qazaxıstan,
Qırğızıstan və Tacikistan) ŞƏT üzvü olmasına da diqqət çəkib. Onun sözlərinə
görə, ŞƏT radikalizmə qarşı mübarizə adı altında bölgədə islamın genişlənməsini, güclənməsini
nəzarət altında saxlamağa və buna mane olmağa çalışır. "ŞƏT mahiyyət etibarilə
Mərkəzi Asiyanın mühasirəsi layihəsidir. SSRİ-nin dağılmasından sonra Mərkəzi
Asiyada gözəl hadisələr baş verib. Bura islam sivilizasiyasının mərkəzidir.
İndi regionun müsəlman əhalisi yenidən dirçəlir. Əsas odur ki, bu proses sülh, düşünülmüş
yol ilə gedir və ŞƏT kimi təşkilatlara qarşı yönəlməyib. Son görüşlərin birində
Özbəkistan prezidenti Şövkət Mirzoyev Qırğızıstanı sərhədləri açmağa çağırıb.
Bu çox əhəmiyyətli addımdır. Bu səbəbdən də Mərkəzi Asiya dövlətləri öz
aralarında əməkdaşlıq və birliyi qoruyub saxlamaları çox vacibdir”, - deyə o
bildirib. Ekspert əlavə edir ki, əks təqdirdə ŞƏT öz strukturunda onları əridib
məhv edəcək: "Konkret olaraq Şərqi Türküstanda baş verənlər buna əyani misaldır”.
Özbək diplomat diqqəti ŞƏT daxilində qəbul edilən və terrorizmə qarşı
mübarizəni nəzərdə tutan Konvensiyaya da yönəldib. Rusiyanın təkidi və tələbi
ilə qəbul edilən sənəddə əsas olan "rəngli inqilablar”la mübarizə ilə bağlı
bənddir. Moskvanın israrlı tələbi ilə ora hakimiyyətin zorla dəyişdirilməsinə
qarşı bənd salınıb. Kreml strateqlərinin qənaətincə, bu tip inqilablar hazırda Mərkəzi
Asiya ölkələrində aktualdır. Nəzərə alaq ki, regionun əsas dövləti Qazaxıstanda
belə bir təhlükə ötən il aktuallaşmışdı. Analoji hal Qırğızıstanda da var. Bu
səbəbdən də Moskvanın narahatçılığını başa düşmək olar. Rusiya öz sərhədləri
yaxınlığında, eləcə də, onun nəzarəti altına olan ölkələrdə belə qüvvələrin
hakimiyyətə gəlməsinə qarşıdır. Ən əsası, Rusiya rəhbərliyi dəfələrlə bəyan
edib ki, İŞİD adlandırılan terrorçu qrup daxilində Mərkəzi Asiya və Qafqaz
ölkələrindən minlərlə insan döyüşür. Moskva da onların qarşısını almaq üçün hər cür
vasitələrdən istifadə edir.Bu səbəbdən də Rusiya ŞƏT-dən belə bir
təhlükələrin qarşısını almağa səy göstərəcək.
Xatırladaq ki, ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin
(Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan)
prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət
göstərən regional beynəlxalq birlikdir. Burada Əfqanıstan,
İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan,
Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka "dialoq üzrə tərəfdaş”dır.
Onun məqsədi iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq,
qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın
təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün
birgə səylərin dəstəklənməsidir.
Azər NURİYEV