“Sanki baş verənləri yaddan çıxarmağa çalışırlar”
Sentyabrın 22-də Türkiyədən
olan bir qrup şəxs - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili
"Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və
aparıcı Erol Katırçıoğlu "Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın
təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Qrup üzvləri səfər
müddətində təşkil edilən tədbir və görüşlərdə anti-Azərbaycan, anti-Türkiyə
xarakterli, ermənipərəst fikirlər səsləndiriblər. Təbii olaraq onların bu
addımı Azərbaycan və Türkiyə cəmiyyətlərində böyük narazılıqla qarşılanıb,
həmin şəxslər ciddi qınaq obyektinə çevriliblər. Bununla yanaşı, Azərbaycan Baş
Prokurorluğunda Dağlıq Qarabağa getmiş Türkiyə vətəndaşlarına cinayət işi
açılıb. Baş Prokurorluğun bu barədə yaydığı məlumatına görə, Türkiyə
vətəndaşları U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu, E.Katırçıoğlu Ermənistanda və
Azərbaycanın işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub
ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra
hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin
nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qəsdən
keçiblər.
Onların Xankəndi və digər
yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28
sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə
istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının
dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd
olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barələrində
məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası
axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi
ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib. Hazırda cinayət işi
üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Göründüyü kimi, qeyd olunan
hadisə ilə bağlı Azərbaycan Baş prokurorluğu hüquq çərçivəsində lazımi
tədbirlərə əl atıb. Bəs, bundan sonra hüquqi prosedur necə olmalı, həmin
şəxslərin qanunun imkan verdiyi yolla məsuliyyət daşımasını təmin etmək üçün
hansı işlər görülməlidir? Mövzu ilə əlaqədar fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, hüquqşünas Çingiz Qənizadəbildirib ki, Azərbaycan ilə Türkiyə arasında ekstradisiya ilə bağlı müəyyən
problemlər var və bu problemlər sənədləşmələrdə özünü büruzə verir. Millət
vəkilinin sözlərinə görə, bu baxımdan, Türkiyə öz qanunvericiliyinə uyğun
olaraq, Azərbaycan tərəfindən təqdim olunmuş sənədlər əsasında ölkəmizin sərhədini
qanunsuz keçmiş türk vətəndaşlarına qarşı cinayət işi başladılmalıdır: "Azərbaycanın
sərhədlərini qanunsuz keçən, separatçı qurumla təmasda olmaqla, müxtəlif
bəyanatlar səsləndirməklə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan həmin
türk vətəndaşları Türkiyə qanunvericiliyi çərçivəsində cəzalandırılmalıdırlar.
Bu günə qədər Türkiyə Xarici İşlər Nazirliyi və bu ölkənin Azərbaycandakı
səfirliyi vasitəsilə sözügedən məsələyə münasibətin bildirilməsi yetərli deyil.
Bununla sanki baş verənləri yaddan çıxarmağa çalışırlar. Rəsmi qurumların bu
davranışı başadüşülən deyil. Şəxsi qənaətimə görə, Türkiyə hökuməti hüquq-mühafizə
orqanlarına göstəriş verməlidir ki, başqa dövlətin sərhədlərini qanunsuz
keçməklə bağlı həmin şəxslər barəsində qanunun imkan verdiyi çərçivədə ölçü
götürülsün. Həmin Türkiyə vətəndaşlarına qarşı da qanunun aliliyi tətbiq
edilməlidir. Yəni, qeyd olunan şəxslər Türkiyə ərazisində məsuliyyətə cəlb
olunmalıdırlar”.
Millət
vəkili, hüquqşünas Tahir Kərimli isə bizimlə söhbətində
bildirib ki, Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı hüquqi yardım haqqında
müxtəlif müqavilə və sazişlər, razılaşmalar var. Deputatın fikrincə, məhz bu razılaşmalar əsas
götürülərək, bir-birinin ərazisində olan, haqqında cinayət işi başladılmış,
axtarışa verilmiş, məhkum olunmuş şəxslər digər tərəfə təhvil verilə bilər.
Hətta onlar haqqında müstəqil cinayət işi də başladılması mümkündür: "Bu
məsələdə Türkiyə tərəfindən bir qədər narazıyam. Onlar hesab edirlər ki,
Azərbaycanın sərhədini pozmaq Türkiyə qanunlarına görə cinayət deyil. Son
hadisəyə yanaşmada da bu məntiqdən çıxış edirlər. Lakin məsələ bundadır ki, Azərbaycanın
20 faiz ərazisi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub, orada
separatçı, qondarma rejim yaradılıb. Türkiyə vətəndaşları da Azərbaycan
sərhədlərini qanunsuz keçərək bu separatçı rejimin nümayəndələri ilə işğal
olunmuş torpaqlarımızda görüşüblər. Bu addım Azərbaycanın ərazi bütövlüyünə,
suverenliyinə açıq-aşkar hörmətsizlikdir. Ona görə də Azərbaycan tərəfi cinayət
işi qaldırıb və Türkiyəyə müraciət edib. Hüquqi yardım haqqında qarşılıqlı
razılaşmaya əsasən, Azərbaycan tərəfdən cinayətkar kimi bilinən şəxs Türkiyə
tərəfindən ölkəmizə təhvil verilməlidir. Elə əməllər var ki, bu, qayda-qanunlar
çərçivəsində hər iki dövlətdə, yaxud digər ölkələrdə birbaşa cinayət, hüquq
pozuntusu sayılır. Bu zaman fərqlər aradan qalxır. Bütün hallarda Türkiyə
vətəndaşları qanunsuzluğa yol veriblər, başqa bir dövlətin sərhədini qanunsuz
keçiblər, onun qanunlarına hörmətsizlik ediblər. Ona görə də bu şəxslər cinayət
məsuliyyəti daşıyırlar. Qarşılıqlı yardım haqqında razılaşmalar çərçivəsində bu
adamlar öz ölkələrində mühakimə oluna, yaxud Azərbaycan tərəfinə təhvil verilə
bilərlər. Şübhə yoxdur ki, Azərbaycan tərəfi bu adamların qanun qarşısında
cavab verməsi üçün bütün lazımi tədbirlərə əl atacaq”.
Rufik
İSMAYILOV