Şamaxıda regional konfrans keçirilib - Fotolar
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində "Heydər Əliyev və Azərbaycanda
din siyasəti” mövzusunda regional konfrans keçirilib. Konfrans iştirakçıları
Ümummilli liderin abidəsi önünə çiçək dəstələri qoyublar.
Konfransda
rayonun dövlət qurumlarının rəsmi təmsilçiləri, Bilik Fondunun Şamaxı rayon
nümayəndəsi Gülnurə Babaşova, Ağsu rayon nümayəndəsi Elman Qarayev, İsmayıllı
Bilik Evinin direktoru Sevinc Novruzova, Fondun nəzdində fəaliyyət göstərən
"Gənc jurnalistlər" Klubunun və "Tariximizi öyrənək və öyrədək"
Gənclər Klubunun üzvləri, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, təhsil
işçiləri, yerli ziyalılar, tələbələr və şagirdlər iştirak ediblər. Əvvəlcə
iştirakçılar Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi ilə tanış olaraq Mərkəzin
direktoru Namiq Rzazadənin təqdimatı ilə "İslam həmrəyliyi İli”nə həsr olunmuş
rəsm və əl işləri sərgisinə tamaşa ediblər. Yerli rəssam Sevda Abdulrazaqova
özünün taxta üzərində döymə üsulu ilə hazırladığı əsərini Bilik Fonduna hədiyyə
edib.
Konfransı
giriş sözü ilə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini –
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova
açaraq, iştirakçılara İcra Hakimiyyətinin
başçısı Asif Ağayevin salamlarını çatdırıb. "İslam Həmrəyliyi ili" çərçivəsində
rayonda görülən işlərdən danışan G.Ələkbərova regional konfransın məqsədi barədə
məlumat verib. O, bildirib ki, Şamaxı bundan sonra da Bilik Fondu və Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirlərə məmnuniyyətlə
ev sahibliyi edəcəkdir.
Sonra
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədovun məruzəsi
dinlənilib. Müstəqilliyin Azərbaycana bəxş etdiyi dəyərlərdən birinin də etiqad
azadlığı olduğunu deyən mühazirəçi dini birləşdirici amil kimi dəyərləndirən
Ulu öndərin islam dininə dövlət səviyyəsində qayğı göstərilməsinə, həmçinin, Azərbaycanda
yaşayan bütün dinlərin nümayəndələrinə etiqad azadlığının verilməsinə nail
olduğunu vurğulayıb. Bildirilib ki, dinimizi milli-mənəvi sərvətimiz adlandıran
Ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasət bu gün də uğurla davam
etdirilir. 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan olunması da bu
yolun məntiqi davamıdır.
Bilik
Fondunun baş məsləhətçisi Ceyhun Musaoğlu regional konfransın təşkilinə görə
yerli icra hakimiyyəti orqanına təşəkkürünü bildirərək, "İslam Həmrəyliyi İli”
çərçivəsində Fondun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. C.
Musaoğlu maarifləndirici layihələrdə Şamaxı ziyalılarının və gənclərinin fəallığını
xüsusi qeyd edərək, konfransda Fondun nəzdində fəaliyyət göstərən Klub üzvlərinin
iştirakını onların Şamaxının tarixinə, abidələrinə, yerli ədiblərin
yaradıcılığına marağı kimi dəyərləndirib.
Sonda
Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş "Şəhadət" filmi nümayiş
olunub.
Konfrans
başa çatdıqdan sonra Şamaxı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Babaqədir
Qədirovun müşaiyəti ilə "Gənc jurnalistlər" Klubu və "Tariximizi
öyrənək və öyrədək" Gənclər Klubunun üzvləri Seyid Əzim Şirvani və Mirzə Ələkbər
Sabirin məzarlarını ziyarət ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan
rayonları üzrə səlahiyyətli nümayəndəsi Şamaxı Cümə məscidinin imamı Hacı Mərəhməd
Mustafayev gənclərə 743-cü ildə tikilmiş məscidin tarixi barədə ətraflı məlumat
verib, təkcə Azərbaycanın deyil, bütövlüklə Cənubi Qafqazın ən qədim məscid
kompleksi olduğunu deyib. Bildirib ki, 1918-ci ildə silahlı erməni-daşnak dəstələrinin
törətdiyi Mart qırğınları zamanı Şamaxı əhalisinin xeyli hissəsi məsciddə
sığınacaq tapmağa çalışıb. Lakin azğınlaşmış erməni quldurları heç nəyə
baxmadan məscid binasını insanlarla bərabər yandırmaqdan çəkinməyiblər.Heydər Əliyev Fondu tərəfindən bərpası təşəbbüsü irəli
sürülmüş Şamaxı Cümə məscidində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
24 dekabr 2009-cu ildə imzaladığı müvafiq Sərəncama əsasən, genişhəcmli və əsaslı
təmir işləri başlanıb.
Şamaxı
Tarix-Diyarşünaslıq Muzeyində qonaqları qarşılayan direktor Məleykə Kamilova
onlara bölgənin tarixi haqqında ətraflı məlumat verib.
Konfrans 2017-ci ilin Azərbaycan Respublikasında
"İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı Prezident Administrasiyası rəhbərinin
2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına
uyğun olaraq keçirilib.