• cümə axşamı, 18 aprel, 23:20
  • Baku Bakı 21°C

“Şalyapinin bağı”nı ziyarət edin ki...

29.01.20 10:30 3893
“Şalyapinin bağı”nı ziyarət edin ki...
O, həyat üçün Kazanda, səhnə üçün Qafqazda doğulmuşdu

Kislovodsk şəhərində, Şalyapin və Semaşko küçələrinin kəsişdiyi küncdə, qocaman küknar və ağcaqayın ağaclarının arasından qeyri-adi üslublu mülk diqqəti çəkir. Malikanə "Şalyapinin bağı” kimi məşhurdur. Yaxınlığında hər gün adamla qaynaşan dəmiryolu stansiyası və qədim Filarmoniya binası yerləşməsinə baxmayaraq, ərazi bu adla məşhurdur. Dünya opera teatrının görkəmli müğənnisi bu bahalı mülkü vaxtilə ailəsi üçün kirayələyib. 1917-ci ilin yay gecəsində görkəmli müğənninin gözəl, güclü səsi malikanənin pəncərələrindən ətrafa yayılıb.
Xanım Uşakovanın pansionu
Modern üslublu qeyri-adi mülk 1903-cü ildə arxitektor Emanuel Xodcayevin layihəsi əsasında tikilib. Binanın sifarişçisi varlı pyatiqorsklu iş adamı Uşakov idi. Onun həyat yoldaşı Pelageya Stepanovna Uşakova mülkün ilk alıcısı olub. Mülk uzun illər «Xanım Uşakovanın pansionu» kimi tanınıb. Bu mülk unikallığına görə şəhərin ən maraqlı tikililərindəndir. 1911-ci ildə mülkün həyətində tikilmiş əlavə evdə gənc bəstəkar Sergey Prokopyev mənzil kirayələyib. Birinci Dünya müharibəsi başlayanda - 1914-cü ildə malikanəni kazak generalı Georgi Abrezov alıb. Fyodor Şalyapin də 1917-ci ildə evi məhz generaldan kirayə götürüb. Müğənni bu evdə ailəsi ilə çox da uzun olmayan müddətdə yaşasa da, binanın tarixində parlaq iz qoyub.
Kislovodsk şəhərinin yolunu isə müğənni 1899-cu ildən başlayaraq tanıyıb. Kurort şəhərdə hər yay dincəlməyə gəlib. Hətta, hazırkı Çkalov küçəsində torpaq sahəsi də alıb, ancaq orada özünün şəxsi bağını tikdirə bilməyib. Fikirlər var ki, müğənninin ailəsi kirayələdikləri mülkü xoşladığından, başqa ünvana köçmək istəməyiblər. Həm də tale elə gətirib ki, Şalyapinin ailəsi Kislovodskda çox da uzun olmayan müddətdə yaşayıblar.
Həyat üçün Kazanda, səhnə üçün Qafqazda
Fyodor Şalyapin məşhur mülkü ailəsi - həyat yoldaşı və Marina və Marfa adlı iki qızı üçün kirayələyib. Payız aylarında opera müğənnisi Petroqrada gedib. Ailəsi isə qulluqçuları ilə bir neçə ay bu evdə yaşayıblar. Onlar hamısı Kislovodsku seviblər.
Şalyapin Kislovodsk şəhərini sevirmiş. Kurort-şəhərin mineral suları, təbiəti, insanları və sakitliyi müğənninin çox xoşuna gəlib. Müğənni qızına yazırdı: "Hər ehtimala qarşı burda nəsə kirayələsəm, Moskva və Krımdan sonra bura daşınarıq. Burda yemək və istirahət üçün olanlar kifayətdir”.
Müğənni bağ evində olduğu vaxtlar, salon insanlarla dolu olurmuş. Şalyapinin qonaqları içərisində məşhur dirijor Vasiliy Fakonov, teatr rejissoru Konstantin Stanislavski, bəstəkar Sergey Prokofyev və Sergey Rahmaninov olublar. Opera basının ilk konserti Birinci Dünya müharibəsində yaralanan əsgərlər üçün keçir. O, ümumiyyətlə, xeyriyyə konsertlərində çox iştirak edirdi. Belə konsertlərə hətta imkanlı adamların yol tapması çətin idi. Çünki biletlər ani satılırdı. Ancaq böyük müğənninin pərəstişkarlarının bəxti gətirmişdi. Şalyapin konsertdən çıxıb bağa qayıdanda fanatları onu alqışlarla qarşılayırdılar. O zaman müğənni yaşadığı mülkün verandasına çıxır və ay işığında birneçə saat oxuyurdu. Belə konsertləri yalnız güclü yağış dayandıra bilərdi.
Yaşlı insanlar mülkün pəncərələri altında dayanıb, opera müğənnisinin partiyalarına qulaq asmalarından danışırmışlar. Bu ifalarda böyük müğənni tamamilə özünü ifadə edirmiş. Şalyapinin şəhərə hər gəlişi vacib mədəni hadisəyə çevrilirmiş. Onun sehrli səsi maqnit kimi insanları cəlb edib.
Şalyapin 1917-ci ilin 27 avqustunda Kislovodskda böyük konsert proqramı ilə çıxış edib. Mülkün yaxınlığında yerləşən filarmoniyada demək olar ki, görkəmli basın repertuarından olan bütün klassik partiyalar ifa olunub. Bu konsertlərin emosiyası Şalyapinə o qədər təsir edib ki, müğənni «Həyat üçün Kazanda, səhnə üçün
Qafqazda doğulmuşam» - deyə etiraf edib.
Ancaq müğənni tezliklə Kislovodsku tərk edib və deyilənə görə, həmişəlik... 1917-ci il inqilabı onun planlarına mane olub. Böyük müğənni inqilabdan sonra Rusiyadan xaricə getməli olub. Ancaq Kislovodskdakı sonuncu konserti daim canlı ifa kimi şəhərin qulaqlarında səslənir.
XX əsrin ruhu
1917-ci ilin sonlarında tarixi mülk milliləşdirilib. Burada əvvəlcə yataqxana və mənzillər, sonra isə Semaşko adına sanatoriya yerləşdirilib. 1942-ci ildə, müharibənin ən şiddətli vaxtında mülkdə «Berqman alman ştabı» yerləşib. Müharibədən sonrakı illərdə «Şalyapinin bağı» gah sanatoriya yeməkxanası, gah dülgər emalatxanası, gah mühasibatlıq və tikinti mallarının anbarı olub.
1982-ci ildə binada bərpa işləri başlayıb və muzey açılıb. Muzeydən əvvəl binanın yerləşdiyi küçəyə Fyodor Şalyapinin adı verilib. Yalnız 1988-ci ildə malikanədə görkəmli müğənninin adını daşıyan Dövlət Tarixi-Mədəni Muzeyi açılıb.
Hazırda ədəbi-musiqili muzeyin ekspozisiyası Şalyapinin həyat və yaradıcılığına həsr olunub. Muzey yarananda, xoşbəxtlikdən şəhərdə gözəlliyə və Şalyapinin böyük sənətinə laqeyd olmayan insanlar tapılıb. Onlar görkəmli müğənniyə aid əşyaları gətirib muzeyə bağışlayıblar. "İndi o insanların çoxu həyatda yoxdur, ancaq onların adı muzeyə bağışlanan əşyaların fəxri kitabında daim qalır» - deyə muzey bələdçisi ekskursiyaya gələnlərə danışır.
Hazırda XX əsrin ruhu qorunub saxlanan otaqlarda əsrin əvvəllərinə məxsus mebel, musiqi alətləri, müğənninin notları və şəxsi əşyaları yer alıb. Şalyapinin səsi yazılan vallar köhnə patefonda sanki canlı imiş kimi səslənir. Müğənniyə aid sənədlər və kitablar, valların və şəkillərin kolleksiyası diqqəti cəlb edir. Eksponatlar arasında bəstəkarın royalı xüsusilə seçilir. Bu qiymətli yadigarı Fyodor Şalyapin 12 yaşı olanda musiqi müsabiqəsində mükafat kimi qazanıb. Müğənnin qızı Marina ekspozisiyanın açıldığını eşidəndə atasının şəxsi əşyalarını muzeyə hədiyyə edib. Muzeyə həmçinin Şalyapinin qardaşı oğlu İqora yazdığı 140 məktub da hədiyyə olunub. İqor Şalyapin əmisindən imtina etmədiyinə görə, 10 il həbsdə qalıb, Rusiyadan getdikdən sonra isə xalq düşməni elan olunub. Muzey otağındakı dəyirmi stolun üzərindəki süfrəni tanınmış insanların avtoqrafları bəzəyir. İlk avtoqraf isə görkəmli müğənninin muzeyin açılışında iştirak edən Amerikada yaşayan nəvəsi İrina Borisovna Şalyapinə məxsusdur. O, həmçinin muzeyə Boris Şalyapinin atasına həsr etdiyi rəsm əsərini hədiyyə edib.
1990-cı ildən bəri musiqi həvəskarları bu mülkə toplaşırlar. Muzeydə şəhər sakinləri və kurorta gələn qonaqlar üçün müğənnin dünya miqyaslı konsertləri improvizasiya olunur. Bələdçi xanımın dediyinə görə, opera səhnəsinin ustadları, gənc ifaçılar muzey otaqlarında çıxış edirlər. "Muzey Kislovodsk Filarmoniyası ilə əməkdaşlıq edir. Hər il muzeyi yarım milyondan çox insan ziyarət edir. Onların arasında görkəmli aktyorlar, müğənnilər, elm adamları, ictimai xadimlər, əcnəbi nümayəndələr, müasir insanların varisləri var”. Muzeydə hər il «Şalyapin mövsümü» adı ilə məşhur basların konsertləri, uşaq musiqi festivalları, ədəbi-musiqili proqramlar, kino günləri, görüşlər, ekskursiyalar keçirilir.

Maqnit kimi cəzb edir
32 illik fəaliyyəti ərzində muzey təkcə Rusiyada deyil, həmçinin xaricdə də tanınıb. Muzeydə interyerin yaradılması ilə paralel, böyük müğənnin həyat və yaradıcılığına həsr olunan elmi işlər də həyata keçirilir. Bu mənada muzeydə yalnız görkəmli müğənnin yaradıcılığına dərindən sevgi bəsləyən insanlar işləyir. Yerli sakinlər və kurorta gələnlər böyük həvəslə muzeyi ziyarət edirlər. Onlar etiraf edirlər ki, bu xeyirxah və mədəni ocaq onları maqnit kimi cəzb edir. Ədəbi-musiqili proqramlarda iştirak etmiş elmi işçilərin muzeydə qorunan rəy kitabında yazdıqları da bunu təsdiqləyir. Muzeyi ziyarət edənlərdən biri kimi, mən də ürək sözlərimi yazıb musiqi ocağından ayrılıram.
Amma kurort şəhərə yolu düşənləri böyük sənətdən zövq almaq, musiqinin qüdrətini duymaları üçün "Şalyapinin bağ”ını ziyarət etməyi tövsiyə edirəm.
Hazırda malikanə «Şalyapinin bağı. Ədəbi-musiqili muzey» kimi məşhurdur. Muzey hər gün 10.00-dan 18.00-dək işləyir. Muzeyə giriş 100 rubldur. Günaşırı, mülkdə «Böyük Şalyapin» adlı ekskursiya keçirilir. Bələdçilər böyük müğənninin həyat və yaradıcılığı haqqında məlumat verirlər. Cümə axşamı və şənbə günləri kino nümayiş olunur.
Təranə Məhərrəmova
Kislovodsk-Bakı
banner

Oxşar Xəbərlər