• cümə, 29 Mart, 05:16
  • Baku Bakı 7°C

Sandu Moldovanı təmizləyir

03.07.19 14:30 7517
Sandu Moldovanı təmizləyir
Moldovada hökumət böhranına son qoyulduqdan sonra gərginlik bir qədər səngiyib. Lakin koalision hökumət formalaşdıqdan sonra elə gün olmur ki, istefalar, kütləvi şəkildə işdən çıxmalar yaşanmasın. Artıq Konstitusiya Məhkəməsinin bütün tərkibi, o cümlədən Mərkəzi Bankın bütün rəhbərliyi, korrupsiyaya qarşı mübarizə üzrə Milli Mərkəz, prokurorluğun korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi istefa verib. Növbədə isə Baş Prokurorluqdur. Hökumət bu quruma etibarlı bir şəxsi təyin edib bununla bütün həbsləri əsaslandırmağa çalışır. Baş nazir Mayya Sandu bu qurumu korrupsiya sxemlərinin reallaşdırılmasında əsas orqan adlandırıb. Görünən odur ki, Moldovanın yeni hökuməti yüksək ranqı keçmiş məmurlardan birdəfəlik yaxa qurtarmağa çalışır və yenilərinin axtarışındadır. İlk rəsmi səfərini Rumıniyaya edən baş nazir Mayya Sandu da kömək üçün prezident Klaus Yohannisə müraciət edib. Görüşündə vicdanlı peşəkarlarla bağlı onlara kömək göstərməyi xahiş edib. Bu xahişə əməl ediləcəyi vədi verilib. Ümumiyyətlə isə Sandu hökumətinin əcnəbi mütəxəssislərlə möhkəmləndiriləcəyi prokurorluq haqqında qanuna dəyişiklik etdikdən sonra bəlli idi. Dəyişikliklərdən biri də o idi ki, baş prokurorun mütləq mənada Moldova vətəndaşı olması bəndi qanundan çıxarılır. Ədliyyə naziri Olesya Stamate bildirib ki, baş prokuror vəzifəsinə ölkə hüdudlarından kənarda yaşayan insanların təyin olunmasını məqsədəuyğun hesab edirlər. Baş prokuror postuna namizədə olan əsas tələb – "hüquqi sahədə olan təcrübənin nəticələri”dir.

Baş nazir Mayya Sandu və baş nazirin müavini, daxili işlər naziri Andrey Nestasenin Buxarestdə prezident Klaus Yohannis ilə görüşündən sonra bəlli olub ki, Moldova hakimiyyətinə belə bir dəstəyi rumın tərəfi göstərəcək. "Mənim təşəbbüsümlə prezident administrasiyası Rumıniya hökumətinə müxtəlif nazirliklərdən ibarət ekspert qrupunun yaradılması təklifini göndərib. Onlar Moldova hökumətinin təyin etdiyi mütəxəssislərlə birlikdə tez bir zamanda təklif edən sahələri müəyyən etməlidirlər”, - deyə K.Yohannis bildirib. Cavabında M.Sandu deyib ki, Moldova Respublikasına Rumıniyanın dəstəyi çox zəruridir. "Təəssüf ki, Moldovada oliqarxik rejimin bizim vətəndaşlar üçün çox ağır fəsadları qalıb. Biz inanırıq ki, Rumıniya Moldova vətəndaşları və bizim Avropa yolunda ən etibarlı tərəfdaşı olacaq”. Xanım baş nazir bildirib ki, Moldova dövlətinin institutlarında korrupsiya sxemləri bloklanıb, orada iştirak edən insanlar isə məsuliyyətə cəlb olunacaq. Onun sözlərinə görə, nazirlik, agentik və dövlət müəssisələrində aşkar edilənlər – bütün sərhədləri keçir. "Həmin idarəçilik institutları dövlətin mənafeyinə uyğun işləməyiblər. Moldovanın qeyri-rəsmi rəhbəri olmuş oliqarx Vladimir Plaxotnyukun ətrafının qeyri-qanuni varlanmasının qarşısını almaq üçün heç bir iş görməyiblər.
Onların sayı da heyrətləndirir. Onlar hər yerdədir – energetika sistemində, tibb ləvazimatları, uşaq qidaları, nəqliyyat və aviasiya sistemində. Bu sxem üzrə milyardlarla lev vəsait oğurlanıb, mənimsənilib. Bu sxemlər bloklanacaq. Siz görürsünüz ki, biz bütün obyektlərin özəlləşdirilməsinin qarşısını almışıq. Bu sxemin hazırlanmasında iştirak edənlərin hamısı həbsxanaya salınmalıdır. Biz hökumətin etməli olduğu işi edəcəyik. Aydın olsun deyə bildiririk – cinayət işlərinin açılması və məhkəmələrə göndərilməsini hökumət etmir”, - deyə M.Sandu bildirib. O həmçinin, tibbi xidmət agentliyinin rəhbəri Boris Qolovin barəsində xidməti təhqiqatın aparılmasını da tələb edib. Onun sözlərinə görə, burada da ciddi qanun pozuntuları var və dövlətə zərər vurulub. Eyni zamanda, müəyyən sahələr üzrə monopoliyaların aradan qaldırılmasına da diqqət ayrılmasını zəruri sayıb. Xüsusən də çərəz məhsulları üzərində monopoliyaya diqqət yetirilməsinə yer ayırıb. Bu da təsadüfi deyil. Bu sahədə monopoliyanın sabiq baş nazir Pavel Filipə aid olduğu vurğulanır. Artıq sonuncu məsələ ilə bağlı etiraz edib. Qısaca, hazırda Moldovada bütün sahələr - nazirlik və departamentlərdə yoxlamalar aparılır. Bundan əlavə, əhali şəffaflıq üzrə işlərin başlandığı barədə məlumatlandırılıb. Vətəndaşlara qanun pozuntuları barədə məlumat vermələri xahiş olunur. Moldova banklarından oğurlanan milyardlarla dollarlarla bağlı da təhqiqat aparılır.
Baş nazir bildirib ki, bununla parlament komissiyası məşğul olur. Xatırladaq ki, Birləşmiş Ştatların "Kroll” şirkəti indiyə qədər Moldovada baş verən "əsrin oğurluğu” barədə iki hesabat təqdim edib. Lakin hər iki hesabat yoxa çıxıb. Adıçəkilən şirkət yenidən ölkəyə gəlib hazırladığı hesabatların nüsxəsini təqdim etməyə hazırdır. Baş nazir də bildirib ki, həmin hesabatları görməyib: "Bu hesabatlarla bağlı Mərkəzi Bankı idarə edən şəxslə danışdım. O da mənə dedi ki, həmin hesabatlar Mərkəzi Banka daxil olan kimi dərhal Baş Prokurorluğa göndərildi. İndi biz müəyyən etməliyik görək ki, Mərkəzi Bankdan kimsə bu hesabatı görübmü? Çox güman ki, onun nüsxəsi prokurorluqdadır və biz onu əldə edə bilmirik”. Baş nazir ictimaiyyəti məlumatlandırıb ki, P.Filip kabinetinin keçmiş məmurları işdən çıxan zaman kompyuterlərdəki bütün informasiyaları siliblər. Sandu keçmiş məmurları xəbərdar edib ki, onlar informasiyaları elektron formada təqdim etməlidirlər. Əks təqdirdə qanuna müvafiq formada məsuliyyət daşımalı olacaqlar.

Siyasi şərhçi Viktor Çobanın qənaətincə, müxtəlif idarələrdə milyardları mənimsəyən şəxsləri müdafiə edən şəxslər qalır: "Əslində bu gün cinayətlərin izlərinin silinməsi və pulların ölkədən çıxarılması baş verir”. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə əvvəlki sistemin qalıqları ilə mübarizə asan başa gəlməyəcək və gərginlik hər an yenidən alovlana bilər.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər